AZAD
QARADƏRƏLİ
“YALTAQLANMAĞA DA
ADAM YOXDU...”*
Hekayə
- Mən elə bilirdim ki, ölümsüzəm. Yox, əstəfürüllah,
elə yox, elənçi demək istəmirdim. Yəni elə bilirdüm, yaratdıqlarım ölümsüzdür.
Ona görə öz ölümümnən qorxmurdum. Düşünürdüm ki, mən yaratdıqlarımda ikinci
ömrümü yaşıyaceyəm… İllər öncə bir qoca
palançı varmış Müstəcəb kişi adunda. Onun faciəsini* oxumuşdum haçansa…
İnanmazdım ki, onu yazan adam bir gün gəlib mənim faciəmi yazacey…
Arxasını söykədiyi daşa çırpdı əlini və
stəkanını qaldırıb qoca yazıçının stəkanına vurdu. Amma elə bərk vurdu ki, öz
stəkanındakı araq dostunun stəkanına
sıçradı. Mən bunu görüb öz stəkanımı tez geri çəkdim ki, qocalar arağımı
murdarlamasınlar. (Belə baxanda məni də qoca hesab etmək olar 50-ni keçmişəm.
Amma bunlar daha əpriyiplər: hərəsinin 77-78 yaşı var. Məndən azı 20 yaş böyükdürlər. O palantikən Müstəcəb kişi
haqqında hekayəni yazan da mənəm.)
-Elə mən də sənin günündəyəm. Leninə,
partiyaya, kolxoza yazdıqlarım cəhənnəmə, bəs əmək qəhrəmanlarına yazdıqlarım
nejə oldu?! Qardaşım, mənnən heçmi bir şey qalmayajaq?! Əəə, o qəhrəmannardan
biri – Ömər vardı ha, geroy Ömər - hələ diridi, amma mənim poemam 20 ildir
ölüb… Ə, bu müstəqillik başımızın bəlasıymış vallah…
-Sən bu daşa baxırsanmı?! (Söykəndiyi
atılmış heykəli göstərir – müəllif) Alə, mən mının üstündə üç il işləmişdüm e…
Yadındadı də, mının açılışına O özü gəlmişdi?!
Kalan da qonorar aldım!.. Amma nolsun? Bude, adi daşdan seçilmir… Svalkadadur…
Qoca yazıçı qalxır ayağa. Arxaların
söykədikləri daşın orasına-burasına heyrətlə baxır və üz-gözünü əyir:
-Əlheydər Qarayevdi bu? Bunu dərin getsin elə! On beş çaplıq kitab
yazmışdım, maklatura oldu…
Sonra
şalvarının qabağını açıb daşın dibinə işəyir.
-Sən
daşa bax, daşa! Xalis mərmərdir, Ukraynadan gətirmişdilər… İndi daşdı, daş… Daş
olsun mənim başıma!
Daşın
başına fırlanır və yazıçının nə iş gördüyünü anlayıb qışqırır:
-Alə,
ay eşşək, başına yer qəhəttü? Mən axı mına üç il… - Ağlamsınır. Sonra gəlib
qabaq-qənşər əyləşirlər.
İkisi də arağı toqquşdurmadan başlarına çəkib üz-gözlərini turşudurlar.
Mənimkinin dibində hələ var, ona görə elə yarımçığı içirəm.
-Sən
heç bu cür at işəməyinə oxşar əraq içdinmü?
-İçmədım…
Amma indi içməyə məhkumuq… At işəməyi deyil, xalis nənəmin qıvşamış işəməyidir
ki, var…
-Sənə
Prezident təğaüdü vərmədülər?
-Yox,
e, yoxxxx… Öz təlxəklərinə verirlər.
-Pəs
biz nəyik ki, alə?!
-Bəlkə
indikinin heykəlini yapasan?
-Popıtka elədim… Baxan yoxdur… Gecikmüşük…
-Peyqəmbərinkini
elə…
-Onu
da dündarlar qoymur də…
-Bəs
biz nə qayıraq!? Başımıza haranın külünü tökək?
-Alə,
süzünkü asandur ki… Götür o məşhur nazirə bir poema yaz, yəxçi qonarar al…”
-Hardan axı? Odu ha, şairi tutdular. Qanı getdi… Nə var, nə var,
qurddan-quşdan yazmışdı… “Qurd ürəyi”…
-Müharibədən yaz… Qarabağ ki işğaldadur…
-Ayə…
Dəlisən? Qarabağı vapşe hərriyən yoxdu?! Bir azdan erməniyə güllə atanı…
-Pəs
axı neləyək? Yaltaqlanmağa da adam yoxdu… Vallah hür desələr, hürərəm, təki
pul, qonorar çıxsın…
-Allah
kərimdir…
-Alə,
Kərimün də var yoxunu …….!
Məni
eşqırmaq tutur. “Hıç” kimi səs çıxardıram. Belə
olanda anam kürəyimə vurar və deyərdi: ”Nə oğurlamısan?” İndi qəfil heykəltaraşın gözü məni alır.
-Alə,
pəs sən nöş dinmürsən?! Deyəsən, sarfan sakitdür. Hə?! – Heykəltaraş hirslə mənə
baxıb bağırır. Ağzının suyunu silməyə cəhd edir. Ağzından axan selik əlinin üstünə
tökülür.
-Hıyyy?!
– Qoca həmkarım da bağırır. – Çox müstəqillik,
müstəqillik deyirdin, gəla, bu da sənə müstəqillik! – Şəhadət və adsız barmaqlarını qatlayır, baş barmağını arasına
qoyub gözümə soxur.
-Belənçilər
yıxdu də öyümüzü! Sukalar… Sovet hökümətini
bınnar dağutdular… Petuxlar… “Azərbaycan, Azərbaycan…Üüüüç rəngli bayrağınla
maqsud yaşa…” Gela! Maqsud yaşa!.. Kstati, maqsud nedür, alə? Maksud
İbraqimbekov?.. Xa-xa-xa-xaaaa!.. Sizin müstəqilliyivizün…
Dözmürəm
daha, partlayıram:
-Nooldu,
qarnınız acınnan sancılanır? ..
-Ay sən
öləsən! – Heykəltaraş üstümə xoruzlanır. – Alə, men, men… Yüz il yimesem,
varımdur… Arvadımun qır-qızılına qala yaşıyeceyiy… Ay yazuğ, pes senin neyin
var, heee?! Bir hesürsen, bir Memmednesür… Evün də yoxdur… Ammma menim beş
otaxlı evim şeherün merkezinde, iki otaxlı evim, aşnam yaşıyan, Papaninde,
heyet evim, yanunda mastrskoyum… Bağ evim – mülküm Meştağada… Bes senin neyin
var, həəə?!. Sen nöş susmusan, ale?! Sen de vər bu petuxun cavabın de!
Qoca
yazıçı özünə araq süzüb şövqlə deyir:
-Bax,
Rumınya səfirliyində beş cildliyimin müzakirəsi oljaq! Əslində Rumınyada, çünki
rumın qonaqlar da olajax… Polşada kitabım çıxıb… Majarstanda, Özbəkistanda,
Türkmənistanda, Qazaxıstanda əsərlərim çıxajax… Bu ölkələrin teatrlarında pyeslərim
oynanılajax… Düzdür, qonorar vermirlər, amma yazıçıya şöhrət daha önəmlidir… O
ki qaldı evə, özümün dörd otaqlı, oğlumun üç otaqlı, qızımın ikiotaqlı, o biri
qızımın yenə iki otaqlı evi var. İttifaqın hesabına bağ evi almışam, ikimərtəbəli
mülk tikdirmişəm… xalq yazıçısıyam, əməkdar mədəniyyət işçisiyəm… İndi bir az əlim
aşağı düşüb, ucuz araq içirəm heykəltaraş dostumla… Əəəə, bəs sənin nəyin var,
hıyyy?! Əəəə, bəlkə sən agentsən, həəə?! Səni göndəriblər kin, bizim kimi dahi
sənətkarlara parodiya-marodiya yazasan, hıyyy?!
Qocalar
üstümə elə yeriyirlər ki, qədəh əlimdən düşüb Əliheydər Qarayevə dəyir,
cilik-cilik olur. Heykəltaraşı od götürür:
-Mənim
əsərimə rumka atırsan?! Mənim şedevrimi…
Özümü
müdafiəyə qalxıram:
-Əşşi,
nə əsər, nə şedevr?! Bayaq yazıçı dostun işədi onun üstünə… Zibilxanadı e, bura…
-Nə?!.
Hərü?! Alə sən bayaq mının dalında
bitirdün zəruri ehtiyacıvu?!. Hə də! Düz deyir… Oğraş! Mənim senetimə işəyənin!...
-Ə, nə
zəruri ehtiyac?! Başın xərəbdi?! Arax süz…
-Qaldu
ki?! Fso, çezdi, qutradı getdi…
-Xiyarsan?!
O biri butulkanı aç…
-Hərü?!
– Heykəltaraşın gözü gülür. – Mən de deyirəm, bu nöş belənçiy oldu?! Alə,
doldurun badələri! – Butulkanı aça-aça fit çalır. –Diyirəm ki, gəlin bir sağlığ
diyəy… Alə sabahdan içiriy, sağlığsız-filansız… Elə nöş eliyirsüz? Qlağ asın,
sağluğ deyirəm: mını içirüy o sağlığa ki…
Bu
vaxt bir ağsaq it qaça-qaça gəlib onların qarşısında durur. Mən kolbasadan bir
qırıq götürüb atıram ona. İt kolbasanı iyləyib, dili ilə qaldırır, atır ağzına
və zəngildəyir. Qoca yazıçını ağlamaq tutur:
-Böhran
itləri də vurdu… Bu iti yüz ildi tanıyıram, ömründə vurannarın məclisinə yaxın
düşməzdi… Gör hardan hara…
Heykəltaraş
da qəhərlənir:
-İt
ürəgidür… Dözmedi… Kstati…(Gəyirir – müəllif) Oy, üzr istiyirem… Mən bir əsər
işleyeceyem, “Sabaçiye serdsa”… Naturadan… Kak Bulqakov…
-Sifariş
var?! Nə qədər verəjəylər? – Qoca yazıçı açıq həsədlə soruşur.
-Yooo…
Mını ürəyimin sifarişilə işləyəceyəm… Şedevr… Lij bı bircə dənə əsərim qalsun mənnən
sora…
-Mən
də “Ürəyin iti” adlı roman yazajam… Posmodern üslubda… O da mənnən sonar qalsın
qoy…
-Alə,
bizi şeyivə dolamısam?! Ürəyin itü nədür? Ürəyin də iti olar?! Xiyarsan ki
xiyarsan…
-Olar,
niyə olmur. Yazajam dedim, yazajam!
Bu
vaxt arxadan su şırıltısı eşidilir,
sonar sidik qoxusu gəlir. Geri
qanrılıram ki, bayaqkı ağsaq itdir, qıçını qaldırıb Əliheydər Qarayevin üstünə
işəyir… sidik daşdan sıçrayıb qəzetin üstünə qoyulmuş qədəhlərə süzülən arağın
içinə də tökülür… Sonra qəzet süfrəmizə, sonar da bizim üstümüzə…
Yanvar - 2016
--------------------------------------------------------------------------
*Hekayə saytlarda “Urəyin iti” adı ilə yayımlanıb.
*Yazıçının yaradıcılığının ilk illərində yazdığı “Müstəcəb
kişi” (orijinal adı “Dünyanın əhədi” olub, lakin 1977-ci ildə o vaxtkı “Ədəbiyyat və incəsənət” qəzetində
ustad Sabir Əhmədli “Müstəcəb kişi” adı ilə çap edib) hekayəsindən söhbət
gedir. (Müəllifin əlavəsi.)

Yorumlar
Yorum Gönder