AZAD QARADRƏLİ FƏDAKARLIQ (yarım esse)
AZAD QARADRƏLİ
FƏDAKARLIQ
(Qurban
getmək, fəda olmaq haqqında yarım essenin yeni variantı)
"Mərhəmət" adlı essem var. Bu böyük anlayışı rəssam Pəri
Miniatürün bir əsəri üzərinə çözməyə çalışmışdım. Hara qədər alınıb, oxucu bilər.
Mərhəmətlə
xurcuntayı olan bir anlayış da var: fədakarlıq. Xurcuntayı dedim də, zatən
xurcuna sığışa bilsələr, fədakarlıq mərhəməti üstələyər, ağır basar. Yəni, fədəkarlıq
mərhəmətdən də üstün anlayışdır. Biz fədəkarlığı kimdən və yaxud nədən öyrəndik?
Hər
şeyin örnəyi təbiətdir. Biz təbiəti yamsılayaraq (Aristotel) sənət
yaratmadıqmı?
Bir
quş var, adı qutan. (Yox, düz olmadı, gərək adını böyük hərflə yazım –
dilimizin qrammatik qaydalarını pozsam da... Bunu niyə belə etdiyimi az sonra
biləcəksiniz.) Hə, Qutan yaraşıqlı deyil, tükləri par-par parıldamır, heç səsi
də, məsələn qağayı səsi kimi füsunkar deyil. Hələ dimdiyi!? Hələ o dimdiyin
altındakı eybəcər pərdə???... Bir balığı, hətta qurbağanı tutanda o dimdiyinin
ucundan o pərdəli ağzına ötürməsi, acgözlüklə udması... Tam bir rəzalətdir...
Amma
nə olsun?! Bu quşdakı fəzilət heç bir quşda, hətta başqa canlıda yoxdur. (Biri
istisnadır ki, sonra ondan da bəhs edəcəyəm.)
O,
balalarına yemək tapmayanda ac
zılğaların civiltisinə dözə bilmir, dimdiyi ilə sinəsinə o qədər vurur
ki, qanı axır, balalar o qandan içib toxtayırlar...
Bir
də heç kimin sevmədiyi, hələ bəlkə iyrəndiyi, görəndə üzünü çevirdiyi
dozanqurdu (skarabey) var, bizdə ona poxyomaladan da deyərlər. O böcək də
balalarını dünyaya gətirən kimi arxası üstə çevrilir, balaları onu yeyib dirçəlirlər...
Qədim
Misirdə dozanqurdu həyat və ölüm rəmzi hesab olunurdu. Misirin əfsanəvi allahlarından
Xeprinin başı – inanca görə dünyanı o yaradıb – dozanqurdu şəklində idi.
(Dozanqurdu sözünün donuz sözü ilə bir əlaqəsi yox. Bu, əslində, qozan, qonuz
sözü ilə bağlıdır. Qonuz kəlməsi M.Kaşğarlının lüğətində peyin anlamı verir. Yəni,
dilimizdə “poxyomaladan” deyimi də burdan gəlir.)
Ən
böyük fədakarlar analarımızdır. Günlərini qaraldıb, bizi ağ günə çıxardarlar.
Fəda
etmək, fədakar olmaq yaranışın xislətindədir. “Dədəm Qorqud”dakı fədakarlıq da
buna işarədir. “Aprel havası” hekayəm var. Gənc kəndli ər-arvad bir mifə söykənibən
bitirdikləri ceviz ağacının yerini bir-birindən gizlin dəyişirlər. Axı mifdə
deyilir ki, ceviz şitili bitirən barını görməz...
20
Yanvar qəhrəmanları İlhamla Fərizə Vətənçün və bir-biriləri üçün qurban getmədilərmi?!
(“Fərizənin son gecəsi” hekayəmdə bu motiv əsasdır.)
Ən
böyük eşqlər fədakarlıqdan doğur. Eşqi üçün bütün məhrumiyyətlərə dözənlərin
mayasında da fədakarlıq var. “Cülyettanın sağ döşünə toxunmaq” romanı bir eşq
romanıdır – fədakarlıq onun qəhrəmanlarının ruhundadır.
Bir
zamanlar “Yazı”da hissə-hissə çıxan romanı, nəhayət, kitab kimi çap etdirmək qərarına
gəldim*. Tezliklə görüşənədək, əziz oxucular!
S.A.(Söz
Ardı)
Niyə
yarım esse?
Beş-altı
cümlə də tapıb esseni bütövləşdirmək olmazdımı?
Olmazdı.
O şey ki, haqdan gəlir, ona haram qatmaq olmaz.
Adam
qurban gedir, fəda olur, deyirsən babat cümlə tapıb...
Yarımdır.
Zatən qurban gedənlərin, fədakarların həyatı da yarıyacandır – lap yüzəcən
yaşasalar belə, onlarınkı oracandır, o yarımçıq sürəyəcən...
14.06.2022
------------------------------------------------------------------------------
*O proyekt baş tutmadısa da, nəhayət, bu
il, yəni 2024-ün isti yay günlərində sözügedən roman başqa bir proyektdə -
bütün əsərlərimin (külliyyatımın) nəşrində, 5-ci cilddə işıq üzü gördü. Qeyd
edim ki, təxminən 20 cilddən ibarət olacaq bu cildlər, əsasən kitabxanalara hədiyyə
olunur və müəllif gələcəkdə, ola bilsin ki, bu cildlərin yüngülvari bir təqdimatını
– satışını da keçirsin. Qismət olsa, bu, təxminən onuncu cildin çapından sonra
baş tuta bilər.
Yorumlar
Yorum Gönder