AZAD QARADƏRƏLİ LƏTİFİN LƏTİFLİYİ VƏ SƏRTLİYİ

  

                                   AZAD QARADƏRƏLİ

 

                                 LƏTİFİN LƏTİFLİYİ VƏ SƏRTLİYİ

 

 


            Tarixin qəribə işləkləri var. İşə bax ki, dünənəcən səni çap etməkdən imtina edən rayon qəzetinə bir gün redaktor müavini təyin olunursan. Və bu təyinat yuxarıdan – birinci katib səviyyəsində olduğundan səni Oranın adamı hesab edirlər. Səslərini çıxarda bilməsələr də, altdan-altdan  narazılıqları sezirəm. Amma tezliklə hər şey aydın olur. Coşquyla başlayan hərəkat dalğası bir coşqun çay kimi selintiləri üzə çıxardır və kimin kim olduğu bilinir. Məlum olur ki, mən Oranın adamı deyil, elə Buranın adamıymışam. Bunu ilk etiraf edənlərdən biri sonradan aramızda möhkəm dostluq bağı yaranan gənc jurnalist Lətif Babayev olur...

            Lətif və digər iş yoldaşlarımızla aramızda gözəgörünməz tellə mübhəm bir yaxınlıq yaranıq. Qəzetin ab-havasını dəyişirik. Yerlərdən aldığımız maraqlı məktubları istinasız çap edirik. “Çinar” adlı ədəbi birlik yaradırıq və raykom şairlərini deyil, gəncləri bu birliyin ətrafına cəlb edirk. Hərdən bizim rayona gələn şair dostum Eldar Baxış bizim birliyin fəxri sədri, mən isə sədri oluram. Bizə ilk dəstək verənlərdən biri elə Lətif olur. Bədii yazılara meyli az olsa da (o, əsl jurnalist kimi peşəsinə xəyanət etmədən bu gün də müxbirlik etikasına sədaqətini qoruyub saxlayır), bizlərə münasibəti birmənalıdır.

            Lətifin toyunda masabəyi oluram. Onun dostları ilə mən də dostlaşıram. Aramızda müəyyən yaş fərqi olsa da, bu, dostluğumuza mane olmur. Və tezliklə böyük əzmlə start götürən xalq hərəkatına, müstəqillik savaşımıza ikimiz də qoşuluruq və jurnalistin Vətənin azadlığı uğrunda həm qələmi ilə, həm də lazım gəlsə ürəyi ilə vuruşmalı olduğunu sübut edirik...

            Tezliklə 20 Yanvar faciəsi baş verir. Lətif onu gözləyən təhlükədən yayınmaq üçün Bakıya – “Vətən səsi” qəzetinə işə düzələrək rayonu tərk edir. Məni isə işğalçı rus-sovet ordusu əleyhinə yazılar yazdığıma görə işdən azad edirlər. Buna görə müəllimliyimə qayıdıram...

            Lətiflə görüşümüz Bakıda da davam edir. Zəngləşirik, görüşürük, dərdləşirik, yaradıcılıq mübadiləsi edirik. Lətif sonralar harada işlədisə, yenə jurnalist kimi çalışdı. Bu gün də belədir.    

            Mənim kitab təqdimatlarımda, uşaqlarımızın xeyir işlərində, hətta rayonlarda bulaq üstündə görüşlərimiz olub. Bir-birimizə kitablarımızı vermişik, fikir mübadiləsi etmişik, sevimli ana yurdumuz Zəngilanın azad olunmasını birgə qutlamışıq...

            İndi yaşımızın bu çağında Zəngilana dönmək, o yurdun övladı olduğumuzu o dağların, o çayların qulağına pıçıldamaq istəyirik. Və orada uçurulmuş evlərimizi yenidən tikmək, qurmaq və o evlərdə xatirələrimizi yazmaq istəyirik...

            Lətif yumşaq, həlim, mülayim deməkdir. Amma dostumun sərt üzünü bu yurdun düşmənləri bir dəfə doxsanlarda görmüşdü. Bəli, biz lazım olanda kifayət qədər sərt olmağı da bacarırıq. Düşmənə göztəriləsi sərt üzümüz də var.

            Dost üçün isə lətifik...

                                                       (Azad Qaradərəli "Renessans həsrəti" 3-cü kitab)

 

                                             


 

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə