AZAD QARADƏRƏLİ AĞAYANA ADAMIN YETMİŞİ (Şair dostum Ağacəfər Həsənlinin yubileyinə dost sözü)

 

                                       AZAD QARADƏRƏLİ

                                   AĞAYANA ADAMIN YETMİŞİ

 

            (Şair dostum Ağacəfər Həsənlinin yubileyinə dost sözü)

 

 


 

 

            Bilənlər bilir ki, hər adamla bağrım badaş olmaz. Onu da bilirlər ki, boğazdan yuxarı tərif-filan da mənlik deyil. Bir adam haqqında xoş söz demişəmsə, onda özümdən nəsə tapmışam. İllah da o adam söz adamı ola...

            Ağacəfər Həsənlidən danışacaqdım axı...

            Adamın adı ki, özünə yaraşmadı, apar qaytar. Vallah, billah, Dədə Qorqud kişi adammış, sadəcə biz ona sonacan nəvəlik eləmədik. Gərək adımızı heç olmasa, otuzdan sonra qoyaydılar...

            Tək-tək adamlar gördüm ki, adı özünə yaraşır, özü də adına.

            Şair dostum Ağacəfər Həsənli bu dünyada ağayana yaşayanlardandır. Elə özü kimi sözü də heç o mərtəbədən düşmədi. Bax belə:

 

            İstidən pörtmüş səhra

            dəyişmir narın qumunu,

            çöllərin xam torpağına.

            İnsan çiçəkləyən azadlığını dəyişməyəntək.

 

            Ağacəfərin sözünün canı klassikada, ruhu novatorluqdadır. O heç kimin məktəbinə aid deyil, sadəcə bir Ağacəfər məktəbi var ki, daim onu yeniləməklə məşquldur:

           

            Yatan ot kimi rahatam,

            yellənən budaqtək çılğın.

            Küləyin də təbi gəlib –

             ruhum pərən-pərən, dalğın...

 

            Ağacəfərin bir “Mötərizə” şeiri var. İşə bax ki, mən də mötərizəni sevənəm. Mətnlərimi oxuyanlar bilir nə dediyimi. Ağacəfərin mötərizəsi isə ayrı aləm:

 

            Endirdim kirpiyimi,

            dünyanı gizlədim gözlərimdə.

            Baş əydim

            qəmgin bir mərsiyə kölgəsinə...

            Qardaş, endiyimiz dərinliklər

            qalxdığımız göylərdən uca.

            Baş vurduğumuz sular

            göz yaşımızdan balaca...

 

            Ağacəfərin də bu il 70-i gülübmüş, eyzən mənim kimi. İli adlaya-adlaya aşırıma gəlsək də, arxada qalanlara arxalanmağa dəyər. Bax, belə:

 

            Yavaş-yavaş adladı il,

            Qarşıdan ötdü anadil.

            Yazdığım ki, şeir deyil,

            Mən bir qu himni yazıram...

 

            Yetmişin qutlu olsun, dost!

             Şeirinlə, sözünlə daim durduğun qatda görək səni!

 

                                                                                                          30.04.2024

           

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə