AZAD QARADƏRƏLİ VARİSLİK, ƏLİ KƏRİMİN “QAYIT”I, ELNAZ EYVAZIN “QAYIT – 2”-Sİ... Flora, Sibel Can, daha nələr, nələr...

 

AZAD QARADƏRƏLİ

VARİSLİK, ƏLİ KƏRİMİN “QAYIT”I,

ELNAZ EYVAZIN “QAYIT – 2”-Sİ...

   Flora, Sibel Can, daha nələr, nələr...

 

 


      Ədəbiyyatda varislik deyilən bir şey var. Bu, səndən əvvəlkinin getdiyi yolu tapdağa çevirmək deyil, o yolu güllü-gülüstana döndərib, yanından, yaxud, ötəsindən, ən əsası isə bilinməz bir yerindən yenisini çəkməkdir. Ondan ki, o yol sənin olacaq. Səndən əvvəlkini andırsa belə, sənin olacaq. Səndən sonra gələn də sənin yoluna baş əyib, tamam ayrı, yeni bir yol cızacaq. Beləcə, düzü-dünya gözəl-gözəl yollarla, naxışlarla süslənəcək.

     Böyük Əli Kərimin məşhur “Qayıt” şeiri yadınızdamı? Səsini içinə salıb oxuyasan və hönkür-hönkür ağlayasan...

      Şeiri ucadan söyləyəsən və söyləyə-söyləyə alışıb yanasan Kərəm misalı...

     Flora o sözlərin mahnısını oxuya və sən də hıçqırasan...

     Və gün gələ Elnaz Eyvazlı deyə bir xanım şair peyda ola və öz yolunu cıza... “Qayıt”ını yaza...

     Haşa! Əli Kərimdən sonramı?!

     Hə!!!

     Elnaz kimi yaza və sən də oxuyub başına döyə-döyə “qayıt!” deyib nalə təpəsən:


 


Səndən ötrü darıxmaq deyil bu,

daha acı və dəhşətlidir.

Hər gecə evə gələndə

əlimi qapının dəstəyinə atanda

bütün əyləncələri geridə qoyub

xarabama çatanda

duyuram bu acını:

Sən heç vaxt qapını arxadan bağlamazdın,

qapı həmişə üzümə açıq olardı,

nəfəsin qapının o üzündən yandırardı məni..

Səndən ötrü darıxmaq deyil bu,

Daha üzücü və dəhşətlidir.

Yuxulu əllərimi balışına

vətən xainini qəbirə tullayan kimi tullayıram.

Səhərəcən buz kimi yataqda

it kimi ulayıram.

Qonşum deyir ki,

Bu gecə bir köpək bizi yatmağa qoymayıb.

Qayıt, məni saçlarınla yuvama zəncirlə.

Həsrətindən köpək olduğumu

biləcəklərindən qorxmuram.

Bu, gec-tez hamıya çatacaq.

Sahibsiz olduğumu bilsələr,

hərə bir daş atacaq.

 

     Şeirin adı “Kişi etirafı” olsa da, mən on “Qayıt - 2” kimi işarələmişəm.

      Deyirəm ki, bu şeiri Floraya... Yox, daha Floradan keçib... Sibel Cana verələr, “Kanasın”ı oxuduğu kimi bunun da qanını tökə... Biz də öz qanımızı içə-içə dinləyək...

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ SARI SİMİ QIRILAN TAR...

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə