AZAD QARADƏRƏLİ BƏLLİ NƏQQAŞIN NAXIŞLARI (Anar Həbiboğlu poeziyasının boyuna biçilmiş esse)

 

                           AZAD QARADƏRƏLİ

                        BƏLLİ NƏQQAŞIN NAXIŞLARI

            (Anar Həbiboğlu poeziyasının boyuna biçilmiş esse)

 


            Şeir ki var, təhlilə yatmayan, təfsir olunması mümkünsüz, bir az da ilahi vəhy biçimli nəsnədir ki, onu ancaq yeddinci duyğu üzvünlə duymaq, isti havada soyuq bulaq suyu içərcəsinə başına çəkmək, üzünü sənə bel bağlamayan  sevdiyinin sinəsinə qoyub imkansızcasına yuxuya dalmaq, ölüm adlı kəmfürsətin heç vaxt belə yaxın olmadığı anda acı şərbətini dadmaq... kimidir...

            Anar Həbiboğlu adlı şair olub. Şeirlərini oxuya-oxuya dizlərimə döyür, vaysınır, belə incə ruhlu şairi tez itirməyimizə yanır, üstəlik onu vaxtında tanımadığıma heyfsilənir (bu söz heç yerinə düşmədi), göyüm-göyüm göynəyirəm...

 

Yaşaya bilmədim mən də hamıtək,

Bu namərd ürəyim qoymadı mənə.

Bu axşam özümü asmaq istədim,

Doğmalar bir kəndir qıymadı mənə.

 

Biri çörək verdi, biri su verdi,

Biri gözlərindən bir cüt göz yaşı...

Anamın dizinə qoydum başımı

Gördüm gözlərimdən ürəyim daşır.

 

Özümə deyirəm oyan, sən ayıl,

Süpürür dörd yana küləklər məni.

Yenə nə sən gəldin, nə də Əzrayıl,

Deyəsən unudub Mələklər məni...

           

            Şahinə Könül (mən onu həmişə Şahanə Könül kimi yadımda saxlamışam – üzünü görmədiklərimdən olsa da) Anarın bir şeirini paylaşmışdı...

 

...Sən yat bir az, mən bayatı danışım,

Taleyimlə nə küsüm, nə barışım.

Qoy əzməsin saçlarını balışın,

Başını qoy sinəmə.

 

            Son bəndi məni necə silkələdisə, götürüb bunları yazdım: ““Hə, gözəl şeirdir. Mən də hacansa daha bir gözəl şeirini oxuyub, kimliyi ilə maraqlanmışdım, tanış olmaq, haqqinda nəsə tazmaq,"Yazı"ya yazılarını gondərməyi demək ümudi ilə... Təəssüf ki,vəfat etdiyini demişdilər...Sag olun ki,yaddaşımı təzələdiniz.Vaxt edim, yazılarını bur az araşdırım, bəlkə bir şey yaza bildim.”

            Və onun şeirlərini arayıb-axtardım, sorub-samıladım, gözümə təpdim, üzümə sürtdüm, başıma çəkdim – badə kimi istisi çıxdı alnıma... Və bir də gördüm ki, boyuna, hoyuna uyğun söz axtarıram ki, don biçəm...

            Anar Həbiboğlu poeziyası yaddaşın poeziyasıdır. Qulaq yaddaşı, göz yaddaşı və söz yaddaşı bu şairin misralarına hopub. Burada sevgilinin “saçının qumral pərişanlığı” var, onun “sevincini, sözünü dərib yığışdırmaq” var, onu bir “süfrə kim neçə dəfə sərmək” var, onun “sözlərinin kəlmə-kəlmə əllərindən süzülməsi” var...

            Anar Həbiboğlu şeirində məcaz da fərqlidir. Onun şeirindəki məcazlar, metaforalar nə əski şeirimizdəki kimi tutarlı, nə modern şeirimizdəki kimi ovxarlıdır. Onun deyimləri o qədər fərqlidir ki, o qədər qudsaldır ki, o qədər nəcimdir ki... bax, bu misralardakı kimi...

 

Bu gecə-qara qətran, çinli qızın gözütək,

Bəmbəyazdı, ağappaq çiçəklərin qoxusu.

Küçələrdə rəqs edir axşamdan səhərədək

Bir yastığa baş qoyub yatanların yuxusu.

 

            Bir kəmfürsətin əli ilə bizim tramvay sevgimizi əlimizdən aldılar. Ən gec gedən, ən ucuz, ən sevənlərin marşrutu tramvayı şəhərbaşılar əlimizdən alsa da, şeirimizdən, Anar Həbiboğlu poeziyasından silə bilməyiblər. Şair tramvayı öz misralarında daha əbədi edib onu sevməyənlərin acığına:

 

Fikirlər beynimdə bir ovuc mismar,

Beynim cızıq-cızıq, deşik-deşikdir.

Tramvay hərdənbir yuxuma girən,

Bircə nəğmə bilən köhnə beşikdir.

 

            “Keçmişə boylananda qəmli bir qürub çağını xatırlayıram...” (Tomas Eliot) misrası Anar Həbiboğlu üçün deyilmiş sanki. Onun misralarında qəm, kədər, ölüm, ayrılıq broy-broy kükrəmədə. Bu şeirlərin altındakı tarixin yanında Xabarovsk, Murmansk yer adlarını görəndə sümüyüm sızladı. Şair sanki ölümünü başına alıb ərşi dolanırmış. “Əlvida, Qızılgül – güllərin şahı” deyən şairin içində bir həyat eşqi də çağlamada. Sanki indi, bu yaz vaxtında şair bizimlədir. Ana torpağa baharın gəlişi ilə gözaydınlığı verir:

 

Gözün aydın, anam torpaq,

Ağacların bar gətirib.

Bu yağan göz yaşı deyil,

bu yağan yaz yağışıdı

Xanım buludlar gətirib.

 

            İlahi bir ədalət var. Zər zərliyini heç vaxt itirmir, ta ki, zər qədrin zərgər bilənəcən. Anar Həbiboğəu poeziyası öz naxışını həmişə qoruyacaq, çünki onun bəlli bir nəqqaşı var.

                                                                                                                     11.04.2024

 

 

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə