AZAD QARADƏRƏLİ MÜDAFİƏÇİLƏR hekayə

 

 

AZAD QARADƏRƏLİ

 

 

                           MÜDAFİƏÇİLƏR

                            

                                    hekayə




 

Xaricə gedəsi avtobusu sərhəd-buraxılış məntəqəsində üç saat idi ki, saxlamışdılar. Sərnişinlərdən kimi yerə düşüb siqaret çəkir, kimi telefonla danışır, kimi də tum çırtlayırdı. Sərnişinlərin içərisində dörd nəfər də vardı ki, Bakıdan çıxandan bəri baş-başa verib dərdləşir, bu ağır yolçuluqda sanki yüngülləşmək istəyirdilər.

Öz aralarında Qarabala adlandırdıqları arıq, uzun, şüvərək oğlan danışdı siftədə:

- Mən müdafiəçiydim. Elə baxmayın, doğru sözümdü, «Qarabağ» futbol komandasının müdafiəçisi idim… Düz beş il əsas həyətdə olsam da, ilk on birə salmadılar. Elə həmişə oyunun qurtarmasına on dəqiqə qalmış oyuna buraxırdılar. Hətta allahım gətirirdi, həmin  on dəqiqədə qol da vururdum. Amma neynirsən, topa təpik vura bilməyənləri oyuna salırdılar, məni yox. Deyəndə də deyirdilər ki, sən onsuz da yaxşı oynayırsan, qoy bunları oynadaq, xatalı adamdılar, zəng vurublar bunlarçün… Belə-belə, gördüm burda qalmağın xeyri yoxdu… Ya bəxt, deyib, gedirəm xaricə, bəlkə tale üzümə güldü…

Ağ, pambıq əlləri ilə tez-tez pencəyinin yaxalığını düzəldən oğlan Qarabalaya zəndlə baxıb qışqırmamaqçün əlindəki yaxalığı əliqarışıq basdı ağzına (sanki ələ keçmiş xəfiyyə idi, pencəyinin yaxalığındakı zəhərlə  özünü öldürəcəkdi) və udqunub boğula-boğula dedi:

-Sən arada bir basketbol da oynadın gərək?!

-Neynim, bu da bir növ etiraz idi… Amma kimdi baxan buna? İstəyirsən xokkey oyna? Yenə rusa şükür, bu son məşqçimiz Dinbəyov bilirsən nə dedi? «Basketbol oynamırsan, lap mənimkiləri oynat!» Xanım siz də bağışlayın, - Qarabala son sözləri deyəndə əməlli-başlı pörtüb qızardı.

- Mən də müdafiəçifason bir adamıydım. Amma, - pencəyinin yaxalığını buraxıb odu sönmüş gözlərini əlinin üstünə döydürdüyü «ana» sözünə zilləyən ağbəniz oğlan dilləndi, - amma müdafiə eləyə bilmədim. Müasir fəlsəfi düşüncənin əski fəlsəfi dəyərlərlə anoloji və əksilikləri barədə disertasiyanı səkkiz il idi bitirmişdim. Hər dəfə müdafiə növbəm çatanda dedilər ki, sən müdafiə etsən də, etməsən də alimsən… Haçan istəsən müdafiə edə bilərsən… Elmi rəhbərim oğraş lap axırda gəzdiyi qızı yerdə disertantını da məndən qabağa salanda (özü də onun elmi işinin çox hissələrini mənə yazdırmışdı) dözə bilmədim, işlədiyim instituta da, elmi rəhbərimə də, gəzdiyi qıza da, disertasiyama da, aldığım otuz altı şirvan maaşa da, kirayədə qaldığım altı kvadratmetr evciyə də, üstündə gəzdiyim torpağa da, Vətənə də tüpürdüm… Gəlib mindim bu avtobusa…

- Ey, ey, ey! Vətənə tüpürmək olmaz! – Səhərdən bəri nazik bığlarını didişdirən idmançı görkəmli oğlan elə bağırdı ki, o biri sərnişinlər də təəccüblə dönüb ona baxdılar.

Dissertant ağ əllərini yelləyib yenə pencəyinin heç cür düz dayanmayan yaxalığını düzəltdi, az qala pıçıldayırmış kimi dedi:

-Nooldu, vətənpərvərliyin gül vurdu? Səməd Vurğun yaxşı deyib e:

«Çox da tərifləmə mənə vətəni,

Orda eşşək kimi mindilər məni»

Bu dörd nəfərin içində yeganə qadın olan, nimdaş gödəkçəsini çiyninə atıb tənbəl-tənbəl çaqqız çeynəyən gənc xanım qımışdı:

- Ay Şərq kişiləri, mən sizə nə deyim axı?! Ə sizin vətəninizmi var?! Yaxşı bir-birinizin üstünüzə xoruzlanasınız… Yaxşısı budu, qoyun bu vətənpərvər də danışsın… Görək bu qəşəng vətəni qoyub hara gedir?

«Vətənpərvər» həmsöhbətlərinin onu gözlədiyini görüb özünü yığışdırdı, sinəsini irəli verdi, bir ağız öskürdü, istidən, soyuqdan yanıb qaralmış, bərkimiş iri əlləri ilə saçını sığalladı, bığlarını bir daha dartışdırıb dedi:

- Elə əsil müdafiəçi mən idim… Bu alimin söydüyü, elə söyülməli olan vətəni qoruyurdum mən… Hərbçi idim.

Səsi titrədi: «Söyülməli» kəlməsini necə əzabla dediyi aşkar duyulurdu, Saçını əsəbi halda bir də geri itəliyəndə alnının sol tərəfindəki iri çapığı onun döyüşlərdə olduğundan xəbər verirdi.

- Çəkməni pulla satırdılar, paradnı formanı əskərə üçqat qiymətə satır, sonra da əlindən alırdılar. Əskərə kontur yüklətmək uğrunda  yarış gedirdi hərbi hissədə. Zabitin aylığını, konturunu verməyən əsgəri ya şikəstlik, ya da işgəncə gözləyirdi. «Təsadüfi» ölüm də ola bilərdi. Mən bunları eləyə bilmirdim. Hətta dözməyib yuxarı yekə bir məlumat da yazdım. Sonra komandir, zabit yoldaşlarım, lap dostlarım düşdülər üstümə. Atam dedi ki, bacarırsan sən də elə. Anam dedi ki, bala, şeytançılıq pis şeydi, amandı özünü qoru! Heç vətəni qoru deyən olmadı!.. Axı o Vətəndi… mən səngəri boş qoydum… Bu gənc yaşımda sapsağlam zabiti «xəstə» adıyla ordudan uvolit elədilər…

Ağladı. Yox, elə-belə ağlamadı. Səssiz, qara çiskinli hava kimi içinə ağladı. Bu ətli-əndamlı, gözünü ondan çəkməyən qadın olmasaydı yəqin ki, hönkürərdi.

Kişiləri belə görüb qadın da pis olmuşdu. Dar şalvarlarından pırtlayıb çıxan ətli yanbızlarını sığallayır, nazik qızıl zəncirindən asılan qızıl xərçəngciyi hərdən oynadır, ondan gah utanan, gah da şəhvətlə döş-başına baxışan bu kişilərə doğrudan-doğruya yazığı gəlirdi. Qorxurdu ki, birdən onlar susar, növbə ona çatar. Amma heç  deyəsən bu sınıb tikə-parça olmuş  adamlar onu unutmuşdular. Üçü də siqaret yandırıb avtobusdan düşdülər. Qadın da uzun, nazik «Esse» siqaretini çıxarıb yandırdı, avtobusun pəncərəsindən başını çölə çıxarıb tüstünü ciyərlərinə çəkdi və ona zillənən üç kişinin baxışlarına baxışları ilə cavab verdi: «Hə, qardaşlar, sizin dərdiniz ağırdı, çox ağırdı. Amma o şeyi ki, mən müdafiə edəmmədim, sizinki onun yanında toya-bayrama getməliydi… Iyirmi doqquz il dözdüm… Bu oğraşxanada, bu qəhbəxanada onu qorumaq hər qadının işi deyildi. Ər köpəyoğlu çıxdı, iki uşaqla atdı bizi, geti Urusetə. Qardaş biqeyrət qapımı açmadı. Qaynata oğraş evdə gördüm baldırlarıma baxır. Iş axtardım, bir gün oldu, beş gün olmadı… Olanda da müdir oğraş dedi gərək mənnən yatasan… Saxlaya bilmədim, müdafiə eliyə bilmədim o andıra qalmışı… Axırda da o iki uşağı da detdoma verib, gəlib mindim bu avtobusa. Deyirlər orda yaxşı pula gedir… Bir də bu oğraşlara ucuz verincən, xariciyə baha verərəm… Bu da sənə vətənpərvərlik…»

-Diqqət, hörmətli sərnişinlər! On dəqiqədən sonra avtobus sərhəd-buraxılış məntəqəsindən yola düşəcək. Xahiş edirik yerlərinizi tutasınız…

Sürücünün elanı sərnişinlər arasında coşqu və sevinclə qarşılandı. Üç kişi, bir qadın xaric.

                                                                                                         

                                                                                                         Dekabr, 2007

                                                      

 

 

 

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ SARI SİMİ QIRILAN TAR...