AZAD QARADƏRƏLİ ZƏNGİLAN SÖZÜ VƏ MÜƏLLİMİM PROFESSOR Ə.DƏMİRÇİZADƏ İLƏ OLAN BİR GÖRÜŞÜM BARƏDƏ YADDAŞIMDA QALANLAR

 

                      AZAD QARADƏRƏLİ

 

                   ZƏNGİLAN SÖZÜ VƏ MÜƏLLİMİM PROFESSOR Ə.DƏMİRÇİZADƏ

                   İLƏ OLAN BİR GÖRÜŞÜM BARƏDƏ YADDAŞIMDA QALANLAR

 

 


            1972-76-cı illərdə keçmiş Lenin adına APİ-nin (indiki ADPU) dil-ədəbiyyat fakültəsində təhsil alanda bir neçə müəllimimiz vardı ki, yalnız onlara görə mən bu ali məktəbi sonacan oxumalı olmuşam. (Artıq memuarın müvafiq səhifələrində qeyd etdiyim kimi bu illər ölkənin bütün ali məktəblərində, o cümlədən bizim institutda da rüşvətin tüğyan etdiyi illər idi. Burada tələbələrə bilik verməkdən çox, pul mənbəyi kimi baxırdılar. Qəbulda hırla-zırı qanmayan abituryentləri 3 min, 4 min, 5 min rüşvət müqabilində - bu bizim institutda belə idi, AMİ kimi tanınan tibb institutu, NARXOZ kimi tanınan Xalq Təsərrüfatı İnstitutu 40 min, 50 min idi - ali məktəbə qəbul edir, sonra isə semestr imtahanlarında yenidən pul alaraq qiymət yazırdılar...

            Bu barədə “Əllidən bir kəm” adlı romanımda geniş bəhs etmişəm. Oxuyanlar bilir.)

            Akademik Feyzulla Qasımzadə, böyük ədib İsmayıl Şıxlı, Akademiyanın Müxbir üzvü Əbdüləzəl Dəmirçizadə, o vaxt laborant olsa da, mənim həyatımda adını çəkdiyim insanlar qədər yeri olan Ramin Əhmədov (o, sonralar filologiya elmləri doktoru, professor olmuşdu) belələrindən idi.

            Böyük alim Feyzulla Qasımzadənin xatirəsinə “Aşiqlər” adlı kitab həsr etmişəm ki, o kitab əsasında eyniadlı film də çəkilib.

            İsmayıl müəllim, Ramin Əhmədov barədə ayrıca xatirə yazıları yazmışam. Həmin yazıları memuarımızın müvafiq səhifələrindən oxumaq olar.

            Böyük dilçi alim Ə.Dəmirçizadə haqqında bir xatirəm var ki, onun yenidən yazılmasına və daha önəmli bir hala gətirilməsinə səbəb olan aşağıdakı müsahibəni xüsusi qeyd etməliyəm.

 

      25.06.2024 - Modern.az İnformasiya Agentliyi

      Rəşid Qarayev:

 

“Salam Azad müəllim. Sizi narahat edən modern.az-dan Rəşid Qarayevdir.

Biz adları müzakirə doğuran rayon adları ilə bağlı rubrika hazırlayırıq və həmin rayonların ziyalılarının fikrini öyrənirik. Bugünkü rayonumuz isə Zəngilan rayonudur. Zəngilan toponiminin kökü haradan gəlir?

 

       Cavab: “Sualınızı cavablandırmaq üçün bir az keçmişə səyahət etməli olacağam. Keçmiş Lenin adına APİ-nin, indiki ADPU-nun dil-ədəbiyyat fakültəsində oxuyarkən böyük dilçi alim, AMEA-nın Müxbir üzvü, müəllimimiz  Ə.Dəmirçizadəyə bu barədə sual vermişdim: "Professor, mən Zəngilan rayonundananm. Rayonumuzun adının etimologiyası barədə əcaib fikirlər yazırlar. Biri "zəngin ilan olan yer", biri "zəngli yer", hətta bəziləri "zəngin ilan olan yer" deyə  "izah" etməyə çalışırlar. Sizcə, "Zəngilan" sözünün kökü hardan gəlir?"

        (Bəs niyə Dəmirçiadəni seçmişdim?

        Əvvala, o, təkcə fakültənin deyil, hətta bizim institutun ən dəyərli və hörmətli alimlərindən idi. Bu milli adamın “Kitabi-Dədə Qorqud” dastanlarının dili” adlı əsərinə görə başının ağrıdığını, hətta həbs təhlükəsi ilə üz-üzə qaldığını da bilirdim. Onun bir türkoloq kimi ana dilimizin qorunması yolundakı yorulnaz mübarizəsi barədə əfsanələr gəzirdi. Səsi, danışığı və diksiyası bizi ofsunlayırdı. Rəhmətliyin hətta Rövzət adlı hərəkət məhdudiyyətli qardaşı oğlunun olduğunu, alimin onu uşaqlıqdan oğulluğa götürdüyünü də bilirdim. Onu da bilirdim ki, Rövzət şeirlər yazırdı və kitabları da çıxmışdı. O kitablardan birini tapıb oxusam da, təəssüf ki, bu mətnləri bəyənməmişdim.

         Qısası, bu nəcib alim həm də təmiz insan idi. Böyük bir bataqlıqda üstünə toz qonurmayan böyük türkoloq bizimçün bir etolon idi.)

       Professor bir qədər fikrə gedib dedi:"Sən gələn mühazirəyə rayonunuzun kənd adlarını yazarsan bir dəftərə, qabağından da eşitdiyin mənaları da əlavə edərsən, sonra səninlə danışarıq.”

        Mən bu barədə xarici ölkələr ədəbiyyatından bizə seminar aparan müəllimimiz laborant Ramin Əhmədova deyəndə  o gülümsündü: ”Mütləq professorun dediyinə əməl et. Bu elə-belə iş deyil.”

Onu da deyim ki, xarici ölkələr ədəbiyyatından mühazirə müəllimimiz böyük yazıçı İsmayıl Şıxlı idi və Ramin müəllimin aracılığı ilə ilk hekayələrimi İsmayıl müəllim oxuyub fikir bildirdiyindən Ramin müəllimlə dostlaşmışdıq. (Onu da deyim ki, Ramin müəllimlə əlaqələrimiz sonralar da davam etdi. O, müdafiə edərək elmlər doktoru olmuş, professor vəzifəsinə yüksəlmişdi. Hətta sonralar mənim “Aşiqlər” elmi-publissistik kitabımın yeni nəşrinə ön söz də yazmışdı.)

       Gələn mühazirəyə rayonumuzun 90-na yaxın kəndinin hamısının adını bir-bir dəftərə yazdım, qabağından da ağlım kəsən, eşitdiyim mənalarını qeyd etdim. Məsələn, doğulduğum Qaradərə kəndinin qabağında “Böyük dərə” deməkdir, kəndin adı “Dədə Qorqud”dastanlarında çəkilir və s.

Professor bir neçə kəndin adının altından qırmızı xətt çəkdi. Sonra məni özü ilə kafedraya apardı və orada söhbətə başladı.

       Mən bunları “Məndən sonra” adlı memuar romanımda yazmışam, indi oradan  saytın oxucuları üçün qısa formada qeyd edirəm.

       Professor əvvəlcə elə Qaradərə sözündən başladı. Dedi ki, sizin rayon və rayonun kəndləri eradan əvvəlin kəndləridir və onların adları da elə min, iki min, hətta üç min il yaşı olan yer adlarıdır. Başlayaq elə altından qırmızı xətt çəkdiyim Müşlan kəndinin adından. “Muş”, yaxud “muşlar” qədim türk tayfaları olub ki, bunların adına Türkiyədə, hətta İrakda yer adları var. “Burası Muşdur, yolu yoxuşdur” misralı türkü də var. “Lan” isə qədim şumer və elam dillərində yer adı bildirir. Sizin rayonun adındakı “Zəngilan” sözündəki “lan” da oradan gəlir və bu şəkilçinin azı beş min il yaşı var...

       Bəs “Zəng”, yaxud “zəngi” nədir deyəcəksən, bəli, dedim axı, bu sözlərin 4-5 min yaşı var və hər min il keçdikcə sözlər də assimliyasiyaya uğrayıb. Məsələ ondadır ki, sözün kökü “zəng”, yaxud “zəngi” deyil, “zak”, yaxud “sak”dır. Tarixdə ZAK, yaxud SAK türk tayfalarının olduğu məlumdur. Deməli, ZƏNGİLAN ZAK, yaxud SAK türk tayfalarının yaşadığı yer anlamındadır. Sizin rayonla qonşu olan ŞƏKİ kəndi var ki, Babəki orada həbs ediblər. Bax, o kəndin adı qədimdə ŞƏKİ yox, SAKİ, yaxud ZAKİ olub, yəni SAK, yaxud, ZAK tayfalarının yeri. Bilirəm, soruşacaqsan ki, bəs ZAK, yaxud SAK necə olub ki, ZƏNG, yaxud ZƏNGİ olub?”

       Professor başındakı güllü araqçınını çıxardıb tərini sildi və davam etdi.

       "Demək, dilimizdə bəzi sözlər var ki, olduğu kimi fars dilinə keçib, sonra orada assimliyasiyaya uğrayıb və qəribə burasıdır ki, sonra biz onun elə farslaşmış formasını qəbul etmişik. Məsələn, TÜFƏNG sözü, əslində bizim öz sözümüzdür və TÜFMƏK (tüpürnək də oradandır, atmaq mənasındadır) və farscaya keçəndə dəyişib olub tüfəng. Sonra biz onu farslardan TÜFƏNG formasında təzədən qəbul etmişik. Bax, ZAKLAN, yaxud ZAKİLAN sözü də fars dilinin təsiri ilə ng samiti ilə əvəzlənmə nəticəsində ZƏNGİLAN formasına düşüb... Axı yəqin ki, bilirsən, dilimizdə sağır nun samiti olub ki, ZAK, yaxud SAQ sözlərinin sonunda bir zamanlar sağır nun işlənib ki, o sağır nun NG samitləri ilə əvəz olunub – SƏNG belə yaranıb...

        Sənin dəftərindəki altından qırmızı xətt çəkdiyim PİRÇİVAN, MİNCİVAN, QARÇIVAN, MÜŞLAN kimi sözlər də min illərin sınağından çıxa-çıxa gəlib bu günümüzə çıxıblar. Sənin qarşında indi bir borc var. Bu yer adlarını yığıb-yığışdıracaqsan, etimologiyasını dərindən öyrənəcəksən və mənim rəhbərliyimlə elmi iş yazacaqsan...”

      Sonra professor məni fakültəmizin dekanı Afat Qurbanova tapşırdı və dedi ki, gözün bu gəncin üstündə olsun. Onun potensialından istifadə etmək olar...

      Əlbəttə, mən ruhu qarşısında baş əydiyim böyük türkçü alimin tapşırığına əməl edə bilmədim, çünki mənim başqa missiyam vardı, yazıçı olmaq istəyirdim. Amma böyük professorun vəsiyyətini başqa şəkildə həyata keçirdim: bizim zonanın, Təbriz də daxil, məşhur mifi olan UCUBULUQ əfsanəsindən bəhs edən "Ucubuluq"adlı roman yazdım ki, bu dediklərimin bir çoxu orada əks olunub. Hətta sağır nunu bu əsərdə işlətməklə - zamanın dil ünsürü kimi – müəllimimin ruhuna salam vermək istədim...

       Və mən ali məktəbi fərqlənmə diplomu ilə bitirsəm də, artıq elm və ürfan mərkəzindən çox, pul və rüşvət mərkəzinə çevrilməkdə olan institutumuzla vidalaşıb rayonumuzda müəllim işləməyə yollandım...

      Nəhayət, burada sizə yazdıqlarımı "Mincivandan Amerikaya" adlı kitabımda da vermişəm. Amerikada yaşayan orta məktəb yoldaşım Mirqələm Miriyevin xahişi ilə yazılan o kitabın 2007-ci ildə Şirvannəşrdə işıq üzü görüb.

          S.A (Söz Ardı).

          Bu yazı bir xatirə yarpağından başqa sevimli müəllimimin – böyük dilçi alim Ə.Dəmirçizadənin portretini yaratmaq üçün bir cəhd idi həm də. Mən onda hələ bilmirdim ki, müəllimim Şəki (bir adı da Nuxadır) şəhərində doğuıubmuş və əslində, bizim ikimizin də qanında SAQ, yaxud ZAK türk tayfalarının – SAKİLƏRİN qanı axır. Mənbələr deyir ki, sak, yaxud saka türk tayfaları bir çox türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin formalaşmasında mühüm rol oynayıblar.

           Qədim çin mənbələrində SAKALAR SAİ adlanır. Hətta sonralar bu səs dəyişməsi qədim xalqlardan olan SKİF tayfalarının da adı ilə bağlanır. Bu sahənin tədqiqatçılarından olan Pavel Nazarova görə, SKİF kəlməsi qədim türklərin antik adıdır. Hətta MASSAGET sözü də bu kəlmədən törəmişdir ki, mənası BAŞ SAQLAR mənasını verir.

            Və sonda. Güney Azərnaycan ərazisinda olan Zəncan şəhəri Zəngilan sözü ilə tam eyni kökdəndir və fars dilinin təsiri ilə müəyyən şəkil dəyişiminə məruz qalsa da, yerli əhali oranı heç vaxt Zəncan deyil, elə öz əsil adı ilə ZƏNQAN adlandırır.

            Böyük ustadımız Ə.Dəmirçizadənin ruhu şad olsun! Zəngilan (ZAQLAN), Zənqan (ZANQAN), Şəki (SAKİ, ZAKİ) əhlinin – bütün SAQLARIN, SAKALARIN, SKİFLƏRİN törəmələri olan Azərbaycan türklərinə salam olsun...

            Və lap sonda...

            ZƏNGİLAN (ZAQLAN) bu gün üçün çox önəmli olan bir sözün də yaranmasında rol oynayıb – Zənəzur sözünün! ZUR kəlməsinin qədim türkcədə DƏRƏ anlamını verdiyini qeyd edərək deməliyik ki, bu ad da ZAK, yaxud SAK türk tayfalarının yaşadığı dərə anlamındadır. Zəngəzur dərəsindən Zəngəzur dəhlizinə gedən yolumuz açıq olsun!

            Amin.

 

                              (Yazı müəllifin “Məndən sonra” memuar romanından parçadır.)

                                                                                                                  28.06.2024.

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ SARI SİMİ QIRILAN TAR...