AZAD QARADƏRƏLİ BAKI – KİYEV QATARININ İLK SƏRNİŞİNİ Hekayə

 

            AZAD QARADƏRƏLİ

 

             BAKI – KİYEV QATARININ İLK SƏRNİŞİNİ

 

                        Hekayə

 

                                                            Mincivan və Xarkov dəmiryolçularına sayqı, hörmətlə

 


             Qəsəbədə hamının ehtiram bəslədiyi qoca uzun illər dəmiryolçu olmuşdu. Əvvəl-əvvəl dəmiryolda ən kiçik peşədə – adına “strelçik” dedikləri  yoldəyişən vəzifəsində işləyirdi. Sonra Bakıya gedib oxudu, maşinist köməkçisi oldu. Və bir gün ona ağır yüklü qatarlar etibar edildi – maşinist idi artıq, yəni qatar sürücüsü.

             Dəmiryolçu adı onunçün müqəddəs idi – Vətən kimi, ana kimi, torpaq kimi, övlad kimi...

            Adı təkcə qəsəbədə deyil, o vaxtlar qısaca “Daroqa” dedikləri İmişli Dəmiryol təşkilatının işçiləri tərəfindən hörmətlə çəkilir, bayramlarda fəxri fərmanla, pul mükafatı ilə mükafatlandırılardı. Amma bir gün elə bir iş oldu ki...

            Naxçıvana, oradan da Yerevana gedəsi xüsusi əhəmiyyətli yük qatarını ona həvalə etmişdilər. Hətta deponun rəisi demişdi ki, diqqətli olsun, nədənsə Moskvadan zəng vurub qatarla bağlı narahatlıqlarını bildirmişdilər. Elə belə söhbətlərin getdiyi vaxtda, qatarın yola düşməsinə on dəqiqə qalmış qərar dəyişdirildi və onun rəhbərlik edəcəyi heyəti kənarlaşdırdılar, qəsəbədə çoxdan yaşayan Kirilov adlı bir rusa həvalə etdilər qatar maşinistliyini. Səbəb də o imiş ki, Kirilov Kiyevdə dəmiryol texnikumunu qurtarıbmış...

            Elə o gündən dəmiryoldan küsdü. Hətta rayon mərkəzinə gedib avtomobil yolları idarəsində işə düzəlmək istədi. Amma yaxşı ki, yaxşı insanlar varmış. Təqaüd yaşına bir il qaldığı üçün az-az ağır yüklü qatarlara çağrılan dəmiryolçuların ağsaqqal bildiyi Qəzənfər kişi onu fikirli görüb kənara çəkmişdi.

            -Nə olub, a bala?! Niyə fikirlisən? Xəbərim var əhvalatdan. Bir dılqır İvana görə niyə ürəyini sıxırsan? O texnikom qutarmayıb, sən get, instituta gir! Ode ha, Rastov Dəmiryol İnstitutu! Hətta bizdə filialı da açılmaq üzrədir...

            Ağsaqqala bir söz deməsə də, aradı, axtardı, araşdırdı, öyrəndi ki, Rastovdakı instituta sənəd verməyə gecikib, amma Xarkovdakı ali məktəbə hələ bir neçə gün vardı - qəbulun vaxtını uzatmışdılar.

            Ərizə yazıb, növbəti məzuniyyət götrüdü və dəmiryolçu bileti ilə Xarkova bilet alıb səhəri gün yola düşdü... (O vaxtlar dəmiryolçuya böyük ehtiram vardı. Buradan Xarkova hökümətin verdiyi dəmiryol bileti ilə əlavə qəpik-quruş ödəməklə “plaskart” dedikləri rahat vaqonda getdi.)

 

                                               ***

 

            Rus dilini istənilən səviyyədə bilməsə də, onun Azərbaycandan gəldiyini nəzərə alıb, dil bilgisində güzəşt etdilər. Rəhbərliyin verdiyi xasiyyətnamə də qəbul zamanı kara gəldi. Beləliklə, imtahanlardan uğurla keçib, bir aylıq dərslərdə iştirak edib, Xarkov institutunun dəmir yolları fakültəsinin qiyabi tələbəsi kimi geri döndü.

            Qış sessiyasına gedəndə kirayədə qaldığı evin qonşuluğunda yaşayan bir qızla tanış oldu. Olya adlı bu qız, demiyəsən həmin ali məktəbin dəftərxanasında işləyirmiş. Az vaxt içərisində Olya ilə dostlaşdılar. Heç gözləmədikləri halda dostluq sevgiyə çevrildi və Olyanın onun adını məhəbbətlə  çağırması oğlanın ürəyinə yağ kimi yayılırdı: “Ox Kyazim, can Kyazim!”

            (Tamam unutmuşam ki! Hə, onun adı Kazım idi. Babası Kərbalayı Kazımın adını qoymuşdular doğulanda. Kərbalayı Kazım kişi Kərbaladan dönən kimi iki at satıb oğlunu Müşlanın yaxınlığındakı Pirçivan 7-illik məktəbinə qoymuşdu. Sonra Sovet höküməti gəlmiş, Kərbalayı Kazımı sürgün etmiş, mal-dövlətini də müsadirə etmişdilər. Onda oğlu Süleyman Bakıya getmiş, əvvəlcə o vaxt dedikləri kimi “peduçiliş”ə, yəni pedoqoji məktəbə girmiş, oranı bitirəndən sonra isə qiyabi ali məktəbə daxil olub, rayonlarında müəllim işləməyə başlamışdı. Ta ki, 41-45 müharibəsində iştirak edib sağ-salamat geri dönmüş, amma ayağındakı yara ucubatından gec ailə qurmuşdu. 1950-ci ildə ailə qursa da, allah ona düz səkkiz il sonra bir züriyyət vermişdi ki, bu haman bizim Kazım, yaxud Olyanın dilincə desək, Kyazim idi.)

            Kazım institutu bitirəndə artıq onların bir yaşında oğlanları vardı. Atası Süleymanın adını qoysa da, Olya ona Sulik deyirdi və bu da Kazımı hirsləndirirdi.

            -Ay qız, mənim atamı niyə Sulik-mulik eləyirsən?! Bu Süleyman təkcə bizim adımız deyil ki?! Cəmi xristiyanların, yəhudilərin, elə müsəlmanların da hörmətlə yad etdiyi peyğəmbərdir. Sən atanın goru, kişinin adını Sulik-mulik eləmə!

            Onda Olya uğunub gedər, Kazımı daha da hirsləndirmək üçün oğluna bu dəfə Sulik deyil, Sulik-mulik deyərdi. Beləcə, onlar dalaşar, barışar, öpüşər, sevişər və sevişməkdən doymazdılar. Özü də nə bəlaydısa, Kazım Olyanı rus qızlarını istəyən kimi istəmirdi. (Əskərlikdə Sverdlovskda olanda bir neçə rus qızı ilə görüşmüş-sevişmişdi. Düzdür, onlar da Olya kimi ehtiraslı idilər, kişi üçün, xüsusən qafqazlılar üçün sino gedirdilər. Amma nədisə, Olyada başqa bir şey vardı ki, Kazımı ona daha çox bağlamışdı. Hətta qəti qərar vermişdi ki, məktəbi bitirən kimi Olyanı da oğlu ilə bərabər Vətənə aparacaq, onunla orada evlənib dədə-baba qaydasıncan toy edəcəkdi.) Əvvala, bu qızın qəribə soyadı vadı: Olya Koç... İkincisi də, Olya sarışın deyildi, Sofiya Rotaru kimi qapqara saçları vardı. Bu da onu doğulduğu Müşlan, yeddiillik məktəbi bitirdiyi Pirçivan, hal-hazırda maşinist işlədiyi Mincivan qızları kimi doğmalaşdırırdı Kazıma.

            Hətta bir dəfə Olya onu Xarkovun yaxınlığındakı kəndlərinə apardı.

             Kəndin adı nə olsa yaxşıdır? Kızlan!

            Eynən atası kimi əlini əlinə vurub güldü və dedi, ay qız, Olya, məni qınama, vallah sən də, kəndin də mənə o qədər doğmasınız ki, heç olmayan kimi. Ay qız, bir bizim kəndlərin adına bax: Müşlan, Pirçivan, Mincivan və sizin Kızlan! Ay qız, ay Olya, məncə, bu “Xarkov” sözündəki “k” deyil e, “Qumilyov” sözündəki “q”-dır! Yəni, Qızlan! Bax, Olya, qız – bizim dildə devoçkadır. Yəni buradakı qızların, sənin kimi qızıl qızların məkanıdır!

            Onlar uğunub getmiş, bir-birinə sarılaraq o ki var sevişmişdilər.

            Və bir gün Olyanın nənəsi ölmüş, Kazım da dəfndə iştirak edəsi olmuşdu. O, Olya ilə onların kəndindəki qəbiristana ikinci dəfə gedəndə donub qalmışdı: qəbiristanda qədim məzarların üstündə qoç fiqurları vardı, eynən Kazımın anasının kəndi Qaragözdəki Mirzə Haşım qəbiristanında olduğu kimi. Kazım əllərini qoşa tutaraq salavat çevirmiş, sonra Olyaya baxaraq demişdi:

            -Bax, Olya, bu fiqurlar qoç, yəni baran fiqurlarıdır. Bizim dədə-babamız vaxtilə qəbirlərinin üstünə belə qoç fiqurları qoyurdular. Nənəmin kəndi Qaragözdə görmüşəm bunu. Ay qız, sənin familyandakı Koç sözü də, bəlkə Qoçdur, bax həmin bu qoç sözündəndir?.. Vallah, məni qınama, burda nə isə sirli bir iş var ki, mənim, dəmiryolçu Kazımın buna savadı çatmaz... Allah burada yatanların hamısına rəhmət eləsin. Amin...

             Qəti qərara gəlmişdi ki, qızla evlənəcək.

            Olya evlənməyə razı idi, amma bir şərtlə: Xarkovda qalacaqlar.

            Kazımın isə ürəyi Azərbaycanda, Bakıda, işlədiyi və yaşadığı dəmiryolçular qəsəbəsi Mincivanda idi... Onu bu qəsəbə adam eləmiş, tanınan maşinist, nəhayət ali təhsilli dəmiryolçuya çevirdişdi.

            Vətən, yurd sevgisi bütün sevgilərdən ucaymış. Ayrılıq sürət qatarı kimi bu sevənlərin arasından ildırım kimi keçdi.

            Onlar ağlaşa-ağlaşa Xarkov dəmiryol vağzalında ayrıldılar...

            Düzdür, sonrakı illərdə Kazım hər dəfə növbəti məzuniyyət vaxtı Xarkova gedir, Olyaya, Suleymana baş çəkirdi. Amma bir dəfə gedəndə gördü ki, Olya ailə qurub...

            Süleymanla – Sulik-muliklə görüşüb, elə həmin axşam qatarla geri qayıtdı...

 

                                               ***

 

            44 günlük müharibə başlayanda Kazımın oğlu Süleyman müəllim işlədiyi rayondan atasına zəng edərək könüllü cəbhəyə getdiyini dedi. (Oğlu doğulanda nənəsi İpək arvad uşağı qucağına almış, “adını Süleyman qoyuram, yaşını allah versin” demişdi. Onda Kazım istəmişdi bağıra ki, ay nənə, olmaz e, mənim bu adda bir oğlum var axı!”, amma deyə bilməmişdi. Çünki zahı arvadı da sevinclə qaynatasınını ağzına baxıb “amin” demiş və Kazımın bağırtısı içində boğulmuşdu.) Kişinin ürəyi ağzına gəldi. Düzdür, otuz ilə yaxın idi ki, bütün Qarabağlılar kimi Kazımın ailəsi də qaçqın düşmüşdü yurd-yuvalarından. İllərdir orda-burda yüz töhmət eşidən bu yurd-yuvasız insanlarçün müharibə bir nicat yolu idi – bəlkə, bu dəfə ermənini elə erməni qibləsinə uzadıb kəsdilər başını, torpaqlarını geri qaytardılar... Orda-burda sülənməkdən canları qurtardı...

            Amma oğul da şirindir axı. Ali məktəbi bitirib təyinatla işlədiyi rayonda ev-eşik sahibi olan oğlu vətən, yurd həsrətinə dözməmiş, könüllü orduya yazılmışdı. Kazım kişinin oğlu Süleymana, onun silah yoldaşlarına dua etməkdən başqa çarəsi qalmadı.

            İncəvara, zaman da, məkan da, Allah da, Tanrı da, Türkiyə də, Pakistan da bizim yanımızda oldu, üstəlik, oğullarımız şir kimi döyüşdülər və 44 gün ərzində baş verən ildırım sürətli mühüribə bizim qələbəmizlə başa çatdı. Torpaqlarımız azad edildi. Üç mindən artıq şəhidimiz, neçə min yaralımız vardı ki, onlardan biri də Süleyman idi. İşlədiyi rayonda məktəb direktoru kimi çalışsa da, müharibənin ağır günlərində əlinə jurnal alıb sinfə girmək, təbaşirlə yazı taxtasında məsələ-misal həll etmək, müəllimlərə yol göstərmək onun arına gəlmişdi və atasının votsapına belə bir mesaj yazaraq könüllü döyüşə getmişdi: “Ata, mən müharibəyə getdim. Belə ağır vaxtda sinif otaqğında gizlənmək arıma gəldi. Sizi öpürəm. Süleyman.”

            ...Süleyman müharibədən tək qolla qayıtdı. Ata-anası onu bir qolu yox görəndə qüssədən ölüb-dirilsələr də, sonda şükür etdilər ki, heç olmasa, oğlanları sağ qayıdıb...

            Dərd elə bil qarışqa sürüsüdür, biri gəldimi, hökmən o biri də bürnünü göstərəcək. Allah dalısından saxlasın.

             Kazımın oğlu Süleyman bir müddət özünə gələ bilməsə də, müalicəsi başa çatan kimi işələdiyi rayona qayıtmış, direktor kimi işinə davam etməyə başlamışdı. Və Kazım kişi arvadı ilə yarımcan oğlunun (bu ifadə Kazımın anası İpək qarıya məxsusdur) evlənməsi barədə götür-qoy edirdilər ki, qəfil gələn bir telefon zəngi kişinin kefini qaçırdı. Olya idi. Zəng vurub dedi ki, bəs nə bilmisən, Süleyman müharibəyə getdi...

            (Bu yerdə daha bir bir mötərizə açmamız gərəkdir. Elə bizim Vətən Müharibəmiz bitəndən bir xeyli sonra, 2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsi başlamış, iki ölkənin də çoxlu sayda əsgəri həlak olmuş, Ukraynada şəhərlər, kəndlər dağılmış, qan su yerinə axmışdı. Olyanın zəngi də bu zaman gəlmişdi.)

            Kazım neçə illər idi oğlu ilə yalnız telefonla əlaqə saxlayır, hal-əhval tuturdu. 44 günlük müharibə başlayandan bu yana isə dərd başını elə qatmışdı ki, Ukrayna da, Olya da, Birinci Süleyman da az qala  yadından çıxmışdı. (Əlbəttə, Kazımın atası da, anası da, evlənəndən bir xeyli sonra arvadı da xəbər tutmuşdular ki, onun Ukraynada oğlu var. Sadəcə, Kazım oğlunun adını dəyişik demişdi – Solomon. Öz aləmində isə adı eyni olan oğlanlarını nömrələmişdi: Birinci Süleyman, İkinci Süleyman. Əlbəttə, bu sıralama yaşa görə idi. Çünki Birinci Cüleyman, yaxud Sulik, və yaxud Sulik-mülik düz beş yaç qardaşından böyük idi.)

            Bax, İpək qarı demişkən, belə bir əlməşik-cəlməşik dövrdə kişi dirəşmişdi ki, mən Kiyevə getməliyəm. ( Süleyman Kiyevdə tanınmış kompüter mühəndisi idi. Onun süni intellekt sahəsindəki kəşfləri gəncin Avropa və Amerikada bir sıra tədqiqat institutları tərəfindən yüksək qiymətləndirilmiş, türkiyəli mütəxəssislərlə birgə işi isə böyük marağa səbəb olmuş, İstanbulda və Kiyevdə apardıqları birgə tədqiqatlar nəticədə bəhrəsini vermişdi: artıq Pilotsuz Uçuş Aparatlarının kütləvi istehsalına başlanılmışdı.)

            Ölkədə PUA-ları idarə edəcək mütəxəssislərin azlığı səbəbindən həmin uçuş aparatlarını idarə edəcək hərbçilərin yetişdirilməsi üçün Kiyevdən kənarda yerləşən zavodda yaradılan məktəbdə dərslərə başlayan Süleyman dərsdən sonra sınaq uçuşlarında birbaşa iştirak edir, düşmən cəbhəsinə zərbələr endirirdi. Bu isə Olyanın votsapda yazdığı kimi “Süleymanın həyatını riskə atması” demək idi. Dəfələrlə rusların təyyarələri Süleymangilin zavodunu və zavoddakı təlim mərkəzini hədəfə almışdı. Hətta bir dəfə Süleyman yüngülcə yaralanmışdı da.

            ...Kazımın qərarı qəti idi: Kiyevə gedəcək!

            “Ay bala, qaxıl otu yerində. Deyirlər hər gün urusdar Kiyovu bombalıyır. Ədə, bına da urus deyəllər e! Heç Hitler qabağında dura bilmədi... Gədənə də yaz, deynən diliı qoy nənaın dalına, otu otuduğun yerdə... Özün də bu yaşında hara gedəssən? Bomba düşsə, orda ölsən, səni kim basıracax, ağzıma daşdar-torpaxlar.” – Bunu İpək arvad demişdi.

            ...-Mənə Bakı-Kiyev qatarına bilet verin. Köhnə dəmiryolçuyam mən...

            -Orada vəziyyət yaxşı deyil, bilirsiniz? – kassir şüşənin o üzündən təəccüblə Kazıma baxdı.

            -Bilirəm, bilirəm!..

            -Bir də ki... Axı birbaşa Kiyevə qatar yoxdur?..

            Kazım hirslə əlini əlinə vurdu:

            -Necə yəni Kiyevə qatar yoxdur? O boyda şəhərə... Bir də mən internetdən xəbər oxudum axı ki, Bakıdan birbaşa Kiyevə qatar işləyəcək?!

            Qonşu kassadakı kassir, deyəsən daha təcrübəli idi. Götürüb harasa zəng vurdu. Xeyli danışandan sonra dedi:

            -Bəxtinizdən Bakı-Xarkov qatarının iki vaqonu Kiyevəcən gedir... Amma indi müharibə olduğundan, bilmirəm, sizi mənzil başına çatdıra biləcəkmi o vaqonlar?..

            -Siz məni Xarkova çatdırın, dalısı ilə işiniz olmasın...

            Nəhayət, biletini alıb rahatladı.

            İki gündən sonra Kiyevə yola düşəcəkdi...

 

                                               ***

 

            ...Oğlu ilə görüşə bilməsə də, telefonla görüntülü danışıb bir az toxtadı.

            Axşamı isə Kiyevdə qaldığı otelə Türkiyənin TRT televiziyasından çəkiliş gəldi və onu dilə tutub bura gəlmə səbəbi ilə bağlı müsahibə aldılar. (Kiyevə gəldiyi ilk gün otelin foyesində bir türkiyəli kişi ilə tanış olmuş, başına gələnləri, oğlu Birinci Süleymanın ruslara qarşı, digər oğlu İkinci Süleymanın ermənilərə qarşı vuruşmasından fəxrlə söz açmış, axırda qəhərlənərək oğlu ilə hələ görüşə bilməməsini, onunla yalnız telefonla görüntülü danışa bildiyini demişdi. Sonradan bilmişdi ki, o adam həmin televiziya kanalının Kiyev təmsilçiliyinin müdiri imiş.)

 

                                               ***

 

            ...-Biz Azərbaycanlılar erməni işğalçılarına özümüz təkbətək qalib gələ bilərdik, amma ruslar buna imkan vermirdi... Necə ki, indi ukraynalılara adam kimi yaşamağa mane olur, başlarına bomba tökürlər... Mənim iki oğlum var, ikisinin də adı Süleymandır... Biri Azərbaycanda ermənilərə qarşı vuruşdu, bir qolunu itirsə də, torpaqlarımızı azad etdi... O biri Süleyman isə burada – Ukraynada ruslara qarşı döyüşür...

            TRT kanalının aparıcısı təəccüblə soruşdu:

            -Nasıl ikisinin de ismi Süleyman oluyor?..

            -Uzun hekayətdi... - deyib Kazım öz həyat hekayəsini, Xarkovda oxumasını, Olyaya Koç adlı ukraynalı qızla tanışlığını, onu sevdiyini, Süleymanın doğulduğunu... Qızlan qəbiristanında gördüyü qoç heykəllərini, Müşlan - Pirçivan – Mincivan – Qızlan kəlmələrinin oxşarlığını, Koç sözünün Qoç olduğunu, ukraynalıların, əslində qıpçaq türkü olduğu barədə sonralar bir kitabdan oxuduğunu, daha nələri, nələri danışdı...

             Üç ölkədə - Azərbaycanda, Ukraynada və Türkiyədə yayımlanan bu veriliş Kazımı necə məşhurlaşdırmışdısa, qaldığı oteldə ondan pul almır, az qala bir diplomat kimi qulluğunda dururdular...

            Veriliş gedən günün səhəri Azərbaycandan oğlu Süleyman zəng etdi, sonra Birinci Süleyman da qoşuldu və ata oğlanları ilə ağlaya-ağlaya danışdı.

 

            ...İpək arvad Kazımın oğlanları barədə görüntülü söhbətini eşidib içini çəkmişdi:

            -Şükür, çox şükür! Deyirdilər, “Süleymana qalmayan dünya”, indi Kazımın oğlanlarına – bizim Süleymannara qalacax inşallah!..

 

                                                                                                          23.12.2024 – 17.02.2025

           

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ QARABAĞIN AĞCA BULUDU (İşğaldan azad olunmuş torpaqlardan qeydlər)