YENI ƏDƏBİYYAT, ƏN YENİ ƏDƏBİYYAT VƏ ÜMUMİYYƏTLƏ ƏDƏBİYYAT* (Gən bloqçu, nasir Əli Novruzovun hekayələr kitabı üzərinə bəzi notlar)

 

YENI  ƏDƏBİYYAT, ƏN YENİ ƏDƏBİYYAT VƏ ÜMUMİYYƏTLƏ ƏDƏBİYYAT*

            (Gən bloqçu, nasir Əli Novruzovun hekayələr kitabı üzərinə bəzi notlar)

 

         


 

          Biri mənə məktub yazıb, baş redaktoru olduğum “Yazı” dərgisini oxuduğunu, hətta bəyəndiyini yazır. Ardınca bildirir: heyf ki, siz avanqard çap etmirsiniz... Çaşıb qaldım. Bəyənir, fəqət heyf ki... Bir də axı sən nə bilirsən ki, mən avanqard çap etmirəm? Bir də axı nədir avanqard? Sən avanqard nəyə deyirsən?

            Bu acıqlı gəlişmədən sonra keçirəm mətləbə. Facebookun yazıçı üçün ziyanları çox. Lap çoxdur. Zira xeyri ölçüyəgəlməzdir. Çoxlu yeni sifətlər görürsən (bu yazıçı üçün hava-su kimidir), yeni tanışlar qazanırsan ki, bunlar potensial oxucularındır, ən nəhayət ədəbi simalarla burada nəfəs-nəfəsə qala bilirsən.

            Mən ədəbiyyatçı  dostu az olan yazıçılardanam. Səbəb də odur ki, sözü üzə deyənəm, nöqsan bildiyimi içimdə iylədə bilmirəm və düşündüyümü yazanam. Bu da ədəbi cameədə qəbul olunmayan şeydir. Üzünə hırılda, baldada başın kəs - (37-də bizi az məsafə ayırır), vəzifədədirsə, yazısını tərifləməkçün axşamdan növbəyə dur – (bu indi ən dəbdə olanıdır), vəzifədən çıxıbsa, nəinki yazısını oxu, heç  telefon zənginə də cavab vermə - (bunun canlı şahidi özüməm)...

            Amma dostlarımın siyahısında elə adlar var ki, mənə qibtə edə bilərsiniz. O yeni adlardan biri bloqçu Əli Novruzovdur. Əli bəyi çoxdan tanıyıram, (guya ki, Əlinin bir əlli yaşı var, halbuki indi İstanbulda tibb uzmanlığı keçən oğlumla yaşıddır!) fəqət facebookdan. Sonra orada yazışmamızın, qiyabi dostluğumuzun tarixi başlandı ki, bu da edər uzağı bir il. Və biləndə ki, o mənim yazılarımı oxuyanlardandır, (bunu ortaq dostumuz Namiq Şaman demişdi – o da azsaylı dostlarımdandır) yazışmamız başlandı. Qaldı ki, əyani görüşümüzə, onun tarixi vur-tut bir-iki gündür! Bəli, Əli bəy məni kitabının təqdimatına dəvət etmişdi və biz orada tanışlığımızı rəsmiləşdirdik.

            Mən eşidəndə ki, Əli Novruzov hekayə yazır, təəccüblənmədim. İçində bu qədər enerji daşıya bilən bu gəncin sabah roman yazması da mümkündü, hətta hər hansı bir qeyri-adi ixtiraya imza atması da. Zatən, o bunu 14 dekabr tarixində etdi – “7 hekayə” kitabını oxuculara təqdim etməklə.

            Kitabı əlimə götürənəcən Əlinin bircə hekayəsilə tanış idim. Amma məşhur misalda deyildiyi kimi, dənizin suyunun dadını bilmək üçün bütöv dənizi içməyə gərək yox ki.

            İlk oxuduğum hekayə “Pir” adlanırdı. Bu mövzuda ədəbiyyatımızda çoxlu sayda bədii nümunələr var. Fəqət Əli bəyin yanaşması bambaşqadır. Pirin yanındakı kəndin camaatı bir günün içində yoxa çıxıb. Mayya şəhərlərində, kəndlərində  adamlar necə yoxa çıxıb, elə. Evlər qurulu, qazan ocaqda qaynayır, heyvanlar tövlədə... Yox. Qatıb-qatışdırdım, bu sonuncular əlinin hekayəsində deyil, Mayada da belə olmayıb... olub e, daha tövlə-filan... bu daha mənim öz fantaziyamdır...

            Nəysə,  haqqında söhbət açdığım hekayə kitabda sonuncu gedib. Müəllif iddia edir ki, bu heç hekayə deyil, sadəcə bonusdur. Nə bonus? Neç Bank-of Bakudan bonus-zad almamısınız? Elə baxırsınız ki, elə bil qazandığını banklara verən siz deyilsiniz?!

            Kitabda 7 hekay olduğunu  demişdim. Birinci hekayə  - “Fəlakət” alleqorikdir. Rəmzi baxanda hər şeyimiz alleqoriya deyilmi? Heyvanlar, quşalr ağlayıb özlərini didib-dağıdırlar ki, Darvin nəzəriyyəsinə  görə  heyvanların mənşəyi insandır, yaxud tərsinə,  insanlar heyvandan əmələ gəlib. Heyvanlar bu tarixi ədalətsizliyi əsla qəbul etmək istəmirlər!

            “Gurilla ildırım vurmuş kimi bağırdı:

             -Səni görüm lənətə gələsən, Darvin! Min lənətə! Gör başımıza nə oyun açdın! Apardın bizi o murdar, şərəfsiz insana caladın! Bədnam elədin! İndi biz heyvan içinə necə çıxacayıq?!”

            Kitabda solçunun öz hekayəsi, millətçinin, romantikin, post-modernistin öz hekayələri var. (Yəni hər kəs burada öz hekayəsini tapa bilər.) Post-modern demişkən, “Yayı olmayan il” hekayəsi bu qəbildəndir. Bulqakovdan tutmuş onun məşhur pişiyinəcən, Sevda Sultanovadan Şekspirəcən... burada var. Bütün hekayələrində olduğu kimi, burada da yazıçının səmimiyyətilə yüngül ironiyası bir-birinə çulğaşıb.

            Kitabda “Boyunbağı” adlı plagiat hekayə də var. (Bu plagiat sözü müəllifin özünə aiddir) Məşhur deyimdəki kimi:  hər şey deyilib, hər şey yazılıb, bizə qalan plagiatdır. Müəllif ingilis ədibi S.Moemin qəhrəmanlarını və eyni situasiyanı hekayəsinə elə transfer edib ki, bu “plagiat”ın necə orijinal olduğunu görməmək olmur. Yenə müəllifin incə yumoru hər iki hekayənin arasından ustalıqla sivişə bilir – burada ən gözəl ədəbi kalkaya müşahidəçi olur oxucu. Hər iki hekayədə bir nəsnə hakimdir: soyuq qızıl və onun xridarları isti insan nəfəsi qarşısında dözümsüzdür.  Zərgər  gerçək  qızılı deyil, insan qəlbinin döyüntülərini seçirsə, nsanlıq hələ ölməyib!

            Topluda “Qırx mühafiz” adlı millətçi (deyim müəllifindir) bir hekayə də yer alıb. Türk babalarımızın şanlı-şövkətli zamanlarda, imperialar dövründə  yürütdüyü dünya ağalığı siyasətinin bu gün iflasa uğradığına və bütün millətçi kəsimlərin belə iflas edəcəklərinə bir işarədir sanki bu yazı. Bu vərəqlərin arxasından bir baş boylanaraq bir zamanlar böyük çin səddini tikdirilməyə məcbur edən babalarına əl edir, vidalaşır elə bil.

            “Şəhər” adlı absurd hekayədə (bu qeyd də yazarındır) rəmzlər bir-birini ayaqlayır. Bilmirsən hansına ayaq verəsən. Göyə bulud gəlməməyəmi, vedrəsiz ölkəyəmi, dənizin dibində suyun  tükəndiyinəmi, yoxsa hekayənin 2-ci hissəsinin müəllif tərəfindən yandırıldığınamı?

            Əlbət, bu 2-ci hissə ayrı anlamdadır. Mən isə onu belə yozdum: yandırıb-eləməyib, sadəcə bu 2-ci hissə kitabın davamıdır ki, yaxın bir ildə onu da oxuya biləcəyik.

            Rəmz dedim. Kitab başdan-başa rəmzdir. Elə 7-nin özü də. Və mən bu kitabda bir barmaq hədəsi də gördüm: üstümü unlu görüb, adımı dəyirmançı qoymayın, mərc gəlirəm ki, sizdən yaxşı yaza bilərəm!

            Hə, mərci elə-belə işlətmədim. Bunu da duydum: sanki müəllif hansısa dostuyla mərc tutub və oturub bu hekayələri yazıb. Sonda hər ikisi görüb ki, alınıb! Adi bir zarafatdan sənət əsəri! (Əlbəttə, bu da mənim yarızarafat-yarıgerçək mülahizələrimdir. İnanmırsınız, gəlin mərtc tutaq. )

            1.S.A.(Söz Ardı – mən  məşhur P.S.-in yerinə bunu işlədirəm.)

            “Yeni ədəbiyyat”, “ən yeni ədəbiyyat”, “avanqard ədəbiyyat” kimi adlarla kitablar çıxır günümüzdə. Bunların bəziləri o yarlıqlara uyarlı olsa da,  ƏDƏBİYYAT  - əsl ədəbiyyat yarlıqsız olur. Hamı ədəbiyyatın adına həsəd aparıb həmişə. Yenə belə olacağına əminəm.

            2.S.A

           “7 hekayə” kitabından təqdimat günü  400 nüsxəyə yaxın satılıb! Mən təqdimatda heç vaxt üzlərini görmədiyim gənc, amma çox gənc oxucular gördüm. Əli bəy təkcə yazmayıb. Öz oxucularını da yetişdirib! Bu çox mühüm şərtdir. Uğurlar, gənc dost!

             

                                                                                  1937.az saytı, 2013-cü il

 

 

 

----------------------------------------------------------------------------------------

*Yazı müəllifin “Renessans həsrəti”(Birinci kitab) (Qanun, 2014) esselər, müsahibələr və ədəbi statuslar toplusunda nəşr olunub.

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ SARI SİMİ QIRILAN TAR...