AZAD QARADƏRƏLİ GÖY PLAŞLI ADAM Hekayə
AZAD QARADƏRƏLİ
GÖY PLAŞLI ADAM
Hekayə
Yaşadığı mənzildə kimsəsiz
ölən, cümuriyyətin ilk tarixçisi,
heç vaxt əziz olmayan Mövsüm
Əliyevin əziz xatirəsinə*
Elə
dərin düşüncələrə dalmışdı ki, elə bil bizi görmürdü. Balaca boy-buxununa
darlıq edən zəngin iç dünyası onu çoxlarından uzaqlaşdırsa da, mən adamdan qopa
bilmirdim.
Əynində
düm göy rəngdə plaş vardı. Yaz, payız, qış onun içində olardı. Yaxşı bəslənməyən
vücudu, ucuz siqaret çəkməyi, ütüsü pozulan şalvarının solmuş rəngi deyirdi ki,
tənha güzaran keçirir, dolanışığı aşağıdır. Üstəlik, daim qarşısındakından
qaçırdığı gözləri onun güvənsiz həyat yaşadığından xəbər verirdi...
Amma
bütün bunlara rəğmən onun iti hafizəsi, düzü yazan qələmi və sərbəst mühakiməsi
vardı. İndiyəcən kimsənin girmədiyi arxivlərdən Cümhuriyyət dövrünə aid nə
vardısa yığıb-yığışdırmış, tapıb araşdırmış, yazıb ortaya qoymuşdu. Bizim dərgimiz
işə başlayandan baş redaktorumuz onu axtarıb tapmış, mənimlə tanış etmiş və
tapşırmışdı ki, Rəsulzadə, Cümhuriyyət dövrü haqqında onun gətirdiyi yazıları
balaca göz gəzdirəndən sonra yığılmağa verim.
İlk
tanışlığımız zamanı onun adını eşidən kimi dik ayağa qalxdım, əlimi uzadıb
dedim:
-Oooo!
Nə gözəl insanla görüşürük! Mən sizin “Odlar yurdu”ndakı bütün yazılarınızı sevə-sevə
oxuyardım! Rəsulzadı, Xoyski, Yusifbəyil və başqa cümhuriyyətçilərimiz haqqında
məqalələrinizi gözümə təpərdim... A kişi, siz bu xalqın ən əziz adamısınız e...
Düzü, mən sizi belə sadə biri təsəvvür etmirdim...
Gözlərində
bir ümid işığı yandı. Deyəsən, ona heç belə tərif deyən olmamışdı.
Və
birdən o ümid işığı öləzidi. Cibindən ucuz filtirsiz siqaretini çıxardıb
yandırdı və xırıltılı səslə dedi:
-Həri...
Əziz... Əziz ha!.. Rəsulzadədən yazan nöşün əziz olsun ki?..
Sonra
durub gəldiyi kimi də çıxıb getdi.
Baş
redaktor harasa çıxmışdı və geri döndüyündə onun getdiyini görüb hirsləndi:
-Niyə
onu saxlamadın mən gələnə qədər?! Yazı zad vermədi ki?..
Başımı
buladım və o əziz adamın ağrıyan yerini duymağa çalışırmış kimi içimi çəkdim:
-O
özü başdan-başa yazıdı... Əziz ola bilməyən əziz adamdı...
Baş
redaktor mənə tərs-tərs baxıb otaqdan çıxdı.
Sonra
bir dəfə də gəldi. Bu dəfə kefi kök idi. Gülə-gülə dedi ki, bir nəfər tapmışam
yuxarılarda, söz verib Sibirdən daş gətirdəcək, Əmin bəyin heykəli üçün!
(Pis
dövr idi. Şər imperiyası dağılmış, azad olan respublikalar bu qorxunc azadlıqla
nə edəcəklərini bilmirdilər. Orta Asiyanın türk dövlərlərinin işi lap çətindi.
Rusiyanın çəmbərində necə azad olmaq olardı axı?! Üstəlik, bu respublikalarda əhalinin
böyük əksəriyyəti rusca danışır, hətta bəziləri öz dillərini belə bilmirdilər.
Azərbaycanın işi hamısından ağırdı: adına yanlış olaraq Ermənistan dediyimiz
Hayestan silahlanaraq üstüməzə gəlmiş, Dağlıq Qarabağ deyilən ərazimizi əlimizdən
almağa çalışırdı. Bununla kifayətlənməyib, bir neçə rayonumuzu da işğal
etmişdilər havadarları rusların köməyi ilə. Aclıq, səfalət, işsizlik qapıda
idi. Buna baxmayaraq Azərbaycan insanı azadlığa, milli bayrağa könül vermiş, gənclər
könüllü orduya gedərək ermənilərlə döyüşmüş, yenə də döyüşürdü...
Belə
bir vaxtda adam gəlib ki, Rəsulzadəyə heykəl qoymaq üçün Sibirdən daş gətirəcəyik...)
Əl
yazısında olan məqaləsini göy plaşının cibindən çıxardıb masaya atdı:
-Mını
Ziya müəllimin kömeyi ilə o vaxt arxivdən çağartmışdım... Yalnız süzdə gede bilər...
Musavatın irsini süzə etibar etməy olar. Halal olsun!
Çay
süzdüm. Buğlanan fincana baxa-baxa gülümsündü:
-Süz
Zəngilannan olduz eləmi? Orda da yəxçi cümhuriyyətçilər olub ha! Ba, biri elə
Behlul efendi! Zor kişi olub e! Əmin bəyin ən yaxın adamıydı... Cümhuriyyət
dövründə ora, Zəngezura qazı teyin olunub... Onnan yazmay olar... Lazımdur...
Fincanı
əziz bir şey kimi barmaqları ilə qucmuş, gözünü soyumaqda olan çaya zilləmişdi.
Sanki ömründə ilk dəfə ona belə nəvazişlə çay süzmüşdülər...
Bu
vaxt qapımız tarak-turakla açıldı, öküzə oxşayan biri salamsız-kalamsız içəri girdi. Böyürə-böyürə əlindəki fincana
çay süzüb çıxmaq istəyəndə gözü üzü mənə, arxası o öküzə tərəf oturan qonağı
aldı, daha bərkdən böyürdü:
-Boy,
ə Mönsüm, bı sənsən?! Ə, nə yaman rahat otumusan?! Ə, bə məqaləni niyə gətimədin?!
Səni öküz vursun! Hələ çayına-zadına bax! Gəl, ə, gəl görüm!
Baxdım
ki, hirsindən əli əsir. Amma Öküzə də bir söz deyə bilmir. İllah da ona bu cür
nəvaziş göstərən birinin yanında qəfil korridaya uğraması könlünü yaralamışdı.
-Yəxci...
Gəlləm... – Deyib, ufultuya bənzər səs
çıxardı. Elə bil öküzün buynuzu onun hansısa üstü qaysaqlanan yarasını
qanatmışdı. Fincanda buğlanan çayına gözünün ucu ilə də baxmadan qalxdı,
sağollaşmadan çıxıb getdi...
...Az
sonra o Öküz qapını açıb başını içəri saldı, qonağı görməyincə “ə, bə bı ...
hara getdi, ə?!”
Çox
namünasib bir ifadə işlətdi və dəhlizdə hara isə qaçmağa başladı.
Sonralar
öyrəndim ki, o Öküz bizim qonaqdan pulla arxiv materialları alırmış. Yazmaqda
olduğu elmi işinin əksər materiallarını belə əldə edirmiş...
Bizdə imzasız xırda-para arxiv materialları getdiyi üçün mənim xahişimlə baş redaktor rəhbərlik qarşısında məsələ qaldırmış, ona müəyyən miqdar qonarar yazmışdıq. Bir görəydiniz, o qonararı alanda necə sevinirdi.
-Bu,
təkcə qonarar degül, həm də Cümhuriyyətə verilən dəgərdir... – deyib
gülümsünmüşdü.
Sonra
yeni nömrəmizi vərəqləyib əlimi sıxmışdı:
-Ba,
bu “Müsavatçı yazıçılarımız” rubrikasnı çox bəgəndim... Capparlıdan yazmeyiniz isə
lap əla oldu! Bir az barıtunu çox elemisüz, amma belənçik də gözəldür! Sağ
olun!
Mən
təəccüblə onun üzünə baxdım, amma dilimə gətirəcəyim cümləni deyə bilmədim. O,
arif adam idi. Üzümdən oxudu deyəcəklərimi.
-Hərü,
anladım... Deyirsən ki, mən Capparlı hakkında yazdıqlarıvu ne zaman oxudum? Baş
redaktor bəzi yazıları metbeeye getməzden qabaq mənə oxumağa verür...
Əlyazmasını oxumuşdum... Davam elə bu rubrikanı... Bir də Məmməd Aran* olub,
Türkiyeye mühacirete gedib... Müsavatın başqanınacan qalxıb e!.. Doktor imiş...
Zəngilanlıymış hem de... Bir onu soraqla, belke bişey-mişey çıxdu?
Zəngilanda
əski müsavat irsini araşdırmağa başlamış, maraqlı faktlar tapmışdım. Amma bir zəngilanlının
Müsavatın başqanı ola biləcəyini heç təsəvvür etməzdim! Bilsəniz, bu əlçatmaz
faktı mənimlə bölüşən bu adama necə
valeh olmuşdum?!.
***
Gördüm
ki, böyük meydandır. Öküzsifət bir adam (əcəba, bu tanış sifəti harda
görmüşdüm?) mindiyi öküzü meydana sürdü. Üzü niqablı balacaboy biri də əlində
qırmızı parça ortada dayanıb. Öküzsifət adam mindiyi öküzü üzü niqablı adama tərəf
sürdü. Öküz buynuzlarını adama vurmaq istəyəndə o, qırmızı parçanı fırlatdı,
öküzün buynuzu boşa çıxdı. Bir belə, iki belə, axırda Öküzsifət öküzdən düşdü, əl
atıb öküzün buynuzunun birini qopartdı və qaldırıb üzü niqablı adamın niqablı
sifətinə çırpdı. Adamın niqabı sürüşüb
düşdü, üzündən qan şorlayıb meydanı basdı. Qanın içində dövrə vuran adam
gülümsündü:
-Alə,
mən Sibirdən daş gətirməliydüm, ay namerd, nöş menu vurdun?!
Baxdım
ki, bu, redaksiyamızın əziz qonağı olan adamdır. Qışıqrıb ayıldım.
Maştağada,
alim dostumuzun bağ evində məskunlaşmış qaçqın ailəmiz şirin yuxudaydı.
Maşınların səsindən anladım ki, səhər açılmaq üzrədir. Bu axmaq yuxunu da
başımdan qovmaq üçün qalxıb hamama doğru getdim.
***
İşə
gələndə baş redaktor məni görüb başını buladı:
-Mövsümü tutublar... Tərslikdən
yeni nömrənin əlyazması da onda idi... Oxumağa vermişdim... Niyə elə baxırsan?
Elə licimsiz olmağına baxma, Cümhuriyyət dövrünü beş barmağı kimi bilir o... Hər
nömrəni çapdan qabaq ona oxudurdum... İndi neyləyəciyik? Tərslikdən...
-Narahat
olma, hər ehtimala qarşı, iki nüsxə çıxartdırıram... Senzuraya təqdim etdiyim
variant hansısa qovluqda olmalıdır...
Baş
redaktor sevinə-sevinə mənim daxıldan qovluqları çıxarmağıma baxıb, əlini
çiynimə vurdu və rahatlandı. (Hələ tam kompüterləşməmişdik. Kompüterin babası
olan o yekəqarın kompüterlərdən bizə də gəlib çıxsa da, nömrəni hələ də makinada
yığdırırdıq.)
Dostumuzun
həbsinə baş redaktor da, mən də çox heyfsiləndik, amma əlimizdən bir şey gəlmədiyi
üçün, iş-güc başımızı elə qatdı ki, onu tezliklə unutduq.
***
Aylar
sonra baş redaktor bir gün sevincək gəlib dedi ki, bəs adamı buraxıblar, amma vəziyyəti
yaxşı deyil, xəstədir. Gedirəm evinə, həm halını soruşum, həm də görüm
pişim-pişimlə nə qoparda bilirəm. (Yazı çap etdirməyi sevməzdi. Cümhuriyyət
dövrünü, Rəsulzadənin həyatını beş barmağı kimi bilsə də, baş redaktorumuzun
deməsinə görə, bütün arxivləri köçürüb zirzəmiyə oxşar evində saxlasa da, məqalə
çap etdirməkdə xəsis idi. Ona görə, həqiqətən onu dilə tutmaqla yazı ala
bilirdik.)
Səhərisi
gün Adam özü gəldi. Xeyli sınıxmışdı. Bayırda hava isti olsa da, həmin göy
plaşı əynində idi, özü də sonuncu düyməsinəcən bağlamışdı. Saçlarını arxaya
daramış, filtirsiz siqaretinə dəm vermişdi. Əlimi uzatsam da, tutmadı. Sağ əlini
sinəsinə qoyub şux Bakı ləhcəsi ilə dedi:
-Büzə
orada, düzdür, işgəncə vərmədülər, amma işgəncədən bətər oldu... Amansız bit
müharibəsinə tuş gelmişdüy... Qədeş canı, biti əlimizlə sıyığı sıyıran kimi
sıyırıb yerə tökürdüy... Ona görə, əlivi tutmadum ki, birdən yolxucu xesteliy-zad
olar... Gecəni səhərəcən yatmıram, su içmeyden qarnım dənüzə dönüb... Bu yazını
isə götürdüm ki, göz gezdiresen... Kirilnendür... Ver yığsunnar, birlükde baxarux...
Süzdüyüm
çaydan bir qurtum alıb dedi:
-Hindi
mən bir iri meqale üzerinde işleyirəm... Müsavat firqesinin Türkiyedeki mühacir
həyatına dair... Unu süze bir həftiyecen vercəgəm... Amma dolanışıx pisdür,
deyin, mənə bir az qonarardan-zattan yazsınnar...
O
çayını qəndsiz içdi, sonra aparıb qarşıdakı əlüzyuyanda fincanı yudu, yerinə
qoyub çıxıb getdi...
Qonşu
otaqda oturan Fuad bəy** bizim otağa gəlib nə isə soruşdu. Mənim fikrim gedən
alimdə qaldığından nə dediyini tuta bilmədim. Ahıl kişi fikirli olduğumu görüb
gülümsündü:
-Yəqin
Mövsümdə qalıb fikriniz. Mövsüm bu zəmanənin adamı döyüg ki. Heyf. Qədrini bilmədilər.
Cümhuriyyət yolunda bütün həyatını qoydu. Çifayidə? Nə ailəsi, nə öyü, nə
pul-parası, nə əyin-başı var... Əynindəki plaşı görürsünüz? Türkiyədə olanda
alıb. Deynən nöşün bunu alıb o boyda İstanbuldan? Mənə dediyi sözə baxın, sən
allah:”Fuad bəy, bu plaşın rəngindəki göy-mavilik türklüyümüzün simgəsidir –
bir, ikincisi də bayrağımızın bir atributudur. Üçüncüsü də ora – Türkiyə
malıdur! Nazim necə demiş: ”Məmləkətim! Nə kasketim kaldı sənin ora işi, Nə
yollarını taşımış ayakkabım, Son mintanım da sırtımda paralandı çoktan – şilə
bezindən”. Ona görə, bu plaşı ölüncən çağartmayacam əynimnən!”
Fuad
bəy niyə gəldiyini unutmuşdu sanki. Bir xeyli fikirli halda pəncərədən Sərhəd
Qoşunlarının binasına baxdı, birdən nə düşündüsə, əlindəki vərəqləri mənə
uzadıb dedi:
-Hə,
bu yazını redaktorunuza verin, özü istəmişdi... Mövsümnən isə istifadə edin...
Gedəndə arxasıncan baxdım, halı yaxşı deyil... Cümhuriyyətin yeganə
bilicisidir...
***
Sonra
onu görmədim. Baş redaktor da Polşaya işgüzar səfərə getmişdi. Qayıdanda həyəcanlı
halda dedi ki, Mövsüm gəlməmişdi?
-Yox,
dedim.
Tülyan
qapıdan çıxdı.
İki
gün sonra gəldi. Bıçaq vursan qanı çıxmazdı.
-Neçə
günmüş ölübmüş... Qalıb içəridə, yalnız qonşular işə qarışannan sonra polis gəlib,
mənzil idarəsindən gəliblər... Aparıb Qurd qapısında basırıblar. Evindəki o
boyda arxivi də çölə atıblar. Gedib zibilliyə baxdım ki, bəlkə orda nəsə qalar,
heç nə yoxdu...
-Bəs
qəbri?
-Öyrənmişəm...
Birlikdə gedərik...
Gedə
bilmədik. Çünki mən dərgidən ayrıldım. Baş redaktorla da görüşə bilmədim daha.
Sonra o da illər sonra faciəli surətdə həlak oldu...
O
böyük alimin qəbri beləcə, it-bata düşdü...
Hanı,
bəs Sibirdən daş gətirəcəkdi?..
***
Bu
yazını bitirə bilmirəm neçə vaxtdır. Son nöqtəni qoymaq müşkülə dönüb. Sanki o
böyük alim gəlib əlimi tutur, tələsmə deyir...
...Bu
günlər sevindirici xəbər almışam. Mövsüm bəyin məzarının yerini gənc bir
araşdırmaçı tapıb! Söz var ki, qəbirin üstünü götürəcək, ad, soyadını baş
daşına yazacaqlar...
...Sibirdən
gələsi daşdan isə hələ də xəbər-ətər yox...
28.03.2025
-------------------------------------------------------------------------------------------
*Oxucum! Bilirəm ki, “heç vaxt əziz
olmayan” kəlməsinə görə məndən inciyəcəksən.
Və düşünəcəksən: “Bu adam niyə xalqımızın möhtərəm tarixçisi haqqında
belə yazıb?!” Məsələ ondadır ki, doğruları yazdığı üçün Mövsüm bəyi, nəinki
sevmədilər, hətta bit-birəyə yem etdilər, acından öldürdülər. Və elə mən də o
doğru adamlardan yazdığım üçün sevilməm. Heç sən də əziz deyilsən, oxucum! Biz
öz məmləkətimizdə heç zaman əziz olmadıq, nə yazıq...
**İllər sonra ustadın xahişini yerinə
yetirərək “Zəngilanlı Məmməd Aran və İlyas Əfəndiyev” adlı yazı yazdım və o
yazı
https://qaradereli.blogspot.com-da
və “Məndən sonra” memuar romanda yer aldı.
***Müsavat İrsi komissiyasının sədri Fuad
Zeynallı.
Yorumlar
Yorum Gönder