AZAD QARADƏRƏLİ "AY AT MİNƏN BƏXTƏVƏR..." ("Ən böyük adam" romanımın çap variantına düşməyən hekayətlərdən)

                                     “AY ATA MİNƏN BƏXTƏVƏR...”

                 ("Ən böyük adam" romanımın çap variantına düşməyən hekayətlərdən)

 


            Xalamgilin bir yabısı vardı. Əvvəllər xalamın qaynı Bolu baxmışdı ona, sonra ailə qurub Mincivana köçdüyündən at mənim umuduma qaldı. Hələ yaşını doldurmamış bu üçyaşar  yabının yorğa yerişi vardı və qaranəfəs olunca çapardı. Di gəl ki, kefi istədimi, yolun ortasında qoşa şıllağa qalxar, üstündəkini yerə çırpmayınca dayanmazdı. Əvvəllər mən qorxar, özümü tez yerə atardım. Elə ki, bir az atın hal-xasiyyətinə öyrəşdim, yəhərin qaşından bərk-bərk yapışar, yıxılmamağa çalışardım. At da şıllaqlamaqdan yorular, yoluna davam edərdi. Bir növ atla bir-birimizə isinişirdik yavaş-yavaş...

            Sentyabr gələndə mən artıq Mincivandakı orta məktəbə oxumağa getdim. Atın örüyünün dəyişilməsi, suvarılması işlərinə bir müddət anam baxmalı oldu. Atın axmaq xasiyyətini bildiyindən minəyə qorxar, yedəyində aparardı.

            Oktyabrın sonlarınacan səhər obaşdan qalxar, yüngülvari yeməyimi yeyər, südümü içər, çantamı çiynimə salıb, təxminən on kilometrəcən yolu ayaqla gedərdim. Elə ki, noyabr gəldi, səhərlər çayı keçmək müşkülə döndü. Bəzən daşların üzəri buz bağladığından ayağım sürüşüb suya düşər, məktəbə islaq halda gedərdim. Buna görə anam məsləhət gördü ki, ata min, gedək çayın qırağına, atla çayı adla, sonra dəh-dəhlə geri qaytar, mən yedəkləyib aparım evə.

            Beynimə batdı. Amma anama dedim ki, gəl belə edək, səni də tərkimə alım, çayı keçək, sonra atla çayı keç, düşüb yedəyinə alarsan atı.

            Belə-belə anam ata minməyi öyrəndi. Məni indi Halalcayacan aparar, sonra atı geri sürərdi.

            Bir dəfə yağışlı bir gün idi. Çayı atla keçdik, amma anam düşməyə qoymadı ki, Halalcanın palçığı ayaqqabını batırar, düşmə, Baharlının bəri başınacan aparım səni atla, ordan sonrasın özün gedərsən...

            “Morq çiçəkləri”ndəki Doşab torpağı olan yeri, sonra Qızılçıxan dərəni keçdik, Baharlının bəri başında atı saxladım, atılıb düşdüm yerə. Sonra anam atın başını çevirib geri sürdü.

             Beş dəqiqə irəliləmişdim ki, gördüm anam zarıya-zarıya çağırır:

            -Azad heyyyyyyyy!!!.....

            Geri qanrılanda Halalcanın döşündə anamın yerə çökdüyünü, atınsa zəmi yerində otladığını görüb ora qaçdım. Anam qolunu tutub zarıyır, dil-dodağı əsirdi:

            -Qoşa şıllağa qalxdı, məəəni çırpdı yerəəəəə....... Qolum qırıldı.......

            Qolunu əlimlə yoxladım, gördüm ki, disrəkdən sallanır. Uşaq ağlımla bir az duruxub nəsə fikirləşdim. Tez çantamdan xətkeşimi çıxartdım, anamın qolunun üstünə qoydum, başındakı cunanı açıb qolunu sarıdım. Sonra atı tutdum, yerdən bir qaratikan çubuğu tapıb baş-gözünı, sağrısına çırpdım, yaxşıca döydüm yabını. Sonra anamı üstünə mindirib yedəyimdə evə sürdüm...

            Yaxşı ki, Kamran əmim hələ işə getməmişdi. Anamı yanında – kabinədə oturtdu. Mən isə maşının banına qalxdım. Getdik rayon xəstəxanasına.

            Təxminən üç saat gözlədim. Anam qolu gipsli halda çıxdı bayıra, dedi ki, mən day bir ay qaldım burda. Get evimizə, nənənə, babana ev işlərində əl yetir, amma dərsdən də qalma...

            Dekabrın ortalarında anam xəstəxanadan çıxdı.

            Evə Pirçivan yolu ilə, təxminən 15-20 kilometr yolu ayaqla gəldik. Anamdan soruşdum ki, xəstəxanada necə keçdi günün?

            Dedi, heş zat... Soltan həkim* məni o sahat tanıdı. Qayıtdı ki, ay qız, yenə nə olub? Dedim, ay doxtur, bəs hal qəziyyə belə... Yəni olanları danışdım...

            Gülüb, dedi, ay qız, oğlunu mütləq oxut. O ki o dar macalda sənin qolunu lineyka ilə dümdüz sarımışdı, onnan bir şey çıxacağ... Özün də ata minəndə bir az diqqətli ol... Bir mahnı var e, eşitmisən? “Ay at minən bəxtəvər, Atın da bir vaxtı var...”

            Ürəyimdə dedim, hə, ay doxtur, yaman bəxtəvərəm...

 

            ...Çöpədərə orta məktəbində direktor işləyirəm. Məktəbə Maarif Nazirliyi (o vaxt belə adlanırdı) qonşu kəndlərdən gələn uşaqları daşımaq üçün avtobus verib. Hansısa vacib sənədi evdə unutduğumdan maşınla kəndə qayıdıram. Bir də gördüm ki, anam bir neçə qadınla yas paltarında Baharlı səmtə gedir. Süücü Qabilə dedim, maşını saxla. Hara getdiklərini soruşdum. Məlum oldu ki, Baharlıda uzaq qohum rəhmətə gedib. Sənədi evdən götürdüm, anagili də maşına mindirib Baharlıya sürdürdüm...

            Axşam evə gələndə anamın nənəmlə söhbətini eşitdim.

            “Nənə, yadındadı Soltan doxturun mənə dediyi mahnı? “Ay at minən bəxtəvər... Atın da bir vaxtı var...?”

            “Hə, a bala... Neynək, şükür allaha... Böyünnəri oğluun müdir olduğu məhtəbin maşınıynan getdin həmən yolu...”

            İçimdə fərəhqarışıq bir nisgil boy verdi. Anamın sallanan qolu, mənim xətkeşlə o qolu sarımağım, sonra atı qaratikan çubuğuyla döyməyim, sonra Soltan həkimin söylədiyi mahnı...”

            ...Sonralar, illah da radioda işləyəndə o mahnını çox soraqladım. Bildim, gördüm deyən olmadı...

            Heç belə mahnı olmamışdı elə bil...

            Anam hələ sağ idi. Yadına saldım. Acı-acı gülüb dedi:

            -A bala, o yazıq da bir həyat yaşamadı... Sevər-sevgili arvadından uşaq üstündə ayrıldı, cavan qız aldı ki, bəlkə bir zürüyyəti olar... Olmadı... Bəlkə də o mahnını maa yox, elə öz dərdinə qoşubmuş yandığınnan... Genə mənim sənin kimi oğlum vardı, o yazığın bir kor qızı da olmadı axı...

            Hərdən yaşlı bir kişinin bas səslə yanıqlı-yanıqlı oxuduğu, amma heç bir kitaba, nota düşməyən  mahnısı gəlir qulağıma:

                           Ay at minən bəxtəvər,

                           Atın da bir vaxtı var...

 

                                              

 

 

--------------------------------------------------------------------------------------------------------

*Bu adam xilaskarım olub. Körpə yaşlarımda düçür olduğum ağır xəstəlikdən sağaldım məni. Romanda “Dərd gələndə yolunu kasıbın qapısından salar” hekayətində bu haqda geniş söhbət açılb. (Müəllifin qeydi.)

              

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə