AZAD QARADƏRƏLİ ANANIN OĞULLARI – 2 Hekayə
AZAD QARADƏRƏLİ
ANANIN OĞULLARI – 2
Hekayə
İş elə gətirib ki, bəzən eyni mövzuda, hətta eyni adda iki, bəzən üç
hekayə yazmalı olmuşam. Bu, ad tapa bilməməkdən gələn acizlik deyil, sadəcə,
bir bədəndə iki can olduğu kimi, bir adda iki hekayə olur ki, zaman-zaman bu
hekayələrin ikincisinin qarşısına “2” rəqəmini qoymuş oluram. 20 Yanvar şəhidlərinə
həsr etdiyim “Ananın oğulları” hekayəsinin yazılmasından düz 27 il sonra eyni
adda, eyni mövzuda (situatsiya fərqli olsa da, mövzu birdir) ikinci hekayəni
yazası oldum. Müəllif
Siz
heç oğul dağının nə olduğunu duydunuzmu?
Haşa!
Allah
belə bir dərdi heç düşmənimə də göstərməsin.
Amin.
***
Neçə
vaxt idi Elxandan xəbər yox idi. Deyirdilər ki, mühasirəyə düşüblər, son gülləyəcən
vuruşublar...
Vəssalam.
Daha, dilim-ağzım qurusun, öldü-qaldılarından xəbər-ətər yox idi.
Sərçə
pırr eləyib uçanda da elə bilirəm, bu saat oğlumdan xəbər gətirəcək.
Düz bir aydı belə səksəkədəyik.
Xəbər
isə yoxdu ki, yoxdu.
***
Onlar
doqquz nəfər olublar.
Kəşfiyyatçı
imişlər.
Şuşa
səmtdə son əməliyyat məlumatı gətirməyə gedəndə...
Mən
anayam, bu ayrı. Amma sizə deyim ki, qırx beş yaşlı ana kimi o günlərdə mən də
döyüşə getməyə hazır idim. İnanmazsınız, müəllim işlədiyim məktəbdə on birinci
sinfin oğlanları da döyüşə can atırdılar. Oğlumun müharibədə olması mənə nə qədər
ruh versə də, ürəyimin dərinliyində bir qorxu vardı. Birdən...
(O,
marketoloq idi. İkinci Qarabağ Müharibəsi başlayandan bir az əvvəl
magistraturada oxumaq istəyi ilə sənədlərini Almaniyadakı bir universitetə göndərib,
yaxşı da cavab almışdı. Alman dilini də ana dilimiz səviyyəsində öyrənmişdi...
Lakin müharibə xəbəri çıxan kimi ilk könüllülərdən oldu. Nə gizlədim, onun
oxumağını yarıda qoyması ürəyimin başını ağrıtsa da, ölkə qadınlarının əksəriyyəti
kimi mən oğluma haqq qazandırdım. Hətta atası ilə aramızda mübahisə də düşdü. O
dedi ki, əvvala oğlumuz tək oğlandır, ikincisi də onun oxumaq istəyi vardı.
Yaxşısı budur, qoy mən gedim, o qalsın... Biz belə bir müzakirə-mübahisədə ikən
oğlum məhləmizin cavanları ilə mitinqdən birbaşa cəbhəyə yollanmışdı...)
Mən
özümü buna da hazırlamışdım. Günlər, həftələr, aylar ötdükcə ümidim azalsa da,
nədənsə bir arxayınçılıq da vardı içimdə. Bu, oğluma olan inamdanmı irəli gəlirdi,
ya nə idi, bilmirəm...
***
O
müdhiş xəbəri icra hakimiyyətində işləyən yerlimiz gətirdi. Yazıq kişi bir
halda idi ki... (İndi durub özüm bu vəziyyətdə ikən onun və onun kimilərinin
oğlanlarını müharibə ərəfəsində xaricə qaçırtmalarından danışıb, başınızı
ağrıtmayacam. Özümün dərdim özümə bəsdir... Deyim ki, adam nə yoldaşımın, nə mənim
üzümə dik baxa bilmirdi. Hiss olunurdu ki, xəcalətdən özünə yer tapa bilmir...)
Nə
isə. Kişi içəri girən kimi yoldaşımın boynunu qucaqladı, ün çəkib ağladı. O
saat bildim ki, oğlumdan pis xəbər var. Özümü nə qədər tox tutmağa çalışsam da,
olmadı. Bir də gördüm ki, isti göz yaşı yanağım aşağı axır. Əl atıb adamın
yaxasından tutdum, silkələdim, nə isə demək istədim, səsim çıxmadı. Yazıq əyildi,
yavuqdakı stula çöküb hönkürdü və dedi:
-Uşağın
xəbərini bir az əvvəl verdilər mənə... Nəşini bu gün gətirməlidilər...
Girdim
oğlumun otağına. Pianonun üstündəki böyüdülmüş əsgərlik şəkilini alıb çıxdım həyətə.
Qohum-qardaşa üz tutub dedim:
-Xəlil
Rza oğlu şəhid olanda nə dedişdi?! Mənim oğlum qəhrəman kimi döyüşüb, şəhid
olub... Onu qıhrəman kimi ağlayın...
Siqareti
siqaretə calayan kişiyə də eyni sözü dedim:
-Sən
qəhrəmanın atasısan! Belini bükmə!..
Elə
həmin gün prezidentin fərmanı da çıxdı. Bir neçə şəhidlə bərabər oğlum da təltif
olunmuşdu...
Düz
qırx gün oğlumun yasını verdik. Düz qırx gün oğlumun məzarından ayrılmadım. Hətta
səhərin gözü açılmamış Bakıxanovdakı (keçmiş Razin qəsəbəsi) Şəhidlər
Xiyabanına qaçır, oğlumun üstünə təzə qərənfillər qoyur, oğlumla danışır, dərdləşirdim...
Və
bir gün bir müxbir gəldi bizə. Gənc bir xanım olsa da, ağıllı söhbətləri vardı.
Dedi ki, mən sizin oğlunuzun rəşadətindən bəhs edən bir video-müsahibəni dinləyib, çox qürurlandım. Və qərara gəldim
ki, bu qəhrəmnnan bir kitab yazım...
Sonra
telefonundakı o müsahibəni – oğlumun döyüş komandiri ilə söhbəti – mənə də izlətdi.
O
xanımın gəlişi və işə başlaması bir az elə bil mənim yanğımı soyutdu. Dərdimlə
barışmalı oldum. Jurnalist xanımla bir neçə gün təmasda olduq. Hətta onu mənim
işlədiyim, həm də oğlumun oxuduğu məktəbə də apardım. Orada direktorumuz, müəllim
yoldaşlarım, şagirdlərim başıma yığışdılar. Anladım ki, mən artıq dərdimlə
barışıb işimə də dönməliyəm...
Düz
üç aydan sonra o kitab hazır oldu. Kitabın təqdimatı çox təmtəraqlı keçdi.
Oğlumun döyüş yoldaşları, müsahibəsini izlədiyim o komandir də çıxış etdilər. Və
o tədbirin sonunda elə bir hadisə oldu ki...
Komandir
ərimlə məni kənara çəkib pışıltı ilə dedi:
-Bilirəm,
bu söz sizin yaranızın qaysağını qopardacaq... Amma istəyirəm, biləsiniz ki, mən
Elxanın ölümünə inanmıram. Düzdür, onların həlak olduqları zonanı biz alandan
sonra kəşfiyyatçıların meyidlərinin qalıqlarını tapmışdıq... Amma mən onların
içində Elxanın olduğuna şübhə edirəm... Sadəcə, o vaxt bu sözü dilə gətirə bilməzdim...
Biləsiniz ki... Hələlik, sizə bundan artığını deyə bilmərəm...
Adam
gedəndən sonra içimizə qurt düşdü. Atası da, mən də səksəkə içində qalmışdıq...
Hər cümə axşamı getdiyimiz o məzar da bizə heyrətlə baxırdı sanki. Evimizin bir
küncünə qoyduğumuz o kitab bağlaması da elə bil gözdən düşmüşdü. Elxanın adına
verilən o orden-medallar da elə...
Düz
iki ay da belə ötdü.
Müharibə
bitmiş, torpaqlarımız azad olunmuş, qələbə sevinci hər şeyi üstələmişdi. Ancaq
mənim və ərimin oğul itkisini heç nə əvəz edə bilməmişdi...
Üstəlik
də, bu eşitdiklərimiz...
O
polkovnikin telefonunu bir neçə dəfə yoldaşım yığsa da, ona zəng çatmırdı. Hətta
hərbi hissəyə, Müdafiə Nazirliyinə, icra hakimiyyətinə zəng edib o polkovnik
haqqında məlumat istəsək də, bizə dürüst bir söz deyən tapılmadı. Elə bil bu
adda adam yoxmuş.
Dərdimizlə
təzə barışmışdıq ki...
***
İcra
hakimiyyətindəki yerlimiz bur gün qəfil bizə gəldi. Adamın bu dəfə kefi kök
idi. Hətta zarafat da elədi yoldaşımla:
-Yerli,
de görüm, bir yaxşı xəbərə hazırsanmı?
Qəddi
əyilmiş yoldaşım bir mənə, bir gələn adama baxıb incik bir tərzdə başını
buladı. O isə dil qəfəsə qoymurdu:
-A
kişi, belə sizə yaxşı bir xəbər gətirmişəm e!..
Jurnalist
xanım demişdi ki, kitabı lazimi yerlərə çatdırıb və çalışacaq ki, Elxanın qəhrəmanlığını
bütün ölkəyə yaysın və bəlkə, bizim də valideyn kimi nəsə etməyimiz lazım oldu
ki, şəhidimizə Milli Qəhrəman adı verilsin...
Düzü,
mənim könlümdən keçən bu oldu ki, bəlkə oğlumuza bu adı verəcəklər...
Kişi
də onu fikirləşirmiş, deyəsən. Çünki gördüm, gözünün dərinliyində kədər qarışıq
bir fəxr də dolaşır...
Amma
bizim bu yerlimizin gözü gülürdü. Adam çox nəşəli görünürdü. Heç onun bu halını
bir şəhid anası kimi özümüzə yaraşdırmadım. Ürəyimdə onu qınadım da...
Axırı
ki, adam ciddiləşdi və əlini əlinə sürtüb aramla dedi:
-A
kişi, niyə mənə elə baxırsınız?! Mən şad xəbər gətirmişəm e, şad xəbər!.. Belə
muştuluğumu verin...
O,
birdən yerindən qalxdı, qolunu yoldaşımın boynuna salıb muğamat oxuyar kimi
oxumağa başladı:
-Belə
ay qohumlar, ay ellilər, məndə sizinçün şad xəbər var e, şad xəbər... Dadey,
dadey, dadey, belə oğlunuz sağdır eeeeee, sağdır, bu gün o kitabın təqdimatında
çıxış eliyən polkovnik zəng eləmişdi... Elxanla özüm görüntülü danışdım...
Baxın, bu da o video... – Deyib telefonunun düyməsini basdı.
Elxanın
səsi evimizə doldu. Görüntüsü o balaca telefondan süsüb hüzn dolu evimizi
nurlandırdı.
O
anda bir o yadımdadır ki, ərim dönüb mənə baxdı, baxdı, elə bil qolunu qaldırıb
icra hakimiyyətindən gəlib muğam oxuyan yerlimiz kimi oxuya-oxuya oynamağa
başladı və bir də onu gördüm ki, mən yıxılıram...
Daha
nə olub, nə olmayıb, onu bilmirəm. Bildiyim o oldu ki, ayılanda başımın üstündə
ağ xalatlı həkim və tibbb bacısı vardı...
***
Elxan
həmin günün səhəri gəldi. Çox sınıxmışdı. Düşünürdüm ki, yəqin əsirlikdə imiş.
Qorxudan bir söz də soruşa bilmirdik. Heç o özü də danışmağa həvəs göstərmirdi.
Nəhayət, gələn qonaqlar çəkilib gedəndən sonra o bircə bunu dedi:
-Mən
alman dili kursuna gedəndə orada gizli erməni dili kursunun da olduğunu öyrənmişdim.
Sizdən xəbərsiz o kursa da gedirdim... Yəqin bildiniz, daha sizə bundan
artığını deyə bilməyəcəyəm... Bu barədə bir başqa adama danışmaq da olmaz...
Dövlət sirridir...
-Bəs
o qəbir? –Mən qorxaq səslə soruşdum.
-Bəs
bu kitab? – Bunu da atası evin küncündə bic qundağı kimi durmuş kitab
bağlamasına işarəylə dedi.
-Yaxşı,
durun gedək, o mərhumu ziyarət edək, sonrasına baxarıq...
Bayıra
çıxanda qapımızda çoxlu sayda maşın gördük. Çoxlu hərbçilər, məktəblilər, bir də
həmin isra hakimiyyətində işləyən yerlimiz...
Məzarı
ziyarət etdik. Çoxlu çiçək, buketlər düzdülər. Çıxışlar oldu.
Bilmirdim
güləm, ya ağlayam.
Gecə
oğlum başını sinəmə qoyub dedi:
-Ana,
sizə böyük ağrı-acılar yaşatmışam, bilirəm. İxtiyarım yox idi... Vətən və dövlət
ailədən çox irəliymiş, anacan... Mən bu az yaşımda elə şeylər gördüm ki...
Onun
göz yaşları sinəmi islatdı...
-İnciməyin,
mənim daha bundan artığını deməyə ixtiyarım yoxdur...
Sonra
oğlumu hardasa işə götürdülər. Magistratura-filan heç yada da düşmürdü. Ayda
bir-iki dəfə görüşürük, ya da telefonla danışırıq. Bircə tezliklə evlənməyini
istəyirəm, sonrasını özü bilər. Onsuz da onu dövlətə əmanət etmişəm... Təki
canı sağ olsun...
***
Evdə
iki bağlama kitab qalmışdı. Onları aparıb evin anbar dediyimiz otaqçasında gizlətmişəm.
O jurnalist də daha bizə zəng-zad etmir.
Tək
dərdim o qəbirdir. Orda axı bir anası ölmüş yatır. Görəsən, kimdir, nəçidir,
niyə axtarıb tapmırlar. Bir dəfə oğluma dedim, acığı tutdu mənə. “Sənə oğlun
lazım idi, gəldi, çıxdı. Qalanı sənlik deyil. O qəbirin isə sahibi çıxıncan elə
bil ki, sənin öz balandır... O da olsun sənin oğlun...”
Hə,
vallah. Onsuz da Şəhidlər Xiyabanına gedəndə bir “oğluma” (dilim ağzım
qurusun), bir də o biri oğlanlarıma dua oxuduram girişdəki mollaya... Adamın
üstdə allah var, ürəkdən oxuyur, heç pul də götürmür, güclə beşliyi cibinə
qoyuram...
...Bir
arzum var ki, bu qəbirin baş daşından mənim Elxanımın adını, şəkilini silsinlər,
yerinə Naməlum əsgər yazsınlar. Ya da ki... Daha ya da kisi yoxdu... Elə bilərəm,
iki oğlum varmış... Burda yatanların hamısı elə mənim balam kimidilər...
Hə,
bir də Elxan gələndə özünə dedim, razılaşdı. Dövlətin bizə qanpulu verdiyi
xeyli pul vardı ki, ona əlimizi də vurmamışdıq, aparıb qaytardıq hökümətin
bankına...
Allah
bütün intizarda olanları qovuşdursun...
10.02.2025
Yorumlar
Yorum Gönder