AZAD QARADƏRƏLİ DİLİMİZİN SÖZ QATINDAN

 

                   AZAD QARADƏRƏLİ

 

                   DİLİMİZİN SÖZ QATINDAN

 

            (Bir sözün ucundan tutub çözələməsindən doğan yazı)

 

 


            Bir dost mənim xahişimlə külliyyatımın bir neçə cildi ilə eyni vaxtda buraxılması nəzərdə tutulan haqqımda yazılanlar bircildliyinə iri həcmli bir məqalə yazmışdı. (Başqalarının belə şeyləri gizlətməsi, yaxud xahiş etdiyi dosta bərk-bərk tapşırması ki, “bunu sənə dediyimi ayrı adam bilməsin”-filan kimi şeylər mənə yaddır. Mən həyatımda nə varsa, onu indiyəcən olduğu kimi yazmışam. Yazmadıqlarımı da “Məndən sonra” memuarımda yazmaqdayam. Hətta “Yazı” dərgisini buraxanda dostlarla bu kimi yazılara  görə mübahisəmiz, pozuluşmamız da olub.) Yazı o qədər əhatəli və bütöv idi ki, az vaxtda onun bunu necə bacardığına heyrət etdim. Sadəcə ad bir qədər başqa cür idi. Hansısa kitabında gedəcəkdi və ora uyğun başlıqla vermişdi. Və dedi ki, “...NİN SÖZ DÜNYASI” kimi vermək olar. Mən isə bədahətən belə dedim:”Bilirsən, “dünyası” kəlməsini çox sürüblər, bəlkə “... NİN SÖZ ALƏMİ” verək?

            Dost bir söz demədi və heç o “sürüblər” deyiminə də ilişmədi ki, yəni bu nə deyən sözdür? Bəlkə telefonla danışdığımızdandır ki, sözün deyilişini yaxşı tuta bilməmişdi?..............................................

            Mən özüm isə uzun müddət bu cümlənin təsirində qaldım...

            “...Bilirsən, “dünyası” kəlməsini çox sürüblər...”

            Və...                                  

            Aşağıda oxuyacağınız mətn belə yarandı...

 

                        “SÜR” FELİNİN ENERGETİKASI

 

            Dilimiz söz sarıdan o qədər zəngin ki!

            Sadəcə, qatlara enmək, onun çalarlarını aramaq, tapmaq gərək. (Bəri başdan deyim ki, dilimizin söz sarıdan kasad olduğundan şikayətlənən gənc yazarları başa düşür və onların dildən gileyli olduqlarını bölüşürəm. Başbilən babalarımız torpaqlarımızı pay-püş etdiyi kimi sözlərimizi də bir yerə yığıban bir toplu halına salmaq əvəzinə - M.Kaşğarlıya min rəhmət - çoxlu arvad alıb, o arvadlardan çoxlu uşaqlar törədib, çöllü biyabana buraxıblar və onların əzablarını biz çəkmədəyik.)

            Yazının əvvəlində SÜRÜBLƏR feilindən bəhs etmişdim. Sözügedən cümlədəki SÜRÜBLƏR feilini hər iki mənada işlətmək caizdir: həqiqi mənada “SÖZÜ ÇOX MİNİBLƏR” anlamına nisbətən yaxındır. Təbii, tam o deyil. Bunun tam mənasını bir azdan açacağam.

            Məcazi mənada isə “SÖZÜ ÇOX İŞLƏDİBLƏR” anlamına gəlir.

            “SÜR” felindən çoxlu yeni sözlər törəyib, zira onlardan ən önəmlilərinin üstündə dayanacağam.

            Sür

            Sürmək

            Sürgəl

            Sürgü

            Sürgün

            Sürt

            Sürtkü

            Sürü

            Sürüş

            Sürül

            Sürülmək

            Və sair.........

            SÜRGƏL – bu gözəlim söz yalnız ovçuların dilində qalıb.  Ova gedənlər iki hissəyə bölünür: bərədə duran ovçular və ovu qovub ovçuların üstünə gətirən SÜRGƏLçilər.

