AZAD QARADƏRƏLİ ÜZEYİR BƏYİN GÜNÜ

 


                        AZAD QARADƏRƏLİ

                   ÜZEYİR BƏYİN GÜNÜ!

 

                                   (Üzeyir bəyin doğum gününə)

 

 


            APİ deyilən kolzozçu institutunda verilən bilik tezliklə mənə azlıq etməyə başladı. Ona görə kolxozçu institutu deyirəm ki, bizim təhsil aldığımız illər (1972-76) o ali məktəbdə rüşvətin tüğyan elədiyi çağlar idi və burada dərs deyən müəllimlərin əlindəki mühazirə dəftərləri on illər əvvəllərdə yazdıqları və üstündə heç bir dəyişiklik edilməyən, müxtəlif illərdə oxuyan tələbələrə söylənən, daha doğrusu üzündən oxunan taftalogiya idi. Hətta bizdən əvvəl oxuyan tələbələr bizə söz atar, şutq edərdilər: “Yenə ... müəllim rəngi saralmış dəftərindən eyni cümlələri oxuyur sizinçün?!”

            Belə bir vaxtda eşitdim ki, o vaxtkı ADU-da (o vaxt hələ belə adlanırdı, adını dəyişib BDU etməmişdilər, üstəlik, böyük Rəsulzadənin adını verib, sonra da almamışdılar) Asif Ata bir dərnəkmi, ya nəsə yaradıb və müxtəlif ali məktəblərdən axşamlar bura yığışır, maraqlı söhbətlər edirdilər. (Asif Atanı az-maz tanıyırdım. Hələ o kişini biabır etməmişdilər; ailəsini dağıtmamışdılar, işlədiyi universitetdən qovmamışdılar... Bu barədə mən çox-çox sonralar “Şəhərcik” romanında yazacam... O roman ki Azərbaycanın adı bəlli tənqidçiləri bu əsəri görməzdən gəlirlər – tək biri xaric...)

            ...Tədbir “Koroğlu”nun üvertürası ilə başladı. İlahi, mən bu çağacan bu musiqi parçasına dəfələrlə qulaq asmışam axı!? Niyə bu gün, məhz bu gün bu əsər məni məndən aldı?! Qoluma baxdım, tüklərim biz-bizdir, başım boş tas kimidir, əlinlə vursan, bəlkə danqıldayar. (O vaxtlar bizdə milli hisslərin təzə-təzə oyanan vaxtları idi. Çayxanalarda, xüsusən Azneftdəki çayxanada milli oyanış söhbətləri olurdu. Oradan qayıdanda bir dostumuz ağzını açmış, havanı içinə çəkmiş, sonra şəhadət barmağı ilə başına döyəcləmişdi. Başı gum-gum kimi səslər çıxarmışdı. “Bax, görürsünüz, boş baş həmişə belədir: danqıltıdan başqa bir şey çıxmaz içindən. Ona görə elm və məfkurə ilə dolu başlar lazımdır bizə” demişdi. Və mən o vaxtlarda ilk dəfə Əbülfəz bəyin adını eşitmişdim – hələ Elçibəy deyildi.)

            Tədbirin havası günlərlə məni tərk etmədi. Yeni, tamam ayrı bir yönlə getməli olacağımı kəsdirdim. Üzeyir bəyin əsərlərini  yenidən dinləməyə, yazdığı məqalələri oxumağa başladım. Və anladım ki, əslində, bizim tanıdığımız Üzeyir bər, əsl Üzeyir bəy deyilmiş...

            ...Sonralar, lap sonralar Üzeyir Hacıbəylinin bir azadlıq nəğməkarı, bir vətənpərvər olduğunu biləcəm. Onun Himnimizin müəllifi olduğunu biləndə isə...

            Azərbaycan türklərinin qiblə sanacağı bir neçə ad var. Onlardan biri Üzeyir Hacıbəylidir...

            Bir ədib, bir jurnalist və böyük musiqiçi olan Üzeyir bəy... Və böyük vətənpərvər olan Üzeyir bəy... Məktəb Üzeyir bəy... Məbəd Üzeyir bəy...

            18 sentyabr o kişinin günü! Ruhu şad olsun!

 

                                                                                              18.09.2022

 

 

 

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə