AZAD QARADƏRƏLİ İYİRMİ YANVARIN SƏHƏRİ Hekayə
AZAD QARADƏRƏLİ
İYİRMİ YANVARIN SƏHƏRİ
Hekayə
20
Yanvar şəhidlərinin və şair dostum İsfəndiyar Əhmədlinin xatirəsinə
Elə bil dağlar bir
az aşağı enmişdi. Düzlər də yuxarı qalxan kimiydi. Arada sıxılan mənim canımdı.
Mən neçə illərdir bu kənddə yaşayıram, bu rayonun adamıyam, amma hələ belə
darıxdığım olmamışdı. Yox nə darıxmağı, canım, bu darıxmaq deyildi ki... Elə
bil ürəyimi çəkib çıxardırdılar, sonra onu bıçaqla doğram-doğram doğrayırdılar,
sonra da həmin o doğranmış dilimləri yumurlayıb ağzımdan içəri basır, sonra əllərinin
qanını silə-silə çıxıb gedirdilər...
Məni zor-xoş doğma işimdən - müəllimliyimdən ayırıb rayon mərkəzinə - əvvəl
raykomda, sonra isə rayon qəzetində işləməyə aparmışdılar. Əslində, burada işləmək
mənimçün elə də çətin iş deyildi, amma ağırdı. Ağır olan da o idi ki, mən
raykomun bütün iclaslarında iştirak etməli və qəzetçün icmal hazırlamalıydım.
Bunun nə qədər zəhlətökən bir iş
olduğunu yazıb başınızı ağrıtmayacağam. Amma ən əzablısı o idi ki, göz görəti mən
yalan-palan iclasların mirzəsi kimi qəzetə axmaq-axmaq materiallar hazırlayır, amma bir qulağım da
Bakıdaydı. (Deyim ki, burada təkcə o zəhlətökən işlə məşqul olmurdum. Öz
otağımda bir dərnək yaradaraq rayonun istedadlı gənclərini başıma yığmışdım.
Ayda iki dəfə bu dərnəyin materiallarını “Çinar” adlı ədəbi-bədii səhifədə
verirdik. Qəzeti əməlli-başlı gənclərin görüş yerinə çevirmişdim. Düzdür, köhnə
fikirli adam olan redaktorumuz bu işə mane olmağa çalışsa da, məni basıb keçə
bilmirdi.) Paytaxtda davam edən
mitinqlər rayonlara ayaq açsa da, hələ
kommunist partiyası ayaqdaydı, hakimiyyət onlardaydı.
Yanvarın gərək ki, on
doqquzudur. Dəqiq xatırlamıram. Bir onu bilirəm ki, 1990-cı ilin yanvar günləri
ölkəmiz üçün ağır keçir. Hamı Sovet hökümətinin açıq-açığına erməniləri müdafiə
etməyinə, Qorbaçovun və arvadının ermənilərə papa-mamalıq etməsinə dözməyərək
mitinqlərə çıxır, Bakıda, Sumqayıtda ermənilər kütləvi şəkildə qovulur – Ermənistandan
qovulan 200 minlik Azərbaycan türkünün əvəzinə! Və hiss olunur ki, son günlərini
yaşayan Sovet höküməti ermənilərin acığını bizdə çıxmaq istəyir...
Zəngilanın mərkəzində,
bizim qəzetin binasının lap yanındakı meydanda mitinq keçirilir. Mitinqi
Bakıdan gəlmiş nümayəndə Qurban Məmmədov aparır. Sovet hökümətinə etiraz əlaməti
olaraq çıxışlar olur. Mən də çıxış edirəm və Sovet hökümətinin erməniləri
müdafiə etməsini qınayıram...
Meydanın ortasında
böyük bir topa yaranıb – adamların ciblərindən çıxardıb atdıqları partiya
biletlərindən ibarət topa. Adamın ağlına gəlməz ki, 34 min əhalisi olan bu
rayonda bu qədər partiya bileti olan varmış...
Yox, o da var ki,
komsomolçular da atırdılar biletlərini. Hələ özüm gözümlə gördüm ki, bir nəfər
pasportunu atdı topaya. Və kiminsə ağlına gəldi ki, bu topaya bir od vurmaq
lazımdır. Nə od vurması, canım! Bir az aralıda böyük bir tonqal qalamışdılar,
elə o tonqaldan bir iki kösəvi sürüyüb gətirdilər bu topanın üstündə baş-başa
qoydular və az sonra rezin iyinə oxşar iy ətrafı bürüdü. Kimsə dedi ki, ə, bı
kaministlərin nə mırdar iyi varmış, ə! Gözümüz çıxdı ki!..
Camaatı gülmək
tutur...
***
Rayonu bilmirəm,
amma yaşadığım kəndə elektrik verilişini dayandırıblar. Hər yerdən əlaqəmiz kəsilib.
Gecəni səksəkəli yatırıq, buna yatmaq demək olarsa...
Səhərə yaxın
dayıoğlu Ədalət məni səsləyir. Qaradalaq bayıra çıxıram.
Çiynindəki radionu
göstərir və kədərli halda deyir:
-Bu gecə Bakını rus
qoşunu qırıb... Səhərdən Mirzə Xəzər ağlaya-ağlaya danışır...
Yer ayağımın
altından surçur. Yıxılmamaqçün əlimi qaranlıqdaanlığa uzadıram, amma tutmağa
bir şey olmur və şappıltı ilə eyvançadan aşağı düşürəm. İncəvara, düşdüyüm yer
təzə tökülmüş torpaqdır deyə, ağır xəsarət almıram...
Batareya ilə işləyən
balaca radinu açıram. Mirzə Xəzər Xəlil Rzanın “Davam edir otuz yeddi” şeirini
söyləyir. Sonra Yusif Səmədoğlu Azadlıq radiosuna əhalini gülləboran eləmələrindən
danışır. Sonra Mehdi Məmmədov adlı bir gənc tankı camaatın üstünə sürdüklərini gözü
ilə gördüyünü deyir. Az sonra Bəxtiyar Vahabzadə qəzəblə danışır və bu faşist
partiyasından çıxdığını bildirir...
Özümü ələ almağa
çalışsam da, mümkün olmur. Lampa işığında həyat yoldaşımın pəncərəyə qoyduğu
isti suya, sabuna və üzqırxan alətə çəpəki baxır, əynimi geyinib həyətdə gəzinirəm. Hava
işıqlanır və heç kimlə sağollaşmadan evdən çıxıram. Arxadan anamın səsi
eşidilir:
-Get, sən də partbiletini
təhvil ver...
***
Redaksiyanın qapısı
ağzında əli avtomatlı əsgərlər dayanıb. Vəsiqəmi göstərib içəri keçirəm. İş
yerindəki kabinetimin qapısını sındırıblar. Otaqda bütün sənədləri yerlə-yeksan
ediblər. Hətta işlətdiyim yazı makinası da yoxdur.
Dəhlizə çıxanda redaktorun bir mayorla danışdığını görürəm. Məni
göstərir. Mayor iki əsgərlə kabinetimə girir və məni də içəri çağırırlar. Özünü
təqdim edir. Soyadındakı sonluqdan bilirəm ki, gürcüdür. (Gərək ki, idze ilə
bitirdi soyadı. İçimdə özümüzə acıdım: belə bir fərqlənmə kanıtımız da yoxdur.
Ov, yevi dədə malı kimi mənimsəmişik.)
Üstümü axtarırlar.
Sonra bir neçə suala cavab verirəm. Və onlar rayonu tərk etməmək haqqında
dilimdən iltizam alıb çıxıb gedirlər. Bir müddət kabinetdə otururam. Nə edəcəyimi
götür-qoy edirəm. Bu vaxt redaktor məni otağına çağırır. Və qalib ədayla deyir:
-Sən day orda
oturma... Belə vəziyyətdə o vəzifəqə qala bilməzsən... Yəqin ki, bu gün
raykomun birosu qərar qəbul edəcək... Sən müavinlikdən azad ediləcəksən...
Bilirsən də, sənin kimiləri gecəynən tutub aparıblar... Hələ sevin ki, sənə dəyməyiblər...
Kommunist partiyasının...
Bu vaxt elə bil sağ
döş cibimdə nəsə ağır bir şey hiss edirəm. O ağır şey məni aşağı dartır və az
qala bu yekəbaş, qarnı yoğun adamın
qabağında əyiləcəkdim. Tez müvazinətimi saxlayıram, özümü birtəhər şax tutmağa
çalışıram. Qulağıma səslər dolur. Dünənki mitinqdə adamların səsinə bənzər
qatmaqarışıq səslərin içindən bir səs aydın eşidilir:
“Sən də get,
partbiletini təhvil ver...”
Anlayıram ki, döş
cibimdəki o ağırlıq nə imiş. Redaktorun sözünü ağzında qoyub redaksiyadan
çıxıram. Uzağa getməyə ehtiyac yox ki. Raykomla aramız heç əlli metr də deyil.
Gözucu raykomla redaksiyanın arasında ucalan tribunaya baxır, oradan meydanda hələ
də zəif tüstüləri görünən sönmüş tonqallara sarı boylanır və raykoma gedirəm. Hər
dəfə məni görəndə üstümə qaçıb “ooooo, necəsən müəllim?” deyərək ikiəlli görüşən
bir tanışla qarşılaşıram və salam vermək üçün başımı qaldıranda onun tez yolunu dəyişib başqa səmtə üz qoyduğunu
seyr edə-edə binaya girirəm. Rastlaşdığım adamların heç birinə salam vermirəm.
Bayaq yolunu dəyişən tanış kimi gözünü məndən qaçırdanlara baxmamağa çalışıram.
Nəhayət, şöbə müdirinin yanına girib salam verirəm.
Bu adamla köhnədən
tanışıq. Dost demək olmaz, amma qəlbimə yatan birisidir. Savadlı və təmiz
adamdır. Vəzifəsi naminə kimisə qaralamaz. Əksinə, adamlara kömək etməyə
çalışar. Məni görən kimi qalxır və əlimi sıxır. Heç nə danışmırıq. Mən biletimi
döş cibimdən çıxardıb ona verir və qapıdan çıxıram. O isə arxamca deyir:
-Mən bunu bir əmanət
kimi saxlayacam... Haçan istəsən, gəlib götürə bilərsən...
Ürəyimdə rişxəndlə
gülürəm. “Sən bilsən ki, onu təhvil verməyi tapşıran kimdir, bu sözü dilinə gətirməzdin...”
Redaksiyaya tərəf
gedəndə gününün çox hissəsini bizim redaksiyada keçirən gənc Şairlə
rastlaşıram. Alçaq boylu, xəstəhal görkəmli, dünyanı vecinə almayan dostum bərk
həyəcanlıdır. Onsuz da xarab olan nitqi lap da xaablaşıb. Kəkələyə-kəkələyə
deyir:
-Səni protokola...
eeee, prokrora çççağırmışdılarrr?
-Nəyə görə?
-Bıyyy... Xxxxəbərin
yoxdu? Gecəynən dünən mitinqdə çıxış eliyən cəbbbbhəçilərin bir neçəsin tutub
harasa aparrrıblar axı... İndi də qalanlarını pro... pro... prokror çağırır...
Məni də çağırmışdılar...
Redaksiyaya girəndə
redaktorun gözü Şairi alır və onun üstünə bağırır:
-Sən bırda nə gəzirsən,
ə?! İrəddəol bırdan! Bıranı həsənsoxdu dəyirmanına döndərmişdıız!
Şair mənə baxıb,
pillələri sürətlə enir və yox olur. Mən isə nə edəcəyimi bilmirəm. Bu vaxt
redaktor otağından qışqırır:
-Sən də get məytublar
şöbəsinə... Hələlik, orda otur, görək biro nə qərar çıxardır...
Bu vaxt bir xanım Əməkdaşımız
mənə yaxınlaşır və gözləri yaşlı halda pıçıldayır:
-Məni prokuror
çağrıb, nə eliyim? Tək getməyə... Səni çağırmıyıb?
Xəcalət çəkə-çəkə
başımı bulayıram. Ürəyimdə “alçaqlar elə bil məni gözdən salmaq üçün həbs etməyiblər
o biri dostlarım kimi, bu cəhənnəmə, heç prokuror da çağırmayıb” deyirəm. (Sonradan
biləcəm ki, mənə nənəmin kəndi Baharlı qohumlarından olan general Əsədova görə
toxunmayıblar.) Və birdən onun məndən
cavab gözlədiyini yadıma salıb boğuq səslə deyirəm:
-Həəəə... Tək niyə?!
Gəl, birlikdə gedək...
Yolda mənə təşəkkür
edir. Və deyir ki, səhərdən fikir məni götürüb ki, mən axı o idarəyə tək necə
gedim? Yeganə ağlıma gələn sən oldun. Çox sağ ol...
Qapıda dayanan
avtomatlı əsgər məni prokurorun yanına buraxmır. Ona görə xanım mənə baxıb,
“çox sağ ol, bu binadan içəri tək girmək istəmirdim, elə burda gözləsən, bəsdir”
deyib içəri girir. Təxminən, iyirmi dəqiqədən sonra çıxır və danışa-danışa dünən
izdihamın qaynadığı boş beydandan keçib redaksiyaya üz tuturuq. Bu vaxt bir
kişinin tüstülənən kül qalığının yanında devikdiyini görüb dayanıram. O da mənə
tərəf baxır və üstümə cumub qucaqlayır.
Ay səni! Bu ki mənim
qəhrəmanlarımdan biridir. Haqqında geniş məqalə yazmışdım qəzetə. Traktorçu
kimi şumladığı sahələrdən, səpdiyi toxumların cücərməsindən, nə bilim axı daha
nələrdən söz açmışdım. Hətta ali məktəbi bitirib işsiz olan oğlu haqqında bir
idarə müdirinə ağız açmış, işə düzəltmişdim. Bir sözlə, kişi ilə dost olmuşduq.
-Ay məllim, səni
allah yetidi maaa... Dünən bizim uşaq qanmeyib, gəlib bıra, adamlara qoşulub,
partbiletini atıb ocağa... Durub gəldim, buraları gəzdim ki, bəlkə taparam...
Yoxdu, yanıb, savılıb... İndi mən neyniyim, başıma haranın daşını salım?! Sən
maa bir yol göstər...
Məni ağlamaq tutur.
Adamın göz yaşlarımı görməməsi üçün onu qucaqlayıram, üzümü boynuna sürtüb
qulağına pıçıldayıram:
-O partiya
laxlayıb... Qorxma... Bir-iki aya hər şey bilinəcək... Qorxma... Mən də təhvil
vermişəm...
Kişi elə bil yüngülləşir.
Məni təkrar qucaqlayır. Və göz yaşlarını qolu ilə silib bir az toxtayır. Sonra
başını aşağı salıb uzaqlaşır. Xanım Əməkdaş üzümə baxıb gülümsünür:
-Çox sağ ol... Yaxşı
adamsan... Belə ağır gündə o kişini necə rahat yola saldın... Elə məni də...
Onun səsi titrəyir.
Yazdığı lətif hekayələri kimi ürəyi də
tel-teldir. Himə bənddir ki, hönkürüb ağlasın...
***
Bir çayxana var ki,
hər yer bağlı olsa da, yalnız ora işləyir. Nadirxan adlı bu əhlikef adam hər
gün özü araq içsə də camaata tam qaynamayan çayını sırıyıb çörəkpulu qazanır.
Heç çaydanların tam qaynamadığını gizlətmir də. “Ə, bir belə adamın çayın mən nə
təhər yetirim?! Babat qızan kimi dəmliyib verirəm... Ə, heç gör nayrazı olan
var?! Hələ indiyənəcən bir adamın qarınağrısına düşdüyünü görən olmauyub, bu
ölsün!” (Şappıltı ilə şlini üzünə vurur.)
Çayxanada az da olsa
adam var. Gur-gur guruldayan çayxanada indi heç kimin səsi çıxmır. Heç Nadirxan
özü də danışmır. Hiss olunur ki, bu gün içməyib. Hətta Nadirxan da içməyibsə bu
gün, demək, davamız hədər getməyib. Stol dörd adamlıqdır, biz isə beşik. Mən
artığam. Gec gəldiyimçün yerim küncə düşüb. Gənclər qalxıb yer göstərsələr də,
elə o küncdə otururam. Şair köşkdən təzə aldığı “Kənd həyatı” dərgisinin təzə
nömrəsini açıb orada çıxan məqaləmi göstərir. Ayrı vaxt olsaydı, qışqırardı ki,
yumax lazımdır!
Mən də sevinə bilmirəm.
Bu boyda qan-qadanın içində sevinməkmi olar? Dəqiq olmayan məlumata görə yüzdən
çox adam ölüb... Nə qədər itkindir, yaralıdır...
Şair bir mənə baxır,
bir əlindəki dərginin yarımağ səhifəsinə və döş cibindən qələmini çıxardıb nəsə
yazır. Ciyərim yansa da, Nadirxanın qaynamamış çayından bir qurtum alıb yerə
qoyuram. Bu vaxt Nadixan əlində başqa bir çaynik bizim stola yaxınlaşır və kədərli
halda tın-tın səsi ilə deyir:
-Mən... Mən,
bilirsıız ki, içənəm... Böyünnəri allah şahiddi ki, içməmişəm... Başım
parttıyır... Cəhənnəmə pardasın! O şəhid balaların xatirəsiə görə söz vermişəm
özümə, içmiyəcəm... Dünən mən də meydandaydım... Məllim, sənin çıxışıa lişni
qulax asdım. Çox sağ ol. Bu çayniyi saa görə kəhliyotuynan dəmləmişəm... Özü də
pul almıyacam...
Pəh! Bu gün nə
günmüş, qardaşım! Kabinetimi dağıdan əsgərlərin 37-ci ildəki kimi əllərimi
qaldırıb üst-başımı axtarmaları, redakrorun məni məsxərəyə qoyması,
prokraturaya birgə getdiyimiz xanım Əməkdaş, meydanda partbilet gəzən
traktorçu, redaktorun qovduğu şair, indi də Nadirxanın belə jesti... Hələ bu
gün onun araq içməməsi... Vallah mübarizəmiz hədər deyiliş...
***
Axşam evdə vahiməli bir
sükut olsa da, anama olub-bitənlər ağızucu danışıram. O da çıx gəl bəri,
başlarına dəysin onların redaksiyası deyib gedir iş-gücünün dalıncan. Bu vaxt üçüncü sinifdə oxuyan qızım masadan dərgini
alıb mənə yaxınlaşır. O nəsə deyir. Mənim başım hələ də yerində deyil. Uşağın nə
istədiyini tam anlamıram. Hə, oxu deyirəm, təzə məqaləmdir, Bakıda çıxan
jurnaldı...
O isə ayrı şey
oxuyur. Əvvəl bir az çətinliklə, sonra isə lap ucadan, özü də intonasiya ilə mənə
həsr olunmuş bir şeiri oxuyub bitirir. Beş-altı bəndlik şeirin son bəndləri lap
ürəyimcə olur:
...Azadlıq verilməyib,
Hələ bu yerdə sözə.
Şeytanlar qazanında
Qaynayıb çıxdın üzə.
Eh, çox olacaq hələ
Öz-özünü aldadan.
İndi necədir halın
Küncə qoyulmuş adam?
Tez dərgini qızımdan
alıb yarımağ səhifədə qələmlə yazılmış şeiri özüm də ürəyimdə oxuyub xoşhal
oluram. Şairin işidir. Yaralanmış dostunun yarasına məlhəm sürtüb...
Yara isə dərindir.
Çox dərin. İndicə radioda dedilər ki, çoxlu sayda ölən və yaralanan var, xəstəxanalarda
yer yoxdur yaralı əlindən.
Sovet imperiyası
bizim insanımızı qırdı isə, öz məhvini də sürətləndirdi.
...Axşam yeməyində
anamın verdiyi xəbər ortalığa sərin meh kimi gəlir:
-Bu səhər Güləhməd
oğlu Əlinin oğlu olub...
-Nə yaxşı!- deyib
gülümsünməyə çalışıram. Uşaqların da qırışığı açılır.
Mən isə sözümün
dalını ürəyimdə deyəsi oluram:
“Düşmən bizi
doğradıqca çoxalacağıq, artacağıq, inşallah...”
19.01.2025.
Yorumlar
Yorum Gönder