            SÜRGÜ sözü sürgəlin sinonimi kimi işlənsə də, onun arealı daha genişdir. SÜRGÜ sözü ev heyvanlarını sürgü edib otlağa aprmağa, sürgün zamanı insanları yük vaqonlarına doldurub Sibirə sürgü etmə zamanı da işlənmiş tarixizmdir.

            SÜRGÜN haqqında geniş danışmayacağam. Bu sözün böyük ictimai yükü var.

            SÜRTKÜ sözü də “sür” feilindən törəmişdir. İndi maşın texnologiyalarında termin kimi müxtəlif çalarlarda işlənə bilir: SÜRTKÜ YAĞI... Bu sözlə onlarla termin işlənir maşınqayırma sistemində....

            SÜRÜ sözü də sür feilindən törəyib, dilimizdə çoxqatlı isimdir. Qoyun sürüsü, keçi sürüsü, mal sürüsü (bunun, əslində konkret adı var: mal naxırı, amma sürü də işlənir),  at sürüsü (bunun da öz adı var: at ilxısı, amma bəzi hallarda sürü kimi də ifadə oluna bilir),  ilan sürüsü və s. Bəzi hallarda ironiya ilə insana da aid edilə bilir: “Bir sürü adamsınız, amma bir iş bacarmırsınız.”

            SÜRÜŞ  (qoyun) sürüsünün  sürülməsi anlamında, bəzən isə maşın sürməyə təzə başlayanların “sürüşə getməsi” mənasında işlənə bilir. Təbii, vurğu dəyişəndə söz də mənasını tamam dəyişir, yeni çalar qazanır: “Dur burdan sürüş!” Və sürüşmək, sürüşkən (yer), ayağısürüşkən  (qadın) çalarları da var...

            Və yazının başında işlətdiyimiz, əslində, bu yazının yazılmasına səbəb olan SÜRÜL, yaxud SÜRÜLMƏK feili barədə...

            Yazının giriş hissəsində bu kəlmənin çalarlarından kifayət qədər danışdım. Lakin ədəb naminə dərinə gedə bilmədim. İndi başqa versiya üzərindən açmağa çalışacağam.

            Biz tərəflərdə keçinin, yaxud çəpişin dişisi ilə çox yaxınlıq edən təkələrə, adətən belə deyərlər: “O çox SÜRÜB, əti yeyiləsi deyil.” (Belə heyvanlardan qoxu gələr və əti də tamsız və iyili olar, yeyilməz hala gələr.) Bunun ironiya qatıyla dişi keçi üçün deyilən tərzi də var ki, başlıqda “Bilirsən, “dünyası” kəlməsini çox sürüblər...” cümləsi o mənanı ifadə edir. (Adətən ayağısürüşkən, şortu qadınlarçün də işlənə bilir.)

            Belə...

            Elə bilirəm ki, bu yazını daha dərinlərə doğru davam etdirib, SÜR feilinin yeni çalarlarını tapmaq olardı, zira buna ehtiyac görmədim.

 

            S.A. (Söz Ardı)

            Dilimizdə elektrotexnika, maşınqayırma, gəmiqayırma və bu kimi sahələrnin söz və terminlərinə ciddi ehtiyac var. Zira bunların yaradılması bir başqa yazımızda deyildiyi kimi, dövləti məsələdir və yaradılması vacib olan Dil qurumunun öhdəsinə buraxılmalıdır. Mənim kimi qələm adamlarının çırpıntıları da öz bəhrəsini verməmiş olmaz, zənnimcə...

            Sonda: sür feilindən törəyən SÜRTKÜ sözünün və SÜRTKÜ YAĞLARI termininin özü deyir ki, dilimizin qatlarına enibən maşın texnologiyalarına aid qıt söz və terminləri yaratmaq olar və zəruridir. Adını unutduğum bir filosofun bu fikrini lap sonda yazır və yazını bitirirəm: “Cümlə qurmaq dövlət qurmaqdan çətindir.”

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə