AZAD QARADƏRƏLİ “QUTADĞU BİLİG” – XOŞBƏXTLİK ROMANI (Ortaçağ dövrü böyük türk ədibi Yusif Balasaqunlunun “Qutadğu bilig” poeması üzərinə dəyərləndirmə)
AZAD QARADƏRƏLİ
“QUTADĞU
BİLİG” – XOŞBƏXTLİK ROMANI
(Ortaçağ
dövrü böyük türk ədibi Yusif Balasaqunlunun
“Qutadğu bilig” poeması üzərinə dəyərləndirmə)
Professor
Kamil Vəli Nərimanoğlunun xatirəsinə
Mərhum
professor Kamil Vəli ilə şəxsi tanışlığımızın tarixçəsi qısa olsa da, az müddətdə
internet üzərindən bir-birimizlə geniş ünsiyyət qurduq, sənət, ədəbiyyatla
bağlı söhbətlər etdik. Hətta gələcəkdə bir sıra vacib işləri görmək üçün plan
da tutmadaydıq. O söhbətlərdə toxunduğumuz məsələlərdən biri də Yusif
Balasaqunlunun (1017-1077) “Qutadğu bilig” əsəri idi. Ki, bu əsərin Azərbaycan
oxucusuna qazanılmasında professorun rolu (mərhum Ramiz Əsgərlə birgə)
danılmazdır...
Nə
yazıq ki, professorun qəfil ölümü bir sıra işlərin reallaşmasına mane oldu. Ona
görə indi yazdığım bu yazını əziz dostumun xatərsinə həsr etdim.
(Kamil
müəllimlə planlarımızın bir hissəsində yutub kanalında* bir veriliş açıb
ümumtürk ədəbiyyatı və dili barədə silsilə verilişlər hazırlamaq dururdu. O
söhbətlərin məğzini elm aləminə yaxşı bəlli olan, lakin Azərbaycan oxucusu üçün
tam aydın olmayan yazıçılar və əsərlər haqqında söhbətlər təşkil edəcəkdi. İlk
söhbəti Yusif Balasaqunluya və onun məşhur əsəri “Qutadğu bilig”ə həsr etməyi
düşünürdük. Hətta mən təklif etmişdim ki, bunu iki verilişdə edək, çünki həmin
müəllif və əsər bir söhbətə sığmazdı. İndi bu yazı o ehtiyacdan yazılır.)
Kim
idi Yusif Balasaqunlu?
Yusif
Xas Hacib – Yusif Balasaqunlu Türküstanın Qaraxanilər dövlətinin tanınan şəhərlərindən
olan Balasaqunda (şəhər həm də Kubalıq -gözəl
şəhər mənasını verən bu adla bərabər, müxtəlif vaxtlarda Qaraordu, Quzordu, Uluş və Balıq adları ilə də
adlandırılmışdır) doğulmuşdur. Qaraxanilərin başkəndi Kaşqar olsa da, Kubalıq
da mühüm şəhərlərdən sayılırdı. Yusif Balasaqunlu “Qutadğu bilig” əsərini
Qaraxanilərin hökmdarı Tabğaç Qara Burğa xana hədiyyə etmiş və bəyənildikdən
sonra müəllifi sarayda işə almışlar. Ona Xas Hacib adı verilib ki, bu da
sarayda hökmdardan və vəzirdən sonra üçüncü şəxs sayılırdı. Deməli, Yusif
Balasaqunlu bir şair olmaqla bərabər, həm də dövlət xadimi kimi çalışmışdır. Qədim
türk dilində yazılmış əsəri ilə şair insanların xası – hacibi olmağın sirrlərini
göstərməyə çalışmışdır.
Ey
Yusif, kerek sözün sözlə köni,
Gereksiz
söziq kizlə kılqa kora.
Mənası
budur:
Ey Yusif, gərəkli və doğru sözü söylə,
Gərəksiz
sözü gizlə, onun zərəri toxunar.
Qeyd
edək ki, əsər Çində, Maçində**, Hindistanda məşhur olmuşdur.
Əsərin
indiyəcən üç nüsxəsi məlumdur: Vyana, Qahirə və Fərqanə nüsxələri. Elə ən mükəmməli
də sonuncudur.
Əsər
1934-cü ildə Türkiyədə nəşr edilmişdir.
Azərbaycanda
isə uzun müddət əsərə yaxın düşən olmamışdır. (Çox güman ki, “Kitabi-Dədə
Qorqud”a qurulan məhkəmələrdən qorxaraq pntürkist damğasından yayınmağa çalışmışlar.
Ayrı-ayrı alimlər əsərlə bağlı məqalələr yazsalar da, epos lap sonralar,
1994-cü ildə Azərnəşrdə çapdan çıxmışdır.)
H.Vamberi,
V.Radlov, A.Z.Validov, S.Y.Malov, R.R.Arat, V.V.Bartlod, Z.V.Toğan, İ,Qafesoğlu
kimi məşhur türkoloqlar əsər haqqında yazılar yazmış, ona qiymət vermişlər.
Bu
alimlərin içərisində mən tatar mənşəli türkiyəli professor Rəşid Rəhməti Aratın
(1900, Kazan – 1964, İstanbul) əməyini xüsusilə qeyd etmək istərdim. Berlin
universitetində filologiya təhsili alan Arat bir daha Kazana dönməmiş, Türkiyəyə
gələrək türkologiya elmi ilə, o cümlədən “Qutadğu bilig” əsərinin öyrənilməsi və
nəşri ilə məşqul olmuşdur.
***
“Qutadğu
bilik” ənənəvi tərzdə Tanrıya müraciətlə
başlayır. Bu türkcə bizim ata-babalarımızın işlətdiyi türkcdən nə qədər fərqli
olsa da, aradan min il vaxt keçsə də, bir çox kəlmələr, xüsusən feillər asan
anlaşılır:
Bayat
atı birle sözüg başladım
Törütgen
igidgen keçürgen idim
...Tiledi törütti bu
bolmış kamuğ
Bir ök bol tédi boldı kolmış kamuğ
Anlamı:
Tanrının
adı ilə sözə başladım,
O
yaradan, yetirən və köçürən rəbbimdir.
...O
bütün varlıqları dilədi və yaratdı.
Bircə
dəfə “Ol!” dedi və dedikləri oldu...
Eyni
zamanda, girişdə şair nəsrlə özü və əsəri haqqında məlumat verməyi də unutmur:
“Bu kitab çox əziz bir kitabdır. Çin hakimlərinin hikmətləri, Maçin alimlərinin
şeirləri ilə bəzənmişdir. Bu kitabı oxuyan və beytləri başqalarına bildirən şəxs
kitabın özündən də yaxşı və əzizdir. Çünki Çin, Maçin alimləri və həkimləri bu fikrə şərikdirlər ki, Məşriq
vilayətində, cəmi Türkistan ellərində Buğra xan dilində, türk ləhcəsincə bu
kitabdan yaxşısını heç kim yazmamışdır. Bu kitab hansı padşaha və hansı iqlimə
çatdısa, fövqəladə və nəhayətsiz gözəl olduğu üçün o ellərin hakimləri və alimləri
tərəfindən qəbul olundu və hər biri ona dürlü ad və ləqəb verdilər...”
Əsərdə
dilə böyük qiymət verilir. Zəmanəsinin görkəmli ədibi dilin qüdrətindən və həm
də qorxusundan danışır. Burada şair bir diplomat kimi insanın öz dilinə hakim
olmasının məziyyətlərindən bəhs edir:
Ukuşka
biligke bu tılmaçı til
Yaruttaçı erni yorık tilni bil
Kişig
til ağırlar bulur kut kişi
Kişig
til uçuzlar barır er başı
Anlamı:
Dil
ağıl və biliyə tərcümandır,
İnsanı
nura boyayan dilin qədrini bil.
İnsanı
dil qiymətləndirər, insan səadət tapar,
Dil
insanı ucuz edər, dil ucundan baş gedər...
Digər
ənənəvi hissələrdən sonra əsər Gündoğdu adlı bir padşahın vəsfi ilə davam edir.
Müəllif onun bir sıra iradi keyfiyyətlərini,
xüsusən də elmə və insanlığa qiymət verdiyini, gözütox və səxavətli olduğunu önə
çəkir:
beg
erdi ajunda bügü bilge baş
bu
beglik özele uzun boldı yaş
bu kün toğdı erdi atı belgülüg
ajunda
çawıkmış kutı belgülüg
kılınçı köni erdi kılkı oñay
tili çın bütün hem közi köñli bay
biliglig beg erdi ukuşluğ oduğ
isizke ot erdi yağıka yoduğ
Anlamı:
Bir
bəy vardı, bu dünyada, hakim və bilgə baş idi,
Bəylik
içində uzunca bir ömür yaşadı.
Bu
Gündoğdu bəydir. Adı bəllidir,
Şöhrəti
dünyaya yayılmış, adı bəllidir.
Əməli
doğru, feli-rəftarı düz idi,
Sözü
bütöv, gözü, könlü tox idi.
O,
bilikli, ağıllı və səxavətli bir bəy idi,
Pis
üçün od idi, yağı üçün bəla idi...
Aydoğdu
adlı bir bilik sahibi onun şöhrətini eşidib hüzuruna gəlir və padşah onun hikmət
sahibi olduğunu görüb, özünə vəzir təyin edir. Əsərdə, bu iki hikmət sahibinin
dialoqları maraq doğurur. Gündoğdu sual verir ki, sənin ərdəmli və ağıl-kamal
sahibi olduğunu bildik, bəs qüsurun nədir?
Aydoğdunun
cavabı son dərəcə müsir səslənir: məni vəfasız sanırlar. Halbuki vəfasız deyiləm,
daim yeniliyə can atıram və köhnə, çürümüş şeylərdən qaçıram...
Lakin
Aydoğdunun ömrü qısa olur. Xəstəlikdən vəfat edir. Ölməzdən qabaq var-dövlətini
xalqa paylayaraq oğlu Öyüdülmüşə nəsihət edir. Bu nəsihətdə o oğluna elm, hikmət
sahibi olmağı, insanlarla düzgün rəftar etməyi və bir də ən ümdəsi bu qısa həyatda
daha vacib işlər görməyi tapşırır, çünki ölüm başının üstünü alanda o vacib işləri
görməyə fürsətin olmayacaq:
bu
ay toldı aydı eşit ay oğul
sözümni
unıtma maña tut köñül
... kereklig işim barça yérde kodup
kereksizni kıldım havâka udup
tüpi yél keçer teg tiriglik keçip
asığsız
ulır-men özümke açıp
orunçun ya mâlın itilmez işim
elig tuttaçı yok bu kün bir kişim
Anlamı:
Aydoğdu
söylədi:-Eşit, ey oğul,
Sözümü
unutma, könlünü mənə tərəf tut.
...Bütün
gərəkli işlərimi yerə qoydum,
Nəfsə
uyub gərəksiz işlərlə məşqul oldum.
Bir qasırğa yeli kimi həyat gəlib keçdi,
İndi
özümə acıyıb, boş yerə inləyirəm.
Rüşvət və malla işim düzəlməz,
Bu
gün əlimdən tutacaq bir kişi yoxdur...
Qədim
türk dövləti Qaraxanilərin mədəni ensiklopediyası sayılan “Qutadğu bilig” bu
gün də böyük əhəmiyyətə malik bir əsər sayılmaqdadır. O da maraqlıdır ki, bu əsərdəki
bir çox fikir və mülahizələr Şumer dastanlarındakılarla üst-üstə düşür. Şumerlə
dil yaxınlığını da bura əlavə etsək, qədim türk dövrünü araşdırmaqçün hələ çox
iş görmək lazım olduğunu deməli və bunu gələcək şərqşünasların, daha doğrusu
türkoloqların öhdəsinə buraxırıq.
Əsərdəki
“qut” Tanrıdan gəlir. “Hökmdarın könlü, dili və təbiəti düzgün olmazsa, qut o məmləkətdə
dolaşa bilməz, qaçar” fəlsəfəsi türk xalqının və dövlətinin dəyəri kimi keçir.
Əsərdə
“qut” və “törə” mühüm xəttin paraleliyidir. “Törə nə qədər yaxşı olsa, qut o qədər
güclənər” anlayışı türk qövmünün əsas inancı kimi verilir.
“Qut”
– xoşbəxtlik, “ad” – etmək addan feil düzəldən şəkilçi, “ğu” feildən ad düzəldən
şəkilçi, bil – feilin məlum kökü, “ig” – feildən ad düzəldən şəkilçidir...
Deməli,
“Qutadğu bilig” – xoşbəxtlik elmi anlamındadır.
Xoşbəxtliyə
gedən yolunuz açıq olsun.
S.A.(Söz
Ardı.)
Bu
yazı elmi araşdırmadan çox, bir yazıçının mədəni irsimizə münasibətini ifadə edən
fikirləridir.
Yazı
üzərində işləyərkən iki fikir məni son dərəcə narahat etdi:
1.Türk
dünyasına və dünya türkologiyasına “Divani-lüğət-it-türk” kimi sanballı bir əsər
bəxş etmiş və Yusif Balasaqunlu ilə etni ərazidə və hətta eyni dövrdə yaşamış
Mahmud Kaşğarlı (1029 -1101) “Qutadqu bilig” müəllifi ilə görüşmüş, tanış olmuşmu?
Təəssüf ki, bu barədə elmi dəlillərə ya ras gəlmədim, ya da gözümdən qaçmışdır.
2.
Bu əsərin həm orjinalı, həm Anadolu türkcəsinə, həm Azərbaycan türkcəsinə
uyğunlaşdırılmış variantları sübut edir ki, biz qədim mədəniyyətimizi doğru,
düzgün mənimsəyə bilməmişik. Yoxsa, bu günün vəzifə və pul hərsiləri ölkənin
var-dövlətini talayıb xarici banklara daşımazdılar.
Yusif
Balasaqunlunun ruhu şad, onun əsərini oxuyub dərs çıxaranların həyatı qutlu
olsun!
08.02.2025.
--------------------------------------------------------------------------------------------------------------------
* Buna cəhd kimi Kamil müəllimin təklifi
ilə “Bakı çayxanaları” telesöhbəti misal göstərə bilərəm.
İşlədiyi İstanbul Aydın universitetindən bir təklif gəldi. Həmin
universitetin professoru Hacı Duranın moderatorluğu ilə Kamil müəllimlə mən
80-90-ların Bakı çayxanalarından onlayn
söhbət edəsi olduq. Məsələ bu ki, mənim “Çayxana və meyxana ədəbiyyatı”
adlı essem Türkiyədə böyük ilgi çəkmiş, müzakirəyə səbəb olmuş, ilk olaraq
çayxanalar, sonrakı mərhələdə isə meyxanələr barədə söhbət etməyi qarşıya məqsəd
qoymuşdular. Çayxanalar haqqında söhbətimiz çox maraqlı alındı və hətta mən deyərdim
ki, gözlədiyimdən də maraqlı! Nə yazıq ki, o söhbətin mətnini mən internetdə
yaymaq imkanında deyiləm, bunu yalnız Kamil Vəli ilə Hacı Duran edə bilər və
bunun geniş dinləyici auditoriyasına çıxarılmasını çox istərdim. (Mənbə: müəllifin
saytlarda yayımlanan Kamil Vəlinin 75 illiyinə həsr olunmuş “Kamilliyin zirvəsində”
essesi.)
**Maçin - Şərqi Türkistanda xüsusi ərazi.
Əhalisi cığatayca danışsa da, yerli türk əhalisindən seçilmirlər. Eyni zamanda
Rumınyanın şimalında Maçin adlı qəsəbə vardır.
Yorumlar
Yorum Gönder