AZAD QARADƏRƏLİ CÜMHURİYYƏT QİYBƏTÇİLƏRİNƏ BƏDAHƏTƏN CAVAB Hekayə
AZAD QARADƏRƏLİ
CÜMHURİYYƏT QİYBƏTÇİLƏRİNƏ BƏDAHƏTƏN
CAVAB
Hekayə
Professor Nəsib Nəsibliyə
Ömrünün gənclik illəri Sovet dövrünə düşdüyü üçün
özünü şanssız adam sayırdı.
“Neynəmək olar? Valideynlərini, bunun ardıncan
milliyyətini, dinini və doğulduğun ölkəni seçmək hüququn yoxdur. Demək, hər bir
adamı doğuluş anında şanssızlıq gözləyə bilər. Qalır, sonrakı mərhələdə mübarizə
aparıb, sənə sırınanlardan canını qurtarasan, tamam ayrı bir yol seçəsən. Bu da
hər adama müyəssər olmur... Ağır, üzücü bir yol var qarşında...” (Onun sonralar
yazacağı əsərlərindəndir bu sətirlər.)
Orta
məktəb illərində, ali məktəbə imtahan verəndə, imtahandan kəsilib bir il Bakıda
fəhlə işləyəndə, elə ali məktəbdə oxuyanda da onun həyatı rəvan keçməmişdi. Hər
dəfə bir müəllimlə, yaxud bir vəzifəli adamla aralarında mübahisə düşür, təhqir
olunduğu üçün cavab qaytarırdı ki, bu da onun həyatında silinməz iz qoyurdu. Ən
başlıcası isə mövcud quruluşa qarşı nifrəti daha da artırdı.
Heç
yadından çıxmır. Səkkizdə oxuyurdu. Tarix müəllimi Stepan Razindən danışarkən
Razini bir qəhrəman, çarizmə qarşı amansız mübariz kimi nümunə göstərəndə o da
yerdən fəxrlə dillənmişdi:
-Qaçaq
Fərzalı kimi...
Pəh!
Müəllim itin başını almışdı ağzına, babasının sözü olmasın.
-Nə?!
Qaçaq Fərzalı?! O qəhrəman deyildi, bandit idi! Sovet hökümətinə qarşı
vuruşurdu. Bunu sənə kim öyrədib?! Babanmı?! Elə sənin baban da onun quyruğu
idi... Svolıç köpəy uşağı! Ünsürlər! Kraxoborlar! Kulaklar!...
Daha
nələr demədi o tarix müəllimi?!
Oğlan
qulaqlarınacan qızardı. Və müəllimdən intiqam almaq üçün fürsət axtardı.
Növbəti
dərsdə məktəbin xidmətçisi Gülnaz arvadın həyətdə otlayan hindüşqalarının qəttəzə
poxunu dəvədabanı yarpağının arasına bükmüş, gətirib qoymuşdu müəllim stulunun
üstünə. Qoca tarix müəllimi gəlib stula çökən kimi Sədrəddini çıxartmışdı ki, dərsi
danışsın. Sədrəddin də itoynadanın biri idi, dərs danışmaq əvəzinə pıqqıldayıb
gülmüş, kişini şübhələndirmişdi. Yəqin ki, yavaş-yavaş adamın yuxa yerinə
yayılan hündüşqa nəcisinin qoxusu da onu vurduğundan tez ayağa qalxıb əli ilə
dalını siləndə əli nəcisə batmış, “bıy sizin nəslinizin ağzını...” deyib,
dalısını gətirmədən çıxıb müəllimlər otağına getmiş, az sonra direktorla
qayıtmışdı. Və elə ilk həmlədə onun qulağından yapışıb qabağa çıxartmış və
bağırmışdı:
-Vot,
vot, bu kulak balası eliyib, əlimin içi kimi bilirəm! – demişdi.
Direktoru
da gülmək tutmuş, onu tarix müəlliminin əlindən almağa çalışaraq demişdi:
-Əşi,
bu yazıq hardan kulak balası oldu?! Kasıb ailənin uşağıdır axı... Özü də, a
kişi, altmış səkkizinci ildi e, indiyə kulak kalar?!
Direktorun
soruşdurmasına elə də ehtiyac qalmadı. “Kulak balası” hər dəfə “5” alanda “4”-dən
artığına gücü çatmayan Qara Durna əlini qaldırıb o nəcisi stula onun qoyduğumu
dedi.
Direktor oğlana bir yağlı sillə çəkib çıxıb getdi.
Dərsdən
sonra müəllimlər otağında məhkəmə quruldu. Tarix müəllimi dirəşmişdi ki, bu
“kulak balasını” məktəbdən qovmaq lazımdır. İnsafən direktor tərəfini tutdu:
-Qovaq
deyirsiniz, qovaq. Amma bir iş də var axı... Səhər-birisüyün tur olacaq rayon mərkəzində...
Bu uşağı qovsaq, kimi göndərəcəyik olimpiadaya? Genə bu gedib üzümüzü ağ
eliyir...
Beləcə,
ona şiddətli töhmət verməklə kifayətləndilər...
***
İnstitutda
oxuyanda partiya tarixi fənnindən “4” aldı. (Bunun da kökündə ayrı mətləb
dayanırdı. Təzəcə yazmağa başladığı ilk
hekayələrindən birində dəmir yolları ilə böyük vaqon-çənlərdə daşınan
Bakı nefti barədə yazmışdı və o yazını oxuyan müəllimlərindən biri müəllimlər
otağında onun hekayəsini tərifləmiş, üstüörtülü şəkildə o vaqon-çənlərə də işarə
vurmuşdu. Və mühazirə zamanı həmin partiya tarixi müəllimi “bəzi antipartiya
mövqeli tələbələrin ağzına gələni yazmasından” ötəri bəhs etmiş, bunu trotskiçi
elementlərin təsirinə düşmək adlandırmışdı. Sonra da həmin qoşa saatda tamamən
Trotski və trotskiçilərdən danışmış, onun antisovet fəaliyyətini öz aləmində ifşa
etmişdi. Gənc “yazıçı” Trotskinin balta ilə öldürüldüyünü getdiyi ədəbiyyat dərnəklərində
eşitmişdi – düzdür, hələ Sovet rejiminin dağılacağı günə azı 20 il vardı, amma
artıq imperiyanın sütunları laxlamış, 15 respublikanın hamısında aydınlar
imperiya siyasətinə qarşı əsərlər yazmış, çıxışlar etməyə başlamışdılar ki, bu
da Azərbaycandan da yan keçməmişdi - və yataqxanaya qayıdan kimi “Vaqon-çənlərdə
daşınan ruhumuz şəkli” cümləsini işlətdiyi hekayəsinin yeganə əlyazmasını
yandırmış, qorxudan həmin gecə xəstələnmiş, qızdırması qalxmış, dodaqları
uçuqlamış, xəstəxanaya düşmüşdü.)
Ali
məktəbdə oxuduğu illərdə yeganə “5” almadığı məhz həmin partiya tarixi fənni idi.
Qalan bütün imtahanlardan qiymətləri “əla” idi. Əslində, o bu fənni heç
sevmirdi. Evlərində babası, nənəsi
dayıları Qaçaq Fərzalını, onun bacısı oğlu Saleh kişini tarix müəllimi
demişkən, “vraq narod” çıxartmışdılar. Fərzalını güllələmiş, Salehi isə
Qazaxıstana sürgün etmişdilər. Babasıyla nənəsi oturub-durar, Stalinə, Sovet
hökümətinə söyərdilər...
O
həmin fəndən “4” almağı hələ öz aləmində artıq hesab edirdi...
Həmin
partiya tarixi fənnini keçən müəllimin
çuğullaması ilə az qala institutdan qovulacaqdı...
(“Təqaüd
alan günü yığışıb bir balaca məclis qurmağımız vardı. Bir dəfə də belə bir gündə
yeyib-içmiş, tərslikdən dərsə getmişdik. Və mən dərsdə şuluq salmışdım. Məsələ
böyüyüb rektoracan gedib çıxmışdı... Hətta qovulmaq əmrim də hazırlanmışdı.
Yaxşı ki, dekanımızın işə qarışmasıyla məsələ həll olunmuşdu. “Bu uşaq fakültənin
üzünü ağ eləyir. Əlaçıdır. İndi bir səhvdir, olub. Gəlin bir töhmət verək,
bağışdayaq” demişdi. Əlbəttə, yazıq anamın da nə qədərsə rüşvət verməsindən
sonra qovulmaqdan xilas olmuşdum... Və sonradan bilmişdik ki, partiya tarixi müəllimimiz
də o kafedə imiş və bizim yeyib-içməyimizi o dekan müavininə xəbər verib.” Bu sətirlər
də ordandı.)
***
-Biz
“Türkçülük çalışmaları” adlı bir konfrans düzənləmişik. Düzdür, əsasən,
iştirakçılar tarixçilərdir, amma sizin kimi aydınların da oarada iştirakı və
çıxışı bizi məmnun edər...
Əski
tarixçi dostlardan idi zəng edən. Çox mədəni, yer bilən, sözü vaxtında, yerində
deyən, savadlı və vicdanlı tarixçilərdən idi. Üstəlik də, reputasiyası kirlənməmişdi
bu illər ərzində. Belə zamanda belə təmiz qala bilmək hər adamın hünəri deyil.
Hər mənada bu adama simpatiyası vardı. “Axı mən tarixi mövzularda yazmıram...” sözünü
dilindən qaytardı və razılaşdı.
Əvvala,
sırf tarixi romanlar yazmasa da, bir çox romanlarında paralel mövzulara –
tarixi mövzularla müasirliyin qarşılaşdırılmasına cəhdlər etmişdi və deyəsən,
pis də alınmamışdı. İkincisi isə, bəzi hekayələri var ki, sırf tarixi mövzular
üzərində qurulub; düzdür, onlarda da müasirlik elementləri var, amma hər halda
o mətnlər birbaşa Mahmud Kaşğarlının, Əli bəy Hüseynzadənin, Bəkir Çobanzadənin
və bu kimi türçülük fədailərinin gizli qalmış həyat dəftərlərini oxucularla
birgə vərəqləməyə çalşmışdı...
Hətta
və hətta Rəsulzadəyə, Elçibəyə ayrıca kitab həsr etmişdi... O hekayələr
kitabının oxucusu az olsa da, o azlara görə və o hekayələrə görə özünü çox
şanslı hesab edib həmişə...
***
...Konfrans
bir özəl universitetdə keçiriləcəkdi. Bura getmək onun üçün bir qədər namünasib
olsa da, söz vermişdi, getməliydi. Üstəlik, bir neçə gününü sərf etdiyi on beş
səhifəlik məruzəsi də vardı axı...
Bu
universitet ölkənin ilk özəl ali məktəblərindən idi. Radioada çalışdığı illərdə
bir neçə dəfə burada olmuş, həm rektordan, həm tələbələrdən müsahibə almış,
verilişlər hazırlamışdı. Sonra elə oldu ki, universitetin nəzdində orta məktəb
də açıldı və bu məktəbin şagird və müəllimləri onun verilişlərinin daimi
iştirakçıları oldular...
Amma
və amma! Haqq sözün qulu olduğu üçün həmişə başı ağrıyan bu adam yenə düz sözün
güdazına getmişdi...
“Gözüm
saytların birində qəribə elana sataşdı. Daha doğrusu, elandan çox xəbərə
oxşayırdı. Nə yazıq ki, indiki saytların çoxunda xəbərlə elanı qarışıq
salırlar. Nə isə, orada yazılırdı ki, İstanbulda Azərbaycan ədəbiyyatına dair
konqres keçirilib. Konqresdə filankəs şeir mövzusunda, bəhmənkəs roman
mövzusunda, həmin bu özəl universitetin rektoru isə Azərbaycanda hekayə
mövzusunda məruzə edib...
Gözlərimi
ovuşdurub, yazını bir də oxudum. Tam tamına belə idi!
Ay
başına dönüm, bu rektorla salam-kalamım olsa da, onun niyə belə bir iş
tutduğunu anlaya bilmirəm?! Sən riyaziyyat üzrə alimsən, bir özəl universitetin
yaradıcısısan, düzdür, hərdən şeir-zad da yazırsan, amma bu axı hekayədir! Sənin
hekayə ilə nə işin var?! Orada deməzlərmi ki, niyə atın qabağına sümük, itin
qabağına ot qoymusunuz?!
Mən
nadinc adamam, ay balam!
Mən,
hətta mənə min dəfə yaxşılıq eləmiş bir adamın böyük günaha batdığını gördümsə,
dözmürəm, onun o günahını üzünə vururam...
Beləcə,
götürüb yazdım ki, bu sonuncu məlumatı oxuyub sarsıldım. Əcəba, Anadolulu türkləri
deməzmi ki, sizin ölkədə hekayəni anlayan bir ədəbiyyatşünas, ya da elə bir
hekayəçi yazar yoxdurmu ki, riyaziyyat aliminə belə əziyyət vermisiniz?!
İndi
mən bu universitetə gedərkən o rektorla üz-üzə gələndə nə edəcəyəm? Mənə nə var
ki?! Heç nə olmamış kimi davranaram, bəs o? O da bu cür davranacaqmı?
Bax,
mənim həyatda belə şanssızlıqlarla boğuşmağım var...” (Yenə və yenə də orada!)
***
“...Söz ona veriləndə əvvəlcədən yazıb
hazırladığı məruzəsinə baxmaq üçün gözlüyünü taxmaq istəyəndə gözü zalda əyləşən
bir tarixçini aldı. Son vaxtlar bu adamın cümhuriyyətçilər əleyhinə söylədiyi əyiş-üyüş
fikirlər yadına düşdü və məruzəsini bir kənara qoyub əsəbi halda bədahətən çıxışa
başladı:
“-Adını tarixçi qoymuş bir Qafar Vasifov var,
tarixdən danışanda bizim çayparanın təndirüstü söhbətlərini eləyən küpəgirən
qarılar kimi qiybətə daha çox üstünlük verir, nəinki elmə. Elm də deyirəm,
bizim tarix elmi hələ ki, elm olub elmlərə qoşula bilməyib, ondan ki, daim
ideoloji basqı altında olan bu “elmi” yaradan alimi-biəmllər yazıblar ki, guya
onların anası öz ataları ilə deyil, qeyri millətlərdən olan atalarla
yatıb-durub ki, o zina əməldən də onlar kimi bic-vələdizina tarixçilər doğulub.
İndi bu adı ağıza almalı olmayan qiybətçi
də, təxminən o bic-vələdizinaların züyünü tutur. Bu yerdə rəhmətlik dostum
Eldar Baxışın misraları yadıma düşür:
Baxıram
eləcə zoğallayırsan,
Keşiş
zurna çalır, sən də keşişin,
Qara
zurnasını sığallayırsan...
Hə.
Bir məsələ qaldı. Atanın üzünə ağ olan oğulları qədimlərdə məmləkətdən
çıxardardılar ki, başına qurd-quş yığışmasın, ya da gözünə mil çəkər, bir
zindan küçcünə atardılar. Çünki öz halal atası ola-ola əcnəbi ata axtaranların
ar-namus qanmadığını yaxşı bilirdilər.
Tarix
elmimizin saqqalsız ağsaqqalları İdrar Sasanov bizi cənuba, Feliks Medvedyev
şimala çəksə də, bizim bir ağırlıq mərkəzimiz var – türk oğlu kimi, Qafqazın
aborgen əhalisi kimi min illərdir, burdayıq! Şimalda isə Dərbəndimiz, Cənubda Təbrizimiz
var.
19-cu
əsrin böyük qəzəlxanlarından olan Təbriz əhli Əbülhəsən Racinin bu misraları Rəsulzadəni
söyməklə pul qazananlara cavabdır sanki:
Hücümi-əşkə
çeşmimdən qəmim yoxdu fərağında,
Mənə
neylər bu daşqın, sel, ki dərya tək kənarım var.
Sonda bunu da deyim. 100 ildir Rəsulzadəni Azərbaycan türkü millət atası
kimi qəbul edibsə, sənin kimisinin vəzəriyyət oxuması olsa-olsa arı vızıltısına
bənzər...”
Gurultulu
alqışlar salonu bürüdü. Baxdı ki, əl çalanlar ön sıradakı qocaman tarixçilər
deyil, orta və arxa sıralarda əyləşən tarix fakültəsinin tələbələridir. Hər
zaman tarixə “ölü elm” deyən yazıçı, nəhayət bu elmin də əsl sahiblərinin gəldiyini
və onların həmin ölü elmi dirildəcəklərinə əminlik hissi ilə gülümsündü, üstündə
iri hərflərlə “CÜMHURİYYƏT SEVDALILARI” yazılmış məruzəsini konfransın katibliyinə verib
salondakı yerinə qayıtdı.”
11.01.2025.
Yorumlar
Yorum Gönder