AZAD QARADƏRƏLİ NİMDAŞ PENCƏKLİ ADAM – İSPALKOM SƏDRİ

 

                                    AZAD QARADƏRƏLİ

 

                        NİMDAŞ PENCƏKLİ ADAM – İSPALKOM SƏDRİ

 

 


        1976-cı ilin gərək ki, elə bu dekabr ayı idi. Atla Sobu kəndindəki məktəbə işləməyə gedirdim. Yəhərdən təzəcə enmişdim ki, QAZ- 69 markalı villis maşını məktəbin həyətində dayandı. İçərisindən yaşlı bir kişi düşüb məktəbə doğru gəlməyə başladı. Mən tez atı bağlayıb qonağa tərəf getdim, xoşgəldin etdim. Bu vaxt qonaq gözləməyən (səhər saat 8-ə qalırdı!) direktorumuz da içəridən çıxıb bizə yanaşdı. Artıq biz qonaqla söhbətə başlamışdıq belə:

       -Hardan gəlirsən?

       -Qaradərədən?

       -İxtisasın nədir?

       -Dil-ədəbiyyat.

       -Yazırsan da?

       -Hə... Hekayə, məqalə...

       -Şeir yazmırsan?

       -Yox... Yazmışam... Cavanlıqda... İndi...

       (Kişi gülür və məni də qəribə ifadəmə görə gülmək tutur.)

       -İndi qocalmısan ki?..

       -...

      -Qaradərədə kimin oğlusan?

     -Vəli müəllim... İbtidai sinif müəllimi...

     -Camal kişinin oğlu?

      -Hə... Bəli...

      Bu vaxt direktor artıq yanımızda idi.

     -Yoldaş Quliyev, xoş gəlmisiniz?

     -Telefon çəkildi?

     (“Yoldaş Quliyev” direktordan soruşdu... )

     -Bəli... Kəndə çəkildi...

     -Bəs məktəbə?

     -Məktəbə...

     -Çəkilməyib... Niyə tələb etməmisiniz? Axı biz göstəriş vermişdik ki, məktəbə də çəksinlər...

     Sonra məktəbin sinif otaqlarını gəzdi, müəllimlər otağında bir xeyli bizimlə söhbət edib getdi.

(O danışdıqca hiss edirdim ki, adam rayon mərəzindən gəlib və hansısa vəzifədə işləyir. Amma sadə geyimi, xüsusən pencəyinin sağ qolunun ağız hissəsindən iplərin yeyilib çıxdığını, qara qalstukunun köhnəlib sürtüldüyünü, qaramtıl kepkasının nimdaşlığını, gözlərinin isə kədərli olduğunu görüb təəccüb içərisində idim. Axı mən rayonda ən aşağı vəzifədə işləyən işçilərin (məsələn, raykomun təlimatçılarının, maarif şöbəsinin insbektor və hətta metodistlərinin) necə iddialı və təşəxxüslü olduqlarını, xüsusən geyimlərinə diqqət etdiklərini görmüşdüm. Bəs bu adam kimdir ki, direktor və müəllimlər özlərini belə yığışdırıblar? Hətta az sonra öyrənəcəyik ki, kolxozun sədri eşidəndə ki, bu Quliyev adlı adam obaşdan Çöpədərədən ötüb Sobuya gedib, kolxozun QAZ-51 maşınlarından birinin kabinəsinə oturaraq buracan sürdürmüş, Quliyev məktəbi tərk edəndə qabağına qaçıb onunla iltifatla görüşmüşdü...

            -Bu Quliyev kim idi belə? – Ortaya soruşuram. Direktor tərs-tərs məni süzür və sonra gülümsünür.

            -İspalkomun sədri idi... Yoldaş Qurban Quliyev... Sən də onunla elə danışırdın ki, elə bil tələbə yoldaşın idi...

            Müəllimlər xısın-xısın gülüşürlər. Məni də gülmək tutur, amma kədərli halda dillənirəm:

            -Heç oxşamırdı ha... Geyimi sadə, danışığı ondan da sadə... Hələ pencəyinin qolu... İpləri çıxmışdı... Köhnə qalstuku...

            Kimsə mızıldanır:

            -Təmiz adamdı... And içirlər ki, hələ bir adamnan bir manıt da almıyıb...

            Bir başqası ağzını əyə-əyə gumldanır:

            -Ağlı yoxdu... O birilər basıb yeyir... Bı da quru mayışa baxır...

            Gərək ki, bir, yoxsa iki il sonra kişini işdən azad edib, təqaüdə göndərdilər...

            Yeyə bilmirdi axı... Yeyən axtarırdılar...

            Hesaba görə bu il o təmiz adamın, Zəngilanın İcraiyyə Komitəsinin sədri, rayonun ikinci adamı Qurban Quliyevin 100 yaşı tamam olur...

            Ruhuna salam olsun!

            Ad günün, yubiley yaşın qutlu olsun, təmiz adam!

           

            S.A.(Söz Ardı)

            1.Bir dəfə bu barədə atamdan soruşdum. Adamın “dərvişmisal halı, sufiyanə görkəmi nədən qaynaqlanır?” sualına cavab istədim. Kişi bir qədər düşüncələrə qapılar kimi oldu, gözünü qıyıb diqqətlə üzümə baxdı və dedi:

            “Düz tutmusan. Rayonda yeganə adamdır ki, təmiz adına ləkə salmayıb. Harama əl uzatmayıb... Yazığın övladı da olmadı...”

            Mənim fikrim isə kişinin cümləsindəki iki kəlmənin ətrafında tilsimə düşmüşdü:”yazıq” və “övladı da olmadı”...

            2.Üstündən üç il keçdi, “Bu bulağın dupduru suları” adlı hekayə yazdım. Hekayə “Yeni səslər” nəsr almanaxında dərc olundu. Həmin hekayədəki “Səlimov familyalı təhkimçi”nin prototipi elə Qurban Quliyev idi. Əslində, hekayədə mən Səlimovun vəzifəsini “ispalkom sədri” yazmışdım, çap zamanı dedilər ki, bunun vəzifəsini bir az balacalaşdır ki, inanan olsun, indi bütün katiblər, ispalkomlar rüşvət alır... Və biz almanaxın tərtibçi redaktoru rəhmətlik İsa Hümmətovla birlikdə Səlimova “təhkimçi” adlı mücərrəd bir vəzifə verəsi olduq...

            3. Sonralar o hekayə “Dumduru su” (hekayənin adını dəyişmişdilər) adı ilə eyniadlı kitabımda çıxmışdı və ürəyimdən keçdi ki, həmin kitabı o təmiz adama göndərim. Rayonda meşə idarəsində işləyən əmimdən soruşdum ki, mənim tək bircə dəfə qarşılaşdığım o böyük insana bu kitabı necə çatdırmaq olar? Dedi, deyirlər, yoldaş Quliyev xəstədi, amma bir qohumu var, onnan göndərərəm... Və deyəsən, göndərdi də...

            Əmimin də, Qurban müəllimin də ruhları şad olsun...

            4. Zəngilanın sadə adamlarına və mənim oxucularıma: hamınız ürəyinizdə “yoldaş Qurban Quliyev”in 100 illiyini qeyd edin, o birilərin yubileyi hökümət səviyyəsində qeyd ediləcək...

 

                                                               (“Məndən sonra” memuar romandan parça)

                                                                                                          04.12.2023.

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə