AZAD QARADƏRƏLİ ƏDƏBİYYAT VƏ İDEOLOGİYA (“Renessans həsrəti” silsiləsindən)
AZAD
QARADƏRƏLİ
ƏDƏBİYYAT VƏ İDEOLOGİYA
(“Renessans həsrəti” silsiləsindən)
Uzun
illər bu fikir dartışmalara səbəb olub: ədəbiyyat ideoloji olmalımı, olmamalı?
Olmalısa,
bu onun ayağını buxovlamazmı?
Olmamalısa,
onda azad olmayan ölkələrdə, yaxud qismən azad ölkələrdə ədəbiyyat adamının
yaşam tərzi zor omazmı? Bütün maliyə rıçakları onların əlində ikən yazıçı neçə
yaşayacaq? Harada işləyəcək? Əsərlərini nə ilə çap etdirəcək və sair...
(Bir
gənc vardı. Çox istedadlı idi. Həm bədii, həm elmi təfəkkürə sahib idi. Amma mənə
görə, onun elmi təfəkkürü daha öndə idi. “Yazı”da hekayələrini çap etsəm də,
daim deyirdim ki, sən get, magistraturaya gir, elmi yazılar yaz, müdafiə et,
özünə bir gün ağla. Üstəlik, yeni nəslin də qoy ədəbiyyatşünası olsun...
Gənc
məni eşitdi. Magistr olan kimi onu bir ali məktəbdə işə aldılar. Sonra qulağına
nə dedilərsə, mənimlə əlaqəni tam kəsdi. Zənnimcə, düz etdi. Axı mən ona iş
yeri verə bilməzdim. Onun yazdıqları sırf ideoloji olacaqsa da, zənnimcə
yaşaması üçün təminat verəcək...
...Bilirəm
ki, ürəyim ayrı şey deyir. Amma başqa yol isə görünmür. Bəlkə gələcəkdə daha
yaxşı bir zaman gələcək və bu kimi gənclər işlədikləri idarələrdə ideoloji
basqıya məruz qalmayacaqlar... Onda müstəqil ədəbiyyat da yaranacaq.
Hal-hazırda belə bir şey hələ ki, yox kimidir... Yaxud əlin barmaqlarının sayı
qədərdir...)
Həmişə
bu fikirdə olmuşam ki, ədəbiyyat adamı müstəqil olmalıdır, o dərəcədə ki,
yazıçı əsər üzərində işləyərkən basqı hiss etməməli, yazdığı əsərini, yaratdığı
obrazlarını hansısa ideoloji xəttə uyğunlaşdırmamalıdır. Hətta məcburən, yaxud
tapındığı bir ideologiyaya xidmət edərkən belə elə əsərlər yaratmalıdır ki,
bütün zamanların sınaqlarından çıxa bilsin – o əsərlərin bədii məziyyəti elə
olsun ki, həmin ideoloji xətti kölgədə qoymuş olsun...
Bu
mövzuda müzakirə apararkən iki dahinin həyat tərzinə nəzər yetirmək istərdim:
Füzuli və Nazim Hikmət.
Füzuli
islam dininin ən yüksək səviyyədə olduğu bir yerdə - Bağdadda yaşamış,
yazıb-yaratmışdır. Alimlərin fikrincə, əsərlərində məhəbbət, qadın gözəlliyinin
vəsfi üst səviyyədə olsa da, bu, bizim başa düşdüyümüz sevgi-məhəbbət olmayıb, əslində
İslamın ən böyük şəhidlərindən sayılan İmam Hüseynin vəsfidir. O “heyrəy ey
büt” dedikdə belə İmam Hüseyni nəzərdə tutmuşdur. İmam Hüseynin məqbərəsində
mücəvir olması, onun ayağının altında dəfn olunması da bunu təsdiqləyir...
Amma
və yenə amma!
Füzuli
kimi vəsf edir etsin, onun qəzəllərində, qəsidələrində və poemalarında (xüsusən
“Leyi və Məcnun”da) bir aşırı aşiqlik var ki, bütün aşiqlər orada öz dərdinə dərman
tapa bilər. Bundan əlavə, Füzulinin əsərlərindəki ədəbi, bədii səviyyə o dərəcədə
yüksəkdir ki, bütün edeoloji, teoloji tələblər ondan qat-qat aşağıdadır.
Olsaydı
məndəki qəm Fərhadi-mübtəladə,
Bir
ah ilə verərdi min bisituni badə, -
deyən böyük ədib,
doğrudan da bütün zamanların sınağından çıxa bilmiş, hətta bu gün belə qüdrətli
qələm ustası kimi çoxlarına örnəkdir...
Füzuli
nəinki zəmanəsinin bütün şairlərinin, hətta mübtəlası olduğu İmam Hüseynin belə
fövqündə dayana bilmişdir...
Nə
yazıqlar ki, şair bütün qəlbləri fəth edə bilsə də, zamanın hökmdarından ona
çatacaq 9 axçanı bu günəcən ala bilməmişdir...
Nazimə
gəldikdə isə, zaman o zaman olmasa da, yəni arada 500 iləcən fərq olmasına rəğmən,
ciddi bir dəyişiklik görmək olmur.
Nazim,
eynən Füzuli kimi özünü könüllü surətdə bir ideologiyanın – kommunist
partiyasının ixtiyarına vermiş, dünyanın gələcəyini onda görmüşdür.
Şair
kommunizmin çəmbərində olsa da, bu, Nazimə möhtəşəm əsərlərini yaratmaqda mane
ola bilməmişdir. Hətta bəzən, pafosa yaxa verməli olsa belə, onun misraları öz
bədii gözəlliyini itirməmişdir:
Hava qurğuşuntək ağır...
Mən deyirəm ki, ona:
- Kül olaydım
Kərəm kimi
yana-yana...
Mən yanmasam,
sən yanmasan,
biz yanmasaq,
necə çıxar
qaranlıqlar
aydınlığa...
O
da maraqlıdır ki, nümunə gətirdiyimiz şeirdə Nazim Füzulini öz misraları ilə
xatırlamışdır:
“Dərd çox, həmdərd yox...”
Təəssüf
ki, Sovet dövründə yaşayan şair və yazıçılarımız Füzuli və Nazim kimi özləri o
ideologiyaya könül verməmiş, sadəcə, yaşamaq forması kimi kommunizmi fəsf
etmişlər... (Bu barədə İlyas Əfəndiyevin “Xəzər” dərgisinə verdiyi müsahibədəki
etirafını “İlyas Əfəndiyev və Məmməd Aran” adlı yazımda misal gətirmişəm: “...çox
təəssüflənirəm, onda gərək mən də Məhəmmədlə (Məmməd Aranın Türkiyəyə qaçmasını
nəzərdə tutur) çıxıb gedəydim. Onunla getmiş olsaydım, orda azadlıqda yazardım,
istədiyimi də yaza bilərdim. Amma burda ürəyimizdə olan əsl mətləbi, əsl dərdləri
yaza bilmədik, yazdıqsa da yarımçıq qaldı. Hisslərimiz elə bil içəridə qaldı,
tamamilə ortaya çıxa bilmədi. Yalançı romanlar, yalançı şeirlər içərisindən baş
qaldırıb əsl həqiqəti demək çətin idi...”)
...Mən
Sovet dövrünün guruldayan çağlarını da gördüm (68-78-ci illər), dağılmaq üzrə
olduğu zamanları da (80-90-cı illər). Nə gizlədim, bəlkə 15-20 il əvvəldə, yəni
50-60-cı illərdə yaşasaydım, mən də yazılarımda Lenindən, partiyadan bəhs edər,
ideoloji səpkili əsərlər yazardım...
Şükürlər
olsun ki, bu acı taleyi yaşamadım.
Əlimə
qələm aldığım gündən bu vaxtacan yazdıqlarımla qürur duyur, heç kimin, heç nəyin
aludəçisi olmadığımla fəxarət hissi keçirirəm. Düzdür, bütün bunlar mənə böyük
“itkilər” hesabına başa gəlib, amma kiminsə yanında gözükölgəli olmamağıma zəmin
yaradıb...
Həyatımın
son dönəmlərini yaşayaıram və ümid edirəm ki, bu işıqlı dünyaya da rahatlıqla əlvida
deyəcəyəm...
Allah
heç kimi, xüsusən ədəbiyyat adamını, heç kimin yanında gözükölgəli etməsin.
Amin.
26.01.2025
Yorumlar
Yorum Gönder