AZAD QARADƏRƏLİ ULARTI Hekayə

 

                          AZAD QARADƏRƏLİ

 

                                   ULARTI

 

                                   Hekayə

 

 


        Yurd boş idi. Duyğuya həsrət insan ürəyi kimi bomboş. İt dəyəsi kimi sümüksüz, kəmsiksiz. Qurd yuvası kimi zəngiltisiz, ulartısız. İnək əmcəyi kimi qısır.

       Əyildi ki, əl atıb qonşusu Sarı Məhərrəmin körpəsinin kül-torpağa bulaşmış əmziyini götürsün (ailə qaçanda yerə düşüb qalmışdı), amma barmaqları açılmadı. Əllərinə baxanda dəhşətə gəldi: barmaqları yığılıb gödəlmiş, dırnaqları it dırnağı kimi uzanıb bərkimiş, əlləri əllikdən çıxıb qıllı-qıplı pəncəyə dönmüşdü, it pəncəsinə, qurd pəncəsinə…

      Qəddini düzəltmək istədi, bacarmadı, hiss elədi ki, bədənində nəsə qeyri-adi bir fizioloji dəyişiklik baş verməkdədir. Dillənmək, qışqırmaq istədi, əvəzində ağzından «ham-ham, auuu» kimi it-qurd səsləri çıxdı.

      Sarı dərənin içi ilə axan şor gölməçənin yanında ayaq saxladı, suya düşmüş şəklinə baxdı və içində nəsə ovuldu elə bil: qulaqları uzanmış, əynindəki paltar da tökülüb itmişdi.

O, yağılara girov düşmüş bacısının öldüsünü-qaldısını tapmaq  ümidiylə ilyarım idi ki, meşə-meşə, tala-tala, oymaq-oymaq, kənd-kənd gəzir, amma bir şey öyrənə bilmirdi. Axırı da belə, dönüb itə-qurda oxşar bir məxluqa çevrildi.

      Hər şey ondan başladı ki, yağılardan baş götürüb el-obayla bərabər dinc torpağa gəldi, ailəni birtəhər yerbəyer eləyəndən sonra hamı kimi bazarda əyləşib bir qarın çörəkpulu qazanmağa başladı. Belə günlərin birində məktəbdə oxuyan oğlu evə ağlaya-ağlaya gəldi ki, uşaqlar deyirlər bibim saqilik eləyir.

Qonşuları Ları Zibanın oğlundan çıxmışdı bu söz, ədəbiyyat dərsində «Leyli və Məcnun»dan «Saqinamə» parçasını keçəndə uşaqlara göz basıb ki, bəs  demiyəsən, əsirlikdə olan qadınlarımız, qızlarımız düşmənə saqilik eləyirlər…

      Elə həmin gündən arvad-uşaqla halallaşıb evdən çıxdı. Bir neçə ay pullu adam axtardı ki, bəlkə  bacısını bir yolla geri ala bilə. Amma bu ümidi də boşa çıxdı. Bəlkə də tapacaqdı, amma bir kəmfürsətin sözü onu tamam haldan çıxarmışdı: «Ayə, neynirsən tay o bacını? Erməni əlindən çıxıb gələn bacı gələndən sonra da bir şeyə yarayası deyil, başaşağılıqdan savayı!»

      Hələ işğal olunmamış qonşu rayonun əraziləriylə boş qalmış torpaqlara boylandı, boylandı. Dərd orasındaydı ki, o, bu torpaqları tanımadı, ya ki, torpaq onu tanıya bilmədi – ayağının altından qaçırdı torpaq…

      Dağların beli əyilmişdi, çaylar səmtini dəyişmişdi, bulaqlardan duzlutəhər su axırdı – göz yaşı tamı verirdi, içə bilmədi.

     …Bir dəstə əlisilahlı yağıya rast gəldi. Biri əyilib başını tumarladı. Hələ çörək də atdı. O biri «tork itidi, yeməz» dedi. Başını tumarlayan qeyzli-qeyzli çımxırdı: «Yüz dəfə demişik ad qoymayın üstlərinə… Bu yazıqların qanmadığını da siz qandırırsınız!» Sonra muşqurub təzə, sevgili adla çağırdı və biçarə də razılıq əlaməti olaraq təzə çıxarmağa başladığı quyruğunu bulayıb çörəyini gəvələdi. Yağılar ürəkləri dincələnəcən güldülər, sonra yollarına davam etdilər.

      Şöngüyüb oturmuşdu və qalmışdı məəttəl. Bilmirdi it kimi itdi, ya adam kimi adam. Çünki düşüncəsi hələ tamam yerində idi.

      Elə bu an bir dəstə it gəlib qabağından keçdi. Ha baxdısa, aşıra bilmədi ki, bunlar onun həmcinsləri idi, yoxsa…

      Meşənin ətəyində it sürüsüylə yenidən rastlaşdı. Qancığı qabaqlarına qatıb qovurdular. Düşdü dallarınca, çata bilmədi. Hirsindən şöngüdü və acı-acı uladı: u-u-u-u-u-u…

      Səsə dərədən bir sürü qurd çıxdı. Bozalaq, qaraqılçıq qurdlar idi. Onlar bu qəribə məxluqa baxıb qurd dilində ulamağa başladılar: a-uuu, a-uuu…

      Ha elədisə qurdca ulaya bilmədi, it səsi çıxartdı.

        Qurdun biri yaxınlaşıb onu təpədən dırnağacan süzdü, acı-acı zingildədi: «Bədbəxt, itliyi, qurdluğu bilinməyən, bədbəxt… Axtarma bacını… Bir müddət saqilik elədi, sonra şərab çəlləyinə zəhər qatdı, bir dəstə yağını zəhərlədi, özü də zəhər içib öldü…»

       Qurdlar ulaşa-ulaşa özlərini vurdular meşəyə.

      O, qurdların ardınca baxıb-baxıb üzünü dinc diyarda milçəklənən həmcinslərinə tutdu, bu dəfə təmiz  qurd dilində əzəmətli bir səslə uladı, uladı: a-uuuuuu!

       Aşağıda, boş qalmış yurdda yağıların avtomatları işə düşdü: ulartısını güllələyirdilər.

                                                                                                  

                                                                                                                          Bakı, may 1995

 

                         

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ SARI SİMİ QIRILAN TAR...