AZAD QARADƏRƏLİ TƏBİƏTİN QİSASI, YAXUD HÜMBƏTALI UÇAN QAYA

 

                               AZAD QARADƏRƏLİ

 

                      TƏBİƏTİN QİSASI, YAXUD HÜMBƏTALI UÇAN QAYA

 

                      (Yeni naturalizmə doğru – renessans həsrəti silisiləsindən)

 

 


            İllərdir həm bədii yazılarımda, həm esselərimdə ədəbi naturalizmdən bəhs edir, naturallığın, təbiiliyin, doğallığın həm həyatda, həm ədəbiyyatda dəyəri haqqında mülahizələrimi oxucularla bölüşür, fikir mübadiləsi aparıram. (Saytlarda və “Renessans həsrəti” üç cildlik kitablarımda bu barədə kifayət qədər yazı tapa bilərsiniz.) Bu qənaətdəyəm ki, insan oğlu ta qədim zamanlardan, yəni təbiətlə üz-üzə qaldığı andan onun zərbələrinə düçar olmuş, bunun qarşılığında özünü müdafiədən çox hücum vəziyyəti alaraq təbiətə zərbə vurmuş, onu həm heyvani, həm bitki örtüyü, həm də su və havadan məhrum etməklə nələr etdiyinin fərqində olmamış və bugünkü təbii fəlakətin astanasına gəlib çatmışdır...

            Son romanlarımda və esselərimdə tez-tez vurğuladığım bir fikir var: indiyə qədər bütün müharibələr torpaq üstündə olub, bundan sonrakı müharibələr SU MÜHARİBƏLƏRİ olacaq! Bəli, bəli düz eşitdiniz: su...

            Bəşəriyyət min illərdir ki, öz qəbirini qaza-qaza gəlir. Okeanlarda, dənizlərdə, göllərdə, çaylarda və bulaqlarda suya qarşı insanın ağlagəlməz nankorluğu, meşələrin qırılması, canlı təbiətin məhvi, balıqların və digər suda yaşayanların qətliamı onu deməyə əsas verir ki, insanlıq öz sonunu gətirmədədir...

            Neçə yüz il qabaq ərəb qəbilələri, onsuz da suyun qıt olduğu səhrada düşmənlərini su ilə imtahana çəkdilər... (Məşhur İmam Hüseyn müsibəti və s.)

            Amerikanı kəşf edən avropalılar yerli əhalini meşələrə qova-qova o cəngavər insanları qırmaq üçün meşələri yandırdılar, çayların səmtini dəyişdilər, heyvanları məhv etdilər...

            Bu günkü insan özünü daha ağıllı göstərmək üçün süni yağışlar yağdırmaq üçün dronları göyə qaldırır, buludları qovub bir yerə yığır və təsadüfən təbiətin inadı ilə insan inadı üst-üstə düşür və nəticədə bu günlərdə Dubayın sellərə necə təslim olduğu fəlakət anı meydana gəldi...

            “Morq çiçəklər” romanımda bir yer var. Məktəblərdə hər sinifdə on oğlana bir qız düşür!!!!!!!!!!!!

            Bu, bilirsiniz nə deməkdir?! Orada elə belə də yazmışam: gün gələcək, siz – qız uşaqlarını ana bətnində abort etdirən atalar QIZ MÜHARİBƏLƏRİ aparmalı olacaqsınız!!!

            Hə, düz eşitdini, qız müharibələri...

            Oğlunuza öz xaraba qoyduğunuz ölkənizdə qız tapa bilmədikdə, geridə qalmış hanısas Şərq ölkəsinə müharibə elan edəcəksiniz ki, oradan oğlanlarınıza QIZ gətirəsiniz...

            Daha acgözcəsinə GMO məhsulların dalınca yüyürməyinizi, süni intellektə arxalanıb insanları işsiz qoymanızı, qızıl axtarışı üçün kəndlilərin otlaq yerlərini, kənd-kəsəklərini viran qoymanızı demirəm...

            ...Ay bədbəxtlər, gedin kitab oxuyun, övladlarınıza elm öyrədin. O yalançı alver, adına biznes dediyiniz arvad tumanı satmaqla uzaga gedə bilməyəcəksiniz...

            Keçmişi öyrənin, gələcəyə boylanın...

            Təbiətə toxunmayın...

            Axı gorbagor omuş ata-babalarınız təbiətə PİR deyirdi...

            Vallah, nə də olmasa, dədələrinizin pirləri sizə qənim olacaq...

            Allah heç köməyiniz olmasın...

 

            S.A.(Söz Ardı)

            Hələ də Zəngilana, Qaradərəmə gedə bilməmişəm. Gedənlər danışır ki, vəhşi erməni qəbilələri kənd-kəsəyimizdə bircə ağac da qoymayıblar – hamısını dibindən kəsib aparıblar. Yuxarıda pir demişdim axı... Hə, kəndimiz Qaradərədə bir Çinar piri vardı, adına Çeşməli piri deyərdilər. Rəvayətə görə bizim kənddə Hümbətalı adlı bir kişi olur. Gedib həmin çinar ağacının bir budağını kəsir, odununu doğrayıb qatıra yükləyir və evə qayıdanda qatır qayadan uçur, kişi yüklü qatırı saxlamaq istəyəndə özü də qatırla bərabər qayadan düşüb ölür... Və o qayanın adı qalmışdı Hümbətalə uçan qaya...

            Məni xarafata inanmaqda suçlasanız da deyəcəyəm: o kişinin kəsdiyi budaq qurumuş, hətta mən deyərdim ki, daşlaşmış vəziyyətdə son vaxtlaracan qalmaqda idi...

            Ermənilər heç, cəzalarını aldılar. Amma inanın ki, təbiətə münasibətimizi dəyişməsək, bizi də ağır cəza gözləyir...

            Hə, Zəngilana gedəndə ilk işlərimdən biri o çinar piri ziyarət etmək olacaq...

 

                                                                                              18.04.2024.

           

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə