AZAD QARADƏRƏLİ İSVEÇDƏ OKSİGEN ÇATIŞMAZLIĞI* Hekayə

 

                                                 AZAD QARADƏRƏLİ

 

                                       İSVEÇDƏ OKSİGEN ÇATIŞMAZLIĞI*

 

                                                           Hekayə

 

 


 

                                                           İsveçdə mühacir həyatı yaşayan tale qohumum Vahid Qaziyə

 

 

 

            Burada – soyuq şimal ölkəsində isti nəfəsə çox ehtiyacım var. Amma hardandı o isti nəfəs? Hardan alım Azərbaycanın adamı qarsan, qarssa da yandırmayan, ana bətnindəymişsən kimi umudla  qucan nəfəsi?..

            Uşaqlarım, anaları qoy inciməsin. Onlar başqadır. Mənim isə bambaşqa bir istəyə və istiyə  ehtiyacım var. Düzdür, ana torpağımın işğalından sonra ölkəmin heç yerində qərar tuta bilmədim. Kimi üçün alverçilər şəhəri, kimi üçün milyonçular şəhəri, kimi üçün musiqiçilər şəhəri olan Ağdam mənim ana şəhərim idi. Bir anamdan, bir də bu şəhərdən aldığım qoxunu, nəfəsi, səsi, həniri heç nədən, heç kimdən ala bilmədim. Ayağım tutduqca gəzdim dünyanı. Və bir gün gördüm ki, bu uzaq şimal şəhəri Helsinqborqda toxtamışam... Burada niyə axı? Mən səhərlər odlu nəfəsini üstümüzə yayan günəşli Ağdamdan çıxmadımmı? Niyə oddan çıxıb buzlağa gəldim? Nə idi məni cəzb edən bu qarlar, buzlar ölkəsində? Nə bilim? Nə sirdir, özüm də baş aça bilmirəm...

            Bir az sonra çözəcəm bu sirri...

            Bir az sonra...

 

                                                           ***

 

            Ağdamdakı evimiz aşağı mərtəbədəki kirayənişin qızların pianoda çaldığı musiqilərlə qalıb yadımda... Anamın süd qoxulu nəfəsi qalıb yadımda... Atamın dayısı “Bek”in (İsmayıl bəyə belə müraciət edərdilər) baletə vurğunluğu qalıb yadımda...

            Sizə bir sirr açımmı? Mən musiqiçi olmasam da, dünyanı gəzərkən “başa düşdüm ki, musiqi azadlıq duyğusunun səsli izahıdır.” (Bu qənaətimdə uzun zaman lal sandığım Aşıq Ədalət də var, Rəmiş də var, kirayənişin qızların çalğıları da var, “Bek”in baletə huş-kuşla baxması da...)

            Bir gün bu uzaq şimal ölkəsində toxtayanda anladım ki, məni bu soyuq diyarda qoruyan musiqi duyumum, bir də isti xatirələrimdir. Bir yazımda yazdığım kimi “duyğuların ən mərhəmi qəlbin ən dərin qatında qalanıdır.”

 

                                                           ***

 

            Günüm bu buzlar ölkəsində elə də rahat keçmir. Üzüm hərdən gülsə də, içim bumbuzdur. “Belə getsə, sən də morja dönəcəksən. Nədi səni bu qara-buza bağlayan? Ağdam hara, buzlu Helsinqborq hara?! Bek hara, bu buz adamlar hara?! Anam hara...”

            Cümləmi tamamlaya bilmədim.

            Nəfəsim çatmadı.

            Son vaxtlar hiss edirəm ki, bu oksigen qıtlığı olan ölkədə havam get-gedə azalır. (Amma deyirlər ki, burada oksigen bolmuş. Hanı bəs? Niyə mən boğuluram?)

            Ay aman! Axı mən anamın o süd qoxulu hüsnü camalını get-gedə unuduram deyəsən?!

            İçimi yandıran, çölümü üşüdən, məni mən olmağa qoymayan anamın gözümdən getməyən simasının son vaxtlar elə bil bu buzlu diyarda üşüməsi və üşüdüyü üçün də buzlaşan yaddaşımdan çəkilməsiymiş...

            Anladım.

            Anladım ki, mən yaddaşımda nəyi diri saxlasam da, anamın vəfatından sonra onun o süd qoxulu nəfəsini unutmaq üzrəyəm. Mən, mən, belə mən anamın ölümüylə barışmış kimiyəm...

            “Yox!” deyə bağraraq Azərbaycandan gətirdiyim çamadan töküb-dağıdıram. Şəkilləri bir-bir qabağıma qoyub baxır, sonra kənara qoyuram. Atamın, anamın, ailəmizin şəkilləri yanğımı söndürmək əvəzinə üstünə benzin çiləyir daha da.

            Və birdən əlimə bir qəzet parçası keçir. Sovet vaxtı Ağdamda çıxan qəzetdir. Əcaba, bunu niyə saxlamışam? Və hətta nə matah şeymiş ki, onu buracan gətirmişəm? Və... Və son səhifədə anamın gənclik şəklini görüb az hövüllənirəm. Hiss edirəm ki, uçunma tutub məni. Hiss edirəm ki, oksigen qıtlığı yaşanır, gözlərim də görmür elə bil. Yox, görür görməyinə, cadəcə gördüyüm şeylər yerində durmur, nənəm demişkən “səyriyir gözüm.” Bilmirəm, bu, sevincdənmi belə oldu, ya kədərdən. Qat kəsmiş, sapsarı saralmış bu qəzet parçası dönüb bir tutiya olur. Və ağlıma gəlir ki, bəlkə bu qəzeti gözümə sürtsəm, əvvəlki kimi görəcəyəm...

            Qəzeti, anamın şəklini gözümə yavıqlaşdırıram... (Necəydi o misra?Dua kimi gumuldanıram:  “Ağdamın yolu fərman...)

            Gözümü yumuram. (Torpağı gözə dərman...)

            Açmağa qorxuram hələ ki. (Yardan bir namə gəlib...)

            Və dağ boyda kipriklərimi aralamadayam. (Yarı dərd, yarı dərman...)

            Bayatı bitən kimi qorxa-qorxa gözümü açıram.

            Görürəm!

            Səyrimə keçib!

           

                                                           ***

 

            O qəzet parçasındakı şəkli fotoqrafa verib səliqəli çıxartdırır, çərçivəyə saldırır və qonaq otağımızın görünən yerindən asıram. İnanmazsınız: əvvəlki halıma qayıtmışam. Anamın o süd qoxuyan nəfəsini hər an üstümdə hiss edirəm... Səsinə, nəfəsinə qurban, anam... Havam, oksigenim anam...

 

                                                           ***

 

            Dayım İsveçə gəlib. Bacısının çərçivəyə salınmış gənclik şəklini görüb doluxusunur.

            -Bunu hardan tapmısan?

            -Uzun hekayə...- deyib gülümsəməyə çalışıram.

            -Bu şəklini niyə qəzetə vurublar o vaxt, bilirsən?

            Başımı bulayıram.

            O isə həvəslə danışır.

 

                                                           ***

 

            ...Anam ticarət məktəbini bitirib Ağdamda işə düzəlibmiş. Amma öz əsil işindən qabaq parça dükanında çalışırmış. Bir gün baxır ki, parça topunun altında bir düyünçə var. Götürüb açır və içində xeyli pul olduğunu bilib, sadəcə miqdarını bilmək üçün sayır, sonra da bir məhlim yerdə gizləyir...

            Axşamüstü bir qoca hövlanak girir dükana və qaranəfəs halda deyir:

            -Ay qızım, burdan qəstumlux parça aldım, xeyir işimiz var, bir-iki dana-duna satmışdım, olub-qalan pulumu itirmişəm, sənin parça toplarının altında qalmasın ki?!

            Anam gülümsünür (Anam ha! Nə anası? O hələ gəncəcik qızdır!), deyir, ay əmi, nəxəntənə pul idi?

            -A qızım, bir qəstumlux parça, bir az da yer-yemiş almışdım, 750-nin üstündə ola-olmuya... –Kişi naümüd halda qıza baxır.

            Anam çıxardıb düyünçəni verir kişiyə, onun israrlı təklifinə baxmayaraq şirinliyini də qəbul etmir...

            Səhəri Ağdamın o vaxtkı rayon qəzetinin fotoqrafı gəlib iş başında anamın şəklini çəkir və beləcə, o qocanın tutuzdurmasıynan anam məşhurlaşır və bəlkə elə atam da onu bu qəzetdəki şəklinə görə tanıyır, sevir...

 

                                                                       ***

 

            Dayım gedib.

            Yerində Helsinborqda isti bir qurşaq yaranıb. O çərçivədəki şəkildən üstümüzə axan o istilik hər gün könlümüzü isidir, ruhumuzu sığallayır, məni mən, bizi biz olmağa səsləyir.

            Anamın süd qoxulu nəfəsi qayıdıb, barışıb mənimlə.

            ...Kim desə, İsveçdə oksigen çatışmazlığı var, inanmayın...

 

                                                                                                                      29.12.2024


-------------------------------------------------------------------------------------------------------

*Bədii əsər də insan kimidir. Doğum tarixi (beyində və ürəkdə) və yazılma anı (əvvəllər vərəqdə, indi isə kompüterdə) olur. Bu hekayənin də qəribə taleyi var. Vahid Qazinin kitabının bu yaxınlarda təqdimatında iştirak etmiş və bir esse yazıb saytlara vermişdim...

Elə bildim ki, Vahid Qazi ilə işimiz burada bitdi. Amma deyilmiş. Essedə yazdığım kimi “tale qohumluğumuz” olan biri ilə bir esse ilə canını qurtara bilməzmişsən...

Lap son günlərdə Vahidin öz anasının qızlıq şəklinin Sovet vaxtı Ağdam rayon qəzetində çap olunmasına dair statusunu və həmin şəkli feysbukda görüb üşəndim. İçimdə qəribə duyğular baş qaldırdı. “Necə tale qohumusan ki, öz anana roman həsr edirsən, Vahidin anasına – özü də belə anaya! – bir hekayə də qıymırsan... (“Özü də belə anaya” deyiminin izahı hekayədə var.)

O gecəni yata bilmədim. Beynimin ürəyimə ötürdüklərini səhərə yaxın tökdüm kömpüterin yaxasına. Oxuduğunuz hekayə belə yarandı. Düzdür, bir az qohumbazlıq eləmişəm, amma daha olan olub.

Bütün analara sevgi və sayqılarım sonsuzdur... (Müəllif.)

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ SARI SİMİ QIRILAN TAR...

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə