AZAD QARADƏRƏLİ İkinci* yazı – roman haqqında roman

 

AZAD QARADƏRƏLİ




  



 Nəsr: hekayə və roman yaradıcılığı

İkinci* yazı – roman haqqında roman

 

 

            ROMAN NİYƏ YAZILIR?

 

            Roman niyə yazılır?   Bu qədər bəsit və amansız yanaşma. Əlbəttə, burada bir az yumor var, bir az ilişmək var, bir az da elə sözün düzü var...

            Romanı kimlər yaza bilər? Cavabım çox sadədir: roman yaşamayan, ən azı orta cizgini – qırxı keçməyən çətin ki, roman yaza bilsin.

            Bu qırx məsələsini elə-belə gəlişigözəl demədim ki. Qırx insanın insan oluşudur: qırxı çıxan uşaq insanlıq aləminə qədəm basır. Deyirdilər ki, qırxa düşmüş tüfəngi qırxdan çıxartmasan, çətin ki, düzgün atsın... (Bu uzun hekayədər. Bilənlər bilməyənlərə öyrədər.) Qırxı çıxmış ölənin min ilin ölüsündən fərqi olmaz...

            Roman, zatən bu yuxarıda yazdıqlarımın içində gizlənən koddur həm də. Hə, romanın kodu var. Təbii, mən romandan danışıram. 150 ildir Rusiya “Hərb və sülh”ün kodundan çıxa bilmir. Amerika isə Folkner kodunu heç vaxt dərk edə bilməyəcək – yoxsa niyə dünya gücü olmaqda davam etsin ki?!

            Əfqanıstan isə .... kodunu tez “anladı” – dünyəvi dövlət əvəzinə əl-üzünə bulaşdırdı...

            Azərbaycanın kodu isə ilk mükəmməl romanımız olan “Əli və Nino”da gizlənib...

            Neçə ki, o kodu açıb oxumayacağıq, neçə ki, Şərqin və Qafqazın ilk respublikasının yolunu tutmayacağıq, bizim də hər mənada romanımız yarımçıq olacaq...

 

            MİRZƏ FƏTƏLİNİN CIĞIRI İLƏ

 

            O kişi hər mənada bizim atamızdır. Təkcə ədəbiyyatda deyil, elmdə, sənətdə (dramı həm də sənət –incəsənət kimi qəbul etsək), fəlsəfədə və yaşam tərzində belə ustadımız, mənəvi ağsaqqalımızdır. O olmasaydı, Zərdabi olmazdı, Zərdabi olmasaydı, “Əkinçi”, “Əkinçi” olmasaydı 19-un sonu, 20-nin əvvəlindəki maarifçilik hərəkatı, inqilabi-demokratik düşüncə, Sabir-Mirzə Cəlil tandemi, “Molla Nəsrəddin” olmazdı... onlar olmasaydı, Əhməd bəy Ağoğlu, Əli bəy Hüseynzadə olmazdı, onlar da olmasaydı M.Ə.Rəsulzad və Cümhuriyyət olmazdı... Cümhuriyyət olmasaydı, “Əli və Nino” olmazdı...

            “Aldanmış kəvakib”dən “Əli və Nino”yacan böyük bir yol keçən Azərbaycan türkü Cümhuriyyət üstündə Azərbaycan SSR-i “qursa” da, uzun zaman “Əli və Nino” üstündə bir roman qura bilmədi. Azərbaycan SSR saxta cümhuriyyət olduğu kimi, onun yazdırdığı romanlar da saxta və yalan üzərində qurulmuş roman-maskarad idi.

            Həqiqi romançını – Yusif Vəzir Çəmənzəminlini məhv edən rus qurğusu Azərbaycan SSR həqiqi romanın yaranmasına imkan vermədi...

            Mərhum İlyas Əfəndiyev “Xəzər” dərgisinə verdiyi müsahibəsində bunu etiraf etmişdi:

            “...çox təəssüflənirəm, onda gərək mən də Məhəmmədlə (Məhəmməd Aranın Türkiyəyə qaçmasını nəzərdə tutur) çıxıb gedəydim. Onunla getmiş olsaydım, orda azadlıqda yazardım, istədiyimi də yaza bilərdim. Amma burda ürəyimizdə olan əsl mətləbi, əsl dərdləri yaza bilmədik, yazdıqsa da yarımçıq qaldı. Hisslərimiz elə bil içəridə qaldı, tamamilə ortaya çıxa bilmədi. Yalançı romanlar, yalançı şeirlər içərisindən baş qaldırıb əsl həqiqəti demək çətin idi...”

            Mən bu duyğularımı “Əllidən bir kəm” romanımda ifadə etmişəm. Düzdür, böyük bildiyim, hətta hər mənada ustad sandığım bir yazıçı (ömrü uzun olsun) həmin romanı oxuyub, xeyli pərt olmuş və əsərdə Məsud Əlioğlunun obrazının o cür yüksək ideallar adamı kimi verməyimə etiraz etmişdi. Nə var, nə var, Məsud Əlioğlu Əli Vəliyevin oğlu idi!?.

            Axı məsələnin kökü elə burdadır! Məsud Əlioğlu kimilər yalan və saxta şüarlar üzərində qurulan Covet cəmiyyətinə, Moskvanın barmaq işarəsi ilə işləyən Azərbaycan rəhbərliyinə, uydurma kommunizm ideallarına qarşı idilər! Hətta bir damın altında yaşadığı, Sovet cəmiyyətinin qurucularından olan atasına qarşı belə çıxa bilirdi onlar! Və bu onların bir çoxunun, o cümlədən Məsud Əlioğlunun məhvi ilə nəticələndi...

            Amma o dövr üçün irəliyə atılmış addım olan “Yanar ürək”, “Dünyanın arşını” kimi romanlar yazıldı. İsa Hüseynovun, Sabir Əhmədlinin ardıncan Əkrəm Əylisli, Anar, İsi Məlikzadə, Yusif Səmədoğlu yeni nəsrin yaranması üçün çaba sərf etdilər. Bunların bir çoxu romançı olmasalar da, hər halda yeni nəsrin yaranmasının əsasını qoymuş oldular. Bu yöndə, xüsusilə Yusif Səmədoğlunun “Qətl günü” romanını qeyd etməliyik. Bu yazıçılar bir yandan uçmaqda olan Sovet hökümətinin kərpiclərini söküb yeni nəsr tikməyə çalışırdılarsa, bilmirdilər ki, bu material özü yararsızdır; onlar nəinki bərpaya yaramır, hətta yenisinin yaranmasında qorxuludur – ovulmuş, dağılmış kərpicdən tikilənlərin taleyini görmüşük axı... Bir romançı nəfəsi olan M.S.Ordubadinin romanlarının, xüsusən “Dumanlı Təbriz”in materialı həmin ovulmuş kərpicdən idi deyə, tarixin və ələlxüsus da ədəbiyyat tarixinin uçuqlarının altında inləməkdədir və yalnız tarixi əhəmiyyət kəsb edə bilir...

            Bir qədər yuxarıda “yeni nəsr” ifadəsini işlətmişdim. Zənnimcə, bu ifadə özünü tam doğrultmur, nədən ki, o zaman – 60-larda yaranan ədəbiyyat yeni ədəbiyyat deyil, yeni ədəbiyyata cəhd idi. Yəni, Yeni ədəbiyyatın yaranması üçün bu əsərlər zəmin ola bilərdi...

            Hesab edirəm ki, Azərbaycan ədəbiyyatında Yeni ədəbiyyatın ən dərin izləri Sabir Əhmədlinin romanlarında və Əkrəm Əylislinin müstəqillik dövrünəcən olan hekayə və uzun hekayələrindədir...

            Söhbət, bilavasitə, romanda gedirsə, Yeni Azərbaycan romanının yaradıcısı və ustadı Sabir Əhmədlidir. Yazıçının “Dünyanın arşını”, “Yasaq edilmiş oyun”, “Toğana”, “Yasamal gölündə qayıqlar üzürdü” kimi romanları Yeni ədəbiyyatçün məşq idisə, “Axirət sevdası”, “Kütlə”, “Kef”, “Ömür urası”

kimi romanlar Yeni ədəbiyyatın özü idi. Müəllifin “Yazılmayan yazı” memuar romanı da Yeni ədəbiyyatın ilk memuar idi. (Düzdür, bu əsərə qədər memuarlar yazılmışdı, fəqət həmin memuarlar ya Sovet dövründən qabaqkı illərə aid idi, ya da Sovet dövrünün eybəcərliklərinin üstündən adlayıb keçməklə, oxucunu aldatmaqla yazılmışdı...)

 

            RUS ROMANI, ÇİNGİZ AYTMATOV VƏ BİZ

 

            Gərək haqqı deyəsən: rus romanı dünya romanının ən böyük zirvələrindən biridir. Çarizm, ondan daha betər çarizm olan Sovet höküməti bu romana az təsir edib desəm, yanılmaram. Çarizm L.Tolstoya, Dostayevskiyə, Turginevə nə edə bilmişdisə, Sovet höküməti də Şoloxova ondan çoxunu edə bilmədi. Məsələn, “Doktor Jivaqo”nu ancaq yasaqlaya bildi. Amma yazılmasının özünü kəsə bilmədi.

            Və müstəqil Rusiya ədəbiyyatında Pelevinlər, Sorokinlər böyük rus romanının izi ilə gedib Yeni rus romanını yarada bildilər...

              Rus romanının təsiri ilə yaranan Sovet romanında Çingiz Aytmatov mərhələsini xüsusi qeyd etməliyik...

            Biz isə hələ də axsayırıq...

            Camaat NATO-ya üzv, Avropa Birliyinə üzv olmağın davasını sürdürərkən, bizimkilər AYO-dan çıxıb AYIB-a girməyin, təqaüd almağın davasını döyməkdə...

            Öz ideallarına sadiq qala bilməyən yazıçıdan roman gözləmək, qısır arvaddan bala gözləmək kimidir. O da olsa-olsa bic doğar...

 

            YENİ AZƏRBAYCAN ROMANI – O VARMI?

 

            Sual bəlkə, ritorik görünər. Amma başqa çarə də buraxmayıb. Azərbaycan yazıçısı - bu gün də olar-olmazın çəmbərində inləyən yazıçımız, hələ də, özünü senzura ilə məşquldur...

            Başqasını bilmirəm, ona görə özümdən misal gətirim. İlk romanım “Günəş tutulan yerdə”nin birinci hissəsini bitirib, “Azərbaycan” dərgisinə verdim. (Bu barədə məqalələrimdə geniş yazmışam deyə, qısa kəsəcəm.) Romanı oxuyub, bəyənən Məmməd Oruc dedi ki, baş redaktor İntiqam Qasımzadə deyir ki, filan-filan yerləri ixtisar etsin, romanı yüksək qonararla çap etməyə hazırdır. Təbii ki, rədd etdim...

            O əsərin yalnız birinci hissəsi bir zamanlar adına hələ sadiq olan “Ədalət” qəzetində hissə-hissə çıxdı, amma ikinci hissəni çap etməkdən imtina etdilər. (Köhnə dostum Aqil bir başqa dostun ağzı ilə eşitdirmişdi:”Azada deyin, bu hissəni çap edib bitirincən əlli yerdən zəng gəlib... Vayonkomatlar da ki, lap zəhləmizi töküb... İkincini verəmmiyəjiyik.) Və əsər bütöv halda mənim Qanun nəşriyyatında çıxan “Burda yer fırlanmırdı” kitabımda çap olundu...

            Demək, yazıçı əsəri təkcə yazmaqla qalmamalı, onun çapı üçün də mübarizə etməlidir...

            Həmin romandan sonra on dörd roman yazdım və həmin əsərlərin heç birini “Azərbaycan” dərgisinə vermədim. (Bu yazı yazılmağa başlayanda bu rəqəm belə idi. Təbii ki, indi daha bir neçə roman yazılıb.) Ya özümün nəşr etdiyim “Yazı” dərgisində, ya da ayrıca kitab halında çap etdirdim. Hətta dörd romanım sosial şəbəkədə - saytlarda hissə-hissə yayımlanaraq oxuculara çatdırıldı. (“Morq çiçəkləri”, “Özünüyaradanlar” edebiyyat.az-da, “Cəbrayıl əfsanəsi”, “Xeyrat” kulis.az-da yayımlandı. “Morq çiçəkləri”nin davamı kimi qələmə alınan “Morqda karantin”in insə yalnız bir parçası edebiyyat.az-da verildi.)

            “Məndən sonra” memuar romanım isə hələ yazılmaqdadır...

            

            ROMANDAN GÜCLÜ OLAY

 

            Olay var ki, özü elə romandır və romana gəlmir. Yaxud nə qədər güclü yazsan da, olaydan zəif alınacaq. Təbii, sən romançı deyilsənsə, heç alınmayacaq.

            Mənim “Morqda karantin” romanımın qəhrəmanı filosof Əbu Əbin bir kəlamı var:”Sənət yoxdan var yaratmaqdır” – Füzulinin ruhu şad olsun. (Bunun el arasında kopud bənzəri olan bir deyim də var:”...poxdan konfet düzəltmək...”)

            Aşağıda oxuyacağınız iki olay isə, həqiqətən, romandan güclüdür. (Əslində bir olayın iki dəhşətli qolu.)

            Beləcə...         

              THY aid təyyarə Londonda qəzaya uğrayır.

              Təyyarədə olan 21 nəfərdən cəmi 7 nəfər, o cümlədən Menderes sağ qalır.

              Menderes ölkədə coşğu ilə qarşılanır.

              Birdən kütlə arasında bir əlində bıçaq, digər əlində isə bir uşaq tutmuş adam gözə görünür və kütləni yara-yara Menderesə tərəf gəlir. Menderesə çatanda kişi uşağı yerə uzadar, bıçağı onun boğazına dayayıb “Səni Allah bizə qaytardı, icazə ver, mən də oğlumu sənin yolunda qurban kəsim” deyir.

              Menderes və yanındakılar çaşqınlıq və qanı donmuş vəziyyətdə kişiyə baxır. Nəhayət, uşağı və kişini ərazidən uzaqlaşdırırlar.

              Bu olaydan düz 18 ay keçmiş…

              Adnan Menderes 1960 çevrilişindən sonra rüşvətxorluqda ittiham edilərək edama məhkum edilir. Edam kürsüsünə çıxarılır, kəndir boğazına keçirilir. Stula zərbə endirilir və Menderes çırpına-çırpına ölür. Bütün proses 8 dəqiqə davam edir.

              Menderesin ayaqları altından stulu itələyən bir zamanlar oğlunu ona qurban kəsmək istəyən şəxs, üsküdarlı Kamal Ayson idi...

            Bir nümunə də özümüzdən deyim.

            1990-cı ilin 20 Yanvar hadisəsi və rus gülləsi ilə qanına qəltan edilmiş sevgilisi İlhama görə intihar edən Fərizə...

            Ay kişi, üstündən neçə il keçib?! 34 il! Amma SOVET ŞİNELİNDƏN ÇIXAN YAZIÇILAR o hadisədən, lap elə 20 Yanvardan bəhs edən bir xətt də yazmadılar! Yedikləri qaba tüpürmədilər!

            Yenə Sabir Əhmədliyə min rəhmət! “Yanvar hekayələri” yazdı ki, mən o kitabı da elə roman hesab edirım...

            Olmayan yerdə buna da şükür!

 

            ORXAN PAMUK NÜMUNƏSİ... VƏ YENƏ SABİR ƏHMƏDLİ FƏDƏKARLIĞI...

 

            Orxan Pamuk bir romançıdan çox, salnamıçidir. Bir az da yazıçı bicliyi olan istedadlı qələm. Adamın romanlarında obrazlarla bərabər (romanın mühüm xətti budur), mühit var. İki yüz il sonra onun romanlarını oxuyan mühiti asanlıqla duya biləcək...

            Orxan abi bir balaca hiyləgərlik edərək Nobeli də qapa bildi. Yüz il sonra Türkiyədə yəqin ki, indiki durum çözülmüş olacaq – ya belə, ya da belə-belə...

            Zira Orxan Pamuğun Nobel ödülü tarix olacaq...

            Tarix demişkən, roman həm də tarixdir.

            “Dünyanın arşını” tamam başqa bir mövzudadır. Amma 1941-45-ci il müharibəsi zamanı əldən çıxmış tarixi fürsəti – Güney Azərbaycanda qurulan və devrilən müstəqil Azərbaycan türk cümhuriyyətinin yıxılma səbəbini elə gözəl açıqlayıb ki... (Əslində, romanın mövzusuna bu olayın qəti dəxli yoxdur sanki - əsil yazıçı elə sankinin üstündən adlaya biləndir.)

            Baxmayaraq ki, tək elə buna görə müəllifinə çox böyük məhrumiyyətlər bəxş edib, bu əsər təkcə Sabir Əhmədli yaradıcılığı üçün deyil, ümum Azərbaycan romanı üçün böyük hadisədir və bizim həm də üz ağlığımızdır... Yoxsa başqa xalqlar antisovet əsərlərdən söz açanda onsuz da gödək olan dilimiz daha da gödələrdi...

 

            İNDİKİ AZƏRBAYCAN ROMANINDAN DANIŞSAQ...

 

            Çox sevinirəm ki, bu gün Azərbaycanda roman yazılır. Bəsbəlli, Sovetin şinelindən çıxanların 99 faizi müstəqillikdən roman yazmadılar... və yazmayacaqlar da. Bəs onu kim yazacaq? Təbii, indiki cavanlar. 44 günlük müharibənin əks-sədası bütün sahələrdə gec-tez özünü göstərəcək. Geriçi zehniyyətlər, rüşvətxorlar, korrupsiyaçılar, səs oğruları ilim-ilim itəcək və yalan fabrikləri gün gələcək bağlanacaq...

            Bu gündən sabaha qalan isə azad olunmuş torpaqlar və yaradılan sənət – həm də roman olacaq. Hətta zəif romanlar belə tarixin bir parçasıdır. Həqiqi romanı isə zaman özü diktə edəcək.

            Ən böyük müəllif Zamandır.

 

                                                                                                          2020-2025

 

 

 

 

--------------------------------------------------------------------------------------------

*Birinci yazı (“Nəsr: hekayə və roman yaradıcılığı” rubrikası) “Hekayənin hekayəsi” başlığı ilə 2020-ci ildə qələmə alınmış, saytlarda yayımlanmış, sonra isə “Renessans həsrəti” silsiləsindən kitablarımın 3-cü cildində nəşr olunmuşdur.

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ SARI SİMİ QIRILAN TAR...