AZAD QARADƏRƏLİ “GÖYLƏR YERƏ BAXANDA SƏMA PƏNCƏRƏSİNDƏN...”

 

                        AZAD QARADƏRƏLİ

            “GÖYLƏR YERƏ BAXANDA SƏMA PƏNCƏRƏSİNDƏN...”

 

            (Kazım Və Kazımoviçin bir düjün şeiri üzərinə asi-kifir düşüncələr)

 

 


             Müşfiq haqqında bir essem var : “Qırıldı bir zərif şüşə içində...” adlanır...

            Mən Müşfiqi o yazıda “sinif yoldaşım”, yaxud tələbə yoldaşım, yaxud “dərnək yoldaşım” kimi xarakterizə etmişəm... Hə də, axı o qocalmadı... qocala bilmədi... qocalmağa qoymadılar... elə həmişəbahar gülü kimi həmişəcavan qaldı... Lorka kimi... Eldar Baxış kimi...

            Mən gənclərdən çox yazmışam. Özü də hamının qəbul etdiyi, əl üstündə gəzən, göz bəbəklərindən deyil... hələ az adamın tanıdığı, tanımadığı, tanımaq istəmədiyi gənclərdən...

            “Yazı”da da belələrinin hələ maya tutmamış yazılarını verərdim. Amma bilirdim ki, qırılmağa qoymasan, tez mayalanacaq, bərkiyəcək, pərvazlanacaq, uçacaq...

            Hə... Uçuşdu yazı. İllah da poeziya...

            Bir imza var. Əndrəbadidi. Heç şair imzası deyil. Yəni...

            Kazım və Kazımoviçi deyirəm. Şoxdandır təqib edirəm. Yox, bağışlayın, “təqib edirəm” pis çıxdı, “güdürəm”. Yox yenə olmadı. İzləyirəm... Eh... Oxuyuram və özümçün kəşf etməyə çalışıram. Məhz çalışıram. Ona görə ki, tez ələ gələn deyil. Balıq sürüşkənliyi, elə balıq soyuqluğu var onun misralarında. Məsələn, belə:

 

            Vaxt var idi, əl təri yorulmaq simvoluydu:

            vaxt var idi, yox idi fəhlənin durmaq haqqı...

 

            ... Dalinin bığlarının vardı burulmaq haqqı?..

 

            Hə gərək bu sürüşkən qafiyələrin arasında gizlənən mənanı tapmaq üçün gənc dostumuzun – inamla deyirəm, şairin araya doldurduğu misralara qayıdasan ki, ağlın bir şey kəsə, yoxsa cici-bacı qafiyələrə öyrəşmiş ağlımız aza biər:

           

            ...Nəysə... ruhu şad olsun ümid və gümanların,

             Heç çoxu yaşanmadı ötüb keçən anların,

             Ey bizim əsrimizin müasir klonları,

             filimdəki Jokerin qəmzələri necəydi?..

 

            Deyəsən, barmaqlarınız dinc durmur axı?! Çırtıq çalmaq istəyirsiniz? Pəh! İstəyirsiniz, lap dünbəyinizə çalın, amma bu misralarda meyxananın özü yox, həngi var. Allah bizim xalqa bir də mərsiyə oxumaq qismət eləməsin. Amin... Meyxana isə olar... Döyüşə gedəndə, qələbə çalanda ilk ağıla gələn meyxana olur...

            Amma ki, Kazımın şeirlərini meyxana kimi qəbul edənlərlə sonacan davam var. Buna baxın hələ:

 

Gülüzlümsən arı diyirlər mənə,

Güldən alır barı diyirlər mənə.

Qaşların gözün üstə əsa kimi,

Gözlərin Musa yaran dərya kimi,

Səni təsvir edirlər Leyla kimi,

Məcnunun oxşarı diyirlər mənə.

Köməyə gəlir mənə ilham pəriləri,

Şeir yazır sənə ilham pəriləri,

Pıçıldayır yenə ilham pəriləri;

- Gələr gecə yarı - diyirlər mənə...

 

            (Və bu son misrada bir Nizami ahı da duyulur: “Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi...”)

            Yox, bitmədi. Əslində bu şeir deyil, şeirin min illik ahıdır ki, Kazımın canından zinə-zinə çıxır, bizim ruhumuza hopur və qayım-qədim bir ədəbiyyatın köhnə-yeni övladını bizə təzədən tanıdır. Libası köhnə ola bilər, mənası kömköhnə, özü təzədi, gözü – baxışı təzədi...

            Bitmədi. Türkün sözü, dalısına baxın; qandı, qan! Hərçənd sizə nar suyu kimi görünə bilər; kim demiş sizə, nar təbiətin qanaması deyil?!

 

Yaşam - köhnə tasdı, Ölüm - müasir,

Yazım; qədimyanə, silim; müasir,

Məni tanımırsanmı, gülüm, müasir

şeirin memarı diyirlər mənə?!

Tutdum ürəyimdə arzu, ağladım,

Güli-rüxsarinə qarşu ağladım,

Gözümdən qanlı axdı su ağladım,

İndi Göyçay narı diyirlər mənə.

 

            Yeni gənc şairimizin məhz həmən şeirini bu yaxınlarda internetdən oxuyanda bilirsiniz nə yazmışdım? Elə-belə, bədahətən, ilk ağlıma gələn cümlələr: “Yaxşıdı. Ənənəvinin içindən sıyrılmış modern baxış var. Bu imzanı artıq neçənci dəfədir özümçün kəşf kimi qeyd etmişəm.İnşallah bir düjün şeirlərı,yaxud kitabı çıxar, oxuyub daha çox feyziyab olarıq. Uğurlar diləyirəm.”

            Qocaman müəllimimiz İmran Babayev (ruhu şad olsun, dərsində tək bircə dəfə şuluqluq salmışdım, ağrısını illərdir çəkirəm) Nəsiminin bir qəzəlini Bakı ləhcəsi ilə meyxana həngində

 oxuyanda –

 

Həm sədəfəm, həm inciyim, həşrü sirat əsənciyəm,

Bunca qumaşü rəxt ilə mən bu dükanə sığmazam... -

 

-yerdən söz atmışdım: “Bəhr pozuldu axı, qəzəlin bəhri o deyil!”

            Qocaman müəllimimiz dərhal ahəngi dəyişmiş, rəcəzin döyüş ahənginə salaraq növbəti misraları söyləmişdi... Və mən bilirdim ki, bir gün Nəsimi yeni cilddə təcəlla edəcək, yeni biçimdə, yeni formada doğacaq – doğdu da! Gəlin, eşidək Kazım Və Kazımoviçdən Nəsimi səsini:

 

...Dilbəra !

Əğyara meylini salma gəl,

qalma gəl...

Dua et batmasın Titanik

Buz kimi su səpdim yollara

romantik-romantik

Toz olmaz, qorxma gəl;

Qonmadan budağa son bahar

sərçəsi...

Gəl danış... Ruhumu oxşasın

Naxçıvan ləhçəsi...

 

Dilbəra!

Rüzgara qoşul gəl

Uzun-incə bir yol gəl

Min dəfə tövbəni pozmuş

olursan ol, gəl

Nolursan ol, gəl...

 

            Yüzəcən essem çap olunub “Renessans həsrəti” adlı üç cildlik kitabımda, yarıdan çoxu gənclərdəndir. Niyə? Ondan ki, mənim haqqımda düz otuz il şifahi danışıblar... Və indi yazırlar... Onda lazım idi axı!..

            Hə, bir istedadlı gəncin yazıları haqqında yazdığım yazının adı “Onun yazı piramidası” adlanır. Bu piramida ki var, axmaq şeydir. Mn illərdir sirrini, sehrini aça bilmir elm. Elə sənət də belədir. Sehri də var, sirri də, sirpici də.. Ən qoxulusu bilirsiniz nədir? O piramidanın sivri ucu! Allah göstərməsin! Ora çıxdın, orda durmaq gərək! Ordan yumalanmaq da var, onun sivri ucuna taxılmaq da... Allah qorusun...

 

            “Kimsə nəsimi sözünü fəhm edə bilməz...” –

 

deyib böyük ustad. Sanki Kazım Və Kazımoviçə deyib. Vallah hə. Sanki 600 filan il sonra onun həngində şeirlər yazan adamı görüb, daha sonra deyib:

 

            “Bu quş dilidir, anı Süleyman bilir ancaq”...

 

            Kazımın şeirində vəsf də var, amma o bizim tanıdığımız vəsf deyil. Özününküdür. 600 il sonrakı vəsf. Elə o vəsflə də bu nataraz yazını bitirək:

 

...Nuru görsəndi yarın ox batanda gözünə,

Məşuqa qovuşmağın məqamı çatdı artıq.

Sanki toxunmaq üçün həqiqətin izinə,

Son elçinin öpdüyü yanaqlara ağladı.

 

Keçdi məzlumun ahı ərşin hər küçəsindən,

Göy yerə təslim oldu bulud bayrağı ilə.

Göylər yerə baxanda səma pəncərəsindən,

Cənnətin süd çayları bulaqlara ağladı.

 

            Mən bir müddət Kazımın “pəncərəsindən” baxdım və sizi də buna sözq etdim...

            İnam var içimdə: bu şairlə hələ çox yola çıxacağıq...

 

            S.A. (Söz Ardı.)

            Sözarası deyim ki, içimdə bir qorxu var: indinin gənc şairləri pilləsi bilinməyən poeziya qəsrinin bir mərtəbəsini fəth edəndən sonra usanırlar, yorulurlar, hətta forslanırlar və “bitdi” deyirlər. Halbuki min ildir bitməyən bir eşq gəzir o qəsrin saraylarında... Hələ heç kimin aça bilmədiyi 40-cı otağı heç demirəm...

 

                                                                                                           02.01.2024.

 

 

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə