AZAD QARADƏRƏLİ ÖLÜMSÜZ ADAMIN ÖLÜMÜNƏ AĞI (Bəyin anım gününə)

                                                     

                      AZAD QARADƏRƏLİ

            Ölümsüz adamın ölümünə ağı

            ("Demokratiya ağıları" kitabından)

 

 


                                                           Alp Ər Tunga öldi mü ?

                                                           Issız ajun kaldı mu?

                                                           Ödlək öçin aldı mu ?

                                                           Emdi yürək yırtılır?*              

                                                                        (“Alp Ər Tunq” dastanından)

 

 

 

           

 

            Yarpaqlar ağacın əlləridir. Bu yaşıl, bu ufacıq əlləri ilə əl atıb havadan tuta-tuta göylərə doğru qalxar, qalxarlar.

            Elə ki bu yaşıl, bu ufacıq əllər saraldı, töküldü, ağacın əli göydən üzülər, quruca ağac-uğaca dönər. Ta ki yaz gələnəcən... Və bir gün yaz da gecikər. Gəlməz onunçün. Ağac yan-yörəsindəki yaşıllaşan ağaclara baxa-baxa anlayar olacağı: yaz onunçün bir daha gəlməyəcək. Əbədidir bu olacaq. Olacağa isə çarə yox deyiblər...

          Bakı kəndlərinə ən yaxın metronun həndəvərin-dəki yarıquru Eldar şamına baxa-baxa qalmışam. Məngə-nədəki dəmir kimi sıxılıb-əzilmişəm. Elə bil pis bir xəbər eşidəcəyimdən qorxuram.

         Bu vaxt ağac elə bil tərpənir – qıvrılır, inildəyir. Bir az aralıda hazır dayanmış buldozerlərin nəriltisi eşidi¬lir. Burada necəgəldi tikilmiş ticarət yarmarkasını dağıt¬mağa hazırlaşan hökümət adamları  köşklərin sahiblərinə bir saat vaxt veriblər... Yəqin ki, bu ağac da sabah burda olmayacaq...

 

                                                           ***

            Bürkü. İstinin odu lava kimi adamların ağzından çıxır elə bil. Metronun kəsafəti də bir yandan. Gözümü yumub bu cəhənnəmin bitəcəyi 15 dəqiqəlik yolun əzabına qatlaşmağa çalışıram. Tək-tük səslər eşidilir. Elə bil adamlar bu istidə ucadan danışmağa qorxurlar. Kimsə pıçıltıyla nəsə deyir. Bir başqası “hayıf” deyib içini çəkir. Əvvəl deyiləni eşitmədiyim üçün sanki yenidən təkrarlayır:

            -Bəy ölüb... ölüb... ölüb... ölüb... üb... üb... bbbbb...

            Qəribə səslər soyumuş güllə kimi bürkünü yarıb alnıma saplanır və bu bürküdə soyuq tər məni basır. Hələ iki dayanacaq getməli olsam da, axına qoşulub özümü “28 May” stansiyasında bayıra atıram. Və ilk zəngimi gənc cəbhəçi dostuma açıram. O başdan boğuq hönkürtü eşidilir. Sonra ağlaya-ağlaya deyir:

            -Axı siz deyirdiniz o ölümsüzdür... Ölüb... Ölüb... üb... üb... bbbbb...

            Yenə alnıma qurşunlar pərçim olur və Cəbhənin qərar-gahına yollanıram.

 

                                                             ***

 

            Neçə illərdir tanıdığım cəbhəçilər, müsavatçılar – bütün hərəkatçılar pərişan halda siqret çəkir, dərdləşirlər. Mənim kimi yeni gələnlər hönkürüb ağlaşırlar. Mən də dayana bilmirəm. “Azadlıq” qəzetinin redaksiyasındakı kiçik hovuzun ətrafında dövrə vurub oturmuş dostların yanına yönəlirəm və ilk gördüyüm adama (onun kimliyini heç indi də bilmirəm) sarılıb hönkürürəm. Məni tanıyan bir neçə hərəkatçı, dərs dediyim gənclər də bizə yanaşıb hönkürüşürlər. Kimsə toxtaqlıq verir.

            Bu vaxt hərəkatdan yaxşı tanıdığm, Bəyi sevsə də artıq ona müxalif qrup yaratdığı bəlli olan gənc bir lider tərəfdarlarının əhatəsində küncə qısılıb ağlayır. Biri hətta başını divara döyəcləyir...

            Xəbər verilir ki, Bəyin nəşini Ankaradan gətirən təyyarə axşam tərəfi hava limanına enəcək. Axaşama hələ çox var. Amma hamı maşınlara dolub hava limanına gedir. Mən də onlara qoşuluram. Heç mindiyim maşının kimin olduğunu indi də bilmirəm.

           Aereportda yaşıl çəmənin üstünə sərələnib axşamı gözləyirik. Dədəsiz uşaqlar kimi hamımız boynubükük oturmuşuq.

 

                                                                 ***

           

     Hərəkatda xidmətləri olan, amma “maşennikliyi” ilə ad çıxarmış birisi mənə yanaşır. Əlini çiynimə qoyub içdən sızlayır:

            -Məllim, sən bilərsən, Bəydən sonra nə olacaq?

            Heç yeridir? Biz hələ Bəyin öldüsünü həzm etməmiş bu yenə bazarını açıb. (Amma hiss olunur ki, ağrısı həqiqidir. Çünki gözlərinin işığı sönüb. Bu bazar adamı elə bil bazarının bağlandığının fərqindədir. Hə, Bəyin adından çoxları bazarlıq edirdi. Bu da o çoxlardan biri idi. Vəzifəyə adam qoyurdu. Adam çıxardırdı. Hətta barama kimi strateji məhsulu İrana satdırıb, əvəzində şəkər tozu aldırırdı və sair.)

            -Nə olmalıdırsa, o da olacaq. Sadəcə bazar bağlanacaq...

            Adam elə bil ki, ayılan kimi olur. Mənə az qala nifrətlə baxıb aralanır.

            (Bu adam Bəyə yaxınlığı ilə seçilirdi. Hərəkatın ilk illərində mitinqlərin təşkilatçılarından idi. Mikrafon məsələsi, mitinq üçün yer seçilməsi, rayon rəhbərliyindən icazənin alınması kimi məsələləri ona həvalə edirdilər. “Nəfəsi ağırdır” deyib vəzifəlilər də ondan çəkinirdilər... Uzun sözün qısası, xidmətləri vardı. Elə buna görə rayona icra başçısını o qoydurdu. Və bazar bundan sonra işə düşdü. Təbii ki, ona ilk etirazı mən bildirmişdim. Cəbhəçilərin əlini öpmək üçün sıraya düzüldükləri bu adama tək mən biət etmirdim. Bu səbəbdən məni görməyə gözü yox idi. İndi də bu ağır dəqiqələrdə mənə yaxınlaş-mağa cəhd etmişdi hansı səbəbdənsə.)

           

                                                           ***

 

            Üzücü üç saat tamam olan kimi Bəyin nəşini gətirən təyyarə havada göründü. Minlərlə insan hönkürüb başına döyür, kimsə ucadan minacat çağırırdı. Bəlkə də bu hava limanı indiyə qədər bu sayda adam görməmişdi. Bir futbol matçını izləyən adam qədər, yaxud bir mitinqə çıxan izdiham qədər insan vardı  hava limanında. Bir-birini tanımayan bu kütlə bir-birinə qarşı çox nəzakətli idi. Bir balaca birinin ayağını taptalayan o andaca dönüb gözüyaşlı məsləkdaşından üzr istəyirdi. Burda hamı gözüyaşlı idi...

            -Su içirsiniz? – Üzdən tanış gəlsə də tanımadığım adam butulka dolu suyu mənə uzadır. Deyəsən boğazım quruyub. Alıb başıma çəkirəm. Və adam göz yaşları içərisində uzaqlaşır. Mənə elə gəlir ki, o mənim susuzluğumu hiss edib, amma bunu anlayacaq halda olmadığımı da görüb və mənə su təklif edib... Gözlərimə qəfil qaranlıq çökür və başa düşürəm ki, bu adamın suyu olmasaymış, bir azdan yıxıla bilərmişəm...

            Təyyarədən bir neçə tanımadığım şəxs və sonda Ağa dediyimiz kişi endi. Daha sonra Bəy endi. Fəqət çiyinlərdə... On minlərlə kütlənin ağısı ilə müşayət olunan Bəy hava limanından əllər üstündə çıxarıldı. Kimsə dedi ki, gəlin şəhərəcən əlimizdə aparaq. Amma  bayaq mənimlə təmasda olan şəxs və  Ağa etiraz etdilər: “Bəyin narahat ruhunu incitməyək. Qoy tabutda rahat yatsın. Xüsusi maşında aparaq.”

          Sonra bəyin nəşini uzun, qara bir maşına qoydular. Yüzlərlə maşın o qara maşını müşayət etdi. Biz isə o maşınlara minmədik. Bəyimizin nəşini şəhərəcən ayaqda müşayət etdik. İlahi! Başqa vaxt olsa bu boyda yolu gecə vaxtı ayaqla gedərdikmi? Amma yanan, sızlayan içimizi bununla soyutmaq istəmişdik...

 

                                                           ***

 

            Gecədən xeyli keçmiş ayaqlarım sızıldaya-sızıldaya evə çatıram. Hamı yatsa da, anam oyaqdır. Mən gəlməyincə o yatmaz heç vaxt.

            -Ədə, bala, öldümü Bəyıız?

             Uçdumu arxaız?

             Kəsildimi umuduuz?

             Can ay bala, dədədən yarımamışdın, Bəyinnən də yarımayan canına anan qurban! 

             Nakam Bəyıa mən qurban!..

            

             Haray ellərim haray!Heyyyyy....

             Yandı güllərim haray! Heyyyyy.....

             Dəhnəmi sel aparıb,

             Əli bellərim  haray! Heyyyyyyyyyyyyyyyyy....

             

            Anam astadan ağı deyir, mən də yavaşca hönkürürəm...

 

                                                           ***

 

            Bəyin dəfnini yazmayacam. Yotubede var, girib baxa bilərsiniz...

            Amma bir şey oldu: O, hamını ayağına gətirdi. Hətta Heydər Əliyevi də...

 

                                                           ***

           

            Metronun həndəvərini buldozerlər düzləyib. O yarıquru Eldar şamı da yoxdur... Amma... amma orda nəsə var axı elə bil!..

            Tez ora gəlirəm: Eldar şamının yerindən nazik bir şiv boy verib. Bir az qabığını buldozer sivirsə də, həyat əzmi güclüdür. Kimsə dibinə su da töküb!..

 

                                                           ***

 

            O günlərdən 18 il keçib. Koroğlu metrosunun (keçmiş Əzizbəyov) yaxınlığındakı Eldar şamının kölgəsində dayanıb qəzetdən “Elçibəy – 80” yazı müsabiqəsinə aid məqalə oxuyuram. Hə, Bəyin 80 yaşı var. Bu şam ağacı kimi yaşının üstünə yaş gəldikcə dirilir.

           Bir gün onun tam diri olduğuna əmin oldum: Fəxri Xiyabandakı qəbirüstü abidəsinə söykənib şəkil çəkdirəndə. O hamıdan ucada idi – özü də tuncdan tökülmüşdü...

            Və sonda hardansa yaddaşımda cücərən sözlər: ölüm var ki, sonunda dirilik var, ölüm var ki, torpaq udan  kimi unudular.

 

                                                                                              29.08.2018

 

 

 

                       

 

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə