AZAD QARADƏRƏLİ BİR VƏRƏQ AĞ KAĞIZ hekayə
AZAD QARADƏRƏLİ
BİR VƏRƏQ AĞ KAĞIZ
hekayə
Masanın
üstündəki bir dəst ağ kağıza baxdı: ağappaq, şax-şax şaqqıldayan, ülgüc kimi
iti kənarları ilə adamın əlini doğrayan, parlaqlığı ilə gözün nurunu aparan bu
kağızlar onu gözləyirdi. “Ülgüc kimi iti kənarları ilə adamın əlini doğrayan”
sözünü elə-belə demədim. Neçə dəfə olmuşdu ki, kağız bağlamasından çıxaranda bu
ağappaq, şax vərəqlər onun ipək kimi yumşaq barmaqlarının uclarını yaralamışdı.
Hətta yalan-gerçək danışırdılar ki, bir zamanlar filosof Heydər Hüseynov da bağ
evində damarlarını almazla deyil, bu ağappaq, şax kağızlarla doğramışdı...
(Heç
yadından çıxmaz. Bir dəfə sevimli avtoqələmini mürəkkəblə doldurandan sonra əyləşib
idarə sənədlərini qarşısındakı ağ vərəqlərə yazmağa başladı. Adətən, o öz iş
otağında işləyəndə qapı bağlı olardı. Bu dəfə unutmuş, açıq qoymuşdu. Yaşı səksəni
adlasa da, çox gümrah qalan nənəsi əli qoynunda onun başının üstündə durub ağı
deyirmiş kimi səssizcə yığır-yığır yırğalanır, dodağının altında ozalanırdı.
Arvada baxıb gülümsündü və nənəsinin bu görkəmindən şübhələnərək soruşdu: “Nə
var, ay arvad, niyə belə eləyirsən?”
Nənəsi əlini onun sol tərəfində
qalaqlanmış bir dəstə ağ kağıza uzadaraq demişdi: “O kağızlardan qorxuram,
bala, bir gecənin içində bizim evdə hökumət adamları həmən ağ kağızlara nələrisə
yazdılar, hərf tanımayan babana barmaq basdırdılar, səhəri kəndimizin say-seçmə
oğullarını tutub apardılar. Bir daş bir gölə düşdülər elə bil. O gedən
oldular... İndi ağ kağız görəndə içim qan ağlayır. Dayımı da o kağızlar
tutdurdu, əmimi də... O kağızlar çox baş kəsib, bala...”
Arvad danışa-danışa qapıdan
çıxmışdı).
Bu idarədə yeganə adam idi ki, əllə,
içinə mürəkkəb yığdığı avtoqələmlə yazırdı – özü də kirillə. Ona görə yox ki,
kompüterdə işləyə bilmirdi, ona görə ki, o əllə yazmağın sehrindən çıxa
bilmirdi. Elə bilirdi ki, əllə yazmasa, onun yazısının sehri sınacaq, mənası itəcək.
Axı bu idarədə onun qara qaşına, qara gözünə aşiq deyildilər ki – məhz o ciddi,
sərt yazı tərzinə, dəyişməz üslubuna və bir də qənirsiz redaktəsinə görə başına
and içirdilər. Sədrdən tutmuş mühasibəcən hamı Yelmar müəllimlə hesablaşırdı.
Elə bu idarə yaranandan – düz 18 il idi – həmin üç adam: sədr, Yelmar müəllim və
mühasib Əşrəf kişi burda idilər. Özü də bir-birinin tikəsi boğazlarından
ötürdü.
Yaxşı yadındadır. Bir gün (onda idarə
təzə-təzə formalaşırdı) sədr onu və Əşrəf kişini çağırıb üzüntülü bir səslə
dedi: “Yelmar müəllim, mən bura yalnız sənə görə gəlmişəm. Səni bir eloğlu kimi
bura işə düzəldəndə dəqiq bilmirdim ki, bir zaman bir yerdə işləyəcəyik. Yaxşı
bilirsən, mən bu yaşımacan bir çox vəzifələrdə olmuşam. Komsomoldan tutmuş, o
boyda ERSU-nun rəisliyinəcən. (Yeganə qadın idi ki, o vaxt təmir-tikinti idarəsinin
başçısı idi – Yelmar müəllimin yazar dostu) Hər işin də azdan-çoxdan öhdəsindən
gəlmişəm. Nə bir töhmətim, nə bir vıqovorum var... Tərcümeyi-halım gül kimidir.
Papa rəhmətlik biləndə ki, səninlə bir yerdə işləyəcəyik, çox sevinmişdi.
Deyirdi, hə, zatlı-köklü adamdır Yelmar, həm də savadlı və gözütox. Bir-iki dəfə
görməynən sənə qiymət vermişdi kişi... Nəysə, sözüm onda deyil... Bilirsiniz
ki, idarəmizin statusunda dəyişiklik olur: yeni yaranan şirkət 51+49-dur, yəni
51 faiz QSC – Qapalı Səhmdar Cəmiyyət, 49 faiz dövlət məsuliyyəti... Özün
bilirsən ki, bu faiz-filan oyundur, burda hər şey dövlətə tabedir... Mən işdən
qorxan adam deyiləm, amma qorxum ayrı şeydəndir: idarə pristijlidir, gözdə-nəzərdə
olandır, amma göndərilən yeni işçilərilə yüngülvari sobesedivaniye keçirdik səninlə...
Özün gördün ki! Noldurlar. Mən bu boyda strukturu o sıfır səviyyəli komanda ilə
necə idarə edəcəm? Gündə yüz məktub daxil olacaq, yüzü də çıxacaq burdan. Kim
edəcək bunları? İstəyirəm gedəm şefin yanına, xahiş edəm ki, məni elə bu şirkətdəcə
bir aşağı işə keçirsin, lap elə şöbə müdiri...”
Araya dərin bir sükut çökmüşdü.
Yelmar müəllim gözlüyünün iri şüşələri altından sədri diqqətlə süzmüş, onun
doğrudan sarısını udduğunu görüb demişdi: “Olmaz, Solmaz xanım. Bilmirsiniz, O
belə şeyləri bağışlamır? Onun dəftərində yox kəlməsi olmayıb heç vaxt...
Qorxulu adamdır O... Özünüzə yazığınız gəlsin. Bir təhər yola verərik. Mən gecə-gündüz
çalışaram, əlimdən gələni edərəm ki, üzünüzə söz gəlməsin. Təzələr də öyrənəcəklər.
Rusca, ingiliscə təmiz bilirlər. Qalır öz dilimiz, bunu da öyrənərlər...
Yadınızdadır, özünüz bura gələndə dilimizdə vurğuların hamısını səhv
vururdunuz. Amma indi maşallah, məndən yaxşı danışırsınız... Bunlar da
cavandırlar, dili də öyrənəcəklər, işi də”.
Mühasib Əşrəf ifadəsiz baxışlarını sədrə
dikib başını tərpətmişdi, yəni ki, Yelmar düz deyir, biz sənə necə lazımdır,
kömək edərik.
Sədrin gözləri parıldamışdı. Gəlib
onun əlini ikiəlli sıxıb demişdi: “Belə danışırıq: mən göstəriş verəcəyəm ki,
siz baxmadan bir kağız da buradan çıxmasın. Qazancınızın da layiqli olmasına
yüz faiz zəmanət verirəm”.
Üç ayda bir dəfə maaş qədərində
mükafat alırdı, üstəlik, hər bayramda sədr zərfdə ona 200, bəzən 300 dollar həcmində
əlavə pul da verirdi. Bir sözlə, Yelmar müəllimin maddi vəziyyəti tamam düzəlmişdi.
Hələ orasını da deyim ki, idarə
yavaş-yavaş özünə gələndən, sədr oturuşandan sonra evdar qadın olan arvadının
adına əmək kitabçası açılmış, şirkətin elektrik işi onun adına sənədləşdirilmişdi.
Düzdür, o buna etiraz etmiş, hətta sədrə açıqca demişdi ki, bu, dövlətin cibinə
girməkdir, mən bunu edə bilmərəm, amma sədr xanım barmağını ona tuşlayıb bir
növ onu hədələmişdi:
– Sən, Yelmar müəllim, bir şeyi
unutma, bu idarə idarə olunca, yer yerdən ayrılıb, mən hər gecə qol çəkdiyim sənədlərə
görə allaha yalvarırdım ki, aşibkam olmasın... Mən özüm də işi bilmirdim axı...
Maşallah, sənin hesabına bu idarə dövlətin gözündə idarəyə çevrildi. Sənə nə eləsəm,
azdır... Amma gərək bir şeyi də unutmayasan: mən sənə güvəndiyim kimi, sən də mənə
güvənməlisən. Başqa idarə rəhbərləri o elektrik ştatı kimi elə-belə ştatları
başqa-başqa adamların adına sənədləşdirir, ciblərinə qoyurlar, kak myortvıye
duşi. Qonşu idarə rəisləri mənə də təklif elədilər ki, onların yerişin yeriyim,
dedim, pah, padumayeş! Mən belə şey eliyərəmmi? Özün də bilirsən ki, eləmərəm.
Ni v koyem çisle!... Amma sənə halaldır... Onsuz da bu binada bir nəfər var ki,
hər idarənin rəisi ona ayda 20-30 manat verir, o da işıq, telefon mantyorluğu
kimi işləri görür... Daha mən ayrıca elektriki neynirəm axı?... Tak şto, sən
belə şeylərdən abijinni olma, bunu mən eləmişəm, mən də cavab verəcəyəm...
Daha etiraza yer qalmırdı. Bu söhbətdən
sonra hər ayın sonunda Yelmar müəllim arvadının da əvəzindən maaş cədvəlinə qol
çəkir, 160 manat pulu alıb evə gətirirdi. Lap son vaxtlarda par-par parıldayan plastik kart vermişdilər maaş almaq
üçün. O da kartı gətirib arvadına vermiş və bir az da forsla demişdi: “Buyur,
mantyor xanım!” (Amma burası da vardı ki, kişinin elektrikdən nəinki başı
çıxmırdı, cin dəmirdən qorxan kimi ondan qorxurdu. Həmişə deyirdi ki, iki şeydən
qorxmayana lənət: ilan, elektrik. Ona görə əvvəl əl-ayağa düşmüş, etiraz etmək
istəmişdi...)
***
İdarə
yarandığı gündən bu yana çox çətinliklərlə üzləşmişdilər. Hətta ilk illərdə elə
olurdu, iki-üç ayla maaş ala bilmirdilər. Amma dözdülər. Çətinliklər arxada
qaldı. Deyilənə görə, indi idarədə elə şöbə müdiri vardı ki, günə min, bəzən
iki min qazanırdı. Əlbəttə, bunun hamısı ona qalmırdı, sədrə, müavinlərə də
verməli olurdu. Burada əsasən iş xaricilərlə aparılırdı. Övladlığa götürmə,
övladlıqdan xaric etmə, xarici vətəndaşla nikah, boşanma, vərəsəlik məsələləri
və sair. Sözsüz ki, onlar bu işin yalnız ilkin hissələrini hazırlayır, ölkə
qanunlarına uyğunlaşdırırdılar. Qalan məsələləri qeydiyyat idarələrinə, məhkəmələrə,
polis və icra orqanlarına tövsif edirdilər. Aydındır ki, bu tövsiflər həm əsaslandırıldığına
görə, həm də idarənin və sədr Solmaz xanımın nüfuzuna rəğmən geri qayıtmırdı.
Bir iş də var ki, idarənin bütün bu əməliyyatlarına son dəmdə Yelmar müəllim
baxır və qol çəkirdi. Yalnız bundan sonra sədr ötəri baxır, qollayırdı.
(Axı
iş sahibləri də əllərini əllərinin üstünə qoyub oturmurdular. O biri, əsas
instansiyalaracan gedir, oralarda da pul xərcləyir, işlərini həll edirdilər.
Ona görə də burada görülən işlər təmiz həll olunurdu. Çox az hallarda kimlərsə
gəlib işlərinin son anda düzəlmədiyini deyir, sakitcə verdiklərini alıb
gedirdilər).
Günlərin
birində əvvəllər hansı rayondasa icra başçısı işləmiş sədrin birinci müavini
Gülfəm xanım Yelmar müəllimlə öz kabinetində çox mübhəm bir söhbət eləmişdi. (Sədr
onda Əlcəzairdə işgüzar görüşdəydi). Dağdan-bağdan danışmış, Yelmar müəllimin
müavinçün hansısa tədbirdə edəcəyi çıxışın hazırlanmış variantını (Yelmar müəllim
sədrin və müavinlərin çıxış və məruzələrini də hazırlayırdı) oxuyub müzakirə
etmiş, sonra məsələni gətirmişdi onun baxdığı və qol çəkdiyi sənədlərin üstünə
və demişdi:
–
Yelmarciyim, (o dilini şirin eləməkçün özünü əzdirir-büzdürür, idarənin işçilərinin
gözünə girməyə çalışırdı, halbuki deyilənə görə, başçı olanda bir müdirin üstünə
elə qışqırıb ki, kişi yerindəcə infarkt olub – Yelmar müəllimin yazıçı dostu) sən
bilirsənmi ki, ya, necə bahalı sənədlərə imza atırsan? Məsələn, elə bu sonuncu
imzaladığın vərəsəlik məsələsi... Burada ata ölüb, əslində ölməyib, kiçik qızı
tərəfindən zəhərlənib, yeganə qardaşı da dəlixanaya saldırılıb, uşaqları
detdoma verilib, anaları da qorxudan qaçıb atası evinə sığınıb... işim onda
deyil. Amma sən bu qadının, yəni bu cinayətkar qadının türkiyəli iş adamı ilə
evlilik sənədlərini və vərəsəlik hüququnu təsbit edən sənədləri işləmisən, təsdiq
etmisən və... hətta ali instansiyaya – məhkəməyə tövsif etmisən?... Bunun qiymətini
bilirmisən, Yelmarciyim? Baxışlarınnan bilirəm ki, bilmirsən... İyirmi mindir
bunun qiyməti! Aparatın rəhbəri çağırıb iyirmi mini alıb, 200-300 manatını
cibinə qoyub, qalanını da... Sənə nə oldu, Yelmarciyim, özünü pismi hiss edirsən?
(Bu
Gülfəm xanım əslən Ermənistanın Yerevan şəhərindən idi və bununla həmişə fəxr
etdiyini dilə gətirərdi. Və elə bu idarəyə gələndə də açıq-aydın işarə vurmuşdu
ki, onun başçılıqdan sədr müavinliyinə gəlməsini panijeniye kimi yozub-eləməsinlər,
çünki o bura qabağa getməyə gəlib. Buna görə də hamı ilə açıq-saçıq danışmağıynan
bir növ arxalı olduğunu, sədrdən çəkinmədiyini nümayiş etdirirdi).
O,
doğrudan da, özünü pis hiss edirdi.
O qədər də avam deyildi. Özü də çörəyi qulağına
yemirdi. Anlayırdı ki, son illər idarədə çirkli maxinasiyalar gedir, oyunlar
oynanılır. Amma bir şeydən təskinlik tapırdı: o bu oyunlardan uzaq idi. Yəni,
haram yemirdi... Di gəl, bu Gülfəm xanımın danışıqlarından belə çıxırdı ki,
dolayısıyla o da bu işdə iştirak edir. Yəni, sənədləşmə məsələlərinə sonda o
qol çəkirdi axı. Sədr yalnız onun qoluna inanırdı.
Bu yaxınlarda 50 yaşı olanda sədrin təşəbbüsü ilə elə
idarədəcə iclas keçirildi, Yelmarı o ki var təriflədilər. Hətta sədr çıxışında
belə bir cümlə də işlətdi: “O bizim hər mənada dirəyimizdir”. Və gülə-gülə əlavə
etdi ki, kənd yerlərində vaxtilə dam olarmış, damın ortasından dirək bitirərmişlər
– o bunu atasından eşitdiyini vurğulamışdı – bax, Yelmar müəllim bizim
damımızın – idarəmizin dirəyidir!
Sonra
hamı əl çalmışdı və “Əməkdə fərqlənməyə görə” medalını təntənəylə onun döşünə
taxan sədr kövrələrək demişdi:
– Biz
bu idarəni üçümüz – Yelmar müəllim, buxalter Aşraf və mən qurmuşuq. Sizə bir
sirr açım: mən sədrliyi qəbul etməkdən ehtiyatlanırdım. Mənə qorxma deyən bax
bu Yelmar müəllim oldu. Təbrik edirəm, yüz yaşayın!
Sonra
bir zamanlar şahmat üzrə Azərbaycan çempionu, qrossmeyster olmuş sədrin başqa
bir müavini Şəhla xanım söz alıb çıxış etmiş, onu təbrik etmiş, axırda da
dolamışdı:
... –
bu Yelmar müəllimin adı ilan adı olsa da, özü çox fağır və sakit adamdır. Mən
bura ilk dəfə gələndə ağsaqqal kimi ondan xeyir-dua almışam. İlk sözü hələ də
yadımdan çıxmayıb: qızım, çalış adamlarla dil tapasan, şahmatçılar sakit adam
olsalar da, enerjiləri içlərinə yığılır, özlərini sonda ələ ala bilmirlər.
Fişer yadındadı? Nə oyunlardan çıxırdı? Amma sən həm gözəlsən, həm də sakit. Mən
də sakitəm. Adımın Yelmar olmağına baxma, özüm dünyada iki şeydən qorxmuşam:
ilan və tok... Bir də qorxduğum şey var, rüşvətdir o! Özünü bu namərdliklərdən
qoruya bilsən, dərdin olmaz...
Zalı
qəhqəhə sədaları bürümüşdü. İndi idarənin əməkdaşları açıq-aydın onu ələ
salırdılar. Nə var ki daha? Onun sayəsində bütün sənədləşmələri öyrəndilər,
bütün qoruq-qaytaqlardan keçə bildilər, hətta elə yerlərə çatdılar ki, daha
Yelmarın əli oralara yetməz. İndi sədrin ona olan inamı və etimadı sadəcə bir
refleks idi. Yəni, əslində daha idarədə ona elə bir ehtiyac qalmamışdı. Hər kəs
öz işini saat kimi görürdü. Yalnız ən qorxulu anda, ən çətin məqamda ona üz
tuturdular... Əslində o indi bu idarədə bir simvol kimi lazım idi. Bərk məqamda
qabağa vermək üçün – qalxan kimi.
***
Kənddə
məktəb direktoru işləyirdi. Cəmi 26 yaşı vardı. Necə deyərlər, onu zorla
direktor qoymuşdular. Rəhmətlik maarif müdiri demişdi: “Yelmar, bala, adam vəzifəni
nənəsinin qarnında öyrənmir ki. Sənin gözəl poçerkin var, yaxşı zehnin, iti qələmin
və zəkan var. Bunlar vəzifə sahibi üçün mühüm şərtdir, amma gərək aşağıdan
başlayasan ki, yuxarı çıxa biləsən. İşlə mənimçün, öyrən özünçün...”
Heç
pis də işləmirdi. Düz bir ilin tamamında məktəbə bir müstəntiq gəldi. Çox cavan
adam idi. (Bəlkə də təzə qurtarmışdı universiteti). Oturdu kabinetdə və kobud tərzdə
dedi: “Müəllim, sizdən şikayət var. Məktəbin idman müəllimini zorlamısınız”.
O
eşitdiyinə inanmaq istəməmiş, müstəntiqdən dediyini bir də təkrar etməyi xahiş
etmişdi. Cavan oğlan isə heç nə deməmiş, saymazyana qovluğundakı ağappaq bir vərəqi
onun qabağına qoyub demişdi: “Oxuyun”.
O
ağappaq vərəqi necə oxuyacağını soruşmaq istəyəndə vərəqin baş tərəfində solğun
qələmlə iki cümlə yazıldığını görmüş, əyilib həmin cümlələri oxumuşdu: “ Sizə
bildirirəm ki, direktorumuz məni idman zalında cinsi istismara sövq etmişdir.
İmza Alıyeva Rəmziyyə”.
Və
kağız-kuğuz məsələlərində rayonda qabağında bir kimsənin at oynada bilməyəcəyini
bildiyi üçün çox inamla demişdi:
–
Hansı idman zalında? Bizdə axı idman zalı yoxdur?
Müstəntiq
əvvəl çaşmış, bir qədər düşündükdən sonra ağzını sürümüşdü:
– Nə
fərqi varmış ki? İdman zalı olmasın, elə bu kabinet olsun! Bax, bu divanda eləmisiniz...
– Siz
nə haqla mənə böhtan atırsınız?! Hələ kəndin adlı-sanlı nəslindən olan bir
xanımı da ləkələyirsiniz! Mən sizdən şikayət edəcəyəm...
Son
sözləri bir az inamsız səslənmişdi. Nədən ki, bu Rəmziyyə xanım o direktor
olandan üç ay sonra dərs qurtarana yaxın onun kabinetinə gəlmiş və otağını
yığışdırmağı təklif etmişdi. O da əvvəl etiraz etmiş, sonra qadının gözlərində
cin oynadığını görüb sıvılmış, razı olmuşdu.
(Bu
qadın ondan 5-6 yaş böyük olsa da, məktəbdə ən gözəgəlimli qadın idi. Deyirdilər,
heç ərini vecinə almır, kefi istədiyi kimi geyinir, gəzib-dolanır. Üzümçülük
briqadiri olan əri yazıq səhərdən-axşamacan üzüm sahələrində olur, axşam it
kimi yorulmuş gələrdi evə. Rəmziyyə onun yediyini-içdiyini haram eləmişdi. Kəndin
ən mötəbər adamı, bu məktəbin bünövrəsini qoyanlardan biri Qara müəllim
olmasaydı, Rəmziyyə çətin ki, ərinə arvadlıq eləyəydi. Əslində buna arvadlıq
demək də çətin idi).
Rəmziyyə
damdar, qısadan-qısa yubkadaydı. Əyilib kağız-kuğuzu götürəndə ağappaq göbəyi
çöldə qalırdı. Hətta kreslosunda oturan direktorun çiyni üstündən əyilib nəsə
düzəldəndə məmələri çiyinlərinə toxunub onu yandırdı. Düzü, bunu təsadüf
sandığından durub çıxmaq istəyəndə gəlin onu arxadan qucaqlamış, “hara
qaçırsan, kişi deyilsən” deyib özünə tərəf çəkmiş və divana yıxılmışdılar. Hətta
o dərəcədə özlərini unutmuşdular ki, qapını içəridən bağlamaq da yadlarına düşməmişdi...
Bu
hal dəfələrlə təkrar olunandan sonra bir gün Yelmar Rəmziyyəni çağırıb demişdi:
“Sən mənim çox xoşuma gəlirsən. Evli olmamağımdandır bəlkə – səninlə hər gün
görüşmək istəyirəm. Bu həzz üçün dünyanı verərəm. Amma mən bu kənddə qonağam.
(Onların kəndi bir neçə kilometr aralıdaydı). Hər gün atanla məktəbdə
rastlaşıram, salamlaşıram... Bilirsən, çox vicdan əzabı çəkirəm... Sənin adının
ləkələnməyini istəmirəm... elə öz adımın da...”
Qadın
sərt şəkildə demişdi: “Sən, mənim adımın dərdini çəkib-eləmə! Atamla da işin
olmasın. Onun özünün iki arvadı var... Məni heç si...ə də almır it oğlu!... Sənə
deyən yoxdu ki, mənimlə evlən?! Mən səninlə kefimi çəkirəm, vəssalam... Bir də
o Xəyyam eşşək oğlundan uşaq istəmirəm... Əgər sən istəsən, səndən bir uşağım
olmasını istəyərəm... Ayrı nə təmənnam var sənnən? Niyə qorxuya düşmüsən? Adam
kişi olar, bir poxu yeyəmmirdin, yeməyəydin!”
Və
beləcə, onlar küsüşmüşdülər. Heç üstündən iki ay keçməmiş bu müstəntiq gəlmişdi...
...Müstəntiq
oturduğu yerdə pəncərəni açmış, bir uşaq çağırıb qulağına nəsə demişdi. Heç on
dəqiqə keçməmiş, ədəb-ərkanla geyinmiş (donu qısa olsa da, dar deyildi, başında
da dəsmal vardı) Rəmziyyə müəllimə içəri girmiş və pörtüb-qızarmış halda
qapının arxasında dayanmışdı. Yelmar gözünün ucu ilə ona baxanda anladı ki, bu
qadının canında nələr olduğunu o fəhm edə bilməyib. Onu zorla tutub divana
yıxan, dodaqlarını quzu anasını əmən kimi marçhamarçla əmən, elə
paltar-palazdaca onunla bu divanda ayaq-baş olan bu qadın indi az qalırdı
yaşmaqlansın. Üzü doğrudan da qızarmış, dodaqları allanıb əsmiş, əlləri titrəməyə
başlamışdı.
(“Görəsən,
mən sənin həyatında neçənci kişiydim, Rəmziyyə? Bu divanda gah altımda balıq
kimi çabalayan, gah da üstümə çıxıb məni at kimi çapan sən deyildinmi? İndi nə
oldu, müstəntiqin yanında həyalı gəlin oldun? Səni öz canın, bunun kabinetində
nə oyundan çıxdın?... Hələ o nədi yazmısan, “cinsi istismar”, “sövq etmək”,
“idman zalı”... Ətin tökülsün, sən sövq etmək sözünün mənasını bilirsən heç?!”)
Qadın
elə bil gənc direktorun ürəyindən keçənləri duyub qəfildən ağlamağa başladı və
dedi:
–
Yoldaş müstəntiq, bu adam mənim şərəfimlə oynadı, namusuma sataşdı, qürurumu məhv
elədi... (“Mehriban düşmən” serialının dəbdə olduğu vaxtlar idi və elə bu cümlələri
də Rəmziyyə deyəsən, ordan əzbərləmişdi – Yelmar müəllimin yazıçı dostu) İndi
gül kimi ailəm dağılır... Ərim zəhmətkeş adamdır, gün axşamacan üzümlükdədir...
Bu adam da xalqın malını yeyib harınlayıb... Məni zorladı...
–
Harada zorladı, hansı şəraitdə zorladı?
O dik
gözlərimin içinə baxdı. Sonra müstəntiqin əyləşdiyi divana nəzər salıb lap
sırtıq bir görkəm alaraq dedi:
–
Bax, bu kabinetində, o divanın üstündə zorladı. Maa dedi ki, sənnən uşaq istəyirəm.
Özü də yoldaş müstəntiq, bu çox eşşək adamdır. Mənimlə hər cür cinsi əlaqədə
oldu... O məni təhqir etdi... Qeyri... qeyri...
Müstəntiq
onun sözünü tamamladı:
– ...
ənənəvi demək istəyirsiniz yəqin...
– Hə,
hə, qeyri-ənənəvi yolla cinsi əlaqədə oldu mənimlə... Məni təhqir etdi...
Başı
fırlandı. Hər tərəf qaranlıqlaşdı bir anda. Naməlum tərəfdən kino-aparatdan
çıxan ağ işığa oxşar işıqlar düşdü. Gözləri önündə hansısa filmdən kadrlar
görünürdü elə bil...
...
televizorda gördüyü filmdən fraqmentlər idi. Adını unutduğu o filmdə İsa peyğəmbərin
çarmıxa çəkilmə səhnəsi təsvir olunmuşdu. Həvarilər bir qadını tutub İsanın
yanına gətirdilər və dedilər: “Ya İsa, bu qadın zina edib, Musaya görə,
daş-qalaq edilməlidir, bəs sən nə deyirsən?” İsa çiynindən sürüşən çarmıxı
yerinə oturdub aşağı əyildi, barmağıyla yerdə bir güzgü kimi çəkdi, həvarilərin
şəkilləri və əməlləri o güzgüdə görsəndi. İsa əzablar içində dedi:
“Aranızda
günahsız olan kimdir, ona ilk daşı da o atsın”.
Həvarilər
bir göz qırpımında qaçıb gözdən itdilər. Qadın İsanın çarmıxını öpdü...
... –
qeyri-ənənəvi yolla... cinsi istismara sövq etdi...
Bilmədi
ki, bu son sözü İsanın çarmıxını öpən qadın dedi, ya Rəmziyyənin ağzından
çıxdı...
(...Direktor
sonralar yazıçı dostuna həmin əhvalatı belə danışırdı: “Rəmziyyə bu dəfə,
doğrudan, ağlayırdı. Mən onu başa düşdüm. O əslində məni istəyibmiş, sadəcə mənim
onnan aralanmaq fikrimi həzm edə bilməyib, gedib şikayətə. Əslində bu şikayətin
də ona bir fayda gətirməyəcəyini elə bu anda anlayıb ürəkdən ağlayırdı. Mən hələ
də stolumun üstündə olan solğun rəngli qələmlə yazılmış o iki cümləlik kağızı əlimə
alıb ona göstərdim:
– Rəmziyyə müəllimə, bunu siz yazmısınız?
O qəhərli-qəhərli
dedi:
– Hə, mən yazmışam! Sonra sözün nədi?!
– Axı burada yazmısan ki, mən səni idman
zalında zorlamışam, hansı idman zalıdır bu? Bizim məktəbin idman zalı yoxdur
axı.
Qadın
bir anlığa çaşdı. Gənc müstəntiqə baxdı, amma ikisinin də gözündə inamsızlıq
gördüm. Kağızı qatlayıb qoydum cibimə və dedim:
– Bu kağızı siz, gənc müstəntiq, bu xanıma təzyiq
göstərərək, zorla yazdırmısınız. Əslində onu siz zorlamısınız... Sabah üçümüz də
yoldaş prokurorun yanında bu məsələyə aydınlıq gətirərik...
