AZAD QARADƏRƏLİ QAR AĞLIĞI Hekayə

 

AZAD QARADƏRƏLİ

QAR AĞLIĞI

Hekayə




Axşamdan başlayan qar o qədər yağmışdı ki, Səkinə arvad qapını güclə aça bildi. Hələ alatoran olsa da, gec durduğu üçün özünü danladı. Onsuz da yuxusu yox idi. İş-güc başını o qədər qatırdı ki, axşamın nə vaxt düşdüyündən, səhərin nə vaxt açıldığından xəbəri olmurdu.
Kibriti götürüb qaza od vurdu, çayniki doldurub qoydu peçin üstünə. Sonra vaxtı bilmək üçün radionun düyməsini burdu. Səhər gimnastikası gedirdi. Aparıcının yoğun səsi zərif musiqiyə qarışıb doldu otağa. Birinci sinifdə oxuyan nəvəsi başını qaldırıb nənəsinə təəccüblə baxdı, sonra yuxulu gözlərini ovuşdurub yorğanı başına çəkdi.
Səkinə arvad «uy, nənə qurban, nənə qurban!» deyə-deyə qapını açıb bayıra çıxdı. Qar yaman çox yağmışdı, az qala dizə çıxırdı. Dünən gəlini ilə oğlu arasında olan söhbəti xatırladı.
- «Ay Səlim, mən bu qış da sapoşkasız gedəcəm məktəbə? Bu qar ki, belə başlayıb, kəsənə oxşamır. İndi kimin arvadı ayaqqabı geyir qışın bu vədəsində?
- Vallah, ay Çəmən, neyniyim, yetirə bilmədim. Qoy bu ay maaşı alaq, görək neyniyirik.
- Eh, allah məni sənə qismət eləyən günə daş yağaydı! Evləndiyimiz gündən düz on il keçir, sən elə hey deyirsən ki, qoy maaş alaq, qoy maaş alaq… Allah kəssin sənin maaşını! Öz maaşımı iki ay yığsam, alverçidən özüm alaram, amma qoyursan ki, bildiyimi eləyəm…»
Səkinə arvad süpürgəni götürüb qarı süpürməyə başladı. Süpürə-süpürə düz tualetin ağzına qədər yol açdı. Sonra tövlənin ağzına gedən yolu təmizlədi.
Soyuq əlini kəsirdi. Süpürgəni divara söykəyib girdi içəri. Əlini qazın üstündə pıqqapıqla qaynayan çaynikə söykəyib qızdırdı. Qardan islanmış şalını başından açıb atdı çarpayının başına… Elə bu an gözləri bədənnüma güzgüyə sataşdı. Elə bil bu gecədəki qar onun başına da yağmışdı.Arvadın ürəyi kövrəldi. Qulac-qulac hörükləri kürəyində qıvrılan bir gəlin göründü gözlərinə. Elə bu vaxt o biri otaqdan gəlininin səsini eşitdi:
- Səlim, qardan xəbərin var?
Oğlu yuxulu-yuxulu nəsə dedi. Gəlin qeyzlə qışqırdı:
- Mən indi necə gedəcəm məktəbə sapoşkasız? Deməzlərmi ki, Ay Səlim müəllimin müəllim arvadı, niyə üstüaçıq ayaqqabıyla gəlmisən bu qış günü? Onda bilirsən mən nə cavab verəcəm? Deyəcəm ki, yoxdu ərim, ölüb, dulam. Məndən savayı üç müəllimə var, üçünün də importnu sapoşkası var, mənim heç mestni də yoxumdur… Allah, daş yağaydı, dolu töküləydi o günə.
Səkinə arvadın ürəyinin başı gizildədi. Süpürgəni qapıb çıxdı çölə.
… Ailə süfrə başına toplaşmışdı. Səhər yeməyi yeyirdilər. Ailənin sonbeşiyi gözlərini ovuşdura-ovuşdura gəlib söykəndi anasına və mızıldandı:
- Nənə hanı?
Səlim müəllim səksəkəylə arvadına baxdı… Çəmən müəllimin ağzı büzüldü:
- Tualetin yolunu təmizləyib, yəqin indi də tövlənin yolunu açır.
Bir az sonra Səkinə arvad donmuş halda içəri girdi.
… Qabaqda Səlim müəllim, ortada üç məktəbyaşlı uşaq, arxalarında da Çəmən müəllim düz məktəbin həyətinə qədər təmiz süpürülmüş yolla məktəbə gedirdilər.
Hərdən Çəmən müəllimin ayağı sürüşüb süpürülməmiş yerə düşürdü və bu vaxt onun ayaqqabılarının içərisinə qar dolurdu. Çəmən müəllimə gedə-gedə qarın ünvanına o ki var deyinirdi. Səlim müəllim isə ayağını qarın üstünə ehtiyatla basırdı. Əgər əlində əlacı olsaydı, o bu təmiz qarı ayaqlamaz, onun üstündə uça-uça gedərdi. Nədən ki, bu qarın ağlığı ona başqa bir ağlığı andırırdı.
1984 -Zəngilan, Qaradərə

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ QARABAĞIN AĞCA BULUDU (İşğaldan azad olunmuş torpaqlardan qeydlər)