AZAD QARADƏRƏLİ YAZIÇILIQ BİR AZ DA... (Yazıçılıq haqqında hətərən-pətərən duyğular)

 

           

              AZAD QARADƏRƏLİ

 

               YAZIÇILIQ BİR AZ DA...

            (Yazıçılıq haqqında hətərən-pətərən duyğular)

 

 


            Yazıçılıq bir az da alimlikdir.

            Sən, tutalım, bir alim obrazı yaradırsan, bu zaman hansı bədii ştrixdən yararlanırsan yararlan, onun elmi tərəfini mütləq göstərməlisən. Məsələn, onun hər hansı bir məqaləsini, yaxud fundamental elmi yaradıcılığını  romanına daxil etməli olursan. Əgər sənin alim obrazın, tutaq ki, fizikdir; sən onda məcbursan onun məşğul olduğu sahəni öyrənəsən və əsərinə daxil edəsən. Bu zaman, təbii, çalışacaqsan ki, sənin bu əlavən qurama, yamaq təsiri bağışlamasın, hətta bir fizika alimi belə sənin əsərini oxuyanda  qəhrəmanınaın təcrübələrinə inansın. Yaxud əsərində həmin hissə publissistikadan, eyni zamanda alimi-biəməllikdən uzaq olsun.  (Bu barədə Fridrix Dürremantın “Fiziklər” adlı pyesini misal gətirə bilərəm.)

            “Səfillər”i oxuyanda Hüqonun bir tarixçi-alim və hərb elmindən xəbərdar məharətinə (“Vaterello döyüşü”), yaxud bir mühəndislik bacarığına (Paris kanalizasiyalarının içi ilə Jan-Valjanı gəzdirməsi), yaxud başqa bir əsərində qədim və qədim olduğu qədər də əzəmətli kilsənin detallarınacan təsvirinə (“Paris Notr-Dam kilsəsi” romanı) heyran qalmışdım.

            Yaxud gözləri kor olsa da, bəsirət gözü çoxlarından iti görən Borxesin “Əlif” və daha bir çox hekayəsində elmi-fantastik dünyagörüşlə bədiiliyin iç-içə olduğunu və bu əsərlərdə bəzən sərhədlərin pozulmasına baxmayaraq ilahi bir nizamın gizləndiyini qısqanmamaq mümkün deyil.

            Yusif Səmədoğlunun “Bayatı-Şiraz” heakayəsinin qəhrəmanının taleyinin ifa etdiyi kontrabas aləti ilə gizli bağı olduğunu görmək olar. Həytda taleyi gətirməyən bu qəhrəmanın ömrü sanki kontrabasda çalınan bayatı şiraz kimi keçmişdir. Və yazıçı insan ömrünün musiqiylə həmahənglitini çox böyük bacarıqla verə bilmişdir - əsərdə yazıçı sanki hekayəni yazmamış, bir musiqiçi kimi kontrabasda ifa etmişdir...

            “Erməni doktorun gündəliyi...” romanını yazanda heç vaxt olmadığım şəhər – Şuşa haqqında çoxlu sayda elmi, bədii kitablar oxumalı oldum. Təsəvvür edin ki, 2024-cü ildə Şuşada olanda şəhəri necə gözəl tanıdığıma görə özüm özümə qibtə etdim.

            Bəli, yazıçı bir az çoxbilmiş olmalıdır. (Gördünüz ki, “bir az çoxbilmiş” dedim. Ümumən, yazıçı hər şeydən bir az biləndir. Yarımbaşlıq adamı çaşdırmasın. Mən intellektual yazıçılar da tanıyıram ki, onlara həmişə acımışam. Yəni, ya yazıçılığı buraxırlar, ya da alimi-biəməllikdən əzab çəkərək hansısa çıxılmaza varırlar. Xuan Rulfo yaxşı deyib:”İntellektual görəndə arxamı çevirirəm.”)

            Dünyanın ən böyük çoxbilmiş yazıçısı isə, şübhəsiz Nizamidir. Adam ömründə Gəncəni tərk etməyib. Amma əsərlərində Hinddən vurub, Çindən çıxır. Və üstəlik, Nizami poemalarında şairdən əlavə, böyük ədəbiyyatşünas, filosof, çoğrafiyaçı, tarixçi, kimyaçı, fizik, musiqiçi, hətta dilçidir. Sonuncu kəlməyə şübhə edənlərə bildirim ki, şair əsərlərini farsca yazıb, bəli, amma o farsca misralarda bol-bol türk kəlmələri işlədib və özünün türk oğlu türk olduğuna da işarə edib...

            Yazıçı bəzi hallarda rəsmən ədəbiyyatşünas rolunda hiss edir özünü. Yəni, elmi-tənqidi mətn yazmaq istəyi baş qaldırır ki, bu zaman qələmini (indi klaviaturanı) o səmtə döndərməli olursan. Bu baxımdan Eliotun, Kunderanın, Lyosanın... bizdə isə daha çox Anarın adını çəkə bilərəm.

            Yenə özümdən misal gətirim: üç cildlik “Renessans həsrəti” (4-cü də çapa hazırdır), Bəhlul Behcət, Sabir Əhmədli, Eldar Baxış haqqında kitablarım, “Aşiqlər” adlı elmi-publissistik kitabım və sair tədqiqatlar bu ehtiyacdan doğub. Bir dəfə demişəm, yenə təkrar edirəm: hər bir yazıçının içində bir potensial araşdırmaçı yatır, kimi onu tərpədib oyadır, kimi də yuxusuna haram qatmır.

           

                                                           ***

 

            Yazıçılıq bir az da rəssamlıqdır.

            Yazıçı həm də rəssam olmalıdır. Gördüyü mənzərənin, adamın, heyvanın, ağacın “portretini” sözlə çəkməyi bacarmalıdır. Bu işin ən mükəmməl ustası Füzulidir. İnsan ağzına hər kəs bir cür anlam, yaxud tərif verə bilər, zira bunun Füzuli qədər mükəmməl ifadəsini kimsə ehtiva etməyib:

            Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz,

            Bu nə sirdir ki, hər ləhzə olur yoxdan var söz.

            Ağızın YOX olduğunu, sözün məhz bu yoxdan – boşluqdan xaric olduğunu deyə bilmək qüdrət istər!

            “Arvadımın yeganə qəribə xüsusiyyəti büsqalter taxmağı sevməməsi idi.”

            2024-cü ilin Nobel ödüllüsü Koreya yazıçısı Han Kangdan gətirdiyim bu misalda, məncə yazıçı məharətindən başqa, bir naturalist rəssam gözü də var ki, məhz “Vegetarian” romanını oxunaqlı edən səbəblərdən birini də bu kimi gedişlərdə axtarmaq lazımdır.

            Daha bir misalı gənc nasir Həmid Piriyevdən gətirmək istəyirəm.

            “-Heybt, ay Heybət.

            -Hay kimdir?

            Səsin dalıncan qapıdan Heybətin başı çıxdı.”

            Yazıçı burada o qədər rəsmə, yaxud görüntülü rəsmə uyur ki, az qala mətnin havasını başqa səmtə çəkəcək. Amma, məncə bədii nəsrin gözəlliyi orasındadır ki, onun içərisində rəssamlıq da var, heykəltaraşlıq da, musiqi də, hətta kino da. Həmid burada hekayəçidən çox kinoçu, ssenaristdir sanki...

 

           

 

                                                           ***

 

            Yazıçılıq bir az da qəhrəmanlıqdır.

            Yox, pis başa düşməyin. Demirəm ki, əlinə silah alsın filan... Hamı Heminquey deyil...

            Yazıçı yaşadığı zamanın kəm-kəsirini qırmanclamağı bacarmalıdır. Əgər onun içində bir qəhrəman olmasa, çətin ki, yaradacağı qəhrəman obrazını bütün cəhətləri ilə verə bilsin...

            Burada, əslində deyiləsi çox şey var... Zira hamının qaçdığı mətləbi mənim açıb-ağartmağıma nə hacət?! Sadəcə, onu deyim ki, yaşadığın ölkədə bir jurnalist haqsız yerə həbsdədirsə və sən buna görə özünü günahkar bilmirsənsə, sənin yazdıqlarının səmimiliyinə, icazə ver, inanmayım...

 

                                                           ***

 

            Yazıçılıq bir az da təqliddir.

            Bilirəm, bunu məndən əvvəl Aristotel də deyib. Nə olsun? Desin. Mənim dediyim bir qədər fərqli məsələdir.

            Məncə, yazçının müəyyən dövrdə söykəndiyi, loru dildə desəm, yamsıladığı qələm adamı olmalıdır. O həm də həmin yazıçıdan qorxmalıdır. Və müəyyən müddət sonra onu unutmağı bacarmalıdır. Yoxsa... Yoxsa, ondan yazıçı olmaz. Ömrü boyu təqlidçi olaraq qalacaq...

            ...İlk qorxduğum yazıçı Hüqo idi. “Səfillər”i oxuyanda güman edirdim ki, bundan gözəl nəsə yazmaq qeyri-mümkündür...

            Sonra başqaları da oldu. Və ən sonda Sabir Əhmədli idi növbəti yazıçı. Amma ondan daha qorxmurdum. Çünki o mənə təkcə müəllim kimi gəlmirdi, həm də bir ustad kimi, ata kimi gəlirdi. Beləsindən isə qorxmazlar ki...

            Çox istedadlı adamlar vardı ki, çox eeeeee, lap çox oxuduqlarına görə, yaza bilmədilər. Çünki onlara elə gəlirdi ki, daha yazmağa bir şey qalmayıb. Hamısını yazıblar... (Xuan Rulfoya təkrar rəhmət oxuyaq.)

            Amma hələ yazılası çox şeylər var. Eeeeeeee... Nə qədər desən...

            Biri elə o çox oxuyan və buna görə yaza bilməyənin obrazı... Bax, onu yaza bilərsən...

            Bir az fərqli situasiyadır, amma təxminən odur: “Əllidən bir kəm” buna görə yazılıb...

            Həmişə bu fikirdə olmuşam ki, yazıçı az oxuyan (amma oxuduğunu mükəmməl oxuyan) və çox yazandır...

            Ona görə də, bütün ömrüm yazmaqla keçdi...

            Çünki bu, artıq mənim üçün bir həyat-məmat məsələsi idi...

 

                                               ***

            Yazıçılıq bir az da artistlikdir.

            Yazıçı bir az gərək inandırmağı bacarsın.

            Axı yazdıqlarımızda nə qədər həqiqət payı olsa da, biz, əsasən süjeti uydururuq. Bəs bu uydurduğumuzu necə inandıra bilirik?

            Gərək öz həyatımdan misal çəkim.

            Əvvəlcə sizə bir sirr açmalıyam. Yəqin ki, mənim şəkillərimi görmüsünüz? Belə, bir az çəkici kişiyəm. Hətta deyərdim ki, gəncliyimdə qadınlara çox uğraşmışam. Hə, gördüyünüz kimi, 70-i keçsəm də, saçım da yerindədir... Amma əfsus ki, mən, əslində dazam... Bəli, iyirmi ildir ki, bu belədir. (Əlimlə saçlarımı soldan sağa itələyirəm və saçımın ortasının həqiqətən daz olduğu görünür.) Bəs bunu mən necə edirəm ki, dazlığım bilinmir?

           Çox sadə. Başımın sol tərəfindıki saçları uzadıram və sağ tərəfə darayıb ortadakı daz hissənin üstünü örtürəm... Baxanlar elə bilirlər ki, mənim saçım yerindədir... Yazı da belədir. Yazanda elə yazmalısan ki, sənin qəhrəmanının daz olduğu bilinməsin... (Əlbəttə, bu bir zarafatdır, amma həm də həqiqətdir.) İndi yaşı yetmişi ötmüş qadınlar sir-sifətlərini elə çəkdirirlər ki, heç kim onların o yaşda olduğuna inanmır. Yəni, onlar 15-20 yaş cavanlaşırlar...

          Deməyim odur ki, yazıçılıq, bir az da sehrbazlıqdır, fokus-mokus çıxartmaqdır, ənlik-kirşa yaxmaq, daz yerini örtməyi bacarmaqdır... Oynamalıdır yazıçı. Artist kimi...

            İnandırmalıdır axı!

            Bax, yazıçılıqda bu mühüm şərtdir.

 

                                                                                                                      28.01.2024

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ SARI SİMİ QIRILAN TAR...