AZAD QARADƏRƏLİ UKRAYNA BAYRAĞININ ÖNÜNDƏ Hekayə

 

                                      

                        AZAD QARADƏRƏLİ

 

                  UKRAYNA BAYRAĞININ ÖNÜNDƏ

 

                                   Hekayə

 

 


 

                                                                               Bakı Slavyan Universitetinin Ukrayna ədəbiyyatı

                                                                      fakültəsinin auditoriyasında mühazirə oxuduğum tələbələrimə

 

 

 

            Siyasətdən həmişə qaçmışam. Təsadüfi deyil ki, bir iş təklifi alarkən, ilk olaraq onun siyasi yönünün olub-olmadığını düşünmüşəm...

            Amma ki, hər şey sənin düşündüyün kimi olmur axı. Kimsə deyib, sən siyasətlə məşqul olmasan da, siyasət səninlə məşqul olacaq...

            Bir də biz Azərbaycan türkləri uzun zaman rus çarizminin, onun varisi Sovet hökumətinin müstəmləkəsində yaşadığımızdan, istər-istəməz siyasiləşmiş xalqıq. Torpağımıza, milli kimliyimizə, dilimizə, bayrağımıza aşırı sevgimiz var. Hətta o sevgimizi ən qədim mahnılarımızda gizləmişik: “Şuşanın dağları, başı dumanlı / Qırmızı qoftalı, yaşıl tumanlı...”

            Bayrağımıza sevgi hamısından ötədir. Ondan ki, uzun illər onu bizdən gizlədib, yasaqlamışlar.

            Mən bayrağımıza parça kimi, rəngli tablo kimi baxmamışam heç. Ona yağışdan sonra kəndimizdəki evimizin qənşərində, Qaladaşının başı üzərindən asılan qövsü qüzeh kimi, Fatma ananın göy qurşağı kimi baxmışam. Çünki biz uşaqlıqda elə zənn edərdik ki, Qaladaşının lap yuxarısında, göyün yeddinci qatında bir Fatma ana var; o, toxuduğu xalısını bizim dağımızın üstündəki göyümüzə sərir, biz də huş-kuşla ona tamaşa edirdik...

            Ona görə, Tanrının özünə yaxın bildiyi, bütün analarımızın anası Fatma ana da, onun toxuduğu o xalı – bayrağımız da bizimçün müqəddəslərin müqəddəsidir. Bəlkə, elə bu səbəbdən öz üç rəngli bayrağımızdan başqa bir bayrağın önündə heç vaxt durmadım, şəkil çəkdirmədim.

            Amma boynuma alım ki, bir dəfə bu əhdi pozmuşam...

 

                                               ***

 

            Gərək olanı deyim, narahat adamam. İşlədiyim yerlərdə məndən aşağılar məni sevsə də, məndən yuxarılar nəinki sevməyib, hətta zəhlələri gedib. Ona görə yox ki, onlardan nəsə ummuşam, ona görə ki, onların aşağılardan ummasına qarşı olmuşam...

            Sizə qəribə gəlməsin. Düşünə bilərsiniz ki, əlləri pulla oynayan yuxarılar aşağıların qəpik-quruşuna, lap manatına niyə göz diksinlər ki?!

            İş ondadır ki, yuxarıların əlinin oynadığı o pullar həmin aşağılardan müxtəlif adlarla tutulan qəpik-quruşun, yaxud manatların hesabına əmələ gəlir və onları milyonçu edir. Hətta onlar dövlətin cibinə girmədən xalqdan qopardıqları o qəpik-quruşla milyonçu olurlar.

            Məsələn, mən gənclik illərində məktəb direktoru işləyəndə bunun şahidi olmuşam. Məktəbdə otuz müəllim, yeddi xidmətçi vardı. Hər müəllimdən 3 manat, hər xidmətçidən 1 manat tutanda (buna müxtəlif adlar tapırdılar: hansısa aclıq çəkən ölkəyə yardım, yaxud könüllü idman cəmiyyətinə kömək və həkaza...) filan qədər pul edir. Hələ mən əvəzçiliklə  müəllimlərin üstünə yazılan  pulların, dərnəklərin və günüuzadılmış qrupların gəlirlərinin mənimsənilməsini demirəm...

            Mən belə-belə işlərə qarşı çıxdığıma gərə pis adam olurdum. Ən pisi də o idi ki, direktoru olduğum məktəbə yuxarıdan günlərlə yoxlama gəlirdi və işin əslini bilən müəllimlər də məndən narazı olurdular. “Əşşi, rəhmətliyin oğlu, ver deyirlər, ver də! Bu zırıltı sənə lazımdır?! Bizim də başımız ağrıyır, sənin də.”

            ...Növbəti iş yerim olan Qadın Komitəsindən hansısa ədalətsizliyə qarşı çıxdığıma görə işdən çıxarıldıqdan sonra Slavyan Universitetində işə düzəldim. Burada gələcəyin yazıçıları olan gənc qələm sahiblərinə mühazirə oxuyurdum. Yenə də proqramdan kənara çıxır, bir çox titullu, adlı-sanlı şair və yazıçıların üstündən xətt çəkir, daha çox sənətkarlığına qiymət verdiyim, bədii yazıları ürəyimcə qələm adamlarından söz açırdım.

            Elə buna görə də hiss edirdim ki, məni bura işə dəvət edən rektorluq sanki peşman olmuşdu. Üzümə deməsələr də, arxada məni işdən uzaqlaşdırmağın yollarını axtarırdılar.

            Həmin bu qrupun tələbələrinin öz otaqları vardı və digər müəllimlər kimi mən də orada dərs keçirdim. Bu auditoriya rektoratlığa, nisbətən yaxın idi. Rektorun  qonaqları bəzən bura gələr, bizimlə də görüşərdilər. Hətta bəziləri marağını boğa bilməyib, mühazirəni dinləyərdilər.

            Bir gün mənə dedilər ki, siz dərslərinizi başqa auditoriyada keçəcəksiniz. Səbəbini belə soruşmadan razılaşdım. Mənim üçün nə fərqi var ki? Bura olmasın, ora olsun...

            Amma ki, tələbələrin üzündə narazılıq gördüm. Buna da fikir vermədim.

            Bir dəfə dərsin şirin yerində bir tələbə qız dedi:

            -Müəllim, digər müəllimlər  köhnə yerimizdə dərs keçir, sizi isə bura göndərirlər. Səbəbini bilirsiniz?

            -Yox, - dedim. – Mənim üçün nə fərqi var? Bura, ya ora.

            -Yox, müəllim, sizin mühazirələrinizi başqalarının eşitməsini istəmirlər... Səbəb budur.

            Yenə fikir vermədim.

            Bir gün dərslərimə yad adamlar gəlməyə başladı. “Yad” deyəndə ki, məni sevməyən qələmçələr mühazirəyə gəlir, ya diktafonla səsimi yazır, ya da qələmlə dediklərimi qey edib gedərdilər. Tezliklə bunun da səbəbi bilindi. O “şpionlar” mənim ağzımdan çıxan “qorxunc” ifadələri rəhbərlyə çatdırır, mənim universitetdən ayrılmağım üçün tələ hazırlayırmışlar...

            Mən isə heç nəyə fikir vermədən öz işimdə idim.

            ...Hə, unutdum bir məsələni. Məni “sürgün etdikləri” bu auditoriya “Ukrayna ədəbiyyatı” auditoriyası idi və mən bir gün divardan şəkilləri asılmış Ukrayna ədibləri Şevçenko, Lesya Ukrainka, İvan Draç kimi görkəmli yazıçılardan bəhs etdikdən sonra burada şəkili olmayan Qoqolun üstündə dayanaraq onun bir rus yazıçısı olmadığını, sadəcə rus dilində yazmağa məcbur olan bir Ukrayna yazıçısı olduğundan  bəhs  edirəm. Sonra bu böyük ədibin bunu bilə-bilə öz milli kimliyini ürəyində gəzdirmək məcburiyyətində qaldığını, nəhayət psixi gərginlikdən əsərlərini yandırdığını  bildirirəm.

           Lesya Ukrainkanın Vətən həsrətli misralarını yaxınlarda səfərdə olduğum Türkiyədə aldığım kitabından oxuduğumu və həmin misraları tələbələrimə də çatdırmaq istədiyimi bildirir və o misraları elə o türkcədə oxuyuram:

 

 Ne kısmet, ne de özgürlük var bende,

Yalnız bir derin umut kaldı içimde:

Bir daha dönmek için Ukraynama,

Bir daha sarılmak için vatanıma.

Bir daha seyretmek için mavi Dniproyu,

Orada yaşamak mı, ölmek mi, benim için hepsi bir;

Bir daha seyretmek için bozkırları, mezarları,

Son kez hatırlamak o güzel anıları.

 

            Lesyanın ağır bir xəstəlikdən əziyyət çəkdiyini, lakin poeziyanın onu daim ayaqda tutduğunu deyib, Vətən həsrəti ilə Tiflisdə vəfat etdiyini bildirir, lakin Ukrayna xalqının daha ağır xəstəliklə - rus işğalı ilə neçə yüz ildir vuruşduğunu söyləyirəm...

 

                                               ***

 

            Çuğulların “zəhməti bəhrəsini” verdi. Dekanlıq tərəfindən elan olundu ki, yeni ildən daha mənimlə müqavilə bağlanmayacaq.

            Tələbələrim göz yaşları içərisində mənimlə şəkil çəkdirirlər.

            Şəkilə baxanda çaşıb qalıram. Dayandığımız fon Ukrayna bayrağı imiş.

            Bura – bu kiçik auditoriya bizimçün kiçik bir Ukrayna timsalıymış.

 

            ...İllər sonra o şəkil və həmin bayrağın önündə mühazirə oxuduğum vaxt çəkilən başqa bir şəkil mənimçün çox doğma olacaq – Rusiyanın Ukraynaya təcavüzünə etiraz olaraq o şəkili feysbukda paylaşacam. Daha sonra isə əlinizdəki kitabı çapa hazırlayanda həmin şəkil kitabın arxasında müəllif şəkli kimi veriləcək.

            “Слава Україні!”

 

                                                                                                                      20.02.2025

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ SARI SİMİ QIRILAN TAR...