AZAD QARADƏRƏLİ QIZININ “YANAQLARINDAN ÇİYƏLƏK TOPLAYAN” ŞAİRLƏ TANIŞLIQ (Günay Ümidin şeirləri üzərinə birnəfəsə oxunmuş esse)

AZAD QARADƏRƏLİ

 

QIZININ “YANAQLARINDAN ÇİYƏLƏK TOPLAYAN” ŞAİRLƏ TANIŞLIQ

 

            (Günay Ümidin şeirləri üzərinə birnəfəsə oxunmuş esse)

 

 


 

 

            Hər dəfə bir poeziya nümunəsi ilə rastlaşanda cəmi iki, yaxud üç misrayacan oxuyuram; varsa, var, yoxsa, vərəqi çevirirəm. Bə nədi?! Sürət, internet əsridir. Zaman elə sürətlə ötüb keçir ki, boşuna vaxt itirmək zamanın təkərinin altına düşmək kimidir...

            “Bu gün bir şairin keçdim yanından” deyən şairə min rəhmət! Mən də bu gün bir şairin – Günay Ümidin şeirinin yanından ötürdüm ki... Ötə bilmədim. Elə ilk misralar əlimi tutub saxladı, getmə dedi. Mən də dayanıb, bir nəfəs dərdim:

 

Bu səhər

Alma qoxulu qızımın

Yanaqlarından

Çiyələk topladım dodağımla,

Yuxusundan öpdüm ,

Üstünü örtdüm…

 

            Hər dəfə gənclərlə söhbət edəndə, yaxud bir zamanlar universitetdə dərs aparanda dediyim fikirlər bu olub: sənət, o cümlədən ədəbiyyat kəşfdir. Mendeleyivin, Lomonosovun, Nils Borun, Nyutonun elmdə kəşfləri olduğu kimi yazıçının, illah da şairin sözdə kəşfi yoxdurs, yazdıqlarının bir mənası olmaz. “...qızımın yanaqlarından çiyələk topladım dodaqlarımla” deyimi o misraların müəllifi olan xanım şairin bədii kəşfi idi...

            Adını ilk dəfə eşitsəm də, çox məmnun idim o misralara görə. Ürəklə oxumağa davam etdim:

 

Әllәri xınalı arzularım var,

Sәn tәk küçәlәrin ürәyi dә daş.

Baxışım asılan pәncәrәnizdәn,

Pәrdәnin yaşmağın endirәydin kaş.

 

            Sevincimdən oturduğum stulda bir az gərildim. Yerimdən qalxıb titrəyən əllərimlə kompüterimdəki bu laləzar misraları bir tumarladım. Sonra gözümü yumub açdım, iş otağımdakı pəncərəyə, onun “yaşmağına” - pərdəyə bir də nəzər salıb ürəkdən güldüm, nə güldüm! Gözüm önünə “əlləri xınalı arzuları” gətirdim və bir zamanlar yaşmaqlı anaların pəncərə yaşmağını – pərdəni pəncərədən sallamağına doyunca tamaşa edib rahatladım.

            İçimdə yeni bir səs, yeni bir rəng çağlayırdı. Hiss edirdim ki, çoxdan, lap çoxdan tanıdığım, lakin taleyin bəd naxışından bu qədər gec rastlaşdığım bir şair xanımla qarşı-qarşıyayam. Və o da xoş idi ki, onun qəhrəmanı gül-bülbüllə deyl, fikirlə daha çox uğraşırdı:

 

Başımı fikirə söykədim yenə ...

Bu fikir yastığı əzir başımı...

 

            Günay xanımın bəzən bircə misrası belə o qədər yüklü olur ki, o misradakı yükü yerə qoyub nəfəs dərməli olur, ötüb-keçənlərə yeni gözlə baxmalı olursan. Və ağır da olsa, özünə bu sualı sən də verirsən, eynən xanım şairin qəhrəmanı kimi:

 

Kədərin saçını kimdi bu hörən?

 

            Və anaya müraciətlə deyilən sözlər var ki, onların nostalgiyası adamın bağrını deşir. Biz o uşaqlıqdan necə çıxdıq, necə böyüdük ki, indi

 

Onsuz da nağıllar əynimə gəlmir,

Yama nağıllarin əyninə məni –

 

deyib dad edirik.

 

               Bu şeirlərdə kədərin qolları uzundur. Bir qadınsız ev, anasız uşaq təsəvvür etsək... Xanım şairin baxışı bizi haralara aparar?!

            Ayrılıqlardan doğan sitəm, qadın ayaqqabısından məhrum evlər, diktator ayrılığın vurduğu yaralar... Bir gicitkən kimi adamı dalayan süjet var bu misralarda. Gizli süjet və onun yaratdığı fəsadlar. O fəsadların şeirə dönüşü:

 

Qadın ayaqqabıları bəzəyən

ev girişləri

Çox xoşbəxtdi deyə düşündü kişi...

Onun azadlığını təsəlli edə bilmədi

Diktator ayrılığı...

 

Balaca qızının çəkdiyi rəsmlər

Meyvə gətirmişdi...

Nəlbəkidə üfürdüyü şirinçayla

Doyurmaq istəyirdi anasızlığının gözünü...

Üfürdükcə

Soyutmaq istəyirdi

Atasının yanan ürəyini...

 

         Və şeirin qəribə sonluğu var. Bir məzlum atanın, YOX ananın körpəsinə yeni nağıl uydurmağı kimi... Və bu amansız nağılın hələ necə bitəcəyi də sual altındadır. Körpəsinin dağılımış hörüklərini hörmək əvəzinə onları tumarlayan atanın müsibəti var o süjetdə:

 

Qızının

Dağılmış hörüklərini tumarladıqca

"Ögey ana" nağıllarına

Başqa sonluq uydurmağa başladı

Kişinin kommunist ilhamı...

 

            Diktator, kommunist sözləri şeirdə yeni mahiyyət kəsb edir. Ölmüş, öləzimiş, gözdən düşmüş sözlərə yeni don biçilib şeirdə. Ona görə, hərdən düşünürəm ki, şeir allahın işidir və bəlkə də buna görə insanların ondan yaxşı şeir yazacağını güman etdiyindəndir ki, şeiri və şairi gözdən salmaq istəyib kitabında...

            Şair xanımın qəhrəmanının ən böyük məğlubiyyəti dolu olmasıdır. Dərdlə limhalim dolu, kədərlə dolu olan bu qəhrəmanın bir özəlliyi də var: “Ən çox da danışmağa söz olanda susarsan...” –  təzadlı aləmə sahibdir.  

           “Boşluq” şeirində elə sətirlər var ki...

            Yalnız qadın qəlbinin vulkan kimi püskürməsindən doğan bədii tapıntılar səni sarısdar:

 

Qəhqəhənə boğarsan

Yanağınla sevişib

Dodağınla öpüşən

İnci göz yaşlarını...

Qaldırarsan başını...

 

Ürəyini dərd,

Gözünü heyrət,

Sevgini nifrət böyüdəndə böyüyərsən...

Elə dəyişərsənki ki...

Güzgülər də tanımaz,

Doğmalar da tanımaz...

 

          Burada “yanağınla sevişmək”, “dodağınla öpüşmək” kimi amnsız ifadələr yalnız qadına məxsus deyim kimi oxucunun qəlbinə xəncər kimi saplanır...

           Yeni tanışla ehtiyatla danışmaq gərək, yəni  tənqidi rəfdən endirmək istəməzdim... Zira bəzi mətləbləri demədən keçə bilsəydim...

          Oxuduğum şeirlərdə hərdən hərf xətaları gördüm. Bunun olmaması lazım. Oxucuya hörmətsizlik kimi düşünülər.

          Və...

          Və Türkiyə türkcəsindən gələn bəzi sözləri bir kənara qoyum, hətta ifadələr belə vardır müəllifin şeirlərində ki, onlar bizim dildə anlaşılmır. O ifadələr frazoloji birləşmə halında olanda məsələ daha da qəlizləşir...

         Məsələn, qardaş dildə “ocağına əncir ağacı dikmək” kimi daşlaşmış ifadə var ki, bizim dildə, təxminən  “yurdu kor olmaq” anlamında işlənir. Xanım şairsə həmin ifadəni olduğu kimi şeirinə gətirir və oxucunu əməlli-başlı çaşqın vəziyyətə salır...

         İnanmaq istərdim ki, belə hallar gələcəkdə olmayacaq...

 

                                               ***

 

         Mən bu gün bir şair xanımla, onun xanımanə şeirləri ilə tanış oldum və içimdə aşırı bir ehtiyac duydum ki, bu tanışlığın sərhədlərini genişlədim...

         Bu yazı o ehtiyacdan doğdu...

 

                                                                                                          29.01.2025 

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ SARI SİMİ QIRILAN TAR...