Han Kangın “Vegetarian” romanı və soyuq düşüncələrim
AZAD
QARADƏRƏLİ
SONUNCU NOBEL ÖDÜLÜ ALAN XANIM YAZIÇININ BİR ROMANI
BARƏDƏ FİKİRLƏRİM
(Han Kangın “Vegetarian” romanı və soyuq düşüncələrim)
Qanun
nəşrlər evinə hər dəfə yolum düşəndə (külliyyatım çap olunur, ona görə azı iki,
üç aydan bir ora gedəsi oluram) kitab satılan yerə də baş çəkir, yeni saydığım
kitab, yaxud kitablar alıram. Bu dəfəki kitab payım sonuncu nobel ödülçüsü Cənubi
Koreyanın (məhz Cənubi Koreyanın, nədən ki, Şimalın bəxtinə bədbəxtlik quşu
qonub – bizi ağ günə çıxardan kommunizm indi orada tüğyan edir) adını tarixə
yazan Han Kangın “Vegetarian” romanını oldu.
Əlimdə
çox vacib bir yazı vardı. İki aya yaxın müddətdə başqa iş görmədən yalnız ona
vermişdim enerjimi. Düzdür, əsərin sonlarında idim, amma araya xırda-para işlər
girsə də, köhnə vərdişimə görə heç nə oxumurdum ki, fikrikm yayına bilər...
Di
gəl, hər dəfə iş masamda yaxın yerə qoyduğum bir neçə oxunası kitabın üstündə
dayananda söz etdiyim kitab qadını səslə deyirdi ki, oxu məni!..
Yalnız
yorulandan sonra o kitabı əlimə alıb gündə beş-altı səhifə oxudum. Deyim ki, vərdişim
pozulsa da, kitab əlimdəki işimə mane olmadı. Həm də işdən ayrılanda oxuyurdum
axı.
Kitab
niyə məni çəkdi?
Birincisi,
Koreya xalqının ailə, məişət ənənəsini mənə göstərə bildi. (Mən bunu vacib
sayıram: Parisdə olmağı çox arzulasam da, bu hələ ki, gerçəkləşməyib, zira mən
başqa bir Parisi çoxdan gəzmişəm – Hüqonun “Səfillər”inin müşayəti ilə.)
İkincisi,
onların da it ətini ləzzətlə yediyini bildim – bunu təhqir-filan kimi yozmamaq
lazım, bu da o xalqın bir məişət nümunəsidir.
Üçüncüsü,
bu xalqda da ailə bağlarının möhkəm olduğuna inandım ki, bu məni sevindirdi.
Çünki həmişə bu fikirdə olmuşam ki, bəşəriyyətin yaşam nöqtəsi ailə
institutudur. Allah eləməsin, haçan dünyada ailələr dağılacaq, onad bəşəriyyətin
ölüm siqnalı veriləcək...
Nə
yazıq ki, bütün şərq xalqları kimi onlarda da kişi mərkəzçiliyi hökm sürmədə.
Onlarda
da ailənin bağı uşaqdır...
...Hadisələrin
mərkəzi Yonqhe adlı qadının başına gələnlərdir. O bir gün başını qaldırır və
görür ki, ət yemək istəmir. Daha doğrusu, gördüyü yuxular buna rəvac verir...
İşə
bax ki, bir insanın verdiyi qərara nə əri, nə ata-anası, bacı-qardaşı, hələ üstəlik
ictimaiyyət də hörmət etmir. Hər kəs ayağını dirəyir ki, biz ət yeyirik, Yonqhe
də yeməlidir!
Hətta
atası əti güclə qızının ağzına soxur. Yemədikdə ona sillə vurur. Yonqhe isə nəinki
ət yemir, hətta bütün bu etirazlara rəğmən, intihara əl atır.
Ah,
intihar! Sən zəiflərin yeganə sığınacaq yerisən!
***
Buracan
yazdıqlarım hər hansı bir yaxşı yazıçıda rast gəlinən məsələlərdir.
Əslində,
məni bu kitaba və onu yazan Han Kanga bağlayan çox əlahiddə bir məsələ idi:
xanım yazar cəsarətli bir naturalistmiş! Bizim kişi yazıçıların qorxaraq işlədə
bilmədiyi söz və kəlmələri, qapalı situasiyaları, sevişmə səhnələrini romanında
həzzlə verə bilir...
Qabaqcadan
onu deyim ki, bu yazı ədəbiyyat biliciləri, müasir ədəbiyyatın a-b-sindən xəbərdar
olanlar və hazırlıqlı oxucular üçündür. Ona görə də, mənim üç cildlik
“Renessans həsrəti” kitablarımdan, habelə romanlarımdan xəbərdar olmayanların
oxumaması lazım...
Yazıçı
insanı ağzı bağlı bir sandıq kimi təqdim edir. Bu sandığa açar sala bilməyənlər
onunla məhtab olmamalıdır. Əksinə olsa, onda faciə törəyə bilər. Necə ki, törəyir.
Yonqhe
onu qətiyyən dərk etməyən biri ilə ailə qurub. Halbuki bacısının həyat yoldaşı
olan sənətçinin - rəssamlığın video ilə birləşməsindən yaranan yeni sənət növü
ilə məşqul olan birisi ilə onunku daha yaxşı tutur. Hətta onun modeli olmaq təklifini
qəbul edir. Hətta...
Hətta
onlar sevişirlər və bu onların faciəsinə çevrilir. Çünki şərqli təsəvvüründə
tabu olan qaydaları pozmuşdular.
Nəticədə,
Yonqhe dəlixanaya düşür, bacısının əri olan sənətçi isə, sadəcə yoxa çıxır,
qeyb olur desək, daha düz olar.
Yonqhenin
yanbızında uşaqlıqdan monqol ləkəsi* varmış. Və bu ləkə model olarkən bacısının
ərinin ağlını başından alır. Bu ləkə həm də sirli birisinin bağlı sandıqdakı
bilinməzliklərindən xəbər verir. O sandığa açar sala bilməyənin əlində o sandıq
da, onun sirri, sehri də heç olur...
Zənnimcə,
bu “monqol ləkəsi” anlayışı məşhur “ağ qarğa” ifadəsinin, bir növ başqa tərzdə ədəbiyyata
gətirilməsidir. Başqaları kimi ola bilməyən, seçilən və buna görə də cəzalandırılan
qəhrəmanın kodunun müəllif tərəfindən deşifrə edilməsidir.
Yazıçı
xanım insan bədəninin gözəlliyini qələmlə yarada bilməyin ustasıdır. Zənnimcə,
bu naturalist düşüncə bəşər övladının nicatıdır.
İnsan
oğlu zövq ala biləcəyi gözəlliyə deyil, qarnını və cibini dolduracağı rəzilliklərə
əyilir.
Halbuki
insan oğlu zaman-zaman təbiətə - bulağa, gülə, meyvə ətrinə, quş səsinə və... və
təbiətin ən gəzəl varlığı qadına əyilib...
Nə
yazıq ki, bu gün insan oğlu əyilə biləcəyi bütün varlıqları məhv etməklə məşquldur...
Bu
dünyanı xilasın yolu qadından – dişidən keçir.
Ətyeyənlər
bunu anlamasalar, öz sonlarını gətirəcəklər...
***
Əsərdə
bir yuxu reallığı da qırmızı xətlə keçir. Yuxu, əslində bizim düşündüyümüz kimi
gecənin cızdığı xəyali bir təsvir deyil. Yuxu (yuxu görmə) gündüz edə bilmədiklərimizin
əksidir. Yuxu, həm də bir avantüradır – insan oğlu bunun hüdudlarını cıza
biləndə sənət, bilməyəndə faciə baş verir. Sənətlə faciə iç-içədir. (Əlbəttə,
əsərdən bu nəticəni adi oxucunun çıxara bilməsi, bir qədər müşkül ola bilər.
Zira təhtəlşüura qısılan insan ağlını işlədə biləndə güclü olur. Kursivlə
verdiyim iki cümlə təkcə əsərdən çıxardığım nəticə deyil. Bu fikir mənim öz
duyğularımdan qaynaqlanır – qəddini düzəldib iki ayaqla gəzən insan, əmək aləti icad edən, ev tikə bilən, ailəni
yaradan, sözü icad edən, yazını kəşf edən insan, mənə görə avantüristdir – rəssamdır,
yazıçıdır, bəstəkardır və alimdir, çünki o yuxunu reallığa çevirməyi bacarıb!)
Əsərdə
bir sonsuzluq da duyulur – şaxtalı havada zəif gün işığı süzülən kimi.
Yonqhenin ölə bilməməsi insan sonsuzluğunun göstəricisidir. Bacısı oğlu Siu qəribə
yuxu görür:”...Səmaya baxdım. Bir quş uçurdu. Quşun “Anan mənəm...” dediyini
eşitdim.”
Belə
sonsuzluğa, bəzən Borxes sonsuzluğu da deyirlər. İnsan heç vaxt ölmür. Sadəcə,
bizim göz yaddaşımızdan silinir, duyğularımızın hafizəsində isə quş kimi də
olsa yaşayır.
***
“İnsanın
xislətində öldürmək, dağıtmaq instinkti mövcuddur” deyən Lyosa necə də haqlı
idi. Ətyeyənlərin ət yemədiyi üçün öldürdükləri Yonqhe dişi dünyanın bir müdafiəsiz
nümunəsidir. Sən səni doğanı – ananı (bu, həm də böyük mənada dünyadır!) sənin
kimi düşünmədiyi üçün öldürməklə özünü də, ailəni də, cəmiyyəti də, elə dünyanı
da öldürürsən...
“Vegetarian”
qadın haqqında nəğmədir.
Bu
nəğməni hər kəsin oxuması gərək...
04-14.12.2024
------------------------------------------------------------------------------------
*Göyümtül ləkə olaraq insanın bel və
arxa nahiyyələrində rast gəlinir. Bu, əsasən melamin piqmentinin derma qatına
yığılması ilə əlaqədardır. Bu adın verilməsi, əsasən ilk dəfə monqol
uşaqlarında aşkarlanması ilə əlaqədrdır.
Yorumlar
Yorum Gönder