AZAD QARADƏRƏLİ MÜHASİRƏ hekayə Xocalı – qurumayan qanımız!
AZAD QARADƏRƏLİ
MÜHASİRƏ
hekayə
Xocalı – qurumayan qanımız!
Qurd
tut yarpağını necə yeyər? Bir qırağından yeyə-yeyə gəlib çıxar o biri qırağa,
oradan da başladığı yerə. Elə bil yarpağın bütün qıraq yerlərini dişi ilə dörd
tərəfdən əhatəyə alar. Bax, erməni
yaraqlıları da bizi belə mühasirəyə almışdılar. Əsgərlərimiz onlarla son güllələrinəcən
döyüşsə də, qabaqlarını saxlaya bilmədilər – sonradan bildik ki, rusların
366-cı alayı da ermənilərin köməyinə gəlibmiş.
Biz
150-cən adam idik. Yarıdan çoxumuz qadın, uşaq və qocalardı. Bir sutkaydı ki, Kətik
meşəsinin dərinliyində gizlənmişdik. Yeganə qoruyucumuz da elə bu yarıqaranlıq
meşə idi.
Fevralın şaxtası iliyimizəcən dondururdu bizi. Lap körpələri don
vurmasın deyə qoynumuza-qoltuğumuza soxurduq. Üç aylıq bir uşaq elə bu vurhavurdaca göyərib keçdi və
gözümüz görə-görə öldü. İçimizdəki yeganə silahlı kişi olan Nemət dayı cibindən
çıxardığı iri qəmə ilə yeri qazıb onu basdırdı. Gənc ana Şəfiqə ilk uşağını itirən gecə havalandı. Gedib ölən uşağın qəbrinin
yanında yatdı. Nə çarə eləsək də, özümüzlə apara bilmədik.
Axşam üstü ermənilər bizim izimizə düşüb üstümüzü kəsdirdilər. Nemət
dayı bizi meşənin içinə ötürüb özü iyirmiyəcən silahlıyla atışmağa başladı. Biz
iki hissəyə bölünüb meşənin dərinliyinə doğru irəliləməyə başladıq. Elə bir az
getmişdik ki, dalıma şəllədiyim altı aylıq körpə qızım ağlamağa başladı. Hamı
dönüb narazı halda mənə baxdı. Hətta qoca qaynanam da üstümə çımxırdı:
-Kəs
onun səsin!
Şəllədiyim
şalı arxadan açıb uşağı qucağıma aldım. Elə gedə-gedə döşümü çıxardıb ağzına
saldım. Azalıb on saat olsun boğazımdan öküz əməyi keçməyib, südüm hardan
olasıydı? Amma bir müddət balaca qızım səsini kəsib döşümü marçıldatdı. Heç iki
dəqiqə keçməmiş yenə zarıdı. O birini də saldım ağzına. Buzov anasının yelininə
süd yensin deyə dümsüklədiyi kimi bir- iki dəfə dümsükləyib, bərkdən qışqırdı:
yəni burda süd yoxdur, niyə məni aldadırsan?
Yenə
hamı qorxa-qorxa mənə tərəf baxdı. Barmağımı saldım ağzına, xeyri olmadı. Dilimi
saldım ağzına, daha bərkdən qışqırdı. Neyləyim mən, ay allah?! Burada əllidən
çox adam var, mən onların qanına necə bais olum?!
Çarəm
kəsildi, əlimi qapadım körpəmin ağzına... Hərdən əlimi çəksəm də, uşaqdan səs
çıxmadı. Bir az gedəndən sonra qollarım keyləşdi. Boynu sallanırdı. Dedim
öldürmüşəm yəqin. “Allah, keç günahımdan” deyib yenə dalıma şəllədim.
Gecəni
meşənin içiylə getdik. Hərdən dayanıb nəfəsimizi dərsək də, dayanmadan
gedirdik. Bu həm bizi donmaqdan qurtarırdı, həm də təqib edən ermənilərdən mümkün qədər
uzaqlaşırdıq...
Qalın
meşə vaxtı müəyyənləşdirməyə mane olurdu. Açıqlığa da çıxmağa qorxurduq. Öldü
bildiyimiz silahlı kişi gəlib bizə çatmışdı. Yaralansa da, yarasını bağlayıb
ermənilərin gözündən yayınaraq qaça bilib. O danışırdı ki, o biri dəstəni
daşnaklar tutublar. Elə başları onlara qarışdığından bizi unudublar. Kişi
deyirdi ki, uşaqların, qadınların çığırtısından gün üzü tutulurdu. İri tonqal
qalayıb uşaqları, qocaları diri-diri tonqala atırmışlar...
Bir
az da gedəndən sonra zəif gün işığı gördük. Demək səhər açılmışdı. Mənim isə
ayaqlarım getmirdi. Qabaqda gedən bələdçimiz geri qayıdıb cevincək öz ərazilərimizə
çatdığımızı bildirdi. Yorulub əldən düşmüş adamlar dinclərini almaq üçün buz
kimi torpağın üstünə çökdülər. Üzümü içimizdəki yaralı da olsa, yeganə silahlı
kişiyə tutub ağlaya-ağlaya dedim:
-Dayı,
day mən bunu apara bilmirəm. Əlimi ağzına basmışam, ölüb... Öldüyünnən
ağırlaşıb da. Bəlkə bir xırda çala qazasan... basdıraq?
Dəstədəki
adamlar günahkar baxışlarını yerə dikmişdilər. Anam isə körpəni dalımdan alıb
qolları üstə tutdu. Sağa-sola gəzdirə-gəzdirə sözsüz, səssiz bir ağı başladı.
Qadınlar anama qoşuldular. Nə baş verdiyini anlamayan uşaqlar isə kərəvəngi
qalmışdılar.
Kişi belindən açdığı iri qəməni
torpağa sancıb donmuş yeri çətinliklə qazırdı. Təxminən iyirmi dəqiqəyə balaca
qəbir hazır oldu. Anamın şala büküb qəbirin
yanında yerə qoyduğu körpəni son dəfə görmək üçün əyildim. Şalı aralayanda
diksindim. Gördüyümdən əvvəl qorxdum – yuxu, yaxud da əcaib şey görünmüşdü
gözümə bəlkə?!. Gözümü yumub açdım və yenə eyni şey: uşaq gözlərini geniş açıb
mənə baxır və gülümsəyirdi!...
Əllərini
göyə tutaraq öz dilimizdə ucadan dua
oxuyan kişi də, deyəsən, mənim gördüyümü görmüşdü. Əli göydə, duası ağzında
yarımçıq qalmışdı. Adətən, uşaqlar öləndə fatihə verməz, “Yasin” oxumaz, allah
rəhmət eləsin deməzdilər. Onlar cənnət quşu sayılarlar. Ona görə kişi fatihə
oxumur, eləcə öz dilimizdə tanrıyla dərdləşir, dua-səna edirdi. İndi gördüyündən
o da şaşırmışdı. Amma duasını yanılsa da, birtəhər bitirib “ya rəsu allah” deyə bildi və yenə uşağa tərəf boylandı.
Gördüyünün həqiqət olduğuna əmin olan kişi qazdığı qəbirin
torpağını içinə töküb dedi:
-Vaxtdır,
bu uşaq allahın bizə işarəsini çatdırdı. Hələ hər şeyin sonu deyilmiş. Hazırlaşın, yola düşürük...
2014
Yorumlar
Yorum Gönder