AZAD QARADƏRƏLİ EV hekayə
AZAD QARADƏRƏLİ
EV
hekayə
Bu
günlərdə doğma Zəngilana, kəndim Qaradərəyə səfər etdim. Düşmənin xaraba
qoyduğu məktəbimə, yandırılmış evimə baxıb çox kövrəldim. Axşamüstü Zəngilanın
mərkəzi Pirçivana gəldik ki, oradakı yeməkxanada bir tikə çörək yeyib, Bakıya
qayıdaq. Burada çalışan insanlar eşidəndə ki, rayonlarından olan yazıçı gəlib,
yaxınlaşır, görüşür, hal-əhval tuturdular. Belələrindən biri də Sahib adlı bir
boy-buxunlu gənc idi. Bilmirəm, yorğunluqdan idimi, ya səhər Ağalıda yediyimiz
bir qismət çörəyin üstündə olmağımızdanmıydı, oğlanla layiqli söhbət edə bilmədim...
Hiss etdim ki, narazı qaldı...
Bakıya
qayıdandan sonra bir sıra yarımçıq işlərimlə ilgilənərkən bu yarımçıq hekayəni
də tamamladım və üstündə çalışarkən Sahib yadıma düşdü. Mənim ilk evimi erməni
vandalları yandırmışdı... Sonra Bakıda pis-yaxşı ev tikmiş, yurd-yuva
salmışdım...
Bilmirəm,
o gəncin evi varmı? Yoxdursa, tezliklə ona və bütün gənclərə ev arzulayıram...
Və
bu hekayəni həmin gəncə - Zəngilanda görüşdüyüm Sahibə həsr edirəm...
Müəllif
Ev.
Dörd
divar. Yox, üstü hökmən bağlı olmalıdır. Qapı və pəncərə mütləqdir. Yoxsa ev
olmaz...
Oldumu?
Ay-hay. Ev olması üçün içinin istisi, hərarəti lazım...
O
isti yox, ay xanə-xərab! Od-ocağı sən yaradacaqsan, soba qalayacaqsan, evin
yanında bir mətbəx də tikəcəksən, hələ bir hamam-tualet də. Amma ki, üstündən
bir mərtəbə də tiksən, hətta onun üstündən birini də tikib üçmərtəbə, beşmərtəbə
etsən, ev olmaz; olar e, istisi-tüstüsü olsa belə, hərarət yenə olmaz... O hərarət
qadındı, sevgilidi, xanımdı, uşaq doğacaq anadı... Biz tərəfdə ona arvad desələr
də, sən onu o gözlə görmə heç... Elə ürəyində od, de, atəş de, hərarət de...
Yetim
Əhməd ürəyində götür-qoy edə-edə qırmızı dəmir almaq üçün Dərnəgül yolundakı
satış bazasına gedirdi...
Eeeeeeee...
Bunacan Yetim Əhmədin başı daşdan-daşa dəymişdi. Gözü nələr görməmişdi? Əli neçə
dəfə boşa çıxmışdı? Oxu, nənəm demiş, dəfən-dəfən daşa dəymişdi?
(Yatmışdım.
Ha eləsəm də ayıla bilmirdim. Ölmüş kimi. Hə, min ilin ölüsüydüm. Gah uşaq
olurdum bu qəm yuxusunda, gah telli-toqqalı oğlan, gah da indiki kimi zəlil
olmuş Yetim Əhməd... Xüləs, gördüm ki, uşağam. Bir qurquru – biz tərəflərdə
buna belə deyirlər, Bakıda isə qumrudu – gördüm yuva qurub balkonumuzda. Elə də balkonumuz deyirəm ki, guya ev-eşiyim,
hətta balkonum da olub... Genə xüləs... Hə... Gördüm, qurquru gəlib qonur
yuvasına – yuva da deyirəm, yuva tikəmməz ki, bı binavalar, beş-altı çör-çöp, vəssalam,
yuva hazırdı – yumurtlayır, sonra da mənə baxıb gülür. Atana lənət, yalan deyən,
quş adam kimi gülür. Əlimi atıram ki, bu quşu tutam, əlim boşa şıxır. Uçur
gedir, sonra yenə gəlir, birini də yumurtlayır, mənə baxıb yenə gülür. Bu dəfə
özümü toplayıb bəbir kimi atılıram quşun üstünə, əlim nəinki boşa çıxır,
tappıltı ilə yerə dayirəm və ayılıram. Baxıb görürəm ki, köhnə, paslı kravatdan
yerə düşmüşəm. Başım pola dəyib, zoqq-zoqq zoqqulduyır... Quş da ki yenə mənə
baxıb... Əşşi, quş nə atdırır, yuxuymuş zəhrimar...)
***
87-də
Əhməd ayağını dirədi ki, Bakıya gedirəm, burda sovxoz işinnən bir fayda yoxdu,
həm də söz gəzir ki, kolxoz-sovxozları dağıdırlar, fermer təsərrafatı olacaq, nə
bilim nə nəmənə olacaq, nənəm demişkən... Mən day burda bir gün də qalmaram.
Gedirəm Bakıya, bir zavodda, fabrikdə işə girəm, pul qazanam, özümə bir gün
ağlayam.
Ata
əvəzi əmisi dedi, a bala, pul qazanan burda da qazanar, get bizim uşaqlar kimi
dəmiryolunda işə gir, aybaay maaşını al, gəl evinə. Nənə dedi, a bala, orda sənin
kimin var axı, qərib eldi, şəhər küncüdü, əl-ayaq altda qalarsan, itərsən,
allah eləməmiş, başına bir iş gələr... Ana gözünün yaşını tökdü, a bala, doğru
deyillər, gəl bı daşı ətəyinnən tök dedi, dədən məni tək-təkana qoydu, barı sən
belə eləmə, gör iyirmi ilin dul zənəniyəm, adıma söz-sov çıxmıyıb... innən belə...
Arvad
sözünü tamamlaya bilməmiş, eləcənə ağlamışdı...
Hə,
Əhmədin, dədəsi, yəni atası (bunlar ataya dədə, anaya nənə deyərlər) Əhmədin
beş yaşı olanda qonşu kənddə bir evin damına şifer vurarkən yıxılmış, beli
qırılmış, bir ayın tamamında ölmüşdü. (Kişi usta idi. O çay-paranın kənd evlərinin
divarını qoyar, damının örtüyünü şiferləyər, evin döşəməsini vurar, hətta suvaq
işini də görərdi. Lap elə adlı-sanlı usta olmasa da, çay daşından divar hörməkdə,
ucuzvari dam şiferləməkdə, malakeşlikdə buralarda qabağına çıxan yox idi. Amma
adam hamıya ev tiksə də, özünə bir əməlli-başlı bina qurmağa vaxt edə bilməmiş,
atadanqalma tək otaqlı evin yanından bir üçdivar çəkməklə işini bitmiş
saymışdı. Düzdür, iki maşın qum, beş maşın da daş gətirib həyətə tökmüşdü ki,
allah qoysa, özünə də bir ev qaralasın, amma olmamışdı. Allah qoymamışdı, nənəsi
Güşvər arvad demişkən. “Ağızlara söz olmuşdu, pulunu balta kəsməz bilmişdilər,
kəndə Moskiviç sürən ilk adamıydı derdilər, arvadbazdı, yeyib-içəndi,
geyinib-keçinəndi... Balamı dilə-dişə salıb göz-görəti öldüdülər...”)
Əhmədin
atasının “Moskviç”i həyətlərində çürüdü, qapısın açmağa qoymadı anası – dədənə
qismət olmadı o maşın, qoymaram içinə minəsən - dedi. Əlinə mala alanda arvad qiyyə çəkdi
ki, dədəni mala öldüdü, çəkic öldüdü, qoymaram usta olasan...
Belə-belə, Əhməd axırda Bakıya yol aldı ki,
birincisi kənddə adına ayama kimi yapışdırılan Yetim Əhməd adından qurtulsun.
İkincisi, Əhmədin orta məktəbdən gözaltısı vardı; Dilnavaz adında forslu-poslu
bu qızdan ötrü oğlan dəli-divanaydı,
amma Dilnavaz bunu eşidəndə “hı, elə Yetim Əhmədimiz çatışmırdı” deyib kəndin
zootexniki Danaqovalayan Zeynala ərə getmişdi. Və Əhməd daha özünə söz vermişdi
ki, bu xarabada bir gün də durnayacaq. Elə durmadı da. Gəldi Bakıya, Şinzavodda
işə düzəldi... Allah adama bəxt yazanda gərək xoş saatda yazsın. İşə bax ki,
Şinzavod o dönəmdə Şinzavodluqdan çıxıb dönmüşdü kəndçiləri, əmisi nəvəsi
Kamandar demişkən, Cinzavoda. Həftənin o başı da, bu başı da mitinq, tətil
olurdu, ayın başında da düzəməlli maaş ala bilmirdi Əhməd. Bir dəfə hətta
zavodun tətil komitəsinin qərarını pozub işə çıxdığına görə, yığışıb eşşək
sudan gəlincəyə qədər çırpmışdılar yazığı... Axırda bezdi, getdi başqa bir
qohumunun köməyi ilə gəmidə işə düzəldi. Yenə bura şükürlü idi. İş ağır olsa
da, aybaay maaşını alırdı, tətilə, mitinqə aparan olmurdu... Bu da o vaxtacan çəkdi
ki, 20 Yanvar qırğını oldu və onların gəmisi o biri gəmilər kimi SOS siqnalı ilə
Xəzərdə haray-həşir qopardı, Bakı qırğınını dünyaya yaydı. Onda rus hərbi gəmiləri
onların gəmisini atəşə tutmuş, az qala gəmini yandırmışdılar. Güc-bəla ilə
söndürə bilmişdilər...
Burdan
da əli boşa çıxan Əhməd əlacsız qalıb, tikintiyə işə düşəldi. Düzəlməyəydi kaş.
SSRİ dağılan kimi zavod-fabrikləri talayanlar tikintini də ələ keçirdilər.
Yetim Əhmədin qara günləri başladı. Az-maz öyrəndiyi divar qoymaq, malakeşlik
işi bir gün olurdu, beş gün olmurdu. “Maştağa kruqu”, “Sabunçu stansiyası”
deyilən yerlərdə sabahdan axşamacan ev tikdirən, təmir elətdirən müştəri gözləməkdən
üzünün suyu töküldü.
Bir
də başını qaldırdı ki, yaşı qırxı haqlayıb. Günü Bakının zirzəmi evlərində
kirayə yaşamaqla, bəlli yerlərdə müştəri gözləməklə keçən Yetim Əhmədin suyumu
heç düzəlmədi. Ta o vaxtacan ki, bir həyətdə ev tikəndə ev sahibinin
totux-motux qızına aşiq oldu. İnsafən bu qız şəhər qızları kimi göynən gedənlərdən
deyildi. Yaşı iyirmi altı olsa da, heç verməzdin. Şirin danışığı, həmişə gülən
gözləri, bir də Əhmədi adam yerinə qoyan adamlığı vardı. Əhməd qızdan arxayın
olandan sonra dərdini baş ustaya danışdı. O da ev sahibiynən məsləhətləşdi və məlum
oldu ki, kişi də ifallı adammış, Əhmədin oturuşuğu-duruşuğu xoşuna gəlibmiş.
Bircə onu deyib ki, yəyələri gəlib elçilik eləsinlər, qalanını həll eləmək
olar. “Dost-düşman var, qonum-qonşu var, bilsinlər ki, elçi gəldilər, nişan gətirdilər,
maşın bəzəyib toy elədilər, qalanını xırda-xırda yoluna qoyarıq... Mən də
qızımı bir halal süd əmmişə vermək istəyirdim... İndi pis zamanadı, oğluna qız,
qızına oğul tapmaq müşkülə dönüb...”
Əmisi,
anası və nənəsi Bakıya gələndə yolda Güşvər arvadın dili dinc durmadı, soruşdu
ki, ə gədə, bə bı qızın adı nədi?
Əhmədi
elə bil elektrik vurdu. O “totux-motux, həmişə gülən, adamı adam yerinə qoyan”
qızın adını soruşmağa imkanı olmamışdı. Tək bircə dəfə “ay allah bəndəsi, maa
bir istəka su qıyarsanmı?” demiş, qız da “o nə sözüdü, allaha da qurban olub,
suyuna da” deyib, Əhmədə əli titrəyə-titrəyə su gətirmiş, sonra da oğlanın suyu
içməsinə heyran-heyran baxıban yuvada gülən qurquru kimi qağıldamış və “nuş
olsun” deyib getmişdi... Vəssalam, şüttamam. Qalanı uzaqdan-uzağa baxışmaq, qız
tərəfə baxmaqdan boynu əyri bitmək-zad idi ki, bunların içində “adın nədi, a
gözəl” soruşması ya olmamış, ya da buna Yetim Əhməd ürək eləməmişdi...
-Bilmirəm,
ay qoja, bilmirəm... Maa heç heylə imkan düşmədi axı, soruşam qızın adın?
-Bıy,
baban Haxverdi ordan da oyna getsin!.. Nə təhər yanı, əəəə?! Sən adını bilmədiyin
qızamı elçi aparırsan bizi?! Ə, bəlkə heş irazı dəyillər... Bıy sənin...
Əhmədin
anası siqaretinə dəm verən qayınını göstərib qarının böyründən bir burmac
götrüdü, yaşı səksəni haxlamış arvad böyrünü qopardan qızına həttənməyə də
macal tapmadı. Sürücü dedi ki, düşün, çatmışıq...
Beləcə,
Bakının Binə qəsəbəsi tərəfdə, Güşvər arvad demişkən, Əli düzündə yurd salan
qızın atası onları özü qarşılamış, xoşgəldin eləmişdi. Uzun söz-söhbətdən sonra
Xoşnavazın “hə”sini almışdılar.
(Elçilər yer-yurd olanacan Güşvər arvad qızın anasından qaş-göznən gələcək
gəlinin adını soruşub Xoşnavaz olduğunu bilin kimi bayaq yanını qopardan qızına
qaş-göz eləmişdi:”Gördün, yalan deyir gədən, bilirmiş adın, bizə demirmiş...
Gedib qəsdən elə qız seçib ki, köhnə istəhlisinin adınnan baş olsun adı...
Dilnavaz, Xoşnavaz...”
Amma allah şahiddir ki, bu tam bir təsadüf idi. Yazıq Əhmədin sadəcə, bu
dəfə naxışı gətirmişdi.)
Bir
ay sonra nişan, iki ay sonra da toy olmuşdu. Xoşnavazın atası qızının şəhərdəki
ər evinə - Əhmədin kirayə qaldığı bir otaqlı mənzilə gəlin köçməsinə razı olsa
da, bircə ayın tamamında təzə ailəni evinin yanında qaraladığı kiçik daxmaya
yığmış, sonra gənc ailənin qonşuluqda sahibi qəfil ölmüş və əlacsız qalan
oğlunun çox ucuz qiymətə satdığı 10 sot torpağı almalarına yardımçı olmuşdu. Düz
beş ilə o torpağın pulunu hissə-hissə ödəyən Əhməd, nəhayət, daş-qum, sement
almış, öz əlləri ilə özünə iki otaqlı ev başlamışdı...
***
Elə
evin özülünü töküb, iki ip divar qoymuşdu ki, səhər polisdən sahə rəisi gəlmiş,
pulunu alıb getmişdi. Onun dalıncan icra nümayəndəsi gəlmişdi. Düz iki min istəmişdi.
Əks təqdirdə divarı uçuracağı ilə hədələmişdi. Qaynatası gedib bankdan kredit
götürmüş, icradan gələni yola salmışdı. Sonra da demişdi ki, yavaş-yavaş ödəyərsiniz...
Divar
işi dayanmışdı, ondan ki, hələ işləyib borcları ödəməliydi.
Düz
beş ilin tamamında Əhmdin divarı qalxmış, uzaqdan evi evə oxşamışdı. Amma ev
olması üçün gərək üstünün damı olaydı. Yazıq Əhmədin dam söhbəti də bir ilini
apardı.
Xülasə,
nə başınızı ağrıdım, beş baş külfətin (özü, arvadı, üç balası) qarnını
doyuzdura-doyuzdura evin əvvəl damını vurdu, sonra da suvağını başlamışdı ki, Güşvər
arvadın ölüm xəbəri gəldi.
Arvadıyla,
qayınatasıyla yığışıb rayona getdilər, nənəsini dəfn etdilər, ehsan verdilər. Geri
dönəndə Əhməd baxıb gördü ki, anası həyətdə ozalana-ozalana qalıb. Tək-təkana
arvad burda necə yaşayacaqdı axı?
Anasını
da götürüb, Bakıya gətirdi. Bu da bir ayrı dərd oldu. Otaq bir idi, heç uşaqları
düz-əməlli yerləşə bilmirdi, indi də anası gəlib...
O
gecə Əhmədə Ölüm fərz oldu, rəhmətlik Güşvər arvad demişkən. Həmişə gülən
Xoşnavaz (ada bax səni allah, hər dəfə arvadın adını ağzına alanda Dilnavaz
yadına düşürdü, içini yeyə-yeyə qalırdı) indi donquldana-donquldana
qalmışdı. Əlacı kəsildi, təzə evin qapı pəncərəsinə pərdə-mərdə tutub, anasını
ora yığıdı. Soyuqlar düşməmiş, evə qapı salmaq lazım idi ki, arvadı soyuq
tutmasın. Onu birtəhər yoluna qoydu; işlənmiş bir dəmir qapı tapıb, rənglədi,
evin giriş qpısına bənd elədi. Sonra bir az pul tapıb bir otağa pəncərə saldı,
şüşələdi və ora qaz da çəkdirdi. Haradansa bir köhnə “ceyran peçi” dedikləri
qaz sobası tapıb gətirdi və soyuqlar düçməmiş evi qızdırdı...
***
Əhməd
ömrü boyu borc ödəmişdi. İndi evinin təmir işləri sona çatmaq üzrə idi və buna
sevinmək əvəzinə, borclarını ödəyib qurtardığına sevinirdi...
Elə
bu sevinməkdəykən, Güşvər arvadın sözü, anası xapdan durduğu yerdəcə yıxılıb öldü.
(Əhməd
sonralar yana-yana deyirmiş ki, mən gərək arvadı yer-yurdunnan avara
salmıyaydım. Bakıya gələnnən heç üzü gülmədi. Yeri bellədi ki, nəsə əkə, amma əkdiyi
bu qumluxda bitərmi heç? Bitdi, amma övc eləmədi, günün istisində ütülüb getdi.
Lobya əkdi, xiyar saldı civələrə, qarpızacan bitirdi, amma heç nə ələ gəlmədi...
Bu qumluxda, bu şoranda nə olasıydı ki? Arvadı torpax dərdi öldürdü... Allah mənim
kimi oğulun başına daş salsın ki, o yazığı bu səhrada çərrədib öldürdüm...)
Yenə borca düşdü. Arvadın dəfni üçün torpaq aldı, məsçiddə yumaq xərci,
sidri-kafir, xələt pulu, mollaya Yasin oxuması, meyidi götürməsi üçün pul, hələ
bir mərasim evində üç, qırx vermək, ucuzvari də olsa, qəbir götürmək vardı ki,
bunlar da filan qədər pul-para edirdi...
(Gərək
bunu ayrıca yazım. Anasını dəfn etmək üçün qəbir yeri almağa gedəndə qəfil
ağlına belə bir fikir gəldi: “Ay dadi-bidad! Nənəmi rayonumuza aparmadım ki,
day olduq bakili, ona görə arvadı burda basıracıyıq... Yaxşı, indi pis-yaxşı, mən
varam, onu bir təhər yerbəyer edəcəyik... Bəs birdən səhər mən yıxılıb ölsəm, məni
kim dəfn-kəfən eliyəcək? Yazıq Xoşavazmı? Ya hələ yıxılıb-durmuyan biçarə
balalarımmı? Bakidə torpaq qanı qiymətinədi... Bəlkə, arvada yer alanda onun
yanında özümə də yer alım? Xərcə-xəsarətə düşürəm düşməyinə...”
Və
Əhməd ağlına gələn bu fikri öz aləmində bəyəndi və iki qəbir yerinin pulunu vürib
ağ mişar daşıynan hasarlatdırdı...)
Anasının
ölümündən iki il sonra Əhmədin böyük qızı instituta girdi və qonum-qonşu
gözaydınlığı verəndə söz vermişdi ki, bir məclis də quracaq. Buna da xeyli pul
lazımdı...
***
Qonaqlara
təzə evin həyətində məclis qurdular, yaxşı yeyib-içmək verdilər.
Yazıq
Əhməd yenə borca düşüd və evə bu il də köçə bilmədilər. Arvad dedi ki, ayrı çarə
yoxdu, get bir beş min kredit götür ki, evin ağzını-burnunu düzəldək, köçək bu
il, ayıbdı axı...
...Təzə
evə köçən axşamı gecə yenə o qurquru yuxusuna girdi. Bu dəfə quş gəlib yuva
qursa da, yuvasına otursa da, hər ayağa qalxanda altı boş olurdu. Kənddə buna nənəsi
“yel yumurtlamaq” deyərdi. İndi quşun belə yel yumurtlamasına nə təhər əsəbləşdi
ki, əl atıb onun qanadından tutdu, yuvadan bayıra vızıldatmaq istəyəndə başı hələ
mala çəkilməmiş divarın ağ mişar daşına dəydi və Əhmədi qan apardı...
Düz
üç günün tamamında adam canını tapşırdı. Həkim baxıb, deyibmiş ki, qanı yoxmuş.
Elə baş daşa dəyməyiynən olub-qalan qanı da gedib, ürəyi partlayıb...
Təzə
evdən Əhmədin meyidi çıxdı.
Təzə
ali məktəbə qəbul olunan qızı ağı deyib ağlayırdı:”Ay ata, heç tikdiyin evdə
ayağını uzadıb, rahat yata bilmədin axı... heyyyyyyyy”
Xoşnavaz
isə ürəyində ağı deyirdi:”Ay Əhməd, bəs beş minnik krediti kim verəcəy,
heyyyyy...”
***
Əhmədin
qızı elə ikinci kursdaykən, atasının ili çıxmamış universitetdə dərs deyən bir
oğlana nişanlandı. Oğlan anası ilə qız evinə qonaq gəldi. Həyət-bacanı gəzdi və
Xoşnavaza dedi:
-Torpaq
sahəniz böyükdür. Təklif edirəm ki, bunun tən yarısını, yəni beş sotunu sataq (elə
sataq dedi ki, elə bil təzə nişanlanan deyildi), həm evinizin kəm-kəsirini
düzəldin, həm başqa vacib işlərinizi həll edin (bu “başqa vacib işlərin
içində heç şübhəsiz, istədiyi qızın cehizini də nəzərdə tuturdu), həm
krediti bağlayın... həm də... bildiyim qədərilə, hələ ili çıxmamış ərinizin məzarını
da götürə bilməmisiniz, onu da adınıza layiq götürün...
Oğlanın
belə yerli-yataqlı danışığı Xoşnavaza elə xoş gəldi ki, az qaldı oğlanı
qucaqlayıb öpə... (“Ki, ay bala, səni allah göndərib, biz bu pis günün daşın
atax. Allaha da qurban olub, göndərdiyinə də...”)
Xülasə,
torpağın sotunu altı mindən satdılar. Elə o günü krediti bağlayıb rahatladılar.
Sonra
nişanlı qızın cehizinin pulunu ayırıb bir kənara qoydular. Və Əhmədə qara mərmərdən
qəbir götürtdülər – baş daşında həm üzdə, həm arxada şəkli bərq vururdu...
Xoşnavaz
qəbirə qərənfil düzə-düzə ağı deyirdi aşkar qürrələnərək:
“Ay
Əhməd, sənin təzə evin mübarəkdi, heyyyyyyy.........................”
Qızları,
Xoşnavazın anası, qonşular da ona səs verdilər:
“Heyyyyyyyyyy........................................”
***
Təzə
evdə təmir işləri başa çatmış, Əhmədin qızının toyuna cidi hazırlıqlar
başlamışdı. Evin qabağındakı üzüm çardağında bir qumru quşu yuva qurmuş, bir
cüt də yumurta yumurtlamışdı...
29.04.2024
Yorumlar
Yorum Gönder