AZAD QARADƏRƏLİ SELİNTİ hekayə-pritça
AZAD QARADƏRƏLİ
SELİNTİ
hekayə-pritça
Qələm dostum Vaqif Osmanlıya
Hər
yaz daşan çay kəndin lap qabağında bir kişi meyidini vurub kənara çıxartmışdı.
Uzaqdan gedib baxanlar olmuş, amma kimliyini ayırd edə bilməmişdilər. Yuxarıda,
çayın sağ-solundakı kəndlərə, bu yerli camaatın dilində deyildiyi kimi salıq
salmışdılar, meyidə yiyə duran olmamışdı. Adamın pal-paltarlı meyidi qurbağa çəmlərinə,
çayın axıtdığı ot-əncərə sarınıb selinti kimi çayın qırağında qalmışdı. Sağ
çiyni üstdə uzanmış meyidin yarı hissəsi, o cümlədən ayaqları çay qumunun
altında qalmışdı. Gödək saçından, təxminən bir həftə əvvəl qırxıldığı bilinən
üzündən onun kişi cinsinə aid olduğunu bilmək olurdu.
Görənlər korona virus səbəbilə meyidə yaxın düşməyə cəsarət etmir, görməzliyə,
eşitməzliyə vururdular...
(Kənddə
müəllimlərdən başqa heç kim ağızlıq* taxmasa da, adamlar televizordan eşitdikləri
pandemiya haqq-hesabından əməlli-başlı şübhələnmişdilər. Kəndin mollası Molla
Rzaqulu kirilcə Bayazına baxıb, baxıb demişdi:”Quran ərz edir ki, höküməttdər,
artım səbəbi ilə, adamları saxlıya bilmillər, ona görə də ərz edim qulluğunuza
ki, süni surətdə virus qayırıb adamların içinə salıblar ki, seyrəltmə aparsınnar.
Nəzir verin, dua edin, beş özünüz yeyəndə bir də fəğir-füğaraya verin ki,
allaha xoş getsin... Əzzü billahi min əş şeytani rəcim... Bismillahi...”
Pandemiya
vaxtı kənddə üç adam ölmüşdü. Biri atdan yıxılmış, üç gün can verib ölsə də, qorxudan
yas-zad olmamışdı. Yuyub kəfənnəməmişdilər də meyidi. Eləcənə, sellofan torbaya
büküb basdırmışdılar.
O
biri 87 yaşlı bir qoca kişi idi ki, yaxınlarda təzə diş də çıxartmışdı.
Hesabnan o hələ ölməməliydi, amma bir axşam üstü ayağını uzadıb öldü və oğlu özü
təkcə qəbiristanda yer qazanda cavan-çoluq dözməyib, “nə olar, olar” deyib, ona
kömək etmiş, qəbiri birlikdə qazmışdılar. Sonra arvadın oğlu demişdi ki, nənəm
vəsiyyət eləyib, maa cumalıq ver, neyniyim, ay camahat?
Hamı
bir ağızdan demişdi ki, get qəsəbəyə, orda bir cüt lal-kar bacı var, onlara
ağırdan-yangüldən yığ, apar qoy qapılarına, qayıt, gəl. Biz onsuz da bu
pandemiya götürüəlməyincən ehsanat yemiyəciyik. Həm də qadağandı axı... Polis cərimə-filan
eləyir...
O
kişi də bir at yükü yer-yeməli yığıb aparmış, qəsəbədəki bacılara vermişdi...
Hə,
bir də bir cavan oğlan ölmüşdü – nə temperatur olmuşdu, nə asqırıb-öskürmüşdü,
eləcə gömgöy zərdav qusub ölmüşdü...
Bunu
da kəndin feldşeli belə yozmuşdu ki, daxilində gizli fəsad varmış, korona virus
vurdu çıxardı üzə, aldı, apardı... Götürün, elə paltarlı-palazlı dəfn edin
getsin...
Bax,
bu səbəblərdən adamlar korona virus deyilən gözəgörünməz bəladan qorxur, bir-birindən
şübhələnir, heç kim heç kimin qapısın açmır, heç kim heç kimlə kəlmə kəsmirdi...)
Kəndin
ağsaqqalı, Həmid kişi çiyinlərini dartmış, “Meyidin qoxusu tez çıxar” demişdi.
Adamlar bunu yaxşı anlamamışdılar.
Kənd
camaatının yaddaşında Gavur tayfası dedikləri tayfadan olan Gavur İlyasın
babası Gavur Əzəmin başına gələn, bu camaatın dediyi kimi əlməşik-cəlməşik bir əhvalat
qalmışdı. Danışılana görə, Əzəm cavan oğlan imiş və buralara hansısa
ajdıx-qıjdıx** illərində gəlibmiş.
-------------------------------------------------------------------------------------
*Yerli camaat pandemiya zamanı ağıza
vurulan tibbi masqaya belə ad qoymuşdu.
**Bu kəndin camaatı söz-bez adamıydı və qalayçı
mis qaba qalay vuran kimi sözə bəzək vurmağı sevirdilər. Sözü birbaşa demirdilər.
Hərlənib, fırlanıb əsl sözün üstünə gəlib çıxanacan gün axşam olurdu. Mən
onların dilindən aldığım bəzi sözləri işlədəndə “bu yerli camaatın dilində
deyildiyi kimi” kəlməsini yazmağa məcbur oluram. Burdan belə, daha o dırnaqdakıları
işlətməyəcəyəm.
Bir gün Əzəm meşədən odun yüklü atını yedəkləyib
gələndə kolluqda gizlənməyə çalışan bir qız görür. Qız çılın-şıplaq imiş. (Kənddə
hamı “çılpaq” sözünü ayrılıqda elə “çılpaq” kimi işlətsə də, “çılın-çıplaq” deyəndə
“çıplaq” kimi deyirdi. Söz vermişdim ki, daha belə kəlmələri qurdalamadan
yazacam, olmadı.) Kişi pambıqlısını çıxardıb qıza geyindirir. Görür ki, alt
geyimi də süzüldüyündən qızın ayıb yerləri çöldəd qalır, ona görə də özünü
daldaya verib, şalvarını çıxardır, kən yerində tuman dedikləri humayın ağından
– ağ bez parçadan tikilən uzun qıçalı alt geyimini (yenə bu sözlər yaxamı ələ
verdi) də çıxardıb qıza verir. Sonra gözləyir ki, qaranlıq düşsün, qızı kəndə
aparanda görən olmasın.
Beləcə,
qızı evinə gətirir. Evində qadın olmadığından ona özünün kişi paltarlarından
birini geydirir. Sorub-soruşdurur ki, kimsən, nəçisən, meşədə nə itin azmışdı,
nə axtarırdın tək-təkana, çılın-çıplaq?
Qız
cavab verir ki, atam ölmüş, anam bir kişiyə ərə getmişdi. Anam zəmidə dərz
daşıyanda atalığım gizlicə evə gələr, mənə sataşmaq istəyirdi. Anama dedim,
cumdu üstümə ki, sən mənim ərimə böhtan atırsan... Əlacsız qalıb, namusumu
götürdüm, çıxdım evdən. Yolla gəlmədim ki, atalığım gəlib məni tapar. Meşə ilə
gələndə də azdım. Bir aydır meşədə meyvə umuduna qalmışam. Gecələri çıxıb
ağacda yatırdım ki, vəhşi heyvanlar məni parçalamasın... Axırda, bir gün sən məni
tapdın. Fikirləşdim ki, səni allah göndərib. Bilmirəm, nədənsə, səndən
qorxmadım da...
Əzəm
qızı da götürüb gedir məscidə, mollaya deyir ki, bu qızın kəbinini mənə kəs.
Molla soruşur ki, bu qız kimdi, nəçidi? Əzəm əhvalatı danışır. Molla qayıdır
ki, olmaz, bu qız bəlkə vəhşi heyvannan dönmədi, ailəsi, nəsli-kökü bəlli
deyil.
Əcəm
qayıdır ki, hər kimdisə, mənə allah göndərib, qəbulumdu. Molla onların kəbinini
kəsməkdən imtina edir, Əcəmə də “sən gavursan” deyir.
O,
bu – Əcəmgilin nəslinə Gavur ayaması qoyulur...
İndi
bu kənddə belə şey bir dəfə olmuşdu. Amma bu dəfə gələn diri yox, ölüdür. Həm də
geyim-keçimindən bilinir ki, kişi xeylağıdır...
***
Məktəb
direktoru Toğrul müəllim uşaqlara
tapşırmışdı ki, qəti o tərəfə üzükməsinlər. Bu işin içində bir iş var, nə
desən, gözləmək olar. Bunu da yaxşı başa düşməmişdilər – adamlar son zamanlar
ikibaşlı danışırdılar.
Kəndin
həm mamaçası, həm ara həkimi, həm də söz-bez adamı Mərcan arvad isə başını
qaşıyıb demişdi:
-Bu
elə-belə işə oxşamır. Erməni meyididi... Çayın başınnan buraxıblar ki, xəstəliyi
canımıza yaysınnar... Heşzad...
Bu
axmaq söz kimlərinsə beyninə batmışdı: bir
halda ki, yuxarı başdakı Azərbaycan kəndlərindən səs-soraq çıxmadı, demək lap
yuxarıdakı erməni kəndlərinin adamı ola bilər bu bədbəxt... Daha Mərcan arvad
demişkən, özləri buraxıb-buraxmayıb məsələsi olmasa da – hərçənd onlardan bunu
da gözləmək olar – hər halda, bu, bir erməni meyidi ola bilər...
Ona
görə də qaldılar qərarsız...
Elə
ki, qarğa-quzğun xəbər tutdu, meyidi dimdikləməyə başladı, onda kənd camaatı narahat
olub çayın qırağına endi. Elə aralıdan qarğa-qurğanı daşlaya-daşlaya rayon
polis idarəsinə zəng etdilər. Ordan dedilər ki, bəs aparıb bir etibarlı yerə
qoyun, gəlib bir qərar qəbul edərik...
Kənddə
yeganə dövlət işçisi olan məktəb direktoru kafir-küfür oldu; müəllimlərlə köməkləşdilər,
meyidi qazıb qumun içindən çıxartdılar, iri sellofana bükdülər ki, kənddə bir
etibarlı yerə aparsınlar. Bu zaman meyidin zəncirbəndli qoltuq cibinin zənciri
dartıldı, içindən bir pul qabı çıxıb çaylaq daşının üstünə düşdü. Direktor əlini
uzadıb pul qapını götürmək istəyirdi ki, qəfil pandemiya yadına düşdü.
Ağzındakı ağızlığı daha bərkdən üzünə sıxıb, ayağının ucu ilə pul qabını
meyidin yanına itələdi, selofanı əlcəkli əlləri ilə bürmələdi.
***
Bir
gün ötdü. Rayon mərkəzindən səs çıxmadı.
Direktor
qalmışdı kərəvəngi. Odunxanaya qoyduqları meyidin qoxusu bir azdan məktəbin
yan-yörəsini basar, korona virisu varsa, o da yayılar ətrafa. May ayıdı e bu!?
Səhər, biri gün yaz günəşi qalxacaq, isti çıxacaq kəlləçarxa...
Elə
bu çək-çevirdə məktəbin qapısında vurnuxurdu ki, Rzaqulu kişinin ona sarı gəldiyini
gördü. Bu Rzaqulu dəmiryolçu idi vaxtilə. Təqaüdə çıxandan sonra əlinə kirilcə
yazılan bir Bayaz alıb başlamışdı mollalığa. Bəxtindən pandemiya ölüm-itimi
artırdı, di gəl ki, yas yeri yoxdur. Camaatın yadına molla-zad da düşmür. Ölü
basdırmaq qoca it azdırmaq kimi olub – başlarından eləyirlər; yeri qazıb
quylayır, bir də o səmtə üzükmürlər... “Əşşi, qabaqlar xətir-hörmət vardı, yas
yerləri də toy süfrəsi kimiydi, nəüzümbillah, bir arağı kəmiydi... İndi isə....”
-Əssalamın
əleyküm... – Molla Rzaqulunun belə uzada-uzada, rəsmiyyətçi salamını xoşlamasa
da, o da eyni şeyi edəsi oldu – day bu dolamaqdı, ya hörmət gətirməkdi, bundan
çətin baş açmaq olardı.
-Və
əleyküm əssalam...
-Bu
meyidin, deyirəm, bəlkə bir şalvarını çıxardıb baxax?..
-Nə?!
– Direktorun gözü kəlləsinə çıxdı.
-Eeeee,
belə... milliyyətini bilməy üçün də... Məhəmməd (Allahın məsəllü əla Məhəmməd
və ali Məhəmməd – molla salavat çevirdi – yazarın əlavəsi) hümmətidi, ya
ermənidi, bunu bilərdiy...
-Get,
aç, bax! – Direktor hirslə əlini odunxanaya uzatdı. Molla bir aşağı baxdı, bir
yuxarını imsilədi, burnuna dəyən meyid havasından üşənən kimi olub gəldiyi kimi
də yox oldu.
Məktəbin
məzunu, APU-nun fililogiya fakültəsinin son kurs tələbəsi, iki hekayəsi
saytlarda yayımlanar-yayımlanmaz yazıçılar kimi saqqal saxlayıb gözlük taxan Simran
Vay kəndin aralığındakı cavan-cuvanı başına yığıb qızıl xırdalayırdı.
-Demək,
Troya atı deyilən bir termin var... Qədim yunanlarla troyalılar arasındakı
davada Troyanın qalalarını aşa bilməyən ellinnlilər taxtadan bir yekə at düzəldirlər,
elə yekə ki, içinə beş-altı əsgər sığır... Əsgərlər girir atın içinə, içəridən qapı-bacası
bağlanır. Qalanı mühasirəyə alan qoşun gəmilərə minib uzaqlaşır – guya çıxıb
gedirlər... Bədbəxt troyalılar da həmin bu atı gətirib qalanın içinə atırlar, səhər
durub ona baxarlar ki, bu belə nə atdır... Gecəynən atın içindəki əsgərlər
çıxır, keşikçiləri öldürür, darvazaları açırlar... Və qoşun Troyaya girir...
-Əşşşi,
görmüşük dəəəə kinosun, sən də yazıçı olmadın, başımıza bəla oldun...
-Doğrudan
e, ay Simran bu Vay nədi, əyə?! Yox bir vayına oturum! Haaa-haaaa!..
Ortalığı
gülüş bürüdü.
-Eeeee,
siz nə qanırsınız axı sənət nədir?! Ona görə deyiblər də sənət sənət üçündür!..
Deyirəm ki, bu selinti adam meyidi Troya atı kimi bir tələ ola bilər...
Bayaqdan
gülüşənlər indi matı-qutu qurumuş halda Simran Vayın ağzına baxırdılar. Yəni
ki, bu ağıllı söhbətə oxşadı. Bu selinti meyitdən xata əskik deyil...
***
Rayon
polis idarəsindən gələn polis maşını məktəbin qabağında dayananda onları ilk
qarşılayan Mərcan arvad oldu. Pandemiya səbəbindən məktəbdə olmayan müəllimlərin
və direktorun yerinə də o cuallara cavab verdi:
-Meyiddən
nə xəbər var? Dirilib-eləməyib ki?! – Rayonda Dəmşalaq Adil kimi ad çıxardan
polis serjantı gülə-gülə Mərcan arvadın üstünə yeridi. Ona da Mərcan deyərlər!
Dəmşalağın cavabını yerində verdi:
-Ölü
yerinə gəlmisən, ya dəmşalaxlıx eləməyə?
Serjantın
bu kəndə qohumluğu çatırdı – bacısı burda ərdəydi deyə özünü bura bir köynək
yaxın bilirdi. Amma Mərcanın da dilinə düşməkdən qorxdu elə bil. (Bu arvadın
baxıcılığı da vardı. İtiyi itən, arvadından şübhələnən, oğluna qız axtaran gecə
gözü onun qapısını döyərdi. Boyunlarına almasalar da, daldada Mərcanı lağa
qoysalar da, hətta icra başçısının da hərdən hamı yatandan sonra onun üstünə gəldiyini
söyləyənlər olurdu. İndi bu başı qərtməkli arvadın – həmişə başını qaşıdığına
görə adına Qərtməkli ayaması qoşmuşdular – onu dilinə dolayacağından
ehtiyatlanıb tütəyi çəkdi.)
-Mərcan
xala... Allah rəhmət eləsin... Maşındakı rəisin mavinidi e, Mirhəmzə müəllim...
Direktoru nə təhər tapax? Yaxşı dəyil axı, kişi ağır başıynan...
-Əvvala,
ay Dəmşalax, ağır başıynan yox, ayağıynan deyəllər... Başıynan gəlmiyib ki...
He-he-he... İkincisi... Ode odurana, gəlir direxdur... Deyillər, dünən meyidin,
ayıb olmasın sünnətinə baxırmış mollaynan ki, görsün ermənidi, ya musurman?
-Az,
yavaş, az! Rəis eşitdi, biyabır ollux!
-Ə,
bə derdin mavindi?! Sünnət toyu olanda oynamax üstündə bir-birızı qırırsıız,
indi sünnət kəlməsi ayıb oldu?!
-Eeeee,
az kiri, az!..
-Mən
gedirəm... Amma gecə qapıma gəlsən, səni itnən qavajam!
-Yeri,
az, yeri... Salam, ay Toğrul məllim... Rəisdi e, maşındadı... Get görüş, meyidə
baxmağa əlmişiy... Kişiyə yaxşı salam ver... Bı Mərcanı da bırdan... zad elə...
Toğrul
müəllimlə rəis müavini odunxanaya yönəldilər. Serjant Adil yüyürüb odunxananın
qapısında durdu, əlini qapıya uzadanda rəis başı ilə işarə etdi ki, geri dur.
Serjant çəkilən kimi direktor cibindən çıxartdığı bir qom açarın birini seçdi,
qədimi qıfıla salıb burdu, burdu, nəhayət qapını açdı. Rəis müavini birinci içəri girmək istəsə də, dayandı,
cibindən ağızlığını çıxarıb ağız-burnuna taxdı, sonra direkoru irəli buraxıb,
özü də ardıncan girdi odunxanaya. Və bu
an Toğrul müəllimin ağzından elə bir səs çıxdı ki, bunu təxminən belə yazmaq
olar:
-Buyyyy!
Serjant
əlini qoburuna uzadanda rəis müavini ona gözünü ağartdı, adam əlini geri çəkib
o səsə oxşar bir səs çıxartdı:
-Hıyyyy?
Kəsəsi
ki, meyidin yerində onu bükdükləri selofandan başqa heç nə yox idi...
Heç
nə...
***
Gecə
hamı yatandan sonra serjant Adil kəndin ayağında saxlatdırdığı maşından düşüb Mərcan
arvadın qapısına gəldi ki, əl atıb qapını döyə, gördü qapı açıldı, tez özünü
qaranlığa veri. Gördü ki, budu ha, Toğrul müəllimlə arvadı Mərcangildən
çıxırlar. Arvad səsini atmışdı başına:
-Qərtməyli
qəhbə özün çəkib qoyub dağ başına!..
-Yavaş
aaaz, eşidən olar!- Toğrul müəllim arvadına həttəndi.
-Neynim
axı, biz də pıl veririk dayna! Bildiyi varsa, bizə də desin, bı poxdan
qutarax... Bı gorbagor olmuş hara uşdu getdi?! Vallah Mərcan bını bilir!
İntihası tərəzi götü yerə döyür...
-Az,
pis söz danışma, tələbələrimiz eşidir, biyabır ollux!
-Qoy
eşitsinnər! Dədələri gündə nənələrinə demir o söyüşlərdən?!. Məni qınama, bı
işdə bir iş var... Mən Yaqut məllimnən şüpələnirəm... Selintini o oğurladıb ki,
səni işdən çıxarsınnar. O keşsin yeria... Amma bıde ha, bını görər! (Qaranlıqda
Solmaz müəllimə baş barmağını orta barmağıynan işarət barmağının arasına soxub
irəli dürtdü – Mərcanın gözünə soxurmuş kimi.)
Mərcan
serjantı görən kimi qəşş eləyib güldü, gülə-gülə də dedi:
-Gəldin,
bəs gəlmirdin? Ay sizin paqonuza sı...ım!.. Ə, itiyi mən tapıram, sizə paqon
verillər... Bı nə təhər olur, ə?!. Düş bıra, ə! Bir yüzdük qoy bıra görüm!
Serjant
Adil nə qədər yalvarsa da, arvad başını qaşıya-qaşıya dedi, yüzdü, düzdü!
Yüzlüyü
alan kimi girdi bir şalın altına bir fısqırıq atdı, bir hay-kay saldı ki, guya
ki, rəml atırmış... Nəysə, təxminən on beş dəqiqə şalın altında qalandan sonra
ağzı köpüklənə-köpüklənə dedi:
-Gedərsən
rəisə deyərsən ki, meyit Yaqut məllimədədi... Gavur tayfasında...
-Nə!?
Onda niyə?! Dolamısan məni?!
-Onu-bını
bilmirəm... Bir onu bilirəm ki, Yaqut məllimə selintini ot tayasında gizlədib əriynən...
Bı gecə tayaya hücum eləməsaız, səhər nə olajax, bilmirəm...
***
Kəndə
hay düşdü ki, Yaqut müəllimənin əri Gavur İlyasın bağın ayağında basdığı taydan
səslər gəlir. Səs gah rusca, gah azərbaycanca (cəbhəçi Güloğlan demişkən türkcə),
gah da ermənicə sözlər deyir.
Tayaya ilk yaxınlaşan elə Gavur İlyas oldu. Şananı
tayanın içinə soxub qışqırdı:
-Kimsən
ə, çıx çölə! Çıxmasan, səni şanalıyacam!
-İnçasım
ara?! Belə çıxmıram! İdi naxu...!
Tayanın
ətrafına yığılanlar qaçıb uzaqlaşdılar. Gavur İlyas da şananı yerə atıb
dalı-dalı qaçdı, ayağı daşa ilişdi, arxası qatda yerə gəlib bağırdı:
-Vay
sənin var yoxuuu........!
Uşaqlar
tayanı aralıdan da olsa daşa basanda İlyas ufuldaya-ufuldaya bağırdı:
-Nağayrırsıız,
ə?! Tayamı niyə daşdıyırsıız?! İt balaları!
Kimsə
dedi ki, gəlin tayanı yandıraq. İlyas yenə çəmkirdi. Şanasını götürüb bu dəfə
adamlara qımzandı:
-İrədd
olun, ə bırdan! Köpəyuşağı! Divan var, dərəbə var, indi harda olsa hökümət
adamları gəlib çıxar... Diliızı qoyun dinməzııza!..
Söz
Gavurun ağzından çıxan kimi polis maşını o qorxunc siqnalını verə-verə dayandı
Gavurun həyətinin ayağında. İçindən beş silahlı polis düşüb yüyürdülər tayaya tərəf.
Dallarınca gələn Serjant Adil əlini boş qoburunun üstünə qoyub bağırdı:
-Çəkilin,
çəkilin! Biz bəlkə məcbur olub silah tətbiq edəsi olduq... Ona görə aralı
durun! Cənab rəis özü maşından əmaliyyata nəzarət edir aralı durun!
Avtomatlı
polislərin içində bir mayor da vardı. Amma nədənsə içi elə o mayor qarışıq
hamısı serjantın ağzına baxırdı. Serjant əlini boş qoburunun üstünə qoyub
tayaya yaxınlaşdı:
-Ey,
Selinti! Ermənisən, musurmansan, bilmirəm, təcili tayadan çıx, təslim ol! Yoxsa
silah tətbiq edəcəyik! Cənab rəis özü...
Bu
vaxt maşından səsgücləndirici vasitəsi ilə rəis müavini, polkovnik-leytenant
Mirhəmzə Miryusifovun zəhmli səsi eşidildi:
-Diqqət,
diqqət! Xahiş edirəm, əməliyyat meydanını boşaldın! Diqqət, diqqət! Tayadakı
cinayətkar! Siz mühasirədəsiniz! Əmr edirəm, təslim olun! Əks təqdirdə, biz
silah tətbiq etmək məcburiyyətində qalacağıq... Diqqət, diqqət!..
Tayadan
gələn səs rəis müavininin səsini batırdı:
-Uxadi
əyə, uxadı! Yoptvoy mat! Kunim meri... Əəəə, anası göyçək, aralı dur,ə!
Serjant
Adil sıçrayıb geri tullandı. Polislər də qaçışdılar. Adil çaşıb boş qoburunun
ağzını açıb açıq qoymuşdu. (Sonradan deyirmiş ki, tələsik olduğundan silahını
götürə bilməmişdi. Amma danışırdılar ki, serjant Adilin qoburu həmişə boş olub.)
Uşaqlardan kiminsə ağzıaçıq boş qoburu görəndə bu hay-həşirdə söz atdı:
-Əəəə,
bının qoburu boşmuş ki!
Adil
tez əlini atıb qoburun düyməsini basdı, amma zəhrimarı bağlaya bilmədi. On agörə
dartıb özünə tərəf çəkdi, düyməni burub bağladı. Sonra kəhildəyə-kəhildəyə yenə
üznü tayaya tutdu:
-Əəəə,
a bala, hökümətnən hökümətlik eləmiyəssən ki! Saa deyillər təslim ol, təslim
ol, dana! Baa,deyirəm, təslim olmasan, başqa varianta əl atajeyik...
Gəlib
camaata qoşulan Mərcan arvad gülə-gülə dedi:
-Rəis,
neyniyəssıız?!
-Canıa
azar eliyəjiyik!-dünəndən bir diri yüzlüyü ovcuna basdığı Mərcanı tərs-tərs
süzdü Adil. Sonra nəfəsini dərib hirslə dedi:
-Tayanı
yandırajeyih!
Gavur
İlyas əlində şana irəli çıxdı.
-Məhlim
taya yəəsi ölüb, ə!? Bacarırsan, get, tut! Day həyət-bacanı yandırmax nədi?!
-Saa
niyə Gavur deyillər, əşi?! –Adil dəxli olmayan şəkildə verdiyi sualdan şəkləndi
və yenə qeyri-ixtiyari əlini qoburuna atdı:-Atamın goru haqqı indi hamınızı
güllələyəjiyəm! İt uşağı! Sən də tez ol ya üzə çıx, ya da...
-Sluşi,
uxadi də! Tutuquşusan?! Hingi hingi das hingi...
-Ə,
kimdisə, savaddı adamdı e! Həm ruscax, həm erməniycən, həm də azərbaycancan
cavab verir!
Camaatın
içindən cəbhəçi Güloğlan qışqırdı:
-Azərbaycanca
yox, türkcə!
Adilin
elə bil yadına nəsə düşdü. Barmağını Güloğlana tuşladı:
-Güloğlan,
bəlkə bu işdə də sənin barmağın var?!
Güloğlan
irəli çıxdı. Başını buladı.
-A
kişi, başın xarapdı?! Mənim selintiylə, melintiylə nə işim var?! Mən böyük
amallar uğrunda...
Bu
vaxt məktəb direktorunun tayaya tərəf getməsi Güloğlanın sözünü ağzında qoydu.
Toğrul müəllim düz tayanın yanında dayanıb qışqırdı:
-Ə, a bala, kimsənsə, camahatı girinc eləmə.
Hökümət adamları, polis-milis tökülüşüb kəndə... Daşı ətəyinnən tök, çıx, təslim
ol... Mən gördüm axı, sən ölü idin... Hətta qarğa-quzğun səni dimdikləmişdi də...
Pandemiyaya görə bədəninə əl vurmadıq...
Molla
da direktorun yanına gəlib astadan pıçıldayırmış kimi dedi:
-Eləcənə,
çıx daldaya, şalvarıı sivir, baxax, görəy Məhəmməd hümmətisən, ya yox?..
Serjant
Adil mollanın ətəyindən çəkib camaatın arasına itələdi:
-Əşşşi,
get dəəəəə! şalvarını sivir, yox bir ülgüc də gətizdirəcəyik!..
Camaat
xısın-xısın gülüşdü. Molla pərt halda camaata qarışdı.
Tayadan
səs gəldi:
-Ba,
üçycən sayıram, çıxıb getməsəz... Mi, erqu, irek...
-Ə,
saydı, ermənicən saydı, gəlin qaçaq!
Hamı
qaçışdı. Polis maşını da camaatın ardıncan sürüb uzaqlaşdı. Bunu görən polislər
də qaçdılar. Tayanın yanında serjant Adil, Gavur İlyas və məktəb direktoru
Toğrul müəlim qaldı. Onlardan bir az aralıda isə molla əlindəki kiçik bəyazdan
fatihə surəsi oxuyurdu:
-Allahın
məəsəllü əla Məhəmmədin ali Məhəmməd... Bismillah rəhmanül rəhim...
-Gavur
oğluyam, əgər bu sahat bu tayanı söküb yerə töməsəm!
Tayadan
robotların səsinə oxşayan əks-səda kimi dalğalanan səs İlyası susdurdu:
-Duxun...
Duxun... Çatır... Çatır... Sök... Sök... Nöş... Nöş... Sökmürsən...Sökmürsən...
Toğrul
müəllim dil-ədəbiyyat müəllimi idi və institutda oxuyanda dialekt və şivələr
haqqında dərs oxumuşdu. O cümlədən Bakı dialektindən də xəbərdar idi. Səhərdən
fikir verirdi ki, bu tayadan gələn səsdə Bakı ləhcəsi var. Və barmağını dişlədi.
“Ay dadi-bidad, Gavurun arvadı Bakı qızıdı axı! Bu tayadakı onun qardaşı omasın
ki?! Bəlkə Selintini oğurlayıb basdırıblar, bu gədəni də bura soxublar ki, məni
işə salsınlar?! Ay səni! Gavur köpəy oğlu! Yaqut, müəllimə, bu illər ərzində sənə
elədiyim yaxşılıqlar burnunnan gəlsin!”
Və
əl atıb ot tayasını sökməyə başladı. Gavur şananı qapıb onun üstünə yeriyəndə
serjant Adil əlini qoburunun üstünə qoyub keçdi qabağa. Bu vaxt polislər də gəlib
çıxdı. Və on, on beş dəqiqəyə tayanı söküb tükdülər yerə. Adam zad yox idi.
Amma tayanın içindən radioqəbulediciyə oxşar bir cihaz tapdılar. Toğrul müəllim
düyməni basdı, cihaz başladı “danışmağa”:
-İnçasım
ara?! Belə çıxmıram! İdi naxu...!
Artıq
yaxına gəlmiş uşaq-muşaq soyuq-soyuq gülüşdü.
***
Gavur
İlyasın qaynı, özünün dediyi kimi Montin bazarından aşağıda yerləşən peşə məktəbində
oxuyan Əliəkbər polisdə ifadə verərək bacısıyla yeznəsinin istəyi ilə bu
komediyanı oynadığını boynuna aldı. Özü isə pandemiyadan qaçaraq bacısıgilə
sığındığını demişdi. Amma həm Əliəkbər, həm Gavur İlyas, həm Yaqut müəllimə
Qurana əl basdılar ki, Selintidən xəbərləri yoxdur.
Polislər
nə qədər axtarış aparsa da çayın axıdıb gətirdiyi ölüdən – selintidən xəbər
tuta bilmədilər.
Molla
demişdi ki, namərdlər qoymadı şalvarını sivirəm baxam, bilərdim ki, qeyb olub,
ya qurd-quşa yem olub?
Mərcan
arvad demişdi ki, mən bilirəm onun yerini, amma bircə yüzlük verən yoxdu ki, deyəm...
Serjant
Adil də Toğrul müəllimi kənara çəkib demişdi ki, soruşan olsa, de ki, pandemiya
məni necə sıxmışdısa, qarabasma olub, gözümə görünüb...
***
Amma
hər axşam güclü külək əsəndə hardansa söyüşəoxşar sözlər dəyir adamların
qulağına. Hamı şəkk-şübhə eləmir ki, Selintidir, onu basdırmadıqlarından onlara
üç dildə söyür...
Tezliklə
ordumuzun cəbhədə qazandığı uğurlar bu selinti söhbətini adamlara
unutduracaqdı, əgər Simran Vayın “Troya selintisi” hekayəsi saytlarda
yayımlanmasaydı... Və hekayədəki bir cümləni oxuyanda Toğrul müəllimin dalağı sancmışdı:”...Deyilənə
görə, Selintinin cibindən düşən pulqabında küllü miqdarda pul olub ki, meyidi o
səbəbdən oğurlaya bilərdilər...”
05.11.2023.
Yorumlar
Yorum Gönder