AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

 

                            AZAD QARADƏRƏLİ

                    RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

 

 

                                                           Əziz dostum Vaqif İslamoğlunun doğum gününə

 


 

            Demək başlıqdakı “nişanə” kəlməsindən başlayım bu mübarək yazını.

            Ana babam Məmmədqulu dayısı Qaçaq Fərzalının buyruqçusu, indiki dillə desək, mobil telefonu olub. Kimə bir söz çatdırmaq, sirr-sirpic yetirmək lazımmış, bacısı oğlunu ora göndərərmiş, özü də payi-piyada, ayaqla.  Niyə? Ondan ki, belə diqqət çəkməzmiş...

            Bir dəfə  Qaradağdan bir nəfərdən göy-ala bir parça qırığı göndərib. Bu “məktubu” babam iki dəqiqəyə “oxuyub:”Bacım qızı Şamamanın “hə”sini verin, cehizliyini gələndə gətirəcəm... bu göy-ala  parçanı gətirən adamdan dediyim amanatı göndər, gətirsin.”

            Bax, yuxarıda yazdıqlarım Fərzalının nişanəsəi idi. Babam Məmmədqulu da qaçağın qan bağı nişanəsi imiş...

            ...Rəsulzadə və Elçibəy haqqında hekayələr kitabım (“Demokratiya ağıları”) çapdan çıxandan sonra  tanımadığım bir çox qiymətli adamlarla tanış oldum ki, bu tanışlıqların bəziləri  hətta bu günəcən davam edən və yəqin ki, ömrüm boyu sürəcək dostluğa çevrildi. (O da ayrı məsələ ki, bəzi çoxdan tanıdığım adamlar məndən uzaqlaşdılar. Qətiyyən onları qınamaq fikrim yoxdur: iş, ailə, uşaq, pul-para dərdi adamları daha vacib yerlərlə yaxınlaşmağa sövq edir. “Ehtiyac qul eylər...”)

            Sözügedən kitabın çapı zamanı tanış olduğum, sonra tanışlığımız əbədi dostluğa çevrildiyi adamlardan biri və bəlkə də birincisi Vaqif bəydir – məcburiyyət üzündən Moskvada yaşayan, zorən moskvalı Vaqif İslamoğlu...

            Vaqif ixtisasca şərqşünasdır. Fars dili üzrə mütəxəssis olan bu gözəl adam bu ixtisası da qohumu, idealı Əbülfəz Elçibəyin məsləhəti ilə seçib, eynən Bəy kimi şərqşünas olmaq arzusuyla girib bu yola...

            Fəqət... Hələ çap olunmayan, demək olar ki, böyük hissəsi yazılan bir mətnimdəndir bu cümlə:

”İnsanın imkanı ilə arzusu bir olsaydı, dünya çoxdan düzəlmişdi...”

            Vaqif bəy ali məktəbin şərqşünaslıq fakültəsini bitirir, akademiyada işə düzəlir, elə arzusunda olduğu elmi iş üzərində çalışarkən İrandakı səfirlikdən iş dəvəti alır.

           Orada bir müddət çalışdı... Geri dönəndə kumiri Elçibəy vəfat etmişdi. Ailəni elmlə dolandırmağın min cür çətinliyini başa düşüb, Moskvadan gələn bir təklifi qəbul etməli oldu...

            İllərdir oradadır. Elçibəyin arzusunu – müvafiq elmi işi sonacan yazıb müdafiə edə bilmədisə də, onun ideallarını qəlbində yaşada bildi. Hətta onun xatirəsinə yazılmış kitaba qahmar çıxdı...

            ...Vaqif bəylə “Demokratiya ağıları”nı müzakirə edərkən bəzi səhifələrin yazılmasına yardımçı oldu. (Elçibəyin şəcərəsi, nəsli, kökü ilə bağlı yerlər.) Hətta əlyazmasını oxuyub, bir sıra dəyərli məsləhətlər verdi. Eləcə də Rəsulzadə haqqında yazdığım uzun hekayəyə görə çox sevindi və kitabı iki əllə dəstəklədi...

            Həəəə... Vaqif bəy Rəsulzadənin, Elçibəyin nişanəsidir mənimçün... Qan bağı nişanəsi...

            ...İllərdir Vaqif bəylə Moskvada yaşadığı üçün internet üzərindən yazışırıq, görüntülü danışırıq. Bakıya gələndə isə ürəyimiz soyumur, bir neçə dəfə görüşürük, dərdləşirik...

            Yenə Bakıdadır. Doğma Bakıya gəlişi bu dəfə daha gözəl bir günə düşüb – həm Yeni il gəlib... həm də Vaqif bəyin doğum günüdür!

            Əziz dostumu, qardaşımı bu iki əlamətdar gün münasibəti ilə ürəkdən qutlayıram!

            Vətənə xoş gəldin, dost!

 

            S.A.(Söz Ardı)

            2024-ün ilk yazısını sənə həsr etdim. İkimizə də düşərli olsun!

 

                                                                                  01.01.2024

 

                                                                                            

 

           

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB