ELM İNSAN RUHUNUN TƏZƏLƏNMƏSİDİR (Dostum Tehran Əlişanoğlunun 65 yaşına)
ELM İNSAN RUHUNUN TƏZƏLƏNMƏSİDİR
(Dostum
Tehran Əlişanoğlunun 65 yaşına)
Mənə
görə elmlə sənət (o cümlədən ədəbiyyat) çox yaxın qohumdurlar. O qədər yaxın
ki, onların ikisi ilə də məşqul olmaq ya fəsad törədər (adamı hər ikisindən edər),
yaxud da çox böyük mərtəbəyə aparar – Nizami timsalı. Ona görə də, düşünürəm
ki, elm insanın ruh halının məhsuludursa, sənət qan məsələsidir.
Bir
haşiyə.
Gənclik
illərində orta məktəblərdə tətil başlayan kimi yazı-pozumu qoltuğuma vurub
Bakıya qaçardım. Redaksiyalara hekayə və məqalələrimi verər, dost bildiyim
yazıçılarla – Sabir Əhmədli, İsa İsmayılzadə, Eldar Baxış, Camal Yusifzadə,
Tofiq Qəhrəmanov və qeyriləri ilə görüşər, ədəbiyyat və mədəniyyət aləmində
yeniliklərdən xəbər tutmağa çalışardım. Və təhsil aldığım ali məktəbdə - o vaxtkı
APİ-də işləyən Ramin Əhmədovla da hökmən görüşərdim. Sonralar professor olan bu
gənc alim həm də müəllimimiz İsmayıl Şıxlının kafedrasında çalışdığından daha məlumatlı
idi. 1975-ci ilin soyuq dekabr günlərində, yeni ilə az qalmış Ramin müəllimlə
görüşdük. Xeyli dərdləşsək də, sonda gedib boğazımızı yaşlamaq mümkün olmadı – “Məmməd
Arif Dadaşzadəni ki, tanıyırsan, mənim namizədlik işim onun yaradıcılığındandır,
həm də onu özümə müəllim bilirəm; heyf, vəfat edib, təkcə böyük alim deyil, həm
də gözəl insan və dəyərli ziyalı idi o... Bu gün Akademiyadan cənazəsini götürəcəklər...”
– dedi Ramin müəllim. Və mən də ona qoşulub, bu böyük elm xadiminin dəfnində
iştirak etdim həmin gün...
Əlbəttə, mən akademik Məmməd Arifi tanıyırdım. Amma, gərək boynuma alım ki, onun bu dərəcədə böyük elm fədaisi olduğunu, Nizami adına Ədəbiyyat İnstitutundakı heyrətamiz fəaliyyətini, Cabbarlışünaslığa töhfəsini, xüsusilə Cabbarlının “Pravda”da getmiş adi bir məqaləsini tərcümə edərək ədəbiyyatımıza “Firuzə” adlı bir hekayə qazandırmasını (o məqalə qəzetin sifarişi ilə rusca yazılıbmış), çoxlu sayda alim və professorlar yetirməsini, Akademiyadakı çoxcəhətli fəaliyyətini dərindən bilmirdim... (Sonralar, "Müsavat" dərgisində çalışarkən "Tanıdığımız və tanımadığımız Cəfər Cabbarlı" adlı məqaləm çap olunacaq və Ramin müəllim, daha bir Cabbarlışünas alim doktorluq dissertasiyalarında həmin məqaləyə istinad edəcəklər. Ramin müəllim isə yenə israrla mənim elmi iş yazıb müdafiə etməyimçün saqqızımı oğurlamağa çalışacaq. Təbii ki, mən razı olmayacağam - yazıçılığı heç nəyə dəyişməyəcəyəm sonacan.)
Məmməd
Arif vəfat edəndən az sonra onun yeri boş qalmadı – Yaşar Qarayev kimi əzəmətli
elm adamı o boşluğu doldurdu...
(Gərək
etiraf edim ki, mən Yazıçılar Birliyi, Elmlər Akademiyası və bu kimi məmur
istehasl edən idarələrin daim ideoloji basqı altında olub da, elm və sənət
adamı deyil, muzdurlar ordusu yetişdirdiyi qənaətimdə olduğumçün oralara çox da
rəğbətim olmayıb. Amma və yenə də amma! O idarələr, xüsusən Akademiya Heydər
Hüseynov, Kamal Talıbzadə, Xudu Məmmədov, Məmməd Arif Dadaşzadə, Azad Mirzəcanzadə, Yaşar Qarayev
kimi nüfuzlu elm adamları və aydınlar yetirmişdir axı!)
***
Bu
yazının yazılmasına səbəb olan yuxarıdakı siyahıya bu gün ürəklə daha bir elm fədaisinin
– Tehran Əlişanoğlunun adını əlavə edə bilərəm. Onun çoxşaxəli fəaliyyəti bu
gün Ədəbiyyat İnstitundakı elmi araşdırmaçılara da sirayət etmişdir. O
da maraqlıdır ki, Tehran, bəlkə də bu elm ocağının tarixində ilk dəfə bədii
nümunərə qiymət verərkən yazıçının kimliyinə deyil, yazdıqlarına diqqət yetirir
və bunu rəhbərlik etdiyi elmi sferadakı alimlərə və gənc tədqiqatçılara da
inandırır...
Yazımın
əvvəlində ruh və qan məsələsinə (bu, əslində beyin və ürək məsələsidi həm də)
elə-belə toxunmamışdım. Tehran ruhu yatmayan, qanı qaynamayan problemə, işə “hə”
deməz. Artıq onun 60 illiyinə yazdığım essedə dediyim kimi bir dəfə o bu
insidenti yaşayıb. İnanıram ki, ömrünün belə məhsuldar çağında sözü daha ötkəm
olar.
Əslində,
bu yazı da yarımyubiley yazısıdır. Yəni bizlər 65-i adətən, geniş qeyd etmərik,
zira söhbət Tehran Əlişanoğlundan gedursə, burada istisna olmalıdır.
Burada
mən Tehranın akademiyadakı geniş fəaliyyətini bu kiçik yazıda təhlil etmək
fikrindən uzağam. Amma onun rəhbərliyi ilə gənc yazıçıların kitablarının bu elm
ocağında müzakirəsini keçirmək kimi möhtəşəm bir tədbiri qeyd etməmək günah
olar!
Əli
Zərbəli adlı bir gəncin hekayələr kitabının akademiyada, Tehranın rəhbəri
olduğu şöbədə müzakirəsi məni necə atəşləmişdisə, həmin kitab haqqında əlahiddə
bir yazı da yazmışdım...
...”Yazı”
dərgisi çıxmağa başlayanda ilk xoş sözü Tehran dedi. “Yazı”nı yazan var” adlı
gözəl bir məqalə yazdı. Elə ötən il 70 illiyimin qeyd edilməsi zamanı
verdiyimiz qərarı – çoxcildliyimin nəşrinə də sevinən o oldu – 1-ci cildə geniş
bir ön söz yazdı...
...Teharanla
məni ikimizin də müəllim bildiyimiz mərhum dostumuz Tofiq Qəhrəmanov tanış
etmişdi. O Tofiq ki, həyatın əzablı tavrlarına dözməyib intihar etsə də, ikimiz
də onun unudulmasına imkan vermədik – mən haqqında yazılar yazdım, ədəbi obrazını yaratdım, Tehran isə həm
yazı yazdı, həm kitablarını buraxdı...
Tehranın
çox əsri var. Çoxsaylı məqalələri, fundamental kitabları, elmi rəhbəri və yolgöstərəni
olduğu gənc elm fədailəri, tələbələri... Və bir də sənətə - abstrakt rəssamlığa
könül verən ciyərparəsi Heyran Mustafazadənin qanla işlədiyi rəsmləri... (Azad
Qaradərəli “Abstrakt dünyanın o üzü”, “Renessans həsrəti”, 3-cü kitab, səh
174-176)
***
Əziz
dostum Tehran Əlişanoğlunun 65 yaşı tamam olur. Ruhən və qəlbən cavan olan
dostuma yaradıcılığının kükrəyən çağında daha böyük uğurlar diləyir və deyirəm:
qoy Yaradan sənin ağıl iksiri və ürək qanı ilə dolu olan qələmini həmişəyazar
etsin – bilgisayarının qapağı heç vaxt örtülməsin! Yeni yaşın qutlu oldun,
qardaşım!
16.01.2025
Yorumlar
Yorum Gönder