Rəmziyyə
əlini ölçə-ölçə üstümə gəlib nəsə demək istədi. Amma deməmişdən qarnını göstərdi,
anladım ki, məndən uşağa qaldığını deməyə hazırlaşır. Amma müstəntiq onun
qolundan tutub bayıra çıxartdı, qapını örtüb mənə dedi:
– Yelmar müəllim, mən ötən il təyinatla sizin
rayona gəlmişəm... Düzü, bu işə baş qoşmaq istəmirdim. Bu xanım atasıyla gəlmişdi
yanıma. O cümlələri də mən diktə etmişəm, bu başı batmış yazıb. Yazanda heç demədi
ki, bizim məktəbdə idman zalı yoxdur... Aramızda az yaş fərqi olar... Mən bir
il burada işləyib başqa bir rayona baş müstəntiq gedəcəyəm, uje papa danışıb.
Sizdən gizli qalmasın, haqlarını da verib... Tak şto, məni bu cəncəldən
qurtarın, o cibinizdəki kağızı da verin, mən çıxım gedim... Sizə Dağüstü parkda
bir qonaqlıq vermək məndə!
– Kağızı verə bilmərəm, – dedim, – bu kağız mənim yeganə müdafiəçimdir.
Anladığım qədərilə, əslində bu işi qadın atasının əliylə edirmiş... Əgər sizə
pul-zad verməyiblərsə, çıxın gedin, bağlayın işi. Yox, sizə nəsə veriblərsə,
daha onda özünüz bilərsiniz...
– Yox, atası pul gətirmişdi, amma mən götürmədim.
Dedim, işi bitirim, sonra alaram... Yaxşı ki almamışam. Birdən prokuror sizi
çağırsa, nə edəcəksiniz?
– Narahat olmayın, prokuror məni tanıyır... Mən
özümü müdafiə edə biləcəyəm... Özü də bu cibimdəki kağız bəsimdir... Tapşırım
sizə yemək hazırlasınlarmı?
– Yox, – dedi, – sonra onu da söz edərlər.
Yaxşısı budur, mən çıxım aradan...
O
getdi. Həyət qapısından çıxanda Qara müəllim də tülyan özünü bayıra atdı. Heç
beş dəqiqə keçməmiş maşın tərpəndi. Bu dəfə başıaşağı həyət qapısından içəri
girən Qara müəllim mənim kabinetimə tərəf gəlirdi – mən bütün bunları
kabinetimin arxa pəncərəsindən pərdəni azca qaldıraraq müşahidə edirdim.
Qapım
iki dəfə döyülsə də, dillənmədim. Üçüncüdə “gəlin” dedim. Kişinin rəngi üstündə
deyildi. Burnunun ucunacan saralmışdı. Bunun da artistlik, yoxsa məğlubiyyət
nişanəsi olduğunu anlamaq istədim. Mən ona oturmağa belə yer göstərmədim.
Yetmişi haxlasa da, hələ gümrah olan bu ikiarvadlı müəllim (bu gerçəkdən beləydi,
bir arvadı bizim məktəbdə müəllim işləyirdi, elə özü yaşdaydı, o biri isə özündən
otuz yaş cavan olan gənc bir qadındı, elə səkkizincini qurtarar-qurtarmaz evlənmişdi,
hərəsindən 5-6 uşağı vardı, elə bu Rəmziyə də birinci arvadından olan idi)
başını aşağı salıb ikrah doğuran bir səslə dedi:
– O qoltuq cibindəki kağızı ver maa, day sənnən
işimiz olmuyacax...
Mən
acı-acı güldüm və başımı elə onun kimi aşağı salıb dedim:
– Mən o kağızı sizə verə bilmərəm... Birdən səhər
burda idman zalı tikərlər, yaxam qalar əldə... Üz vurmayın... Verə bilmərəm...
Dərs
ili başa çatan kimi ərizəmi yazıb direktorluqdan və rayon müəllimliyindən azad
olundum, asta qaçan namərddir, deyib, düz Bakıya gəldim. Çox iş axtarmalı
olmadım – bir vaxtlar nazir işləmiş atası həmyerlimiz olan Solmaz xanım –
indiki sədrimiz, məni bu idarəyə düzəltdi və dedi ki, bəlkə özüm də ora sədr gəldim.
Elə üç ay sonra gəldi də...)
***
Bir
gün yoxlama gəlmişdi. (Danışırdılar ki, Gülfəm xanım donos yazıbmış). Oranı iylədilər,
buranı çüylədilər, axırı gəlib durdular bu boyda şirkəti işıqlandıran sarımtıl
qutunun üstündə və onlardan biri əlini uzadıb sayğacın sarımtıl qutusunun
qapağını qaldırdı, düyməsini basıb işıqları söndürdü. İçi sədr qarışıq bütün
işçilər bircə anda çölə tökülüşdülər. Axı 90-cı illərin sonları və 2000-ci illərin
əvvəllərini nəzərə almasaq, bu son illərdə işıqlar demək olar ki, sönmürdü. Bəs
indi nə olmuşdu?
Komissiya
üzvlərindən biri qapağı astaca yerinə itələdi, üzünü key-key ona baxan aparat rəhbəri
Əflatun müəllimə tutub dedi:
– Elektriki çağırın, gəlsin baxsın...
Şotçikinizdə problem var...
Hamı soyuq
nəzərlərlə elə indicə dəhlizə çıxan Yelmar müəllimə baxdı. Kişi isə günahkar
adamlar kimi başını aşağı salmışdı. Bu vaxt sədr bomba kimi açıldı:
– Nə boy-boya vermisiniz?! Keçin içəri!
İşçilər
bircə anda otaqlarına dağılışdılar. Sədr üzünü komissiya üzvlərinə tutub
üzrxahlıqla dedi:
– Üzrlü sayın, o yoldaşın vacib işi çıxmışdı,
icazə istəmişdi mənnən... Bu gün işə gəlməyib...
Sədr
qonşu idarənin rəisinə zəng çalmış, binadakı bütün idarələrin elektrik işinə
baxan adamı onun vasitəsilə gətirdib sayğacın düyməsini yerinə oturtmuş,
işıqlar yanmışdı...
(Sayğacda
yüklənmə çox olanda hərdən öz-özünə atırdı və işıqlar sönürdü. İdarənin cavan
işçiləri artıq bunu öyrəndiklərindən özləri qutunu açıb düyməni basır, işığı
yandırırdılar. Amma indi içi aparat rəhbəri Əflatunqarışıq heç kim buna cəsarət
etməmişdi).
Səhəri
gün Yelmar müəllim sədrin yanına gəlib ərizəni onun stolunun üstünə qoydu və
xahiş etdi ki, yoldaşını bu formal işdən azad etsin. Sədr başını bulayaraq
dedi:
– Yelmar müəllim, biz indi bu Gülfəmin
qabağından qaçsaq, deyəcək, qorxdular mənnən. Yaxşısı budur, sən yoldaşına de,
qoy gündə bir-iki sahat gəlib buralarda hərlənsin, Aflatunun düzəltdiyi spisoka
qol çəkib getsin. Sonra lazım olar, nəsə edərik. Amma indi yox. Qoy hər şey necə
var, elə də qalsın.
***
Avtoqələmini
təzəcə çıxardıb nəsə yazmaq istəyirdi ki, dedilər Şahnaz xanım çağırır.
Asılqandan yaz-payız geyindiyi kostyumun pencəyini alıb geyindi. Gözlüyünü
qabına yerləşdirib döş cibinə qoydu. Qalstukunu sıxıb düzəltdi, güzgüdə əyin-başına,
üz-gözünə nəzər yetirdi, dəftərçəsini və qələmini götürüb ikinci mərtəbəyə
qalxdı. Elə bu vaxt dəhlizdə sədr göründü. O tez divara tərəf çəkilib ona yol
verdi və yüngülcə təzim edərək salamlaşdı. O da gülə-gülə onun salamını alıb
otağına keçdi.
Sədr
müavininin qəbulunda çox dayanası olmadı. Heç beş dəqiqə keçməmiş onu içəri
ötürdülər. İnsafən müavin kişini yaxşı qarşıladı. Ordan-burdan söz salıb
hal-xoş eləyəndən sonra qabağına bir ağappaq vərəq qoyub dedi:
– Yelmar müəllim, bura, bax baş tərəfdən qol çəkin,
qabağından da adınızı, soyadınızı və vəzifənizi yazın, sonra bugünkü tarixi
qoyun, amma mümkünsə, latınla yazın...
Kişi
ağ vərəqi qabağına çəkdi. Qələmi döş cibindən götürüb başlığını çıxartdı. Elə
ağ vərəqə yaxınlaşdırmaq istəyirdi ki, gözünün önündə qarmaqarışıq şeylər
oynaşmağa başladı. Daha ağ vərəq ağ vərəq deyildi, kənd yerlərində kino verən
zaman divara vurulan ağ mələfə idi sanki. Və bu mələfənin üstündə – ekranda qəribə-qəribə
şeylər göründü. Qulağına səslər gəldi hətta... Leyla xanım idi, haçansa
televiziya ekranında görmüşdü onu... “Atamı öz əlləri ilə yazdığı əsərinə görə
intihara məcbur etdilər... Bağ evimizdə qollarının damarını kəsmişdi, qan onun
iş otağındakı kitablara, yazdığı əlyazmalarına, hələ yetirib yazmadığı ağ vərəqlərə
sıçramışdı...”
Daha
sonra Rəmziyyə göründü “ekranda”. Dilini əyə-əyə rəngi solğun qələmlə
yazdıqlarını höccələyirdi: “Sizə bildirirəm ki, direktorumuz məni idman zalında
cinsi isti... istismara sövüğ etmişdir. İmza Alıyeva Rəmziyyə”. İstədi desin
ki, ay Rəmziyyə, isti-istismar, yox ay qız, istismar, bir də sövüğ nədi,
sövq... Amma tez bu redaktə əhvalatından vaz keçmiş, əlini qarnının üstünə
qoyub “qeyri-ənənəvi yolla cinsi əlaqə” deyib qarnına şappıldadan Rəmziyyəyə
bir də baxmış, “ay qız, sən canın, o uşax doğrudan mənnən idi?” söyləməkdən
güclə özünü saxlamışdı.
“Kadr”
dəyişmiş, İsa peyğəmbərdən bəhs edən filmdən parça “ekrana” çıxmışdı. Çarmıxını
kürəyində aparan İsa Mel Gipsonun çəkdiyi filmdəki İsaya az oxşayırdı – bir
suyumu “Nəsimi” filmindəki Nəsimiydi ki, durmuşdu. Onun bu mələfə-vərəq
ekranında bu iki cəfakeşin obrazı birləşmişdi. Bu vaxt hardansa həvarilər bir
qadını tutub (bu, bir az Rəmziyyəyə, bir az da elə Gülfəm xanıma bənzəyirdi)
İsanın yanına gətirdilər və dedilər: “Ya İsa, bu qadın zina edib, Musaya görə
daş-qalaq edilməlidir, bəs sən nə deyirsən?” İsa çiynindən sürüşən çarmıxı
yerinə oturdub aşağı əyildi, Yelmar müəllimin avtoqələmiylə bir güzgü kimi çəkdi,
həvarilərin şəkilləri və əməlləri o güzgüdə görsəndi. İsa əzablar içində dedi:
“Aranızda
günahsız olan kimdir, ona ilk daşı da o atsın”.
Həvarilər bir göz qırpımında qaçıb
gözdən itdilər. Qadın İsanın çarmıxını öpüb uzaqlaşdı. Sonra əlini qarnına
vurub bağırdı: “Bu uşağı...” O dalısın eşitmədi, çünki indi ekranda başqa adam
vardı: “Sədr dedi ki, ilk imzanı siz atacaqsınız...”
– Mənim günahım nədi?
– Nə günah, Yelmar müəllim?! Biz sizi ən
savadlı, ən ləyaqətli adam bilirik... Günah nədi?
Ayıldı
ki, “ekran” yığışılıb, sədr müavini qrossmeyster Şahnaz xanımla üz-üzədir.
– Nəyə görədir bu imza?
Müavin
yerində qurcuxdu, rəng verib-rəng aldı və dedi:
– Düzü, mən də bilmirəm... Öz aramızda qalsın,
məncə mühüm aksiyadır... Yaxşısı budur, dərinə getməyək... İlk imzanı siz atın,
sonra mən işçiləri bir-bir çağırım...
Qələmin
başlığını əlində tutmuşdu. Başlıq o qədər böyümüşdü ki, onu necə əlində
saxladığına təəccüb edirdi. Elə bil qələm başlığı deyildi, nüvə başlığı idi.
Əlləri
əsə-əsə başlığı qələmin ucuna keçirtdi, ağappaq vərəqə bir də baxıb ayağa
qalxdı. Yan-yörəsinə devikə-devikə müavinin otağını tərk etdi. Arxadan müavinin
səsini eşitsə də, dayanmadan pillələri düşüb öz otaqlarına getdi.
***
Sədr
idi, bir də sədrlə üzbəüz əyləşmiş bir qaraqabaq kişi idi. Kişini görmüşdü,
haradasa yuxarı vəzifədə işləyirdi, deyəsən. Belə olmasaydı, sədr öz
kreslosundan düşüb gəlib onunla üzbəüz əyləşməzdi.
Ona
da yer göstərdilər. Keçib oturdu və gözünü bir-birinə daraqladığı barmaqlarına
zillədi. Bu dəfə yalın əllə gəlmişdi. Qəsdən səhər işə gələndə avtoqələmini
cibinə qoymamışdı. Bu isə o demək idi ki, onu daha heç cürə məcbur eləyə bilməzdilər.
– Cənab Yelmar müəllim! Biz, məşhur “Ağ lövhə”
nəzəriyyəsində də deyildiyi kimi... kstati, yadınızdadır o nəzəriyyə?
–
Bəli, Con Lokun nəzəriyyəsidir... – deyib gülümsünmək istədi.
– Hə, biz bu dünyaya ağ lövhə kimi gəlmişik. Bu
ölkə, bu dövlət bizdən belə bacarıqlı kadrlar hazırlayıb. Biz kimik ki, dövlətimizin,
ölkəmizin tələbinin əleyhinə gedək?! Soruşuram, biz kimik?!... Belə baxanda,
heç kim! Bütün ölkənin dövlət təşkilatlarının dövlət qulluqçuları o ağ kağıza
imza atıb. Sizə böyük etimad göstərilib, deyilib ki, bu idarənin ilk qolunu siz
atacaqsınız...
– Axı mənim günahım nədir? – yazıq-yazıq dedi
Yelmar müəllim.
– Nə günah?! Bu günah deyil, şərəfdir, şərəf!
Sizdən soruşuram, səndən soruşuram, sən kimsən ki, o ağ kağıza qol çəkmirsən?
Cavab ver. Sən kimsən!?
– Sən yox, siz demək lazımdır... Özünüzə hörmət
qoyun...
– Belə oldu?! Mən sizə... sənə göstərərəm!
– Ə, Yelmar, deyəsən səni adam yerinə qoyduq,
qudurdun?! Sən kimsən ə, adın qulağına dəyib? Mənim sənə elədiklərim burnunun
deşiyindən gəlsin! Bessovisni neşşasnıy! Uxadi atsyuda! – Bu isə Solmaz xanım
idi. – Dur get də, nə gözünü bərəldirsən?! Get, ərizəni yaz, rədd ol burdan!
– Axı mənim pensiya vaxtıma hələ üç il var... –
Bunu niyə dediyini heç özü də bilmədi.
...Otaqda
üzünə də baxan olmadı. İki gün əvvəl çayını süzən, qulluğunda duran bu gənc
adamlar indi ona arxalarını çevirmişdilər.
Stolunda
bir neçə kitab vardı – Nizaminin “Sirlər xəzinəsi”, Sədinin “Bustan”ı, Cəbranın
“Sükutun poeziyası”, Çingiz Aytmatovun təzə bitirdiyi “Qiyamət” romanı və Milan
Kunderanın uzun adı olan kitabı. Onları sellofan torbaya yığdı, işdə geyindiyi
içi dəvə yunundan olan başmaqlarını da kağıza büküb kitabların yanına qoydu.
Sonra həmişə çay içəndən sonra kağızla silib yerinə qoyduğu fincanını, kiçik
xörək qabını, çay və xörək qaşıqlarını da qəzetə büküb torbada onlara da yer elədi.
Bir an duruxdu. Nəyisə unutmuşdu, deyəsən. Amma nəyi? Birdən geri qanrılıb
arxasında iri təqvimin yanına sancdığı Rəsulzadənin şəklini görüb eyni açıldı.
İstədi götürməsin, amma qəlbinə qara fikirlər çökdü və bu böyük adamın balaca şəklini
(düz on səkkiz il idi ki, bu şəkil bu divardan asılıydı) ehtiyatla yerindən
çıxardıb döş cibinə qoydu və ona arxalarını çevirmiş otaq yoldaşlarına
“sağlıqla qalın, haqqınızı halal edin” deyib qapıdan çıxdı.
Müəllif
Dostum
Yelmar müəllim başına gələnləri mənə danışıb qurtarandan sonra ortaya bir
litrlik çaxır butulkası qoyub dedi:
– Deyirəm bəlkə, köhnə dostlar kimi bu
giley-güzardan sonra boğazımızı yaşlayaq?
Mən gülüb
dedim:
–
Sən canın, bir sualıma da cavab ver, sonra içərik: bu Rəmziyyəni heç
görmədin ki, sonralar?
Gülüb dedi:
–
Görməyinə görmədim, amma haqqında eşitdim. Mənim yerimə direktor təyin ediblər. Elə ilk işi məktəbə idman zalı
tikdirmək olub. Amma mən də işimi etibarlı tutmuşam bu illərdə. Bax, bu (kitab
rəfindəki qovluqdan nəsə götürüb mənə uzadır – Yelmarın dostu) həmin müstəntiqə
solğun rəngli qələmlə yazdığı donosun kserokopiyasıdı. Bu da əsli. Əsli bu illər
ərzində solub, amma oxunur...
– Bəs uşaq?
– Nə uşaq?... Hə, Rəmziyyənin uşağını deyirsən?
Bu barədə dəqiq bir söz deyə bilmərəm... Olsun ki, onun növbəti
fırıldağıymış...
Sonra
əyləşib kəmşirin şərabdan içməyə başladıq. Amma insafən, şərab dadlıydı.
Avqust-sentyabr
2014
Yorumlar
Yorum Gönder