AZAD QARADƏRƏLİ QAZİ, ŞAİR HƏSƏN KÜR ÜÇÜN
AZAD
QARADƏRƏLİ
QAZİ, ŞAİR HƏSƏN KÜR ÜÇÜN
(Özünə
qəsd edən qazi şairin misraları üzərindən söylədiklərim)
İkinci
Qarabağ savaşı başlayanda sonu necə qurtaracağı bəlli olmasa da, bir şey aydın
görünürdü: bu dəfə bu müharibə ümumxalq müharibəsinə dönmədə! Nədən? Ondan ki,
kütləvi olmasa da, yaxşı işi olanlar, hətta məktəb direktorları, həkimlər belə
cəbhəyə yollanırdı. Cəbhəyə gedənləri camaat gül-çiçəklə yola salır, yollara
düzülüb son tikələrini onlarla bölürdülər. Hətta ayaqqabısı yırtıq kişi təqaüdünü
alıb mühribə fonduna köçürmüşdü...
Bu
müharibəyə şairlər də gedirdi. Üzünü belə görmədiyim, qiyabi tanıyıb
dostlaşdığım Emin Piri kimiləri. Müharibədən sonra yenə qiyabi tanıyacağım,
qırğı baxışları olan Həsən Kür...
Həsən
Kürün imzasını bu misralarla tanımışdım:
Görsən ki, bayraqlar tıxac yaradıb
Kəndin o
başından, evimizəcən.
Bizi qapısından
qovalayanlar
Taxıb qalstukun
gəlib bizəcən.
“Bizi
qapısından qovalayanlar” misrasından şairin içindəki püskürən alov qarsmışdı məni.
Və düşünmüşdüm ki, ədəbiyyatımıza hərbi poeziyanın nümayəndələri qədəm basmada.
Özü də yalançı pafos-zad deyil, qorxmaz, əyilməz, qürurlu, qalib poeziya:
Hiss etsən
isladır al yanağını
Nigaran gözünün
kədər yığını.
Tez uşaqları
bir otaqda gizlət,
Görməsinlər sənin
ağladığını.
Heyhat!
O “qanlı paltarlara batan göz yaşlarını” necə gizlədəsən?! Erməni gülləsinin
sındıra bilmədiyi qalib əsgəri bir namərd məmur “qapısından qovanda” şairin
qüruru sınmazmı?!
Yubanma, həyətdə
gözləyənin var,
Qayıdıb cəbhədən həyat yoldaşın.
Amandı, boynumu qucaqlama ha,
Qanlı paltarıma batar
üst-başın.
Onun xalqına
əmanət etdiyi külfəti bəs ondan sonra necə yaşayacaq? Biz o qalib əsgəri başımız
üstünə qaldırmalı ikən ona “Əyil, Kür” deyənlərin qarşısında əyilməyi, enməyi
deyil, qalxmağı, ucalardan atılmağı seçdi… (“Əyil, Kürüm” yazan azadlıq nəğməkarının
aqibəti ilə Həsən Kürün aqibəti niyə tən gəlsin ki?!)
Ümid edirəm ki,
bağışlayarsan
Bir gecə yanında məni görməsən,
Üstünü örtməsəm yatandan sonra.
Bilirəm gözün bir məni görürdü
Rəhmətlik anandan, atandan sonra.
Həsən
Kürün sevdiyinə toxtaqlıq verdiyi sözləri mən onun özünə qaytarıram: şairim, sən
indi ikiqat qəhrəmansan! Nə olar, atdığın o məşum addımın ardından bir dön
geriyə bax, axı sən indi daha böyüksən, daha ucalardasan! Sən gəncsən, qalibsən
və hamıdan çox yaşamağa layiqsən. Dön şair, o yol sənin deyil, biz yaşını
yaşamışlar varkən, sənin kimi gənclərə ölüm yaraşmır!
Tökmə gözlərinin
yaşını yerə
Razı deyiləm ki, qəmə batasan.
Bir az qürurlu ol, bir az möhkəm ol
Sən indi həm ana, həm də atasan.
Qışqırmaq,
var gücümlə qışqırmaq istəyirəm. Kar qulaqlar eşitsin, kor gözlər görsün deyə!
Sabunçu xəstəxanasında bir qəhrəman, bir qazi, bir şair can çəkişməsində!..
Uca
Tanrı! Əlac tək sənə qalıb.
Şairi,
qəhrəmanı bizə bağışla!
Amin.
27.02.2025
Yorumlar
Yorum Gönder