AZAD QARADƏRƏLİ ƏLİ BƏY XURAMANSKİ, ŞİRİNBƏYİM XANIM VƏ BAXIŞ MÜƏLLİM* (“Məndəm sonra” memuar romanından parça)

 

                        AZAD QARADƏRƏLİ

 

            ƏLİ BƏY XURAMANSKİ, ŞİRİNBƏYİM XANIM VƏ BAXIŞ MÜƏLLİM*

 

                        (“Məndən sonra” memuar romanından parça)



 

            Hər zamanın bir qəhrəmanı var. Yeni qəhrəmanın doğulması üçün əski qəhrəman səhnədən getməli idi. Bəli, təxminən, 1915-ci ildə Əbdüssəməd bəy vəfat edir. O zamankı adət-ənənəyə görə, böyük kişilərin xanımları dul qala bilməzdi. Çünki mənsub olduğu nəslin, xüsusən vəfat etmiş ərinin adı xatirinə kiməsə ərə verilirdi.

            (Müəllifin zəruri qeydi. Məşhur Qaçaq Nəbinin xanımı Həcər də ərinin faciəli ölümündən sonra öz yaxın qohumuna ərə getmiş, oğul-uşaq sahibi olmuşdu. Təəssüf ki, Həcərin adına “erməniyə ərə gedib” kimi söz-söhbət də yayılmışdı.)

            Zəngəzurun böyük kişilərindən olan el ağsaqqalı, sayılan bəy, Cavanşir sülaləsinin layiqli davamçısı  və gözəl şair Əbdüssəməd bəyi nə qədər çox istəyənlər olsa da, onu sevməyənlər də olmamış deyildi. Məhz bu səbəbdən Şirinbəyim xanımın dul bir gəlin kimi (o, eyni zamanda gənc və həddən ziyadə gözəl imiş) tək yaşaması caiz deyildi. Buna görə də, bütün qohumların razılığı ilə gənc xanım xalası oğlu Əli bəy Xuramanski ilə (Xuramalı) ailə qurur. Bu izdivacdan onların bir neçə övladı olsa da, hamısı uşakən vəfat edir və tək biri – gələcəyin tanınmış simalarından olan Baxış müəllim sağ qalır.         

            Onu qeyd etməyə ehtiyac var ki, Əli bəy zəmanəsinin sayılıb-seçilən adamlarından idi. Mahir atıcı, şahidlərin təbirincə desəm, quşu gözündən vuran imiş. Vahid doktor (Əbdüssəməd nəyin Şirinbəyim xanımdan olan oğlu) danışırdı ki, Arazın bu biri tayında abbasını qoyarmışlar, Əli bəy bu taydan o taya atəş açıb abbasını ortasından vurarmış.

           Əli bəyin şeri, şeriyyatı olmasa da, qəzəliyyatı sevən, arada pəsdən oxumağı da olan maraqlı bir adammış. Bu sözləri mənə “Aşiqlər” kitabımda haqqında bəhs etdiyim Əhməd Bədəlzadə söyləmişdi. Onu da demişdi ki, Əli bəy Şirinbəyim xanıma cani-könüldən aşiq idi. Həm halalı, həm xalası qızı, həm də yeganə oğlunun anası kimi sevgili qadınına ehtiram bəsləyir, xətirini çox istəyirdi.  

            (“Məndən sonra” memuarım üzərində işləyərkən orada Əli bəy və Şirinbəyim xanım barədə söz açmışdım. Lakin məlumatım yetərincə olmadığı üçün bu qısa bir xatırlatma şəklinəd idi. Sonradan Əli bəyin nətıcəsi, dostum mərhum Akif bəyin oğlu Baxış bəylə  – Əli bəyin oğlu Baxışbəyin adlısı – söhbət edəndən sonra bəzi mənbələrə yenidən baxmalı oldum. Xüsusilə görkəmli tarixçi alim Qiyasəddin Qeybullayevin Xürrəmilər hərəkatı barədə tədqiqatlarına, habelə Cavanşir sülaləsinin Zəngilan qoluna aid şəcərəyə nəzər salandan sonra bu əlavə məlumatları da qələmə almalı oldum.)

            Əli bəy Xuramalı indiki Zəngilan rayonunun Xurama kəndində bəy ailəsində doğulub. Zəmanəsinin təhsilli, mədəni ziyalılarından imiş. Əli bəyin ulu babası Arazın o tayındakı Xurama kəndindən bu taya köçüb gələnlərdən olmuşdur. Bəs bu necə baş verib? Gəlin əvvəlcə mənim “Kuma-Manıç çökəkliyi” romanımdan bir parçaya diqqət edək.

            “...-Bacıoğlu, nə dərin fikrə getmisən? Sən ova gəlmisən, ya xaraba kənd axtarmağa?

            Qoca ovçu sirli-sirli danışır, papağını başından alıb tovlayır, ərimiş qarın üstündə ayağı ilə iz salaraq xaraba kəndə baxır:

            -Bura Pirdavdandır. Mən cavan vaxtı bura bamador satmağa gəlmişdim. Qırxacan ev vardı. Bir-iki dəfə ermənilər oddadı kəndi, bir də özümüzün başısoyuqluğumuz dağıtdılar buranı...

            -Kəndin qəbiristanı hansı səmtdədir? Məni ora aparın, - deyə qoca ovçudan xahiş edirəm. Onun gözləri dolur. Siqaret yandırıb başını bulayır:

            -Ermənilər bu kəndi iki dəfə yandırıblar. Bir 1905-də, bir də 18-də. Hər dəfə də kəndlə bərabər qəbiristanı da dağıdıblar. Son vaxtlaracan böyrü üstə düşmüş qəbir daşları hələ qalırdı. Amma indi o da yoxdu... Gəl göstərim...

            Biz qəbiristanı gəzirik. Orda-burda yerə batmış yazısız qəbir daşları görünür. Tək bircə yazılı baş daşı tapıram, o da o qədər zərbə alıb ki, yazılar oxunmaz hala düşüb...

            Kor-peşman geri dönürük.

            ...Mən  yalnız 2012-ci ildə qələmə aldığım “Kuma-Manıç çökəkliyi” romanımda bu məsələyə qayıda bildim. Əsərdə Pirdavdan, Top, Pəribartaz kimi xaraba kəndləri gəzdiyimi, xüsusilə Pirdavdanın, əslində Pirdavdan deyil, Pir Cavidan olduğunu israrla yazdım. Bunu böyük tarixçi-alim Qiyasəddin Qeybullayevin “Azərbaycan türklərinin təşəkkül tarixindən” kitabına əsaslanaraq göstərmişdim. Alim yazırdı ki, Babəkin qoşunu Bəzzdə məğlub olandan sonra mürşidləri Cavidanın da cəsədini qəbirdən çıxarmış, özləri ilə gətirib saldıqları bu kənddə dəfn etmişlər. Elə kəndin adı da bu cür yaranmışdır – Pir Cavidan. Görünür, insanlar mürşidləri, azadlıq fədaisi Cavidanın məzarını pir kimi ziyarət edirmişlər.)”

            Göründüyü kimi, Xürrəmilər Quzey Azərbaycanın müxtəlif bölgələrinə səpələniblər. Aşağıda gördüyünüz Cavidanın Pirdavdan kəndindəki məzarlıqda ucaldılan, indi isə dağıdılan qəbirüstü künbəzidir.




            Beləcə, Güney Azərbaycanın Zəngəzur mahalının Pirçivan nahiyəsinin yaxınlığında bir Xurama (əslində Xürrəmi) kəndi salınıb ki, o kəndin yaradıcıları Əli bəy Xuramalının (Xuramanski) babaları olub.

           Deməli, Əli bəy Xuramalının (o zamanın dəbi, həm də rusların təsiri  ilə Xuramanski adlanırdı) oğlu Baxış bəy haqqında da bildiklərimizi oxucularla paylaşmaq istərdim.

            “Aşiqlər”in hər iki nəşrində Baxış müəllim haqqında məlumat vermişəm. Əliyev Baxış Əli bəy oğlu Zəngilanda doğulub. Pedoqoji texnikum, sonra isə ali məktəb bitirib. Əmisi Xosrov Cavanşirin repressiyaya uğrayaraq həbsi və Rustaviyə sürgün olunmasından sonra ailənin başçısı kimi anası Şirinbəyim xanımla birgə ailəni götürərək əvvəlcə Qubadılay, oradan Puşkinə (indiki Biləsuvara), oradan da Şamaxıya gedib çıxır.




            Baxış müəllim anası Şirinbəyim xanımla birgə Xosrovun arxasınca Tiflisə, oradan da Rustaviyəcən gedib. Oğlunun nahaqdan həbsinə dözməyən ana Baxış müəllimin vasitəsi ilə Mir Cəfər Bağırovun qəbuluna da olub...

            Qədim türk yurdu, sənət beşiyi Şamaxı bu ailənin nicat yerinə dönür. Baxış müəllim Şamaxı pedoqoji məktəbində işləyərək böyük hörmət qazanır. Zəngilandan bir çox adamlar övladlarını Baxış müəllimin köməyi ilə həmin texnikumda oxudurlar.

            Baxış müəllim dövrünün şair və yazıçıları ilə sıx əlaqə saxlayır, Şirinbəyim xanımla birlikdə evlərində qurduqları məclisləri şeirə, poeziyaya həsr edirlər. Nəbi Xəzri, Famil Mehdi, Əlfi Qasımov, İslam Səfərli onların evində qonaq olur, poeziya məclislərində iştirak edirlər.

            Şirinbəyim xanım 1971-ci ildə, Baxış müəllim isə 1981-ci ildə vəfat etmiş və hər ikisi Şamaxıdakı məşhur Şaxəndan** qəbiristanında dəfn edilmişlər.

            Baxış müəllimin oğlu Akif bəy Şamaxıda bir çox vəziflərdə çalışmış, rayonun icra başçısı belə olmuşdur. Pandemiya zaman virusa yoluxan o məşhur ailənin yadigarı 2019-cu ildə vəfat etmişdir.




            Akif müəllimin oğlu Baxış Əliyev babasının adını ləyaqətlə daşıyır. Avstriyada təhsil alan Baxış bəy orada Azərbaycan səfirliyində çalışmışdır. Hal-hazırda Bakıda müəssisə rəhbəri kimi fəaliyyət göstərir.

           

 

           

 

 

------------------------------------------------------------------------------------------------------

*Bu parçanı “Məndən sonra” memuarım üçün yazsam da, “Aşiqlər” elmi-publissistik kitabımın yeni nəşrinə (gələcəkdə külliyyatımın hansısa cildinin çapını nəzərdə tuturam) də salmağı planlaşdırıram. (Müəllifin qeydi.)

**Şaxəndan qəbiristanlığı Şamaxının məşhur məzarlıqlarındandır. Şaxəndan böyük şairimiz İmadəddin Nəsiminin qardaşıdır. Orada məzarı və məqbərəsi var. Seyid Əzim Şirvani təsadüfən yazmırdı  ki:

 

Mən öləndə Şaxəndanda basdırın,

Çünki onun şahi-xəndanı var.

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ QARABAĞIN AĞCA BULUDU (İşğaldan azad olunmuş torpaqlardan qeydlər)