AZAD QARADƏRƏLİ VAY-VAYIMIZ, TÜRKMƏNÇAYIMIZ...
AZAD QARADƏRƏLİ
VAY-VAYIMIZ, TÜRKMƏNÇAYIMIZ...
(Mehriban Vəzirin “Vay... Vay...Türkmənçay...” romanı üzərinə ağı kimi bir yazı)
Vay...
Bu
üç hərfli söz dilimizdə təkcə nida kimi işlənmir.
Bir
də isim kimi işlənən “vay” sözü var dilimizdə.
İkincisi
heç olmayaydı kaş!..
İkinci
“vay” yasdır, hüzndür, ölü evidir, hüzr yeridir, xarabazardır, ev dağılmasıdır,
yurd itkisidir...
Bu
“vay”ın daha bir məşum mənası da var ki...
Yazımızın
mövzusu “vay”ın o məşum mənasını bizə xırdalayan əsər – dəyərli qələm Mehriban
Vəzirin “Vay... Vay... Türkmənçay...” romanıdır...
***
Bir
yazımda yazmışam: Zəngilanım, Qaradərəm erməni vandalları tərəfindən işğal
olunanda ağlaya bilmədim: mən ağlamaq planımı Qərbi Azərbaycan, Şuşa, Laçın,
Xocalı işğal olunanda doldurmuşdum... Bir də Əhməd Ağoğlunun sözü olmasın, dədələrimizin
bizə miras buraxdığı torpaq itkisinə öyrəncəli olmuşduq elə bil...
Qardaşım,
o boyda Güney Azərbaycan, Təbriz itkisi olan yerdə... Qoy bu məşum cümlə bitməsin!
Qoy
dədələrin bizə miras qoyduğu o “torpaq itkisinə öyrəncəli” olmağımız cücərməsin,
göyərməsin, bitməsin!.. Qəhr olası bitmək, sücərmək, göyərmək... Olmaz olsun...
...1828-ci
ildən bu yana vaydayıq, həşirdəyik, yasdayıq, tikə-parça olmadayıq...
Ölkəmizi
– Azərbaycanımızı sanki Moskva adlı ağ ayı ilə Tehran adlı digər bir qonur
ayının quyruğuna bağlayıb dartaraq iki
parça ediblər...
Romanın
qəhrəmanı Qoca adlı kişi xalq dili ilə anladır ağı üstdə:
Araz,
Araz, Xan Araz,
Sultan
Araz, xan Araz.
Dərdimi
sənə deyim,
Mənim
kimi yan Araz... (Sözügedən əsər, səh.202.)
Əsərin
qəhrəmanı Qoca kişi bir biləsiniz kimdir? Bu gəncəli arabaçı Vətənimizi tikə-parça edən o məşhur
rus şairi və dramaturqu - Tehrandakı mənhus rus səfiri Qriboyedovun Vətənimiz
kimi tikə-parça olmuş meyidini kəl arabası ilə Tehrandan Tiflisə sürür əsər
boyunca... (150 il keçəcək. Rus imperiyasının yerində qurulan Sovet imperiyası
Əfqanıstanda əfqanlarla döyüşdə ölmüş əsgərlərin ələ gəlməyən cəsədinin yerinə iki
mişar daşını əsgər şinelinə büküb sink tabutlarda vətənlərinə göndərəcək – bu
barədə “Qadağan zonası” adlı uzun hekayəmdə bəhs etmişəm - eynən Qriboyedovun da tabutda cəsədindən başqa
nə desən, vardı... )
...
Əsərin maraqlı bir süjeti var: bir tərəfdə qeyd etdiyimiz kimi rus səfirinin
meyidi Tehrandan Tiflisə daşınır, digər tərəfdə isə həmin rus səfiri Qriboyedov
atlı dəstəsilə Tehrana çapır...
“Qacarlar
və Romanovlar arasında “Türkmənçay müqaviləsi” imzalanmışdı. Ruslar “Arazı
ayırmış, qan ilə doyurmuş”du. Məkanın adı həm tarixdə, həm ürəklərdə Azərbaycanın
qara yasına, vayına dönmüşdü.” (səh.173)
İngilis
siyasət yazarı Harvey J.Karenin dili ilə desək, “Türkmənçay müqaviləsi Qacar
dövlətinə ağır təhqir demək idi.” (Kitabın arxa qapağındakı yazıdan.)
Gələcəkdə
dilimizə “ayrılıq” kəlməsini daha ağrıyla pərçimləyən o “Müqavilə” bizə yanıqlı
“Ayrılıq” mahnısını oxudacaq, şairlərimiz həmin Moskvanın (həminki Moskva!)
tapşırığı ilə “Təbrizim” mövzusunda yüzlərlə şeirlər yazacaqlar (bəzisi
tapşırıqla yazsa da, içdən yazmışdı), yazıçılarımız heç vaxt “gəlməyəcək gün”
adında romanlar yazacaqlar... Hətta o şair və yazıçıların kor olmuş gözlərinin
önündə Sovet qoşununun silahını şah qoşununa buraxdığını və bu silahla məşrutəçilərin
qətl edildiyini görübən susduqlarını da biləcəyik... Və bunu “Dünyanın arşını”
romanında yazdığına görə böyük yazıçımız Sabir Əhmədlini də o yazıçıların
çuğullayıb başına oyun açdıqlarını da biləcəyik... (Bu barədə bax: Azad Qaradərəli
“Azərbaycan ədəbiyyatını silkələyən əsər” – mənbə: müəllifin “Yasaq ədəbiyyatın
yaradıcısı” kitabı, səh.21-27. Bakı, Alatoran, 2020.)
Mehriban
Vəzir bu tarixi romanı həm sənədlərlə zənginləşdirmiş, həm bədii təxəyyülünün
gücü ilə rəngləmişdir. Rənglər bəzən elə tünd olur ki, səhifələri başa çıxıncan
adamın nəfəsi tıncıxır:
“-Hə,
Qoca dayı, Türkmənçaya çatırıq... vay Türkmənçay, vayımıza oturan Türkmənçay...”
(səh.174.)
Bu
“Müqavilə” təkcə Azərbaycanın parçalanması ilə yadda qalmadı, həm də İrəvan da
daxil, Qərbi Azərbaycana, eləcə də Quzey Azərbaycanın Naxçıvan və Qarabağ
torpaqlarına İranda yaşayan ermənilərin köçürülməsi ilə qanlı iz buraxdı. Bu
“qanlı iz” illər sona Zəngəzurda, İrəvanda, Dağlıq Qarabağda tökülən qanlara
yol açmış oldu...
Qacar
ordusu məğlub olan kimi İran erməniləri şaha qarşı çıxır, rusların nümayəndəliyini özlərinin rəhbəri bilir, yerli
hökümətə tabe olmurdular. Bunun nəticəsi kimi “Təbriz və Urmu ermənilərinin Azərbaycanın
şimalına böyük köçü başladı. Köçün Araza qədər müşayət edilib Azərbaycanın
quzeyinə ötürülməsinə çar ordusunun zabiti, erməni əsilli polkovnik Lazarev rəhbərlik edirdi...”
(s.51.)
Amma
həm o məşum “Müqavilə”nin, həm müqavilədə nəzərdə tutulan ermənilərin Azərbaycan
torpaqlarına köçürülməsi ideyasının əsas müəllifi yuxarıda qeyd etdiyimiz kimi,
o mənhus səfir Qriboyedov idi. Bu “müqavilə” ilə Qacar dövlətinin Rusiyaya
böyük təzminat ödəməsi, şah da daxil bütün İranın səfir Qriboyedovun qarşısında
diz çökməsi onun ağzını sulandırmışdı. Azərbaycan Qacar dövlətində erməni və
digər məsihi qadınlarla ailə quran vəzifəlilərin arvadlarının əllərindən zorla
alınıb səfirliyə gətirilməsi bardağı daşırır, insanları çillədən çıxardırdı: “Bəla
bu dəfə təkcə mala-mülkə deyil, həm də namusa gəlmişdi.” (s.172.)
Tanıdığımız
gəncəli Qoca kişinin yanında yer alan Ələmdar da namus üstündə səfirliyə hücum
edənlərdən idi...
Qoca
kişi yol boyu yanıqlı-yanıqlı oxuyur, oxuyurdu:
Əzizinəm,
mey qanlı,
Mey
qanlı, məzə qanlı.
Qorxuram
düşəm öləm,
Yerimdə
gəzə qanlı...
Hətta
səfirliyə gətirilərək gecəni orada saxlanılan Allahyar xanın erməni
arvadlarından birinə səfirin sərxoş
qardaşı təcavüz etmiş, bu əməl Tehranı ayağa qaldırmışdı. Namus davasına qalxan
xalq rus səfirliyinə hücum etmiş, bütün səfirlik işçilərini, o cümlədən
Qriboyedovun özünü qətl etmiş, tikələri ələ gəlməmişdi...
Bir
zamanlar “Ağıldan bəla” adlı əsər yazaraq istedadlı şair və dramaturq kimi məşhurlaşan
Qriboyedov indi özü “ağlının bəlasına” (oxu: müəllifi olduğu “Türkmənçay
müqavilə”sinin bəlasına) gəlmişdi...
Bir
qədim atalar sözümüz var:”İti öldürənə sürüdərlər.”
İndi
İranın köklü xalqı və idarə sahibi Azərbaycan türklərinin nümayəndəsi darğa Ələmdar
da dostları ilə öldürdüyü, öldürdüyü nədi, cəsədini Tehran küçələrində sürüdüyü
Qriboyedovdan qalma qalıqların yerləşdiyi tabutu kəl arabası ilə arabaçı gəncəli
Qocanın müşayəti ilə Xudafərindən keçirib Tiflisə doğru aparmaqdadır...
***
Qriboyedovun
cəsədinin qalıqları Tiflisdə, xanımı gənc gürcü qızı Ninonun seçdiyi yerdə -
Müqəddəs David Monastrında dəfn edildi və tezliklə unuduldu...
Onun
əsəri olan “Türkmənçay müqaviləsi”nin acı fəsadları isə davam etməkdədir...”
(s.256.)
***
Hesab
edirəm ki, haqqında söz açdığımız Mehriban Vəzirin “Vay... Vay... Türkmənçay...”
romanı daha böyük tirajla çap olunmalı, o taylı, bu taylı bütün Azərbaycan
türklərinin oxuyacağı bir əsər olmalı, orta məktəblərin ədəbiyyat və tarix dərsliklərinə
salınmalı, tədris olunmalıdır.
Yaralı
tariximiz onsuz da qan sızan yaralarına bu kimi kitablar bir hovur məlhəm olar
bəlkə....
avqust
- 2023
Yorumlar
Yorum Gönder