PALİTRA TOĞRUL NƏRİMANBƏYOV ƏFSANƏSİ

 

            PALİTRA

 

       TOĞRUL  NƏRİMANBƏYOV  ƏFSANƏSİ*

 


     20-ci əsr  Azərbaycana bir sıra bir sıra böyük şəxsiyyətlər bəxş etdi: M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli, Səttar Bəhlulzadə, Qara Qarayev, Arif Məlikov... Belə şəxsiyyətlərdən biri böyük rəssam Toğrul Nərimanbəyov idi.

    Yarı avropalı, yarı Azərbaycan türkü olan rəssamın yaradıcılığı əsasən şərq motivləri üstə kölənmişdi.

    Böyük rəssam 83 il ömür sürsə də, həyatının sonluğu traqğgik vəziyyətdə başa çatdı. Fransada vəfat etdiyindən həyat yoldaşı Fransada, qızı isə Azərbaycanda dəfn olunmasdını istədi. Uzun zaman bu iki qadının çəkişməsi nəticəsində onun rufu incidi. Nəşi neçə müddət morqda qalandan sonra, nəhayət ki, Fransada dəfn olundu.

Sənətşünas Ziyadxan Əliyev Toğrulun yetişdiyi mühiti belə qiymətləndirir:

    “60-cı illərdə Sovet məkanını solçular və sağçılar bürümüşdü. Maraqlıdır ki, Toğrul institutu bitirib gələndə, Bakıda onlara təkan verə biləcək yaradıcı adamlar vardı. Onlardan biri Səttar Bəhlulzadə idi. Səttardan soruşurdular ki, bəyəm sən çəkdiyin realizmdir? O deyirdi ki, “hə. Amma mən öz realizmimi çəkirəm”. Səttar o qədər gözəllik yaradırdı ki, sovet ideoloqları onun əsərlərinə qulp qoya bilmirdilər. Bu baxımdan Toğrulun xoşbəxtliyi onda idi ki, gəlib Bakıda Mir Cavadı gördü, Tofiq Cavadovu, Səttarı, Ələkbər Rzaquliyevi gördü. Onlar elə fərdlər idi ki, onlardan ilhamlanmaq olardı”.

      Tələbələrindən olan rəssam Ağlıi İbrahimov bildirir ki, rəssamın Amerikada 30-dan çox əsəri qalıb. Orada yaşadığı müddətdə ingilis dilini bilmədiyinə görə ona bəzi sənədlərə qol çəkdirirlər və beləcə 30-dan artıq əsərini əlindən alırlar. Ona görə ABŞ-dan inciyib Fransaya köçür. Bu zaman çox əziyyət çəkib. Tələbəsinin dediklərindən: «Birincisi, müsəlman olduğu üçün (Halbuki Paris məhkəməsi onun katolik olduğunu əsas gətirib meyitinin yandırılmasına razılıq verib). Mən səmimi söyləyirəm. İkincisi, işlərini sata bilmirdi. Deyirdi: “Bir gecə klubu vardı, çox böyük əziyyətdən sonra ora yol tapa bildim. İşimi 37 minə aldılar. Heç o pulu da istəmirdim. Təki bizim mədəniyyət təbliğ olunsun. O biri rəssamların əsərlərini də gətirə bilim bura...”.

      Ağəli İbrahimov Toğrul Nərimanbəyovu Azərbaycan təsviri sənətinin ürəyi adlandırıb: “Yeganə Azərbaycan rəssamıdır ki, Dünya ensiklopediyasına- ən böyük sənətkarların arasına düşüb. Toğrulun yoxluğundan sonra elə bil ki, yetim qaldım. Toğrul Nərimanbəyov dahi rəssam olmaqla yanaşı, həm də nəhəng insan, müğənni, şair, dünya mədəniyyətindən, tarixindən xəbərdar insan idi. Onun həyatı ağır olub. Ata-anası, özü sürgündə olub. Amma gəlin, onun əsərlərinə baxaq: Nələr görərik--Azərbaycan folkloru, Bakının ürəyi İçərişəhər, nağıllar, Azərbaycan narı...”.

       Rəssam son vaxtlar vətənindən də incik düşüb. Bunu tələbəsi belə xarakterizə edib: “Onun da problemləri, incikliyi vardı. Mənə danışırdı ki, onun ən gözəl əsərini-“Moskva” mehmanxanasının divarlarını bəzəyən pannosunu yox elədilər. Çox böyük rəsmlər idi. Onu Heydər Əliyev sifariş eləmişdi. Dağıldı hamısı... Bir dəfə qızı Əsmər təlaşla gəlib mənə dedi ki, Tusi Universitetinin yanında olan «Qız və nar» barelyefini sındırıblar. Belə şeylər onun qəlbinə toxunurdu. Toğrul kimi sənətkarın yaratdığı hər bir əsər onun ruhunun əksidir. Ona toxunmaq olmaz. Müəyyən strukturlar var ki, belə şeylərə laqeyd yanaşırlar. Amma dövlət ona diqqətli idi. Hətta İçərişəhərdə emalatxana vermişdilər. Çox gözəl emalatxanadır”.

      Ziyadxan Əliyev rəssamın 80 illik yubileyinin də keçirilmədiyinə diqqət çəkib: “2010-cu ildə onun 80 illik yubileyi keçirilməliydi. Məhz  onun cənazəsinin Bakıya gətirilməsinə mane olan xanım o vaxt da yubileyin keçirilməsini əngəllədi... Həmin yubileydə Toğrula hədiyyə kimi bir nar sərgisinin açılışı da nəzərdə tutulmuşdu. Axı, Toğrul narı sevirdi...”.

      Beləcə, bir əfsanə də başa çatdı. Amma onun həyat əfsanəsi bitsə də, sənət əfsanəsi hələ neçə-neçə könüllərdə özünə yer tapacaq. Əfsanə bitdi... əfsanə davam edir...

                                                                                                          AZAD QARADƏRƏLİ

 

            (“Yazı” dərdisi, 2014, 12-ci say, səh 198-199)


---------------------------------------------------------

*Dərgidə mənim imzam çox görünməsin deyə, bəzi yazıları imzasız verirdim. Bu yazı informasiya xarakteri daşısa da, mənim öz mülahizələrim də olduğu üçün o vaxt gizlətdiyim
imzamı burada yerinə qoyuram. (Dərginin o vaxtkı oxucularını çaşdırmamaq üçün bu izahı verməli oldum. Müəllifin qeydi)

 

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ SARI SİMİ QIRILAN TAR...