AZAD QARADƏRƏLİ KRIM... QIRIM... hekayə
AZAD QARADƏRƏLİ
KRIM... QIRIM...
hekayə
Bəkir Çobanzadənin xatirəsinə, professor
İsmayıl Kazımovun vergülünə, nöqtəsinə
Bərk
sazaq əsir. Adamın iliyinə işləyən alaqarannıq sazağı. Səsi özündən qorxuludur.
Telefon dirəklərindəki məftillərə qoşulub daha qorxunc səs çıxardır. Kinoçu
Familin özü sürdüyü maşınla hərdən kəndimizə gətirdiyi əsir düşərgəsi haqqında
filmin havası var bu çöllükdə. Nənəmin hənirtisi olmasa, havalanaram.
Bir
dərəni enib, təpə yuxarı qalxan kimi təzə vahimə də qoşulur sazağın azğın səsinə:
çaqqallar qarşıdakı dərədən elə ulaşırlar ki, elə bil sazağın telefon dirəklərinin
simlərində “çaldıqları havadan” uçunduğumu bilib şövqə gəlir, daha qaramat səslə
vaqqıldaşırlar.
Belə
yerdə əlac hənirdir, səsdir. Gərək danışasan. Lap öz-özünə də olsa danışasan
ki, səsin sənə həyan ola. Tək niyə oluram ki?! Dağ boyda nənəm var yanımda.
Ağlıma gələn ilk sualı bərkdən verirəm:
-Kırım
haradı, nənə?
-Nə?!
Qırım? O hardan ağlıa gəldi?.. Qırım Qaradəryadaymış, qara gündəymiş, qara
sahatdaymış...
-Kırım
nə deməkdi?
-Qırım
elə qırımdı, qırğındı, sürgündü, ölüm-itimdi... Qırım Qırım olalı Qırım əhlinin
günü gün dəyil, sahatı sahat dəyil, qadaı alım... Neynirsən, niyə soruşursan?
-Bir
kitab oxumuşdum, Kırımnan danışırdı... Babamnan soruşdum, dedi, bizim də bir
yanımız Kırımdı... Kırım da bizdəndi, biz də Krımnanıq......
-Yox,
ay bala, yox... Yalan-yarğan deyib... Qırım hara, biz hara...
(Öz-özünə gümuldanır:”Qoja kaftara min dəfə
demişəm ki, uşağı yoldan eləmə... Min ilin itiyini qurdalama... Hı... Qırım...
Qoy bilmərrə yaddan çıxsın bı Qırım...)
Ağır
Baharlı elinə hər gedişimizdə buna bənzər danışıqlara qulaq tutar, geri dönəndə
nənəmin zəhləsini tökərdim. Bude ha, Baharlıdan üzübəri Halallıcadan kəndimizə
tərəf dirənən yolda yenə yapışmışam arvadın yaxasından.
-Kırım
haradı?
-Mən
nə bilim, a gədə... Onu saa kim dedi?!
Sonra
da gözləri dolar, qəhərli-qəhərli dilinin ucundan uçurdardı sözləri:
Qırımın
yolları, daşdı, ay balam,
Mənım
yarim qələm-qaşdı, ay balam.
Bir
çiçəyh yolladım goulun almaya,
Gördüm
ki, gözdəri yaşdı, ay balam...
-Çiçəyh
nədi, ay nənə?
-Çiçəyh?
Çiçəyh, yanı ki, gül... gül-çiçəyh dayna, a bala... Sənin də qulağın darı dəlir,
maşallah... Əmim rəhmətlik heylə oxuyardı... Yazığın bir istəyhlisi olub Gülbikə
adında... O bayax dediyin Qırım var haaaa, bax haradısa, bax o Gülbikənin kəndiymiş...
Yox e, kənd nədi şəhəriymiş... Qalanını babannan soruşarsan... O, əmim Mirzə Əsədullahnan,
dayımız Fərzalıynan daha çox məhtab
olub...
-Məhtab
nədi, nənə?
-Bax,
a bala, sən məhtəbə gedirsən... İnşallah bir az sohra çoxlu kitab-mitab
oxuyassan... Day mənnən söz soruşmuyassan... Özün bilihli olassan...
Baharlıdakı qohumlarım kimi inisduta girəssən, böyüy adam olassan...
(Bu
Baharlı nənəmin kəndidir. Atası buralı, anası qaradərəli imiş. Bizdə oxuyan-zad
olmazmış. Babam Camaldan özgə oxuyan yoxmuş. Sonra atam oxuyub, sonra mən...
Baharlı isə ayrı aləmdir. Burda məscid, mədrəsə olub, üçsinifli məktəb olub. Sonra
buranın bir çox adamları gedib Bakıda ali təhsil alıb. Nənəm o sarıdan mənə
tapşırır ki, baharlılar kimi savadlı olum.)
-Fərzalı
dayın kimi?
-Yox,
ə, Fərzalı qaçaxıydı... Tüfəy-tapança adamıydı... Sən tüfəydən uzax olassan...
Kitab oxuyassan... Elmdar olassan...
-Mirzə
Əsədullah kimi?
-Eeeee...
Ay bala, səni əmim Mirzə Əsədullaha da heç oxşatmax istəməm ki... Onun da taleyi
bəd gətidi... Kimin taleyi xoş gəldi ki, bizdə? Gözümüzü açannan
çaxna-vaxnadayıx... Bı hökümət də ki...
Həmişə
belədi. Söz gəlib hökümətə çıxanda susurlar. Babam guya bükülü bükəcəkmiş, tez
qəzet parçasına tənbəki bükməyə başalar, nənəmsə gözünə çör-çöp düşübmüş kimi əli ilə ovar gözünü. İndi bude, yenə
başladı gözünü göstəri barmağıynan qurdalamağa. Sonra da gözünə düşmüş nününün
qarasınca deyinir:”Xarabanın nünüsü gözümə girdi...”
Həmişə
belə olub. Bizimkilər hökümətə çatanda qalanını içində deyərdilər. Ha illah eləsəm
də, eşkarada bir söz deməzdilər. Mən bunun səbəbini az-maz bilidim. Dayıları
Qaçaq Fərzalını 28-də güllələmişdilər (nənəmlə babam xalaoğlu-xalaqızı idilər),
nənəmin əmisi Mirzə Əsədullahı iki dəfə həbs edib havalı adıyla buraxmışdılar,
kənçimiz Babanı tutmuşdular, nənəm demiş, o qol getmişdi – bir daş bir gölə düşən
kimi itmişdi, xalaları oğlu Salahı tutub Qazaxıstana sürgünə göndərmişdilər...
Bu hökümət nənəmlə babamın qohum-əqrabasına nələr etmişdi, nələr...
...Bir
də baxdıq ki, Bəsid çayına çatmışıq. Çırmandıq. Nənəm əlimdən bərk-bərk tutdu.
Çayı keçib kəndimizə getdik...
Çayı
keçmədik, elə bil hökümətin tökdüyü qanların içindən adladıq. Nənəm yenə kimlərinsə
ünvanına deyindi:”Heç qabağıızdan ağ su axmasın... Mənim tayfa-toluğuma zulum
elədiyıız yerdə... Bı çayın suyucan zulum elədıız millətə... Qabağııza
çıxsın...”
***
“Bilirsən,
a bala, köhnə söhbətdi e, çox köhnə... Mən onda quzuya gedirdim...
Telli-toqqalı bir cavanıydım. Eşitmişdim ki, Baharlıya İran Culfasınnan gələn,
burda evlənib yurd salan Mətinin oğlu Soltan bir gün Bakıya gedir, nəfit
çıxarılan yerlərdə işə düzəlir. Orda bir neçə il işləyib özün tutannan sohra
bir qızla evlənir. Elə bu vaxt Bakıda qarışıxlıx düşür... Bınnarı mən... Mirzə
Əsədullah vardı, nənəın əmisi oğlu, Baharlı məçidinin axundu Molla Ağanın kiçiyh
qardaşı... Təbrizdə, Şamda oxumuşdu, arpanı divara yeridərdi... Quranı əzbərdən
söylüyürdü... Saatlarla mərsiyə oxuyurdu...
Göydəki ildızların hərəkətinə aid elmi də vardı... Farsı, ərəbi, hələ firəngcəni
də bilirdi... Raziyyatdan da başı çıxırdı... Savadlı adamıydı... Hə, bala,
bunnarı mən o kişinin dilinnən eşitmişəm... Daş kimi yaddaşım vardı, bilmərrə
qalıb yadımda... İndi qoy yadıma sala-sala saa danışım ki, özümnən qəbrə
aparmıyım... Görürəm, namxuda zehnin itidi...”
...Gələcəkdə
təkcə Baharlı ellərində yox e, bütün Qaradağda, Zəngəzurda adnan tanınan Yapon
Səmədin* anası Kərimə əri Soltana qoşulub Baharlıya gələndən bir neçə il sonra
bacısı Gülbikə də bir faytonla gəlib çıxdı buralara. Gecə xısın-xısın söhbətdən
belə anlaşıldı ki, Bakıda yenə qarışıqlıqdı. Rəhmətlik Mirzə Əsədullah əbcəd
hesabıynan hasablayıb demişdi ki, indi 1918-ci ildir – onda mənim day evlənməli
vaxtımıydı, yəni olardı iyirmi dörd, iyirmi beş yaşım... Həəəə, Mirzə deyirdi
ki, neft mədənlərində bolşeviklərin və daşnakların əli ilə yanğınlar törədilir,
erməni və rus silahlıları müsəlmanlara hücum edir, dinc əhalini qırıb çatırlar.
Buna görə də Bakıda mədən sahibi olan ataları sonbeşik qızını etibarlı bir
adamla Qaradonluyacan qatarla, ordan bura isə faytonla bacısının yanına göndərib
ki, bir müddət təhlükədən uzaq olsun...
(Gülbikəni
gətirən fayton hələ gəlməmişdi. Bir gün Mirzə fikirli-fikirli Şıxılcan səmtdə gəzirmiş.
Bizim arvad da hələ atılıb-düşən səkkiz-doqquz yaşlarında qızmış. Deyir,
soruşdum ki, ay əmi, nə fikrə getmisən, bəlkə ağlını başınnan alan var!?. Dedi,
İzafə bala, bu gecə Zöhrə ulduzu yerə elə yaxınlaşdı ki, elə parlaq oldu ki, əlini
uzatsan çatardı... Qoy bir-iki gün gözləyək, görək nə olur?..
Üç
ötər, dörd deyən gün Gülbikənin gəlmək xəbəri Baharlı ellərinə yayıldı. İzafə
deyir ki, əmim düz üç gün, üç gecə özündə olmadı. Qızdırması qalxdı, gözləri
alacalandı. Molla Ağa əmim kənd Zəngilana adam göndərdi, Əbdüssəməd bəyin açdırdığı dərmanxanadan adına kinə dedikləri
sarı-sarı dərman alıb gətirdilər, əmim o
dərmanı içən kimi qızdırması düşdü, gözlərini açdı, soruşdu:”Zöhrə gəldi?”
Əmim
arvadı işi bilirdi. Bilirdi ki, əmimə buta verilib. Tez qayıtdı ki, ay Mirzə, gəlib,
sən qalx ayağa, yuyun, geyin, bişirdiyim şorbadan iç, gedib özün görərsən...)
Muğədəm
Baharlısında və ümumən Baharlı ellərində qızlar-gəlin yaşınmaz, üz-gözlərini
örtməzdilər. (Əlbəttə, istisna yox deyildi. Kənddə bir neçə ailə vardı ki,
bunlara Qala əhli* deyərdilər. Baharlı məcsidinin axundu Molla Ağanın ailəsi, məşhur
Vəliyevlər nəsli belələrindən idi. Bunların qadınları mülkdən bayıra çıxanda
başlarına qara çarşab atar, yaşınardılar.) Onlar da kişilərlə bərabər
tarlada çalışar, əkər-biçər, sağar-sığayar, ərlərinə ailə işlərində əl yetirər,
bəlkə işin ağırını özləri görərdilər.
Amma
Kərimə də, yeni gələn kiçik bacısı Gülbikə də tam da olmasa, üzlərini örtər,
yad kişilərin yanında yaşınardılar. Baharlı cavanları kəndə yeni gəlmiş bu gözəlin
xəbərini bir-birinə elə al-dillə danışardılar ki, sanki Koroğlunun Nigarı dastandan
çıxıb Baharlıya gəlmişdi. “Qolundakı bilərziklər sümşad biləyinə gürzə kimi dolaşıb... Ağ
buxağının altınnan görünən tək xalı görənin nəfəsini kəsir... Hələ ağzınnan
çıxan odlu nəfəsi adamı elə əridir, nə vaxt ayağına düşdüyünnən xəbərin
olmur... Xüləsey ki, bı qız deyil, işveyi-nazdı, bir gözəldi ki, bizi canımıza
qatil eliyəcəy...”
“Saa
kimnən deyim, dayım Fərzalıdan... Fərzalı qonaq gəlmiş gözəlin xəbərini Üşdibində
aldı. Dayım urus qazağını vurub Araza salmış, qaçax düşmüş, otuz beş, otuz səkkiz
yaşlarında bığıburma, telli-toqqalı bir
igiddi. Çiynində beşatılan tacir-tüccarları palayla Arazın üstünnən O taya, Bı
taya keçirməkdə mahir idi, ad çıxartmışdı....Qumar dostu, söz əhli qalalı Məşədi
Cabbar qıza bir tərif verdi, bir tərif verdi, Fərzalının gözü alacalandı,
sıvıldı.
-Bakı
əhlidilərmi, ə, bınnar?
-Yox,
Fəzi, Bakıya Qazannan gəliblər, Qazan tatarıymışlar... Hələ bir şey də eşitmişəm...
Yalançılar sözü, Qırım tatarıymışlar... Nəsilləri Qırım xanı Gəraya gedib çıxırmış... Bilirsənmi,
iki yüz ildən yuxarıdır bu nadürüst urusdar Qırımı işğal eliyib axı... Elə o
vaxtdan yazıx qırım türklərinin qara günnəri başdıyıb... Urusdar onnarı ordan
sürəndə gedib qohum-əvladdarı yaşıyan Qazana çıxıblar... Day urusdan gizlənməyçün
elə Qazan tatarıyıx deyiblər soruşana... Sohra da ailəlikcən Bakiyə köçüblər, nəfit
buruğu alıblar, varlanıblar... Amma iki bacı ikisi də gözəldilər haaa!..
-Kəs,
ə, ərri arvadın dalıyca danışmax bizə düşməz!.. Bacısını isə...
***
Dayım
day kəndə yavımırdı. Günü Üşdibinnən Baharlının arasında keçirdi. Tərslikdən Kərimənin
bir oğlu da olmuşdu, ev zahılıydı, onnan Fərzalı Soltanın mülkünə yaxın düşə
bilmir, hündür qala kimi barının yanından dabanını qaldırır, həyətdə girələnən
Gülbikəni görmək üçün ütülürdü. Gün o gün olur ki, isti aylarda suyu Bəsiddən,
ya da Şıxılcan bulağınnan atla, ulaxla gətirən qız-gəlinə Gülbikə də qoşulur,
onda Fərzalı ilk dəfə qızın boyun görsə də, üzü nazicik çarşabla örtülü
olduğunnan yaxşı görə bilmir.
Bir
belə, iki belə, axırı qıznan görüşüb-buluşur, dərdini-çorunu qıza deyə bilir.
Qız da nə desə yaxşıdı:”İgid, sorağını almışam, mərdsən, qoçaqsan... Amma mən
könlümü bir ayrısına verdim...”
“Kimə,
qız? Kimdi o qoçaq ki, məni qabaqlayıb?!”
“Mirzə
Əsədullah... Savadlıdı, qorxmazdı, sözü kəsərlidi... Babama da məktub yazıblar,
hə işarəsi gəlsə, evlənəcəyik...”
Dayım
yana-yana qızın dilini yamsılıyırdı:”Mirzə Əsədullah... Savadlıdı... Qoçaxdı...
Babama da yazıblar...”
Mirzə
Əsədullahdan, böyük qardaşı Molla Ağadan Fərzalının xoşu gəlməsə də, ortancıl
qardaşları tüccar Səfər bacısı Pakizənin əri idi. Ona görə içində
qovrula-qovrula boğdu bu sevgini. El-oba qınağının, əsas da bacısının qaynının
qabağına keçə bilməzdi... Bir də qız özü də sözünü demişdi axı...
...Sizə
kimnən deyim, Mirzə Əsədullahdan. Bu Mirzə Əsədullah Şamda təhsilini tamamlayıb
Vətənə yenicə dönmüşdü. Bir axşam Məşədi Mətinin dəvətiynən onlara qonaq gedir.
Bakıdan yenicə gəlmiş Soltanla Mirzənin söhbəti tutur. Neçə müddət qürbətdə
olan iki həmyaşıd gənc xeyli söhbət edirlər. Solan Bakıdan, oradakı oyanmadan,
milli ziyalıların ayağa qalxıb ölkənin müstəqilliyi üçün çarpışdıqlarından, hətta
“Müsavat” adlı bir firqə qurduqlarından danışır. Yalnız Mirzənin eşidəcəyi səslə
deyir ki, o da həmin partiyanın üzvüdür. İstəsə, Qaradonnudakı* mərkəzə yazar,
Mirzəni də firqəyə qəbul edərlər...
Alatorandan
Baharlı məscidinə namaz qılmağa gedərkən Mirzə əzan verməyə başlamamış Soltanın
qulağına pıçıldayır ki, gecə xeyli fikirləşib, qərara gəlib ki, Bakıda qurulan
milli firqəyə üzv olsun. Dostlar məscidin qabağında bir-birinə sarılıb əhd-peyman
bağlayır, namaza gedirlər.
O
ilin yayında təhsil aldığı İstanbuldan doğma Xanlıq kəndinə qayıdan Bəhlul əfəndi,
Qaradərədən Qaçaq Fərzalı, Sənəlidən Qaçaq İsrafil Baharlıda Soltangildə
toplantı keçirirlər. Bəhlul əfəndinin başçılığı ilə Müsavatın Zəngəzur qolu
yaradılır...
...Gün
o gün oldu ki, Bakıda qarışıqlıq düşdüyünə görə, dediyimiz kimi, Soltanın
baldızı Gülbikə bir faytonla Baharlıya gılib çıxdı. Qızın gözəlliyi haqqında
danışılan rəvayətlər, təbii ki, Mirzənin də qulağına çatdı. Yaşı otuzu haqlasa
da, hələ subay olan bu gənc alim qızı dostu Soltangildə görən kimi aşiq oldu. (Amma,
əslində, o qızı daha əvvəldən röyasında görmüş, butasını içmiş, bir könüldən
min könülə aşiq olmuşdu.) Özü də elə aşiq oldu ki, həmişə şeirin, qəzəlin
küfr olduğunu deyən Mirzə başladı bədahətən şeirlər söyləməyə. Və elə ilk söylədiyi
qəzəllə qızın qəlbini ovladı. And içirdilər ki, Mirzə o qəzəli Şıxılcanda söyləyəndə
ağzından alov çıxmış, bulağın suyunu qaynatmışdı.
Deyirlər
günün ziyası düşüb Halallıca çölünə,
Tazə
gün gəldiyindən köhnə gün qıfıl vurub dilinə.
Məni
ölmüş bil, saqiya, telləri kövşənə vuruldum,
O
vurğunluqdu ki, cünun kəməndin taxıb belimə.
Qafil,
sən qan salansan, o günün sayəsin nə bilərsən?
Mirzənin
əşarıdır o tazə gün, nur salar Baharlı
elinə.
Səhər
bütün Baharlı əhli o qəzəli əzbərdən deyirdi. Və danışırdılar ki, bu qəzəl həm
də Mirzənin Fərzalıya bir ismarıcı kimi yazılmışdı. Təkcə Fərzalıyamı? Haşa! Elə
Gülbikəyə də. Yəni, bax, mən oxumuş adamam, Urumu-Şamı gəzmişəm, şairəm, üləmayam.
O da tüfəngli-tapançalı biri. Mən dünyaya barış gətirənəm, o qan-qada. İndi
seçim sənindi... Elə “qafil” kəlməsi də guya Fərzalıya tuşlanmışdı...
Danışırdılar
ki, Fərzalının bacısı Mirzənin qardaşı Səfərin halalı olduğuna görə bacısını
basıb-keçə bilmir, Mirzənin qabağını kəsib hədə-hərbə etmir, verir içinə və bu
sevdadan əl götürüb adlayır Arazın o tayına, aylarla bu taya üzükmür.
Yetər
nənəm ağlaya-ağlaya deyirdi ki, oğlum dərddən əriyib çöpə dönəcəy, qəlbi
sınacax, koolu tutmuyacax o Qırım qızıynan, mən yuxumu görmüşəm... İmamqulu
babam da arvada acıxlanar, qara doğrama deyərdi...
Gülbikənin
böyük bacısı Kərimə əri Soltana çıtızır ki, Fərzalıya da, Mirzəyə də de, çəkilib
fas-fərağat otursunlar yerlərində. Biz kimik ki, Gülbikənin taleyini həll eliyək?
Qızın dağ boyda atası, qardaşı var. Ara sakitləşər, xəbər yollayarıq babama,
bir məsləhət verər, yol göstərər...
On
agörə də Fərzalı da, Mirzə də elə öz odlarına yanıb-sönürlər, təzədən
alışırlar...
Mirzə
danışırdı ki, bir gecə Baharlıda Məti kişinin mülkünün qabağında iki fayton
dayanır. İçindən baz-buruttu, geyimli-keçimli adamlar düşür. Məti kişi
qonaqların ayağına erkək kəsir, kabab bişirtdirir, səmavərlər qaynadır, süfrə
açdırır. Az sonra Baharlının axundu Molla Ağa və qardaşı Mirzə Əsədullah da məclisə
təşrif buyururlar. Və gələn qonaqların içində olan Bəhlul Əfəndinin* məsləhəti
ilə Fərzalı da məclicə çağrılır. Məti kişi qonaqları Molla Ağaya tanıdır: “Bu
xannıxlı Bəhlul Behcət Əfəndidi ki, sən yaxşı tanıyırsan, bu biri Bakidə ad-san
qazanmış nəfit mədən sahibi Səbri Dəmirovun
oğlu, Peterburqda universitet bitirən İdris Ağa Baxçasaraylıdı – bizim gəlinin
qardaşıdı həm də, Bakidə yeni qurulan türk-müsəlman cümhuriyyətinin hökümət
kabinetində ingilis və firəng dilləri
üzrə tərcümandı, bu biri də İdris Ağanın dostu alim Bəkir Çobanzadə* Əfəndidi
ki, Avropada təhsilli, Qırım universitetində qırım-tatar dilinnən dərs deyir...
Bizim yeni hökümətin başçısı Nəsib bəy Usufbəylinin halalı Şəfiqə xanıma
simsarlıqları çatır... Qısası, bizim Soltanın arvad qohumlarıdı...”
Məclis
əhli şövqlə gülüşür və qonaqları salamlayırlar.
“Şəfiqə
xanımın babası İsmayıl Qaspiralı* bizim həpimizin babası, həpimizin əfəndisi...
Sizlərçün Məhəmmədəmin bəy kimdirsə, bizimçün də Qaspiralı bəy odur...” - gülə-gülə Bəkir əfəndi deyir.
Mirzə
danışırdı ki, qonaqlar, xüsusən də İdris Ağa həm Baharlıdakı bacılarına baş çəkməyə
gəlmişdilər, həm də cümhuriyyətin namlı adamları kimi Bəhlul Əfəndinin Zəngəzur
qaziliyi təyinatını, həm Mirzə Əsədullahın Mincivan-Pirçivan nahiyyəsinə yazı
işləri müdürlüyünü təyinatını, həm də Fərzalının yeni yaranmaqda olan Cümhuriyyət ordusuna
silahlılar toplamasına yardımçı olması üçün yüzbaşı təyinatını təmin etmək üçün
təşrif buyurmuşdular...
Qonaqlar
yeyib-içən kimi Gəncəyə gedəcəklərini bildirib yola çıxdıqlarından geniş söhbət
eləmək imkanı olmamışdı... Mirzənin də arzusu ürəyində qalmış, istəyini
açıb-ağarda bilməmişdi...
Və
ən pisi o idi ki, İdris Ağa bacısı Gülbikəni də başqa bir faytona mindirib silahlıların
əhatəsində Qarabulağa*, ordan da Bakıya yola salmışdı...
Bununla
da Mirzənin ürək dağlayan eşq hekayəti
nakam qalmışdı.
Bir-iki
dəfə Bakıya getməyə cəhd etsə də, gah sürətlə yayılan vəba xəstəliyi üzündən,
gah Nuru paşanın ordusunu qarşılamaq üçün Bəlul Əfəndi və Fərzalı ilə Qaraməryəmə
səfər etməsi səbəbindən, gah da kənd-kəsəklərimizi oda qalayan erməni
daşnakları ilə mübarizəyə görə bu səfərini təxirə salmalı olmuşdu...
Amma
Fərzalıya nə vardı ki?! Ov ovlayan, quş quşdayan, hər kənddə bir gözəl sevən Fərzalı
Gülbikəni tezliklə unutmuşdu...
Olan
Mirzəyə olmuşdu. O get-gedə saralıb-solur, bədəhatən söylədiyi qəzəllərini heç
kağıza belə köçürmür, Şıxılcan bulağının suyundan içib yanan ürəyinin atəşini
söndürməyə çalışırdı. Atəş isə düşdüyü yeri yandırar deyiblər. Mirzə Gəncədən
Bakıya köçən yeni hökümətin adamı kimi Mincivandakı iş otağına gedəndə də yazı
masasınada yalnız Gülbikəni görür, hökümət sənədləri əvəzinə qəzəl yazırdı.
Gülün
bikəsi od vurdu atəşi-suzanıma,
Yağı
kimi yeriklədi şan-şan olmuş canıma...
...Babam
bir də danışırdı ki, gələn qonaqlar Mirzə Əsədullaha risalələr, habelə Bakıda və
Krımda çıxan qəzetlər də verib getmişdilər. Mirzənin hələ ağlı üstündə olanda
Krımda çıxan bir qəzetə yazılar yazardı. O qəzeti Qaradərədəki komamıza qonaq gələndə
cibindən çıxardıb bizə də oxuyar, sonra da qəzetun bir yanından cırıb tənbəki
bükər, alışdırıb tasfasasını acı tüstü ilə söndürərdi...
***
Dayım
Qaçaq Fərzalı güllələnib, yolu yumrulmuş Sovet höküməti bizi yaylağa da getməyə
qoymur, taxıl zəmilərimizdə pambıq əkdirir, torpağımızı əlimizdən alıb kolxoz
eləyib... Nə bilim axı, hankisin deyim? Belə bir vaxtda Mirzə Əsədullah əmim
bizə gəldi. Genə halı xarab idi. Bir nohə oxuyub ağladı. Bizim kişidən tənbəki
alıb qəzet parçasıyla bir bükülü bükdü, alışdırıb çəkdi. Əllərini ərşə tutub mərsiyə
dedi. İndi o sözlər tam yadımda qalmayıb, amma belə yerləri vardı:
Getdi
yarü yoldaş, kəsilib neçə baş, gözümnən axır qanlı yaş,
Dur
ey bəlalı qardaş, qalmadı nə sirrü sirdaş, bacın ölsün...
Yolsun
saçın, siz də onunla biyabanə qaçın, a ölsün anan-bacın...
Yolsun saçın, yolsun saçın, bacın
ölsün, ölsün bacın...
Biz
də ona qoşulub ağlaşdıq. Amma qapını basıb alçaq səslə ağlaşırdıq ki,
düşmanımız gedib çuğullayar, gəlib Mirzəni də, bizi də tutub apararlar.
Əmimin
ağlı hərdən gedir, hərdən gəlirdi. Ağlı yerinə qayıdanda elə gözəl sözlər
danışardı, elə gözəl şeyir-şüyür oxuyardı ki, adamın ağlı başınnan çıxardı. Bir
dəfə tuthatut vaxtları bizə gəlmişdi. Dedi ki, ay balam, məni də tutacaxalr,
gizlədin məni. Əlindəki qəzeti çıxardıb bizim kişiyə göstərdi, yana-yana dedi:
-Məmi,
yadındadı 18-ci ildə Baharlıya Müsavat hökümətinin adamları gəlmişdi? Bax onda,
orda bir gənclə tanış oldum, Bəkir Çobanzadə ismində. Türkiyədə, Avropada təhsil
almışdı. Sonra böyük alim oldu. Mən illərdir ki, onunla məktublaşırdım. Dünən qəzetdə
oxudum ki, antisovet damğası ilə həbs olunub... Məmi, yüz faiz məni də
tutacaxlar... Onunla məktublaşırdım axı...Gizlədin məni!
Ərim
Məmmədqulu əmimin əlini tutub dedi:
-Mirzə,
sən böyük alimsən, çifayda bu çayparada səni anlayan yoxdu. Amma yaxşı ki,
anlamırlar, yoxsa çoxdan çuğullayıb tutdurmuşdular. Mən bilirəm ki, sən elminin
çoxluğunnan, bir də vaxtilə Baharlıya gəlib sənin qəlbinə od salan o Qırım gözəlinin
dərdinnən bu günə düşmüsən... Sən belə elə: day heç yerdə nohə-zad oxuma, heç
kimə şeir-şüyür söyləmə, heç adamlarla söhbətə girmə... Girib nə danışassan
axı? Səni başa düşənmi var?.. Hə, mən hamıya deyəcəm ki, Mirzə havalanıb, dəli
olub. Bəlkə bu yolla səni höküməin çənginnən xilas edə bildik...
Deyim
ki, kişinin bu sözü işə yaradı. Əmimi iki dəfə tutub aparsalar da, ağılları bir
şe kəsmədiyi üçün buraxmışdılar. Sonralar müharibənin qızğın vaxtlarında
eşitdik ki, əmim ölüb. Aparıb Mirzə Həşim qəbiristanlığında dəfn elədik.
Yadımdadı, özü hardansa tapıb gətirdiyi mərmərə oxşar bir daşın üstündə ərəb
hürüfatıynan yazılar yazmış, vəsiyyət etmişdi ki, o daşı qəbrimə dikərsiniz.
Biz də o daşı əmimin qəbrinə baş daşı kimi bitidik. Lap sonralar Məmmədqulu
deyirdi ki, Mirzə ona deyibmiş o daşdakı yazı barədə. Orda yazılıbmış:
Öldü
deməyin, bir pəriçöhrənin cəfasın çəkdi,
Bu
fani dünyada heç gülmədi, qan-yaş tökdü.
Yurdu
Baharlı, ismi Mirzə Əsədulla ibn Fəraculla,
Aləmi
ülumda tayı yox, məcazi şeirdə təkdi.
Mən
nənəmin dediklərini dəftərimə yazanda arvad əli ilə qələmimi tutmuş,
yalvarmışdı:
-Yazma
a bala, cəmi yazanları qan-yaş tökən gördüm... Əmim Mirzə idi, nə apardı?
Amma
mən yazdım. Yazdım ki, o pak insanların işıqlı ruhları bir də nurlansın. Bir də
bir qaçaqla bir alimin sevdikləri Krım gözəlinin o naməhrəm camalını oxucularımçın məhrəm
edim...
07.10.2023
--------------------------------------------------------------------------
*Müəllifin “Kuma-Manıç çökəkliyi”
romanının qəhrəmanlarından biri. Tarixi şəxsiyyət olsa da, haqqında məlumat
azdır. Hətta məşhur söz sərrafı, culfa (xalça-palaz toxuyan), varlı-hallı adam
olan Yapon Səməd haqqında bir əfsanəvi şəxsiyyət
kimi danışırdılar. Guya belə adam olmayıb, onun varlığı uydurmadır... Baharlı əhlinin
çoxu onun adını ağzına almaqdan qorxardı – xalq düşməni kimi məhv edilməsi səbəb
ola bilərdimi, əcaba?!
*Əbdüssəməd bəy – 19-cu yüzilin görkəmli
şairi Məhəmməd bəy Aşiq Zəngilaninin oğlu; özü də şair idi, atası kimi Aşiq təxəllüsü
ilə şeirlər yazardı. Atasının əmisi, adaşı Əbdüssəməd bəy Cavanşir Qacar tərəfindən
İrana girov qismində aparılarkən Arazın o tayında öldürülmüş və İbrahim xan
onun nəslinin müxalif olacağından narahat olaraq hamısını Zəngəzurun Zəngila kəndinə
sürgüm etmiş, burada onlara böyük torpaq sahələri verərək yaşamalarını əmr
etmişdir.
*Qala əhli – Qarabağ xanı İbrahim xanın
eşikağası, məşhur rəmmal və şair Mirzə Vəli Baharlı Ağa Məhəmməd Qacar tərəfindən
Əbdüssəməd bəylə birgə girov aparıldığı Qəzvin şəhərində qətl edildikdən sonra
nəsli-kökü, qohum-qardaşı Zəngəzurun (indiki Zəngilan rayonunun ərazisi)
Baharlı kəndinə sürgün edilmişdi. Qaragözlə Baharlının arasında yerləşən Mirzə
Haşım qəbiristanlığı onun nəvəsi Mirzə Həşim Zərrinqələmin adını daşıyır. “Qala
əhli”, yəni Şuşa əhli anlamına gəlir.
*Zəngəzurun qazısı, məşhur din xadimi və
elm adamı.
*Qaradonnu – İmişli rayonunun əski adı.
*Bəkir Çobanzadə - əslən Krın türkü olan
böyük dilçi alim. Repressiya illərində güllələnmişdir.
*İsmayıl bəy Qaspiralı - əslən Krım
türkü olan böyük ziyalı, “Tərcüman” qəzetinin yaradıcısı, cümhuriyyətin baş
naziri olmuş Nəsib bəy Yuifbəylinin xanımı Şəfiqə xanımın atası.
*Qarabulaq – indiki Füzuli rayonunun əski
adı. (Arada ruslar erməni generalı Karyaginin adını vermişdilər bu yerə.
Sonradan Məhəmməd Füzulinin yubileyi zamanı Füzuli adlandırıldı.)
Yorumlar
Yorum Gönder