AZAD QARADƏRƏLİ PROFESSORUN ƏXLAQ KRİTERİYASI (Bir professorun söhbəti üzərinə yazılanlar)

 

                        AZAD QARADƏRƏLİ

 

                PROFESSORUN ƏXLAQ KRİTERİYASI

 

                          (Bir professorun söhbəti üzərinə yazılanlar)

 


 

                       

                                                                       Nədəndir bənizin heç olmur duru,

                                                                       Savılıb bostanın olubdur quru*,

                                                                       O zaman ki sənə....................

                                                                       Gözlərin çanaqdan çıxar ağlarsan.

                                                                                       (Vaqiflə Vidadinin deyişməsindən)

                                              

 

            Bu yazını allahın xoş olmayan bir zamnaında yazıram – azı üç il görüşmədiyim bir yaxın qələm dostumu pis gündə gördüm (qocalıb əldən düşmüşdü, üstəlik tək yaşayırdı və ən pisi də bizim evdən azı saat yarımlıq məsafədə olurdu – getmək, isti xörək aparmaq, əl tutmaq müşkülə çevrilmişdi – mən özüm də yaşlaşmışam, maşın olmasa, belə uzaq yola marşrutla-zadla gedə bilmirəm)  və əhvalımın təlx olduğu bir zamanda redaktordan zəng gəldi ki, siyahıda olan beş adamın yazısı gecikir; ya onları silirik, ya da zəng edin, tez göndərsinlər.*

            Həmin siyahını bir də yadıma salmasını istədim. Oxudu. İkisi yaxın dost olan qələm əhli idi. Biri tanınmış yazıçı, biri məşhur ədəbiyyatşünas. Və bir professor...

            Əvvəlkiləri redaktorun öz ixtiyarına buraxdım, professora isə mən özüm zəng etməliydim. Əvvala, yaxın-uzaq qohum idi. İkincisi, heç mən özüm bunu düzəməlli tanımıram... Redaktor neyləyəsidir ki? Həm də bizim siyahımızda olmamışdı...

            ...Bir əziz adam rəhmətə getmişdi. Yaşı-başı olsa da, mənə çox doğma  idi. Bu qərib şəhərdə heç kimi tanımayanda  adam mənə qucaq açmış, “bir şey lazım olsa, çəkinmə” demişdi...

            Yasda qəmgin halda oturub həmin illərimi düşünürdüm ki, haqqında yuxarıda danışdığım professorla göz-gözə gəldik.

            -Necəsiniz? Neynirsiniz? “Dumduru su”dan sonra nə var, nə yox? Eşitdim, çoxlu əsərlər yazmısınız? Hətta jurnal buraxırsınız? Siz belə ağır zamanda bunları necə edirsiniz? Vəsaiti hardan tapırsınız?...

            Bu “nız-nüz”lar, “sınıs-sünüz”lər lap zəhləmi töksə də, guya dilçi olan bu professora hansısa cavablar verdim. Axırda qayıtdı ki, romanlarınızdan ikisini seçin, belə mükəmməlini, xalq dilinə daha yaxın olanını, göndərin mənə, bir yaxşı tədqiqat yazım... dilinizi, yazıçı dilinizi araşdırım...

            İstədim deyəm ki, mənim az qala hər il kitabım çıxır və o kitabların bir çoxunun təqdimatı olur, nə əcəb, bu otuz ildə gəlib o təqdimatın birində iştirak etməmisiniz? Gəlsəydiniz, bu suallarınıza da cavab tapardınız...

            Mən cavab verməmiş qayıtdı ki, eşitmişəm 44 günlük müharibədən bəhs edən hansısa roman da yazmısınız? Elə onu da göndərərsiniz, düzdür, o cür romanlarda manevr imkanları aşağı olur, amma göndərin, hökmən onu da göndərin...

            Sonra nələrdənsə bəhs etdi. Yadımdadır ki, adam elə hey “Dumduru su”dan danışırdı. Elə bil özü oralarda ilişib qaldığı kimi mənim də otuz ildən də çox olan bir geridəki çıxmaza dönməyimi istəyirdi. (Yanlış anlaşılmasın, “Dumduru su” kitabımı da, o kitabdakı ilk hekayələrimi də çox istəyirəm və ilk qələm təcrübələrim kimi onlar mənə doğmadır, lakin həmin kitabdan sonra 300-400 hekayəm, on iki romanım çap olunub ki, mən indi bunlardan danışılmasını istərdim. “Dumduru su” isə həyatımın və yaradıcılığımın ilk pilləsi kimi tarixə qovuşub.)

            Az qaldım deyəm ki, indi mənim sizin məqalənizə ehtiyacım yoxdur, əgər o ilk kitab sizi belə valeh etmişdisə, niyə 35 il əvvəl o kitabdan yazmadınız? Bax onda mənim yazılası o yazıya çox ehtiyacım vardı... İndi isə mən haqqımda yazılanların sayını itirmişəm...

            Deyə bilmədim. Rəhmətə gedən o əziz adamın ruhuna xatir deyə bilmədim...

            Və elə həmin o əziz adamın 40 mərasimində bir neçə kitabımı, bir də “Kuma-Manıç çökəkliyi”ni aparıb o professora verdim. Söz verdi ki, bir-iki aya sizə zəng edəcəm...

            Etmədi...

            Hətta altı ay sonra da etmədi...

            Və budur, redaktor zəng edib onun əvəzindən. Çünki biz istəməsək də, adam özü zorən özünü bizim siyahıya “yazdırıb.”

            Telefonunu yığıram onun leksikonunda “sınız-sunuz”la danışıram:

            -Salam, necəsiniz? Azad Qaradərəlidir... Məqalə demişdiniz e... Əsərin dili ilə bağlı... Bilirsiniz, mənim haqqımda dediyim kitab çapa hazırlanır… Əgər... Yox, mən deməmişdim, siz özünüz demişdiniz ki... Bir müvafiq romanınızı verin, dilindən... Yazıçı dili... hə də, guya mənim dilim... Necə? Anlamadım?

            -...mən o romanı yarıyacan oxudum e... inanırsınız, möhtəşəmdi... gözədi... hətta etnoqrafik yerləri heyranedici idi... amma mən yaza bilmədim... o söyüşlər vardı e... yaza bilmədim... təsəvvür edin ki, o əsəri bir qız uşağı oxuyur... məsələn, onu radioda, televiziyada necə vermək olar?.. İncimə e... Mən “Dədə Qorqudun” dilindən yazmışam...

            -Müəllim, “Dədə Qorqud”un orjinalında bir yer var e, təxminən belədi: oğlan öküzün alnından vurdu, öküz götü-götü getdi...” O yeri bizim alimlər tərcümədə ixtisar etmişdi, yadınızdadı?

            -Hə, elə odu... O vaxt elə olub... Mən Vaqifin dilindən yazmışam...

            -Müəllim, Vaqifin dilində tabu sözlər var axı, bəs bunu necə yazdınız? Birdən bir məktəbli qız onu oxuyar e?.. Ayıb olar...

            -Müəllim, mən sizinlə mübahisə etmirəm...

            -Amma mən edirəm... Baxın, mən on beş il radioda işləmişəm, özü də dövlət radiosunda. Radio, televiziya ayrı şeydir, ədəbiyyat ayrı... Roman və yaxud hekayələri radioda və televiziyada vermək olar. Baxır hansıları... Roman və hekayə insanın təkcənə oturub oxuması üçün yazılır... Ona görə orada hər şey olur. Hətta bazarda alver zamanı qəhrəmanın qeydlərinəcən, əsərin qəhrəmanı olan bir fahişənin mağazadan alacağı əşyalaracan ki, onun içərisində prezervativ, yəni qoruyucu vasitə də ola bilər və yazıçı - sizinçün nə qədər təhlükəli olsa da - hamının aptekdən beş-on qəpiyə ala biləcəyi bir əşyanın adını qəhrəmanı fahişənin dilindən işlətmək zorundadır...

            -Bilirsinzi... Belə şeylər danışmayın siz allah... Mən... mən...

            -Dayanın, müəllim, baxın, mən sizin doğulduğunuz kənddə, yaxud bizim kənddə bir suçunun obrazını yaratmaq üçün onun portretini sözlə və leksikonundakı sözlərlə yaratmalıyam. Çünki mənim özgə silahım, yaxud materialım yoxdur... Hə, bu adam da ona təhkim olunmuş bağ-bağatı suvaranda tez-tez suyu kəsirlər. Bir qışqırır, iki qışqırır, axırı əlacə kəsilir və sizin, yaxud bizim kəndin o “tərbiyəli” suçusu başlayır dür sandığının ağzını açmağa:”Ay su kəsən heyyyy, əgər suyu buraxmasan, gəlib səni taxacam...”... Adam cinsi oraqnının adını çəkir və bu yazı bədii yazı olmadığı üçün burada mən o sözü işlətmədim, halbuki romanda o sözü mən geninə-boluna işlədə bilirəm... Nədən ki, o meydan mənimdir və heç kimə də məcbur etmirəm ki, aptekdən qoruyucu vasitə alan fahişə ilə yatsın, yaxud o suçunun söyüşlərinə qonaq olsun............. Hə, professor müəllim, bilirsiniz maraqlısı nədir, o suçunun oğlu gəlib Bakıda bizneslə məşqul olub və babat pul-para da qazanıb, hələ ali məktəb də qurtarıb və hardansa mənim kitabım əlinə keçib, oxuyub, oxumayıb, bilmirəm, amma vaxt tapıb mənə zəng edib və deyib ki, “siz kitabınızda gərək söyüş söyməyəsiniz... Arvad-uşaq var...” İndi mən buna necə başa salım ki, söyüşü mən söymürəm, onu sənin atan söyür, əmin söyür, qonşun söyür, sonra da söyə-söyə gəlib girir mənim romanımın içərisinə...

            Bu vaxt telefondan şübhələndim. Səs gəlmirdi. Professor çoxdan “adboy” veribmiş... Heyf...

            Sual verəcəkdim ki, ali məktəbdə rüşvət almaq qorxuludur, ya romanın qəhrəmanının dili ilə söyüş söymək?

             Bir də deyəcəkdim ki,  məlumunuz olsun, mən “Əllidən bir kəm”  adlı roman yazmışam və sizin bir çoxunuzun obrazını orada yaratmışam. Fırıldaqla ali məktəb müəllimi olan, dekana, rektora yarınmaqla qəbul imtahanlarına salınan, savadsız insan yığınının pulunu alıb ali məktəblərə dolduran, semestr imtahanlarında tələbə oğlanları sındıran, qızların bakirəliyini pozan mənfur ali məktəblərin sovet müəllimlərinin obrazını yaratmışam İmirin timsalında. Böyük gələcəyi olan İmir həyatını və fəaliyyətini fırıldaqla imtahanlardan pul yığmağa və əxlaqsız hərəkətlərə həsr edərək sonda maşınında bir çamadan haram pul olduğu üçün onu kimlərinsə təqib etdiyindən şübhələnir və qorxudan bağrı çatlayır...

            Əxlaqsızlıq budur, yoxsa romanda obrazın  dilindən bir-iki latayır söz işlətməkmidir?!                 

Sonra bir-iki şey də soruşacaqdım... Vallah, üzüm ayağınızın altda, mən heç nəyi özümdən uydurmuram, siz necə danışırsınız, mın də onu yazıram. Məsələn, bizim qohum-qardaşın, elə professor, sizin özünüzün də yaxşı tanıdığınız Möbüş var e, bax tutalım ki, onun obrazını yaradıram... Hə də, hə, Qandon Möbüş, uşaqdan-böyüyə, ağsaqqaldan-qarasaqqalacan hamı ona belə deyir, indi mən kopolu, bunun adını nə təhər yazım? Bəlkə Möbüş müəllim yazım, ya professor Möbüş yazım?! Ə, bütün el-oba ona Qandon Möbüş deyir axı!!!..........................

            …“sınız-sunuz”dan tutmuş... nələrəcən... soruşacaqdım, olmadı...

            (Vallah bunu da deyim, day qalanı sizlikdir. Yalançılar sözü, deyir Möbüş məhlədə dükan işlədirmiş, indiki dilnən desək, market. Hə, səkkiz yaşlı bir qız uşağı gəlir dükana, əlindəki manatlığı uzadır Möbüşə, deyir:

            -Qandon Möbüş əmi, mamam dedi ki, bir dənə soda versin...

            Guya o gündən Möbüş baş alıb məhlədən gedib, hələ o gün-bu gün üzünü görən olmayıb. Vallah mən bunu təzə romanıma salardım e, amma senzor-professorun o amansız baxışları kəsir qabağımı... Bir tərəfdən də mövzu keçiləsi deyil...)

            Di sağ olun, yeni romanda yeni görüşlərəcən...

 

            S.A.(Söz Ardı)

            1.Söhbətimi qocalığa boyun əymiş qələm dostumla başlamışdım, onunla da bitirmək istəyirəm. Hal-xoşdan sora soruşdum ki, nə təhərsən, neynirsən? Dedi: “Po… kimi. Nə təhər olacam, nə dalım sözümə baxır, nə qabağım... (İndi o ayrı cür dedi, amma mən bir az dostumun sözünü tərbiyəli şəklə saldım ki, ayıbdır, qız uşağı zad da oxuyar... Ya elə bu professorun özü çaşar, sayta-mayta baxar, oxuyub-eləyər, biabır olarıq...) Çaç tökülüb, diş tökülüb... Rəhməttiy Vidadi demişkən “dolaşa dəməyi tək edəndə xəndan...” Göz də yaxşı görmür tay... Gözü “gö...” oxuyuram...” (Daha burada da “t”-nı sildim ki, ayıb ayıb üstündən gəlməsin...)

            Vallah, billah, biz azərbaycanılıar kimi süni camaat yoxdur. Ay kişi, iki kişi bir yerə yığılan kimi (hələ arvadları demirəm!) hərcayi söhbətlər, biədəb aneqdotlar göydə uçur, di gəl mən bunların surətini yaradanda bir-iki ağız yavannıqlarından istifadə edəndə özlərini cırırlar...

            Cırın, cırın... Uğurunuza xeyir...

            2.Və bu günlərdə “Məndən sonra” memuar romanımda işlətdiyim bir söz barədə. Həmin söz bu cümlədədir:” Səhərdən Ağbilək də kəsib-kirimək bilmirdi. Əri İmamqulunun yalquzaq canavarnan qancıq itin dələbindən  tutduğu bu azman it Fərzalıya mehir salmışdı…”

            Kim də bilməsə, professor bilir ki, bu sözün azı min, min beş yüz yaşı var, hələ bəlkə çox. Mənasını da burada xərdalamayacam. Amma ətimi də kəssələr, bütün kitablarımı möhürləyib oxumasalar belə, mən bu kimi sözlərdən keçmərəm. Dədələrimizin, nənələrimizin yazı bilmədiklə zamanlarda dilimizi, kimliyimizi belə qayım-qədim sözlərlə qoruyublar və bu sözlər həm də onların bizə ismarıcı, yazısıdır…

            Yazınız, ismarıcınız qutlu olsun, dədələr, nənələr!

           

 

                                                                                                                      iyul –sentyabr  2023

           

 

---------------------------------------------------------------------------

*Zənnimcə burada “q” artıqdır. “Savılıb bostanın olubdur uru” olmalıdır. “Uru”, “uara” bostanın uralanması, məhsulunun yığılandan sonra yerdibinin qalması anlamındadır. Üçüncü misrada buraxılan söz isə “quru”dur.

**Bilənlər bilir, bilməyənlərçün: demək, 2024-cü ildə mənim 70 yaşım tamam olur. Bu münasibətlə bir sıra işlər paralel olaraq görülür. Məsələn, biri külliyyatımın çapa hazırlanmasıdırsa, biri də mənim haqqımda yazılanların cəm olduğu bir cildliyin redəktəsi, korrektəsidir ki, zəng edən də həmin toplunun məsul redaktoru idi.

                         

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə