AZAD QARADƏRƏLİ DİLİMİZİN SÖZ QATINDAN


                      AZAD QARADƏRƏLİ

                 DİLİMİZİN SÖZ QATINDAN

             (Aşırı sözünün ucundan tutub çözələdim)

 

            Dilimiz


o qədər çoxqatlıdır ki, adam onun qatlarına enəndə qorxur. Labrint kimi çəkir səni və azacağından üşürgələnirsən.

            Bu qatlara hərdən özüm girirəm yazı əsnasında, çəkib aparır məni. Hərdən də təhrik edirlər, səni ora girməyə məcbur edirlər...

            Bu yaxınlarda Naxçıvandakı kitab sərgisi ilə bağlı birinin yazısında “aşırı yağmur yaırdı” cümləsi işlənmişdi. Bir xanım guya çoxbilmişlik edərək o saat reaksiya verdi ki, aşırı nədir, dilimizdə belə söz yoxdur, fasiləsiz yazın və sair...

            Aşağıdan şərh bölümündə yazdım ki, xanım AŞIRI bizim də işlətdiyimiz sözdür. Və başladım aşırı sözünün qohum-əvladını da yanında sadalamağa:

AŞIR

AŞIRI

AŞIRIM

AŞIRMA (şalvar)

AŞIRMA (vurğu öndə, inkar)

AŞIRMALI,

AŞIRMASIZ...

             Sonra da hirsli-hirsli yazdım ki, axı biz də türkük!..

            İndi gələk bizə bu yazını yazdıram AŞIRI kəlməsinə.

            Bu sözün kökü AŞ feilidir ki, insanı durğunluqdan çıxmağa, qarşındakı səddi aşmağa səsləyər. Uşaq olanda o qədər dağın bu üzündən o üzünə boylanmışıq ki! Sanki kimsə arxamızdan qışqırırdı: -Qorxma, o dağı AŞ!

            AŞIR aşdan da güclüdür. Qarşındakı rəqib güclüdürsə, qorxma, aşır deyər. Şükür ki, bu dədə sözünə axır ki, 44 günlük savaşda əməl etdik.

            AŞIRIM AŞ feilindən törəmiş isimdir. Ruhu şad olsun Fərman Kərimzadənin, “Axırıncı aşırım”ı yazdığı yerdə...

            AŞIRMA, yaxud AŞIRMALI əlamət bildirən sözlərsə dilimizə rəng qatan kəlmələrdir. AŞIRMA fəndi, yaxud AŞIRMA (şalvar), AŞIRMALI (kofta) dilimizin az işlənən deyimləri olsa da, gözəllik qatarlar danışığımıza.

            AŞIRMA (vurğu öndə, inkar) sözünün də öz məziyyəti var. Bunu daha çox dədələr nəvələrinə öyüd verəndə işlədərlər.

            AŞIRMALI, AŞIRMASIZ da bir ayrı rəngdir Səməd Mənsur demişkən.

            AŞIRI sözünü qəsdən axıra saxlamışam.

            Bütün bu sözlərin ən gözəli elə AŞIRIDIR!

            Dədə-nənələrimiz bu sözlə gül vurmuşlar aşırı dərəcədə!

            Bütün aşırımları aşırma fəndlə aşmışlar, dağlardan aşırma kimi sallanan buludları aşırıb aşırımları keçmişlər, aşırmalı, aşırmasız adamların yol üstündə durması belə onlara aşırı təsir etməmiş!

            Səni AŞIRI sevirəm, ana dilim, Azərbaycan türk dili!

            Çox yaşa, aşırı yaşa!

            Qarşındakı sədləri aş!

 

            S.A.(Söz Ardı).

            AŞIRMA sözü adi danışıq dilindən çıxaraq idman termininə çevrilib. Güləş yarışlarında belə cümlələri tez-tez eşidirik: filankəs AŞIRMA fəndlə rəqibini məğlub etdi. Deməli, bu qəbildən olan bir söz artıq ümumişlək söz anlayışını yararaq terminə - idman termininə çevrilməkdədir.

            Yaxud başqa məqam. AŞIRMA sözü paltar, geyim texnologiyasına yansıyan söz kimi də işlədilməkdədir: filankəs AŞIRMA şalvar geyinməyi xoşlayır. Demək, bu söz həm də geyim, dəb texnologiyası termininə çevrilməkdədir.

            Yaxşı olar ki, bu sahələrin adamları yad sözləri basmaqəlib kimi işlətmək əvəzinə, dilimizin imkanlarından aşırı dərəcədə istifadə etsinlər.

            (Özaramızdır, BASMAQƏLİB də aşırı dərəcədə fısqırıq sözlərimizdəndir ha!)

           

                                                                                                              16.05.2023

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə