AZAD QARADƏRƏLİ AZƏRBAYCAN TÜRKCƏSİNİN ZƏNGİNLƏŞMƏ YOLLARI
AZAD QARADƏRƏLİ
AZƏRBAYCAN
TÜRKCƏSİNİN ZƏNGİNLƏŞMƏ YOLLARI
Qədim dostlardan professor Nəsib Nəsibli zəng vurdu ki, bəs Sosial Tədqiqatlar Mərkəzində ana dilimizin taleyi ilə bağlı konfrans olacaq və sənin də oarada müəyyən bir mövzuda çıxış etməyini istəyirik. Təbii, mən yazıçı olduğumdan dilimizin bəzi problemləri, o cümlədən onun zənginləşmə yollarından danışmağı tərcih etdim. Hardasa 10 səhifəlik məruzə hazırlayaraq lazimi ünvana göndərdim. Mərkəzin rəhbəri Zahid Oruc, şair Sabir Rüstəmxanlı, professor Nəsib Nəsiblı və başqaları geniş danışdılar və növbə mənə çatanda məlum oldu ki, uzağı 7 dəqiqə vaxtım var. Daha başqa çarə qalmırdı. Beləcə, aşağısı 30 dəqiqəlik məruzəni 7 dəqiqəyə tezizlər şəklində söylədim. Ona görə də, belə qərara gəldim ki, bəzi hazır məqalələrim əsasında hazırladığım məruzəni oxucularım üçün öz bloqumda yayımlayım...
Budur,
haqqında danışdığım o məruzəni oxucularıma təqdim edirəm...
Müəllif
Sayqılı
dostlar, əziz soydaşlarım!
Dil
canlı orqanizmdir və canlılar daim qidalandığı kimi dil də qidalanmalı, başqa
sözlə zənginləşməlidir. Uranı zənginləşdirəndə ən müasir silah olan atom bombası
alındığı kimi dil də zənginləşəndə müsirliyini saxlayır, dünya dilləri cərgəsində
öz yerini alır... Əks təqdirdə, paslı patron kimi bir şeyə yaramaz, yarasa da
ancaq muzey eksponatına çevrilər...
Bəs
dili kim, yaxud, kimlər zənginləşdirməlidir?
Başqa sözlə, dilin zənginləşmə yolları
hansılardır?
(Bəri
başdan deyim ki, mən pedoqoji institutun dil-ədəbiyyat fakültəsini, indiki dillə
desək, pedoqoji universitetin filologiya fakültəsini bitirsəm də, dil məsələlərindən
bir az başım çıxsa da, özümü peşəkar dilçi saymıram. Mənim fikirlərim,
olsa-olsa bir yazıçının, ziyalının ana dili haqqında ağrılı düşüncələridir.)
Obrazlı
olsa da, deyim ki, dilin anası xalq, atası isə dövlətdir.
Ona
görə də, uzun illər dilimiz analı dil kimi yaşayıb, zira atası olmadığı üçün,
böyük dillərin cərgəsinə qoşula bilməyib. Xahiş edirəm, burada pafoslu, yalançı
vətənpərvərlik çıxışları, uydurma tarixi-coğrafi fikirlər sərgiləyib, özümüzü
anlatmayaq. Bəli, ayrı-ayrı zamanlarda hazırkı Quzey və Güney Azərbaycanın ərazilərində
dövlətlər olub. Və o dövlətlərin bəzilərinin şahları bizim türkcədə danışıb, hətta
şeir də yazıblar. Lakin o dövlətlərin idari dili, hərbi dili, istehsal dili və ən
ümdəsi məktəb dili ərəb-fars dilləri olduğundan bizim dilimiz yalnız ailələrdə,
yaxud hərəmxanalarda işlənilib ki, buna görə də mən deyirəm ki, dilimizin atası
olmayıb...
Deməli,
dilin birinci inkişaf etdirəni, zənginləşdirəni dövlət olmalıdır. Soruşula bilər
ki, bəs xalq? Xalq yazıq min illərdir ki, bütün təzyiqlərə sinə gərir, özünü
düşmən qılıncının qabağına atır, sinəsini yadelli gülləsinə, topuna-tankına sipər
edir və dilimizi bu səviyyədə də olsa, gətirib bizə və dövlətə təhvil verib,
daha yazıq xalqdan – anadan bundan artıq nə istəməliyik ki?! Bəxtiyar Vahabzadənin
“Feil olmaq istəyirəm” adlı bir şeiri var, məncə bu dedikələrimə ən yaxşı
cavabdır o mətn...
Çox sevirəm feilləri,
“Gəldi”,
“getdi”,
“Aldı”, “çaldı”,
“Endi”,
“ucaldı”,
Feil – hərəkət, feil – sürət.
Canlıdır,
diridir,
Feil – insan əməlidir.
Feil həmişə döyüşdə,
Həmişə at belində,
Öz dostu var, düşməni var dilin də!
İsim,
sifət döyüşlərdə
çox zaman karıxar…
Fellərsə döyüşlərdən həmişə
qalib
çıxar.
Çox sevirəm igid kimi döyüşən
Kəlməni
mən,
Sözü mən,
Fel
olmaq istəyirəm
Düzü, mən…
Zənnimcə,
şeirdən çıxan nəticə aydındır: xalq, dilinin ağır zərbələrə sinə gərəcəyini
sövq-təbii başa düşübən feilləri yaratmış ki, dilinə alınma sözlərin axınının
qarşısına sipər ola bilsin. Məlumdur ki, dilimizdəki bütün feillər milli sözlərimizdir
və tək bir-iki köməkçi feil – məlum oldu, razı saldı, kömək etdi və s. kimi
sözlərdə birinci tərəf ərəb-fars sözləridir, ikinci tərəf isə yenə doğma ol, et
və s. feillərimizdir.
Ən
vacib məsələlərdən biri də, soyad məsələsidir. Zənnimcə, vahid soyad məsələsi
kimi –lı,-li,-lu,-lü şəkilçilərindən yararlanmaq olar və bunun əvvəlcə, elmi və
elitar çevrədə, sonra isə ümumxalq müstəvisində müzakirəsinə nail olub, qərarla
rəsmiləşdirilməlidir. Orası da maraqlıdır ki, 1918-19-cu illərdə soyad məsələsi
də öz həllini tapmışdı. O dövrün böyük ədibləri, incəsənət adamları öz
soyadlarını məhz dediyimiz kimi istifadə etmişlər: Hacıbəyli, Cabbarlı, Məmmədxanlı,
Əlili və sair...
Burada səsləndirdiyim fikirlərin əksəriyyəti
neçə vaxtdır üstündə işlədiyim “Baş nazirin frakı” adlı romandanındandır. Orada
göstərilir ki, dövlətin dil haqqında silsilə qanunları və o qanunlara nəzarət
mexanizmi olmalıdır. Təcili surətdə ölkədə dil islahatı aparılmalı, Atatürkün
müasir Türkiyə türkcəsini ayağa qaldırdığı şəkildə reformalara start verilməlidir.
Zənnimcə, ilk işi küçədən başlamaq lazımdır. Çünki bu dilin sahibi olan xalq,
kütlə kabinetlərdə deyil, küçələrdədir. Bütün reklamlar, idarə və təşkilat
adları, adi yazılar belə Azərbaycan türk dilində aparılmalıdır. Buna əməl etməyənlər
üçün sərt cəzalar tətbiq olunmalıdır.
Küçədə,
məktəbdə, idarədə başqa dildə danışanlar da eyni şəkildə cəzalandırılmalıdır. Təbii,
söhbət Azərbaycan vətəndaşlarından gedir.
Məlumdur
ki, ölkəmizdə çoxlu sayda rusdilli insanlarımız vardır. Onların ana dillərini
öyrənməsi üçün pulsuz kurslar təşkil olunmalıdır. Ölkəmizdə başqa dillərdə
kitab satışına qadağa qoyulmalıdır. Televiziya və radiolarımızda başqa dillərdə
veriliş və filmlər qadağan olunmalıdır. Yad dildə qəzet çıxartmaq, sayt açmaq
da o cümlədən. Təbii, bunu dövlət strukturları həyata keçirdiyi üçün dövlət də
nəzarət etməlidir. Xaricdə oxuyan tələbələrin məzun kimi ölkəyə qayıdışları təmin
olunmalıdır. Məktəbimiz, maarifimiz, səhiyyəmiz elə inkişaf etdirilməlidir ki,
xaricdə kütləvi təhsilə və müalicəyə ehtiyac qalmasın...
Məmurların
və xüsusilə nazirlərin ana dilini təmiz bilmələri şərt kimi ortaya
qoyulmalıdır. Ölkəyə rəhbərlik edənlər, bütün məmur heyəti, diplomatlar hər
yerdə ana dilində danışmalıdırlar. Ölkə başçısının həm ölkədə, həm ölkə
dışındakı bütün rəsmi və qeyri-rəsmi görüşləri Azərbaycan türkcəsində
aparılmalıdır.
Dilin
qorunması və zənginləşdirilməsi üçün qəbul edilmiş dövlət proqramında istehsal
sahələrinin yaranması, istehsal edilən məhsullara yerli adların verilməsi, gəmiçilik,
təyyarəçilik, avtonəqliyyat, dəmiryol və bu kimi mühüm sahələrdə terminlərin
ana dilimizdə yaradılmasına diqqət edilməlidir və sairə və ilaxır...
Ölkəmizdə
yaşayan azsaylı xalqların hamısının dilinin qorunması və gəlişməsi üçün tədbir
görülməli, ən azı ibtidai təhsili onların ana dillərində Azərbaycan türkcəsi ilə
paralel şəkildə aparılmalıdır.
Mən
qələm adamı olduğum üçün dilə yazıçının borclu olduğu qənaətindəyəm. Çünki o
dilin qısıq imkanları hesabına yazıçı olan, qonarar alan, ölkədə və dünyada tanınan
yazıçılar bu borcu ana dilinə qaytamalıdırlar, yoxsa 100 il sonra onların
yazdıqları heç kimə lazım olmayacaq.
Bəs
yazıçı dilin zənginləşməsi üçün nə edə bilər və nə etməlidir?
İlk
növbədə dilin öz bazasından yapışmalıyıq. Gəlin razılaşaq, bircə anlığa
pafosdan kənara çıxsaq, görərik ki, dilimizin orfoqrafiya lüğətində 60-70 min
söz var. Yəni ingilis, çin, fransız, ərəb, fars, yaxud Türkiyə türkcəsi ilə
müqaisədə bu qat-qat azdır. Dedim axı, dilimiz atadan yetim qalıb uzun zaman və
cəmi 32 yaşı olan bir atadan çox şey uma bilməsək də, başqa umulası yerimiz də
yox axı. Yəni uman yerdən küsərlər deyimi məhz bura üçündür...
Əgər
orfoqrafiya lüğətimizdə 60-70 min söz vardırsa, inanıram ki, bundan iki dəfə
çox sözümüz də həmin lüğətə düşməmişdir. Sadəcə, dilimizin imkanlarına güvənərək
bu sahəni dövlət səviyyəsində inkişaf etdirmək lazımdır.
Hə,
ilk mənbə təbii, dilimizin öz bazasıdır. Unudulan sözlərimizə qayıtmağın
vaxtıdır. Mənim bu barədə “Heyf olan sözlər” adlı bir essem var ki, saytlarda
yayımlanıb.
HEYİF OLAN SÖZLƏR!
1.
Dilimizdə
bir çox sözlər var ki, izi itmədə. Yalnız qoltuqlara qısılaraq yaşam sürdürürlər.
Biri elə ARI sözü. O gözəl həşəratın adı olan bu söz bir zamanlar sifət idi, təmizlik,
təravət, gözəllik bildirirdi. Nə yazıq ki, bir-iki söz birləşməsində yaşamaqda:
aydan arı, sudan duru; arı-duru... Vəssalam.
ÜZÜK
kəlməsi də o yolun yolçusu. Bir zamanlar üzülmüş sözünün mənasına yaxın məna
ifadə edən bu kəlmə indi yalnız əzik sifətinin qoltuğuna qısılaraq son günlərini
yaşamaqda: əzik-üzük. Vəssalam. Daha başqa yerdə yox. Amma gör harda var?!
Vaqif şeirində! Molla Pənahın misralarını bəzəmiş bir zamanlar:
Nə
müddətdir ona güvənən bizik,
Həsrətin
çəkməkdən canımız üzük.
Hər
əlinə alıb bir dənə üzük,
Üzüyü
dəstinə alan oynasın.
Son
qəmin olsun, Vətən. Sözlərini itirə-itirə gedirik. Əvəzində yad sözləri
doldururlar dilimizə: siti, palase... və daha nə zir-zibil...
2.
İllər
əvvəl bir status yazmışdım və bu günlərdə, yayın ortasında – quyruq doğan gündən
iki gün sonra həmin statusu facebook təkrar mənə xatırlatdı:
“"Yazı"ya yenə ən çox gənclər yazı göndərib. Bu yaxşıdır. Amma yaxşı
olmayan cəhət odur ki, gözə, qulağa xoş gələn alınma sözü tezcənək yazılarına salırlar. Mən, adətən, onların
yazılarına toxunmuram. Amma bunları yazmasam olmur...
Məsələn,
ƏLBİSƏ sözü. Bu ərəb kəlməsinin əvəzinə, dilimizdə çoxlu türk sözlərimiz var. GEYİM,
GEYƏCƏK, GEYİŞ (heyf ki, sonuncu məhdud işlənir, "filankəs yeyişilə-geyişini
bilsəydi..." tipli cümlələr şəklində) kimi yerli və PALTAR kimi artıq
dilimizdə oturuşmuş alınma söz olduğu halda, ƏLBİSƏnin yeri yox, məncə. Dilimizə
söz gətirək, ancaq ehtiyac duyulan söz!”
Nə
idi bu statusda diqqətimi çəkən?
Burada iki arxaik sözün birləşməsindən yaranan və dilimizdə bölgələrdə
daha fəal olan, mənim mətnlərimdə sevə-sevə işlətdiyim YEYİŞ-GEYİŞ söz birləşməsindən
bəhs etmək istərdim. Dediyim kimi, hər iki söz artıq dilimizdə ayrılıqda işlənmir.
Nə yaxşı ki, heç olmasa, ikisi birləşəndə dildə qısıq şəkildə olsa da, işləklik
qazanıb. Həm də hikmət dolu kəlmə. Məsələn; “Yeyişyin-geyişin bilməyəndən uzaq
olun”, yaxud bir başqası: “Yeyişin-geyişin bilməyənin axırı oradı – uzaqdan həbsxananın
tikanlı məftillərlə əhatə olunmuş binasını göztərdi.”
Nəzərə
alsaq ki, bu sözlərdən birinin - geyişin əvəzinə Azərbaycan türk dilində geyim
sözü ilə yanaşı alınma paltar sözü, Türkiyə türkcəsində isə yenə alınma əlbisə
sözü geninə-boyuna işlənməkdədir... adamın əti çimçəşir...
Bu
fikirdəyəm ki, fabrikantlar, yeyinti sənayesi işçiləri YEYİŞ və GEYİŞ sözlərini
istehsal etdikləri məhsulun üzərinə yazmaqla bu boşluğu doldura bilərlər. Nəzərə
alsaq ki, YEYİNTİ sözü Sovet vaxtı və indiki insafsızlar cəmiyyətində mənfi
çalar qazanıb, niyə YEYİNTİ SƏNAYESİ ƏVƏZİNƏ elə bu cür yazmayaq: YEYİŞ
SƏNAYESİ! Yaxud belə cümlə işlədə bilərik:”İSTEHSAL EDİLMİŞ YENİ GEYİŞLƏR yaz
kolleksiyasının bəzəyidir.”
Öz sözlərimizi
burunlamayın...
Zənnimcə,
ARI sözünü də dilimizə qaytarmağın vaxtıdır. Məsələn, kənd təsərrüfatında,
fabrikantların praktikasında bu sözdən yararlanmaq olar. GMO məhsulların
antonimi kimi ARI MƏHSULLAR (yəni təmiz məhsullar) ifadəsini işlətmək olar.
Yaxud mebel sənayesində ARI MEBEL çeşidləri (saf, həqiqi mebel çeşidləri əvəzinə)
işlədə bilərik.
Dilimizdən
çıxmış ÜZÜK sözünü alqı-satqı (biznes sözünün qarşılığında ALQI-SATQI sözü yararlı ola bilər) sözü ilə əvəz
edə bilərik. Məsələn belə: ÜZÜK MƏHSULLARIMIZ alıcılarını gözləyir. (Məlumdur
ki, ucuz sözü igrah doğurur, onun əvəzində ÜZÜK işlətsək, pis olmaz.)
Dilin
zənginləşmə bazalarından biri və ən mühümü, heç şübhəsiz dialekt və şivələrimizdir.
Yazıçının borcu dialekt və şivələrimizdə aktiv olan, ədəbi dilimizdə yeri görünən
sözləri aşkar edib əsərlərində işlətməklə onlara yeni həyat qazandırmaqdır. Bu
barədə də ayrıca bir yazım var ki, onu da dinləyicilərə çatdırmaq istərdim.
BİZİM
SÖZLƏR
1.
QAYSAR
Quru
şaxtalı havaya anam QAYSAR deyərdi."Ədə,qapını ört, qaysar olduq."
Yaxud belə:"Qaysardı,a bala,əyninizi qalın eləyin."
Mətnlərimdə görsə bilərsiniz bunu da.
2.
ƏMƏZƏK
Nənəm
yarıtmaz, əmək itirən, bəzi hallarda isə yediyini sir-sifətində, ağırlığında
göstərməyənlərə (sonuncu bir az əzizləmə mənasında olardı - axı, adətən
övladlarına aid edərdi) ƏMƏZƏK deyərdi. "Əməzək köpəy oğlu, yediyin
burnunnan gəlsin!" Yaxud bir az yumuşaq: "Əməzəkdi dayna, bizlərə heç
çəkmiyib." Ya da lap yumşaldar, bir az oxşaya-oxşaya deyərdi: "Əməzəkdi,
elə bil günlərdi çörək yemiyib."
Söz o qədər
qədimdir, o qədər daşlaşıb ki, kök-şəkilçiyə də ayırmaq olmur. Çox güman ki,
ƏMZİK sözü ilə qohumdur.
Türkcəmizin
özü qədər qədim sözlər...
Mətnlərimdə
görə bilərsiniz...
3.
UMSUQ
Ana
dilimizin imkanları barədə düşünəndə onun alt qatında yatan, işlənməyən, yaxud
az işlənən o qədər sözlərin olduğunu görürsən ki!..
Biri
elə dilimizin şəhd-şəkərində çimib ballanan UMSUQ sözü. Bu sözün yaşı Həsənoğlu
sözünün yaşından qədim, boy boylayan, soy soylayan ata-analarımızın boyu-soyu qədər
qayım-qədimdi.
Nə
yazıq ki, bu sözə dayaq olan UM feli dilimizdə işləklikdən qalıb. Yalnız bir
neçə sözdə məhdud şəkildə gizlənə bilib: umsuq, ummaq, umacaqlı... Fikrimcə,
UMAC ismi də bu kökdən törəyib. (Burda yanıla da bilərəm; yaxşısın dilçi alimlərimiz
bilər.)
Qayıdaq
yazımızın qəhrəmanı UMSUQ sözünə.
Nə
yazıq ki, UMSUQ az, dar mənada işlənsə də, onun tam tərsi olan UMACAQLI sözü az
qala ölkəni ağzına alan bir çox adamın epitetidir. Umsuq isə tamarzı, arzusuna
çatmayan, dünya tamına həsrət (yadıma “renessans həsrəti” düşdü) olanların
emblemidir. Nə yazıq ki, ölkə boyu milyonlara yarlıq ola biləcək deyimdir bu...
Amma.. və lakin... Umsuq olduğunu kim boynuna alır ki?! (Ac ol, kişi ol!..)
Hə,
tam təsadüfən son mətnlərimdən birində özünə yer almışdı UMSUQ kəlməsi...
Allah
heç kimi umsuq eləməsin...
Umacaqlı
heç eləməsin...
Nəyiniz
də olmasa, qazanınızda umacınız olsun...
Amin...
4.
TARÇIQ
TARÇIQ
ən qədim sözlərimizdəndir. Nə yazıq ki, ədəbi dildə işlənməkdən qalıb. Yalnız bəzi
bədii mətnlərdə işlənir. Dialektlərdə, məsələn cənub-qərb dialektimizdə (Zəngəzur-Zəngilan)
fəaldır. Mən də yazılarımda sevə-sevə işlədirəm, bəzən “mənası anlaşılmır” kimi
fikirlər eşitsəm də. (Deyim ki, bu tip sözləri yazıçı elə işlətməlidir ki, mənası
öz-özünə anlaşılsın. Aşağıda bu tip
nümunələr gətirəcəyəm.)
Güman
ki, türk dillərinin hələ bir-bikir vaxtlarında yaranmış qədim sözcükdür ki,
etimologiyasına varmaq belə olmur. Lakin sözün məna çalarına vaqif olandan
sonra elə bilirəm ki, etimologiyası haqqında da fikir yürüdə bilərik.
Bəs
TARÇIQ nə anlama gəlir?
Qışdan
çıxan heyvanlar, xüsusən yük götürən at-ulaqları yaz ağzı yükləməz, özünə gəlsin
deyə bir müddət səllimi buraxarlar. Bu vaxt ağsaqqallar bərk-bərk tapşırarlar:
-Ədə,
a bala, atı apar göylükdə çidarla, qoy tarçıxlansın...
Yaxud
belə:
-Ay
uşaq, ulağı apar örən zəmi yerindəki yaşıllxda örüylə, tarçıx vaxtıdı...
Beləsi
də olur:
-A
gədə, o ikiz doğan qoyunun quzuların qoyma çox əmə, qoyunun nəfəsin kəsər, bir
az əmən kimi quzuları aparın göylükdə otarın, tarçıxlansınnar...
Elə
qız-gəlin də bu vədə bıçaq götürüb, önnükdən, döşlükdən bağlayar, düşərlər kövşənin
canına, gün günorta yerinə gələnəcən torpağın bağrını yarıb çıxan unnuca, quşəppəyi,
quzuqulağı, istiotca, gəlinbarmağı, gicitkən, cincilimdən... nə bilim axı, yüz
cür yabanı pencərdən yığar-yığışdırar, yuyub-təmizləyər, doğrayıb qoyar
yaymanın arasına, salar altı alovlanan sacın üstünə...
Bəh-bəh!
İsti qutabın (bizlərdə buna xitəb, bəzi bölgələrdə kətə deyərlər) ki arasın
açıb, kərə yağı saldın, ləzzətlə yedin ha, bax, bu olar bir ayrı ağız dadı!
Əlini
əlinə vuran nənə də gülüb deyər:
-Yeyin,
a bala, tarçıx vaxtıdır...
S.A.(Söz
Ardı)
Hə,
elə bilirəm ki, bu cür izahdan sonra TARÇIQ sözünün etimologiyasına vara bilərik.
Zənnimcə, sözün kökündəki TAR kəlməsi fonetik dəyişikliklə bu günkü TƏR, yaxud
TƏRƏ sözü ilə bir anlamdadır. TƏR, TƏRƏ sözləri dilimizdə təzə çıxan göy ot,
yaxud yeyilən pencərə deyilir. (Doşabla unun və yağın qarışığından teztav
bişirilən TƏRƏK sözünün də buradan alındığını zənn edirəm.) Güman ki,
TARÇIQ, əslində TƏRCİK deməkdir. Yəni tər otdan, yaxud pencərdən doyunca yemək,
yazağzının tər otunun, yaxud pencərinin dadını çıxartmaq.
Bədahətən
TƏRƏK sözünü də yada saldım. Elə bilirəm ki, bunu da yazıçılarımız dilimizə
qaytarmalıdır.
Mənaları
fərqli olsa da ayaqqabının içinə qoyulan əşyaya verilən TƏRLİK, atın yəhərinin
altından qoyulan əşyaya verilən ad – TƏRCİK də unudulan sözlərdəndir ki, bu gün
TƏRCİYİ maşın sənayemizdə işlətmək olar – sürücünün maşındakı oturacağına
qoyulan döşəkçənin altına yerləşdirilən nazik əşyaya TƏRCİK demək pis olmazdı.
5.
GUPPUN ən qədim sözlərimizdəndir.
Təqlidi (yamsılama yolu ilə yaradılan) sözdür, elmi dilçilikdə buna vokativ
sözlər deyirlər. Vaxtilə müstəqil feil kimi işlənmiş, lakin sonrakı mərhələlərdə
nidaya çevrilmiş GUP (gup!gup!) sözündən törəmişdir. Orfoqrafiya lüğətində gup,
gupamaq, gup-gup, guppultu, guphagup və
s. sözlər olsa, da guppun ismi verilməmişdir. Az qala bütün əhalinin rusca
kuvald dediyi bu əşyaya biz tərəflərdə GUPPUN, yaxud GUPPU deyilir. Düzdür,
dilimizdə bu sözün qarşlığı kimi gürz, yaxud əmud sözləri işlənir, lakin əvvala,
bu sözlər daha çox hərbi termin kimi işlədilmiş tarixizmlərdir, ikincisi isə
alınma kəlmələrdir. Halbuki öz ana dilimizin sözü şivədə də olsa günümüzəcən
yaşamaqdadır. Mən mətnlərimdə bu sözü sevə-sevə işlədirəm. Məsələn, yazmaqda
olduğum “Xeyrat” romanımda bu sözdən yararlanmışam: “... başın guppuldayar:
gup, gup, gup... (küt alətlə, bizdə çəkiclərin ən böyüyünə elə guppun deyərlər,
bax, elə bil onunla vururlarmış kimi)
başağrı dərmanı da kar eləməz...”
6.
PIÇILQAN
və başqaları
Dilimizin
lüğət tərkibini qismən əhatə edən orfoqrafiya lüğətində olsa da, ədəbiyyatda və
danışıq dilində az istifadə olunan, az qala unudulan sözlərdən biri də PIÇIQAN
sözüdür. (Orfoqrafiya lüğətində söz
pıçılğan şəklində yazılıb ki, zənnimcə, bu sözün deyiliş formasıdır, yazılışda
pıçılqan olmalıdır.) İnsanın barmaqlarının arasında sürtünmə nəticəsində
yaranan xəstəliyin, yaxud yaranın adı pıçılqan adlanır. (Cütdırnaqlı
heyvanlarda da təsadüf olunur.) İnsanda ən
çox kişilərdə rast gəlinir. Ayağa uzunboğaz çəkmə geyinməsi zamanı barmaqlar
sürtünür, havalanma olmur və barmaqlar arasında, xüsusən də çeçelə barmaqda
pıçılqan əmələ gəlir. Evinizdə APTEKÇƏniz varsa, Teymurov mazı götürüb, oraya
sürtməklə sağalda bilərsiniz. (APTEKÇƏ isə rusca işlətdiyimiz APTEÇKAnın
dilimizdəki variantını əvəz edə bilər.)
Dilimizdə
yeni sözlərin yaradılması, yaxud dialektlərdən gətirilməsi ən vacib işlərimizdən
olmalıdır. Mən mətnlərimdə bu tip sözləri, onsuz da işlədirəm, zira bura
yazıram ki, kimlərinsə gərəyi ola bilər. Dilimiz bayrağımız qədər vacib
atributdur, ona QAHMAR çıxmaq, qorumaq və zənginləşdirmək övlad dünyaya gətirməkdən
də ötədir. Qahmar sözünü də elə-belə işlətmədim...
Dilimizin
söz qatına baş vurduqca yeni-yeni imkanların üzə çıxdığını görmüş oluruq. Gəlin
bu mövzuda daha bir çalışmamıza nəzər salaq.
DİLİMİZİN SÖZ QATINDAN
-1-
Bir
dost mənim xahişimlə külliyyatımın bir neçə cildi ilə eyni vaxtda buraxılması nəzərdə
tutulan haqqımda yazılanlar bircildliyinə iri həcmli bir məqalə yazmışdı.
(Başqalarının belə şeyləri gizlətməsi, yaxud xahiş etdiyi dosta bərk-bərk
tapşırması ki, “bunu sənə dediyimi ayrı adam bilməsin”-filan kimi şeylər mənə
yaddır. Mən həyatımda nə varsa, onu indiyəcən olduğu kimi yazmışam.
Yazmadıqlarımı da “Məndən sonra” memuarımda yazmaqdayam. Hətta “Yazı” dərgisini
buraxanda dostlarla bu kimi yazılara görə
mübahisəmiz, pozuluşmamız da olub.) Yazı o qədər əhatəli və bütöv idi ki, az
vaxtda onun bunu necə bacardığına heyrət etdim. Sadəcə ad bir qədər başqa cür
idi. Hansısa kitabında gedəcəkdi və ora uyğun başlıqla vermişdi. Və dedi ki,
“...NİN SÖZ DÜNYASI” kimi vermək olar. Mən isə bədahətən belə dedim:”Bilirsən,
“dünyası” kəlməsini çox sürüblər, bəlkə “... NİN SÖZ ALƏMİ” verək?
Dost
bir söz demədi və heç o “sürüblər” deyiminə də ilişmədi ki, yəni bu nə deyən
sözdür? Bəlkə telefonla danışdığımızdandır ki, sözün deyilişini yaxşı tuta bilməmişdi?..............................................
Mən
özüm isə uzun müddət bu cümlənin təsirində qaldım...
“...Bilirsən,
“dünyası” kəlməsini çox SÜRÜBLƏR...”
Və...
Aşağıda
oxuyacağınız mətn belə yarandı...
“SÜR”
FELİNİN ENERGETİKASI
Dilimiz
söz sarıdan o qədər zəngin ki!
Sadəcə,
qatlara enmək, onun çalarlarını aramaq, tapmaq gərək. (Bəri başdan deyim ki,
dilimizin söz sarıdan kasad olduğundan şikayətlənən gənc yazarları başa düşür və
onların dildən gileyli olduqlarını bölüşürəm. Başbilən babalarımız
torpaqlarımızı pay-püş etdiyi kimi sözlərimizi də bir yerə yığıban bir toplu
halına salmaq əvəzinə - M.Kaşğarlıya min rəhmət - çoxlu arvad alıb, o
arvadlardan çoxlu uşaqlar törədib, çöllü biyabana buraxıblar və onların əzablarını
biz çəkməkdəyik.)
Yazının
əvvəlində SÜRÜBLƏR feilindən bəhs etmişdim. Sözügedən cümlədəki SÜRÜBLƏR
feilini hər iki mənada işlətmək caizdir: həqiqi mənada “SÖZÜ ÇOX MİNİBLƏR”
anlamına nisbətən yaxındır. Təbii, tam o deyil. Bunun tam mənasını bir azdan
açacağam.
Məcazi
mənada isə “SÖZÜ ÇOX İŞLƏDİBLƏR” anlamına gəlir.
“SÜR”
felindən çoxlu yeni sözlər törəyib, zira onlardan ən önəmlilərinin üstündə
dayanacağam.
Sür
Sürmək
Sürgəl
Sürgü
Sürgün
Sürt
Sürtkü
Sürü
Sürüş
Sürül
Sürülmək
Və
sair.........
SÜRGƏL
– bu gözəlim söz yalnız ovçuların dilində qalıb. Ova gedənlər iki hissəyə bölünür: bərədə
duran ovçular və ovu qovub ovçuların üstünə gətirən SÜRGƏLçilər.
SÜRGÜ
sözü sürgəlin sinonimi kimi işlənsə də, onun arealı daha genişdir. SÜRGÜ sözü
ev heyvanlarını sürgü edib otlağa aprmağa, sürgün zamanı insanları yük
vaqonlarına doldurub Sibirə sürgü etmə zamanı da işlənmiş tarixizmdir.
SÜRGÜN
haqqında geniş danışmayacağam. Bu sözün böyük ictimai yükü var.
SÜRTKÜ
sözü də “sür” feilindən törəmişdir. İndi maşın texnologiyalarında termin kimi
müxtəlif çalarlarda işlənə bilir: SÜRTKÜ YAĞI... Bu sözlə onlarla termin işlənir
maşınqayırma sistemində....
SÜRÜ
sözü də sür feilindən törəyib, dilimizdə çoxqatlı isimdir. Qoyun sürüsü, keçi
sürüsü, mal sürüsü (bunun, əslində konkret adı var: mal naxırı, amma sürü də
işlənir), at sürüsü (bunun da öz adı
var: at ilxısı, amma bəzi hallarda sürü kimi də ifadə oluna bilir), ilan sürüsü və s. Bəzi hallarda ironiya ilə
insana da aid edilə bilir: “Bir sürü adamsınız, amma bir iş bacarmırsınız.”
SÜRÜŞ (qoyun) sürüsünün sürülməsi anlamında, bəzən isə maşın sürməyə
təzə başlayanların “sürüşə getməsi” mənasında işlənə bilir. Təbii, vurğu dəyişəndə
söz də mənasını tamam dəyişir, yeni çalar qazanır: “Dur burdan sürüş!” Və
sürüşmək, sürüşkən (yer), ayağısürüşkən
(qadın) çalarları da var...
Və
yazının başında işlətdiyimiz, əslində, bu yazının yazılmasına səbəb olan SÜRÜL,
yaxud SÜRÜLMƏK feili barədə...
Yazının
giriş hissəsində bu kəlmənin çalarlarından kifayət qədər danışdım. Lakin ədəb
naminə dərinə gedə bilmədim. İndi başqa versiya üzərindən açmağa çalışacağam.
Biz
tərəflərdə keçinin, yaxud çəpişin dişisi ilə çox yaxınlıq edən təkələrə, adətən
belə deyərlər: “O çox SÜRÜB, əti yeyiləsi deyil.” (Belə heyvanlardan qoxu gələr
və əti də tamsız və iyili olar, yeyilməz hala gələr.) Bunun ironiya qatıyla
dişi keçi üçün deyilən tərzi də var ki, başlıqda “Bilirsən, “dünyası” kəlməsini
çox sürüblər...” cümləsi o mənanı ifadə edir. (Adətən ayağısürüşkən, şortu
qadınlarçün də işlənə bilir.)
Belə...
Elə
bilirəm ki, bu yazını daha dərinlərə doğru davam etdirib, SÜR feilinin yeni
çalarlarını tapmaq olardı, zira buna ehtiyac görmədim.
S.A.
(Söz Ardı)
Dilimizdə elektrotexnika, maşınqayırma, gəmiqayırma və bu kimi sahələrnin
söz və terminlərinə ciddi ehtiyac var. Zira bunların yaradılması bir başqa
yazımızda deyildiyi kimi, dövləti məsələdir və yaradılması vacib olan Dil
qurumunun öhdəsinə buraxılmalıdır. Mənim kimi qələm adamlarının çırpıntıları da
öz bəhrəsini verməmiş olmaz, zənnimcə...
Sonda:
sür feilindən törəyən SÜRTKÜ sözünün və SÜRTKÜ YAĞLARI termininin özü deyir ki,
dilimizin qatlarına enibən maşın texnologiyalarına aid qıt söz və terminləri
yaratmaq olar və zəruridir. Adını unutduğum bir filosofun bu fikrini lap sonda
yazır və yazını bitirirəm: “Cümlə qurmaq dövlət qurmaqdan çətindir.”
-2-
Dilimiz o qədər çoxqatlıdır ki, adam onun qatlarına enəndə qorxur.
Labrint kimi çəkir səni və azacağından üşürgələnirsən.
Bu
qatlara hərdən özüm girirəm yazı əsnasında, çəkib aparır məni. Hərdən də təhrik
edirlər, səni ora girməyə məcbur edirlər...
Bu
yaxınlarda Naxçıvandakı kitab sərgisi ilə bağlı birinin yazısında “aşırı yağmur
yağırdı” cümləsi işlənmişdi. Bir xanım guya çoxbilmişlik edərək o saat reaksiya
verdi ki, aşırı nədir, dilimizdə belə söz yoxdur, fasiləsiz yazın və sair...
Aşağıdan
şərh bölümündə yazdım ki, xanım AŞIRI bizim də işlətdiyimiz sözdür. Və başladım
aşırı sözünün qohum-əvladını da yanında sadalamağa:
AŞ
AŞIR
AŞIRI
AŞIRIM
AŞIRMA (şalvar)
AŞIRMA (vurğu öndə, inkar)
AŞIRMALI,
AŞIRMASIZ...
Sonra da hirsli-hirsli yazdım ki, axı biz də türkük!..
İndi
gələk bizə bu yazını yazdıram AŞIRI kəlməsinə.
Bu
sözün kökü AŞ feilidir ki, insanı durğunluqdan çıxmağa, qarşındakı səddi aşmağa
səsləyər. Uşaq olanda o qədər dağın bu üzündən o üzünə boylanmışıq ki! Sanki
kimsə arxamızdan qışqırırdı: -Qorxma, o dağı AŞ!
AŞIR
aşdan da güclüdür. Qarşındakı rəqib güclüdürsə, qorxma, aşır deyər. Şükür ki,
bu dədə sözünə axır ki, 44 günlük savaşda əməl etdik.
AŞIRIM
AŞ feilindən törəmiş isimdir. Ruhu şad olsun Fərman Kərimzadənin, “Axırıncı
aşırım”ı yazdığı yerdə...
AŞIRMA,
yaxud AŞIRMALI əlamət bildirən sözlərsə dilimizə rəng qatan kəlmələrdir. AŞIRMA
fəndi, yaxud AŞIRMA (şalvar), AŞIRMALI (kofta) dilimizin az işlənən deyimləri
olsa da, gözəllik qatarlar danışığımıza.
AŞIRMA
(vurğu öndə, inkar) sözünün də öz məziyyəti var. Bunu daha çox dədələr nəvələrinə
öyüd verəndə işlədərlər.
AŞIRMALI,
AŞIRMASIZ da bir ayrı rəngdir Səməd Mənsur demişkən.
AŞIRI
sözünü qəsdən axıra saxlamışam.
Bütün
bu sözlərin ən gözəli elə AŞIRIDIR!
Dədə-nənələrimiz
bu sözlə gül vurmuşlar aşırı dərəcədə!
Bütün
aşırımları aşırma fəndlə aşmışlar, dağlardan aşırma kimi sallanan buludları
aşırıb aşırımları keçmişlər, aşırmalı, aşırmasız adamların yol üstündə durması
belə onlara aşırı təsir etməmiş!
Səni
AŞIRI sevirəm, ana dilim, Azərbaycan türk dili!
Çox
yaşa, aşırı yaşa!
Qarşındakı
sədləri aş!
S.A.(Söz
Ardı).
AŞIRMA
sözü adi danışıq dilindən çıxaraq idman termininə çevrilib. Güləş yarışlarında
belə cümlələri tez-tez eşidirik: filankəs AŞIRMA fəndlə rəqibini məğlub etdi.
Deməli, bu qəbildən olan bir söz artıq ümumişlək söz anlayışını yararaq terminə
- idman termininə çevrilməkdədir.
Yaxud
başqa məqam. AŞIRMA sözü paltar, geyim texnologiyasına yansıyan söz kimi də işlədilməkdədir:
filankəs AŞIRMA şalvar geyinməyi xoşlayır. Demək, bu söz həm də geyim, dəb
texnologiyası termininə çevrilməkdədir.
Yaxşı
olar ki, bu sahələrin adamları yad sözləri basmaqəlib kimi işlətmək əvəzinə,
dilimizin imkanlarından aşırı dərəcədə istifadə etsinlər.
(Özaramızdır, BASMAQƏLİB də aşırı dərəcədə fısqırıq sözlərimizdəndir
ha!)
Dilimizi
zənginləşdirməyin bir yolu da yeni söz yaratmaqdır. Elə bilirəm ki, bu sahədə də
yazıçıların üzərinə çox iş düşür. Axı yazıçı yaradıcı insandır, Allahdan aşağı
adam yaradır o da. Adam yaradırsa, sözünü də yarada bilər. Mən belə yeni sözlər
yaratmağa cəhd etmişəm. Məsələn, sürücülərin tez-tez işlətdiyi bir söz var:
kapot. Məsələn belə:”Qoy maşının kapotunu qaldırım, qızdırır deyəsən.”
Mən
bu sözü elə alınma sözə yaxın öz türkcəmizdəki bir sözlə əvəz edərək mətnlərimdə
işlətmişəm: QAPAT. Məsələn belə:”Sürücü qapatı qaldırıb, maşının qızdırıb
qızdırmadığını yoxladı.”
Yaxud
başqa bir söz: darvaza əvəzinə, dialektdə fəal olan QAPALAQ, yaxud YOLAĞA sözlərini işlədirəm.
Soruşa bilərsiniz ki, niyə QAPI yox, QAPALAQ, yaxud YOLAĞA?
Qapı
evin qapısına, QAPALAQ, yaxud YOLAĞA isə ümumi giriş qapısın, yaxud həyət
qapısına verilən addır.
YANAV sözü. Bu söz qapının yarıaçıq vəziyyətinə verilən addır ki,
qarşılığı dilimizdə yoxdur. CAD sözü qarğıdalı çörəyinə verilən addır ki, onun
da qarşılığı olmadığından mətnlərimdə, daha dəqiqi “Kuma-Manıç çökəkliyi”
romabımda işlətmişəm. ADDAMAC sözü də bu qəbildəndir ki, kiçik çaylarda, yaxud
çayların yayda quruyan vaxtlarında iri daşlardan aralı-aralı qoyulan və birindən
digərinə tullanaraq keçmək üçün istifadə olunan körpüyəbənzər keçiddir.
***
Sonda
dilimizin adı barədə.
Məlumdur
ki, Azərbaycan Demokratik Cümhuriyyəti qurulanda dilimiz türk dili, milliyyətimiz
türk yazılmışdı. Lakin rus faşist-kommunist diktaturası ölkəmizi işğal edib
cümhuriyyətimizi süquta uğratdıqdan sonra uzun illər bu ifadələrə toxunmağa cürət
etmədilər. Gəncə üsyanı, Şəki üsyanı və başqa yerlərdə başlayan xalq etirazları
işğalçının gözünü qorxutmuşdu. Ta ki, 30-cu illərin sonuna – Stalin
diktaturasının möhkəmləndiyi, Cavid, Cavad, Müşfiq, Simurq, Sanılı, Çobanzadə və
bu kimi başqa sənətkarların, alimlərin qətliamı və sürgünə göndərildiyi zamanda
yadelli düşmənin əl-qolu açıldı. Həm əlifbamızı dəfələrlə dəyişərək bizi öz
keçmişimizdən ayırdı, ən dəhşətlisi isə dilimizin adını dəyişərək halalca türk
dili yerinə saxta, qondarma Azərbaycan dili ifadəsini bizə “ərmağan” etdi.
Konstutisiyamızda isə dövlət dilimiz rus dili yazıldı!..
Ölkəmiz
ikinci dəfə müstəqillik qazandıqdan sonra bu dediklərim qismən düzəldi. Dövlət
dilimiz ana dilimiz kimi konstutisiyamızda təsbit olundu. Lakin dilimizin adı hələ
də Azərbaycan dili olaraq qalmaqdadır. Zənnimcə, 44 günlük müharibədə böyük qəhrəmanlıq
göstərən Azərbaycan oğulları və Azərbaycan rəhbərliyi Şuşada Türkiyə ilə
cahanşümul müqavilə imzaladığı kimi,
türk respublikaraı ilə dostluq, qardaşlıq bağını möhkəmlənditdiyi kimi bir qələmlə
bizi öz türk keçmişimizə qaytara bilər və Azərbaycan dili yerinə dilimizin ana
adını özünə qaytarmalıdır və bunu edəcəklərinə inanıram.
Bəs
dilimizin əsl adı necə olmalıdır?
Təbii,
TÜRK dili adını işlədə bilmərik, çünki bunu artıq Türkiyə türkləri götürmüşlər.
Zənnimcə, dilimizin adı AZTÜRK dili olmalıdır. Bu qulağa yad gələ bilər, zira
bu addakı iki kəlmənin ikisi də öz qədim kökümüzə məxsusdur. Məlumdur ki, qədim
türkcədə AZ – mən deməkdir. AZTÜRK – MƏNTÜRK anlamına gəlir. Üstəlik, bu adda
ölkəmizin adının bir hissəsi də ehtiva olunur – AZTÜRK, yəni AZƏRBAYCAN TÜRKÜ!
Əlbəttə,
mənim dediklərim ehkam deyil. Daha uğurlu variantı olan olsa və buna məni
inandıra bilsə, həmin variantı müdafiə etməyə hazıram.
Bütün
tədbir iştirakçılarına uğur diləyir, ana dilimizə və onu sevənlərə başarılar
arzulayıram.
S.A.
(Söz Ardı)
Lap
sonda ortaq türkcə barədə.
(Mötərizə
arasında olsa da, qeyd edim ki, mən dilimizi zibilləmiş bir çox alınma söz və
ifadələrin qarşılığının tapılıb işlənilməsinin tərəfdarıyam. Təbii, beynəlxalq
sözlərin deyil... Məsələn, burada işlətdiyim S.A (Söz Ardı) ifadəsi dilimizə
paz kimi girmiş P.S ifadəsinin qarşılığı kimi tərəfimdən yaradılmış və uzun illərdir
ki, işlədirəm.)
Babam
deyərdi:”Əzəl Rum, axır Rum.”
Bu
nə deməkdir? Romanlarımda tez-tez işlətdiyim bu ifadədəki Rum – Türkiyənin yerləşdiyi
coğrafi ərazinin adlarından biridir. Yəni əvvəlimiz də Türkiyəylə olub, sonumuz
da. Nuru paşanın Azərbaycanı xila etməsi, 44 günlük müharibədə Türkiyənin
yanımızda ürəklə dayanması, Rəcəb Tayib Ərdoğanla İlham Əliyevin dostluğu,
qardaşlığı bu deyimin necə gerçək olduğunu bir daha göstərdi.
Əzizlərim!
Qardaşa ən doğma yenə qardaşdır! Türkün türkdən başqa dostu yoxdur” deyimi çox
doğrudur. Bizim kökümüz dünya türkləri ilə, aşırı cəhətdən isə Türkiyə türkləri
ilə birdir. Ortaq türkçəmiz də bu iki ölkənin dilindən rişə alıb yaranacaq.
Anadolu türkcəsi dünya səviyyəli dil kimi bizə gərəkdirsə, Azərbaycan türkcəsi
daha kökə bağlı dil kimi lazımdır və bu ikisinin bir-birinə alıb-verəcəyindən
yaranan dil ORTAQ TÜRKCƏ olacaq. Bunu zaman özü yoluna qoyacaq. Nazim Hikmətin
ölən yeri Bakı idi, bizim də ölən yerimiz Türkiyədir. Türkə və Türk dilinə
salam olsun!
Və...
Və... Və...
Ən
sonda...
Bir
məsələni unutmayın: yüz mamaça olsa da, güc doğana düşər. Qan qardaşımız da,
digər qardaşlarımız olan türk respublikaları da,bizi istəyən qonşularımız da
var olsunlar. Amma biz ilk növbədə Azərbaycan xalqımızı, türklüyümüzü, aztürk
dilimizi, kimliyimizi, mənliyimizi qorumalıyıq. Eqoizmə yuvarlanmadan özümüzü
sevməliyik. O taylı, Bu taylı dünyaya səpələnmiş 50 milyonluq aztürklərin nümayəndəsi
olmağımızla fəxr etməliyik! Unutmayın: şərqdə ilk respublikanı biz qurduq, ilk
qəzeti, ilk teatrı, ilk operanı biz yaratdıq. Və bunu heç unutnayın: dünya üzrə
ilk türkoloji qurultayı biz qurduq!
Səni
sevirik, “ey qəhrəman övladı şanlı Vətənin”!
25.04.2024
Yorumlar
Yorum Gönder