AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

 

AZAD QARADƏRƏLİ

 

JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

 

 




            Çox hörmətli Akif Aşırlı “Lalələr” mahnısının 1918-ci ildə Azərbaycana gəlmiş Qafqaz İslam Ordusunun əsgərlərinə ithaf olunmasını “uydurma” adlandırır və bunu heç bir fakt və dəlilə əsaslanmadan təkzib edir. (Necə ki, bu “uydurma”nı “uysuranlar” heç bir fakt və dəlil olmadan “uydurmuşdular.”) Ki, şeirin müəllifi Aslan Aslanov qatı kommunist idi və o zamankı türk əsgərlərinin baş geyimi belə deyil, belə idi və sair və ilaxır...

            Məsələ burasındadır ki, 200 ilə yaxındır ki, biz Şimali Azərbaycanda yaşayan türklərə min cür uydurma hoqqalar sırıyıblar. O 200 ilin axırıncı 70 ilini isə tamam yalan və uydurma içində yaşadıq. Baxın, xalq adından bizə nə necə bir “bayatı” sırıyırdılar:

 

            Əlimdən qaşıq düşdü,

            Yenə qarışıq düşüdü,

            Sovet höküməti gəldi,

            Aləmə işıq düşüd...

 

            Guya ki, bu, Azərbaycan xalqının yaratdığı şifahi xalq ədəbiyyatı nümunəsi idi.

            Yaxud belə:

 

            Stalin, sənə qurban olsun canım, başım,

            Bir də sevgili həyat yoldaşım...

 

            Azərbaycan türkü və ümumən türk kişisi “sevgili həyat yoldaşı”nı heç ata-anasına da qurban etməz! Amma bunu yazan nadürüst şair etmişdi...

            Sayqılı Akif bəy!

            Sizin Türkiyə türklərinə, ümumən türkçülüyə dəyər verən yazılar müəllifi olduğunuzu bilirəm. Heç də bu yazınızda antitürk mövqedə olduğunuzu düşünmürəm. Amma təəssüf ki, yanaşmanızda hətta doğru yerlər olsa belə, mahiyyət etibarı ilə doğru saymıram. Onda gərək “Qırmızı qoftalı, yaşıl tumanlı” misrasına da etiraz edəsiniz...

            (Xatırlayıram ki, bir sıra nüfuzlu musiqi xadimi çıxışlarında dönə-dönə vurğulamışdı ki, “Şuşanın dağları, başı dumanlı/Qırmızı qoftalı, yaşıl tumanlı” misraları ilə başlayan xalq mahnısında, əslində Cümhuriyyətin üçrəngli bayrağına gizli işarə vardı)

            Xalq yüz illərin etirazını bu şəkildə ortaya qoyursa və bu, bir şifahi ədəbiyyat kimi formalaşırsa, bunun nəyi pisdir?! Müstəqilliyimizin ilk illərində əliyalın əsgərlərimizi erməni və rus birləşmələrinin üstünə aparan bir mahnı yarandı, yadınızdadırm?

 

            Vətən məni, yetişdirib, bu ellərə yolladı,

            Bu torpağa qurban deyib. Allaha ismarladı...

 

            Böyük coşquyla oxunan bu əsgər marşı tezliklə dillər əzbərinə çevrildi... Sağ olsun, Cavanşir bəyin usta əli onu sahmana salsa da, əslində, tam bir xalq yaradıcılığı sayılmalıdır...

            (Onu da xatırlayıram ki, Cümhuriyyət əsgərlərindən olmuş bir neçə yaşlı adam həmin mahnının o zaman da ilk ordumuzun əsgərlər tərəfindən oxunduğunu danışırdılar.)

            Ustad sənətkarlar danışırdılar ki, Xanın oxuduğu “İrəvanda xal qalmadı” mahnsı sırf İrəvanı yaddaşlarda qoruyub saxlamaq üçün ulularımızın yaratdığı bir sənət əsəri imiş ki, sonradan xalqın malı oldu... Hətta deyirdilər ki, “İrəvanda xal qalmadı” misrasında “xal”, əslində “xalq” deməkmiş, yəni İrəvan ruslar və ermənilər tərəfindən işğal olundu, orada xalq – türk insanı qalmadı.

            “Lalələr” mahnısının sözlərini hər hansı bir Aslanov yaza bilərdi, amma onu xalqın ürəyinə işləyən tərzdə ifa edən böyük Rəşid Behbudov oldu. Mənim yaşım çatmaz, amma müəllimlərimiz, ustadlarımız (məsələn, böyük ədib  Sabir Əhmədli və qeyriləri) danışırdılar ki, Niyazi, Qara Qarayev, Rəşid Behbudov, Səttar Bəhlulzadə SSRİ zamanında yaşamış və yetişmiş dahilər olsalar da, onlar son dərəcə milli düşüncəyə malik, xalqına bağlı, milli təəssübkeş sənətçilər olublar. Onların bəziləri rusca danışsa da, bir türk oğlu kimi millətinə çox bağlı olublar... (Bu barədə mən ən son əsərlərimdən olan, kulis.az saytında bu yaxınlarda hissə-hissə yayımlanan “Xeyrat” romanəmda bəhs etmişəm.)

            Rəşid Behbudov, Niyazi kimi milli düşünərlərimiz haqqında danışılanları yazıya alsaydılar, böyük bir kitab ərsəyə gələrdi və mən hesab edirəm ki, sizdən və məndən fərqli olaraq o dahilər xaricdə, eləcə də Türkiyədə olanda türk olduqlarını daha dərindən dərk etmiş və bunu başqalarına da ötürməyə çalışmışdılar...

            “Lalələr” mahnısı haqqındakı o gözəl və sizin təbirinizcə desək, uydurma mifin də elə Rəşid Behbudovun özü tərəfindən adamlara ötürlüdüyünü və bunun bir mifə, ağız ədəbiyyatına çevrildiyini də zənn etmək olar. Bu da qoy olsun, yeni bir mif və mənim “uydurmam”.

            Bir neə il qabaq İstanbulda olarkən Ulusal kanalda canlı yayımda qonaq olanda babamdan eşitdiyim və sevə-sevə işlətdiyim “Əzəl Rum, axır Rum” ifadəsini çıxışımda misal gətirərkən verilişə çoxlu zənglər oldu. Aparıcı Sadıq Albayraq verilişdən sonra dedi ki, zəng vuranlar çox hərarətlə danışır, xüsusən “Əzəl Rum, axır Rum” ifadəsinin kökü ilə maraqlanırdılar. Və mən dedim ki, mən bunu babamdan eşitmişəm, babam da dayısı Qaçaq Fərzalıdan eşidibmış... (Qaçaq Fərzalı Nuru Paşanı Sultan bəylə, Bəhlul Behcət Əfəndi ilə Qaraməryəmdə qarşlayanlardan olub.) Yəni əvvəlimiz də Rumla (Türkiyənin yerləşdiyi coğrafi ərazinin qədim adı) olub, axırımız da onlarla olacaq...

            Hörmətli Akif bəy!

            Bu yazını çox uzatmaq da olardı. Amma elə bilirəm ki, siz özünüz də yazdığınız yazıdan məmnun deyilsiniz və nə üçünsə qələmə aldığınız o yazının daxili peşmanlığını keçirirsiniz. Nədən? Ondan ki, 44 günlük qalibiyyət müharibəmiz sübut etdi ki, bizim Türkiyə haqqında yaddaşlarda itib-batmış sözlərimizi, mahnılarımızı, ata sözlərimizi və rəvayətlərimizi təkzib etməyin deyil, toplayıb ayrıca kitab kimi nəşr etməyin zamanıdır... Çünki biz iki dövlət olsaq da, bir millətik və babam demişkən əzəlimiz bir olduğu kimi axırımız da bir olacaq...

            S.A.(Söz Ardı)

            1.Hə, Akif bəy, az qala unutmuşdum. Xalq nəyi yaddaşında sevə-sevə, yaxud nifrət edə-edə saxlayırsa, onu əsla unutmur, əksinə, ilk müəllifin də adını silərək, öz adından tarixə qovuşdurur. Yüzlərlə əli qələmli yığışa, xalqın o arzusunu poza bilməz. Cin şüşədən çıxıb. Mif artıq yaranıb. Buna qarşı çıxmaq yox, rəhbəri olduğunuz qəzetdə onu daha geniş tərzdə tirajlamaq lazım...

            2.İnternetdə axtarış apararkən belə bir qeydə rast gəldim:  Dr. Mustafa Görüryılmaz bu mahnı ilə bağlı yazır: “Qafqaz dağlarında oxunan bir mahnı var: “Lalələr”. Dinləyənləri şad edir. Qafqazdan yüksələn türklərin imdadına, fəryadına çatan Anadolu övladları üçün, qəhrəman Mehmetcik üçün bir nəğmə yazılmışdı. Bu nəğmənin adı “Lalələr” idi. Qəhrəman Mehmetciyin başına geydiyi “şapka”nın ucları yuxarı qalxmış və sivri idi. Bu başlıq azərbaycanlılar tərəfindən laləyə bənzədilmişdi. Türklərin milli sazlarından tar kimi, milli “şapka”lardan qalpaq kimi, Novruz bayramı kimi “Lalələr” mahnısı da sovet rejimində bəzilərinin xoşuna gəlmədi. Bir ara qadağan olundu. Ancaq bu mahnının sözləri 1937-ci ildə tamam dəyişdirildi”. (Dr. Mustafa Görüryılmaz. Türk Qafqaz İslam Ordusu və ermənilər (1918). B.: Qismət, 2008, s. 289)

            Sonra qeyd olunur ki, Fikrət Əmirov qədim “Reyhan”, Süleyman Ələsgərov “Anacan” mahnılarını üzə çıxardığı kimi Telma Hacıyev də “Lalələri” üzə çıxarda bilərdi və Aslan Aslanov da ilk mətni kommunistcəsinə dəyişdirsə də, “Nə vaxtdır Bakının gözü yoldadır/Bir qonaq gəlsəniz bizə, lalələr” kodunu dəyişməyə ya cəsarət etməmiş, ya da insafı imkan verməmşdir...

            3.Lap sonda: biz əl çəksək də, belə məsələlərdə israrçı olan Anadolu türkləri o “uydurma”dan əl çəkən deyirlər... Buraxın, illərin ayrısı olan bu iki dövlət, bir millət birliyinin dadını çıxartsın... Cəmi 30 il əvvəl bu BİRLİYİN özü belə uydurma sayılardı...

 


 

                                                                                                          25.12.2023

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