AZAD QARADƏRƏLİ TÜRK ƏLİ hekayə
AZAD
QARADƏRƏLİ
TÜRK ƏLİ
hekayə
Qarabağın məşhur Cavanşir sülaləsindən olan
dostum Vahid doktor Cavanşirova* ehtramla
Yeni 2021-ci ilin ilk günü idi.
Ağır pandemiyaya baxmayaraq köhnə ildə 44 gün davam edən müharibə
Qarabağı və işğal altındakı digər rayonları azad edən Azərbaycan əsgəri 3000
minə yaxın şəhid vermiş, Sovet dövründə unutdurulan qazi sözünü də dilimizə
qaytarmışdı. Mükafatlandırılan şəhid və qazilərimizin siyahısına baxırdım ki,
dedilər Vahid doktor zəng vurub.
Vahid
doktor məndən çox yaşlı olsa da, dostumdur. Əslən Şuşalıdırlar, amma nəsilləri
Cavanşirlərin Zəngilanda yaşayan qolundandır. Atası Xosrov Cavanşir, babası
Əbdüssəməd bəy Aşiq, onun da atası Məhəmməd bəy Aşiq dövrünün sayılıb-seçilən
ziyalısı və qələm adamı olublar. Onların itib-batan şeirlərini topladım,
haqlarında kitab yazdım, çəkilmiş filmin ssenarisini qələmə aldım... Yəni kişi
ilə xeyli görüşlərimiz olub, çörək kəsmişik. Hər bayramda mütləq zəng edir...
Bu usta adam yenə təbrik edir, amma ifalla... Şəhidlərimiz var axı...
Səhhətini
soruşuram. Məlim olur ki, ayaqları sözünə baxmır, gözləri də çox zəifləyib... Şəhidlərdən,
qazilərdən, müharibədən sevinclə danışırıq. Və təltif olunanların siyahısını
oxuduğumu deyəndə xahiş edir ki, mənim gözüm alımır, sən bir az ucadan oxu, qoy
qulağım xoş söz eşitsin...
Elə
qaldığım yerdən siyahını davam etdirirəm...
“Zəfər”
ordeni ilə təltif olunanlar: Əliyev Kəramət İbrahim oğlu, Əliyev Pərviz Həmzə
oğlu , Əliyev Ramin Rizvan oğlu , Əliyev Rəvan Musa oğlu ...
Bir
xeyli oxuyuram və bu Əliyevləri dinləyən kişi o başdan gülə-gülə deyir:
-Nə
yaxşı, nə yaxşı! Elə bil Quran ayəsi kimi gəldi mənə... Bu Əliyevləri dedin,
yadıma bilirsən nə düşdü? Zəngilanda – o vaxt hələ Zəngilanla Qubadlı
ayrılmamışdı, bir rayon idi, bilirsən də 33-də ayırdılar Zəngilannan - bir
Türk Əli olub, bunu sənə demişəm?.. Hardan? Gör nə vaxtdır görüşmürük? Bu
pandemiya bir bəladı, bizi evlərimizdə mədəni həbs edib... Həəəə... Türk Əli,
bir də Vova... Vova demişkən, eşidirəm, deyirlər, indi Xankəndinə ruslar baxır,
özü də ermənilərə kirvəlik, şorbalıq eliyirlər... Vovanın qadası onlara gəlsin!..
Köpəy uşağının qulağınnan tutan ola, apara İvanovkaya, Saratovkaya, Azərbaycandakı
başqa rus kəndlərinə, deyə Ermənistanda bircə rus kəndi var?! Yoxdur!.. Hə,
Türk Əlidən danışırdım... Bir oğlan idi, bir oğlan idi, boy-buxununa bax, gözün
doysun. Paqon kimi düz çiyinləri, uzun boğazı, gen alnı, geriyə daranmış gur
saçları, eşmə bığları, şax qaməti onu Pirçivanın** ən yaraşıqlı adamı kimi göstərirdi.
Səhər-səhər bazara girəndə satıcılar da, alıcılar da tərəzini buraxıb ona baxardılar. Yalnız arif
adamlar onun həmişə gülümsəyən gözlərinin dərinliyində gizli bir kədər görə bilərdilər.
Bu kədər süləngi it kimi onun arxasınca
hər zaman dolaşardı...
Ehhhh...
Türk Əli ayrı oğul idi...
***
Əliyanlı
davasından on il sonra fərəcanlı Babanı nkevede gecəynən tutub apardı. Bir neçə
ay keçmişdi, bir rus axşam tərəfi onlara gəlib bunları demişdi: “Baba
Bayıldadır. Dedi ki, yağı dağ eləyib küpələrə yığsınlar.”
Ailə
üzvləri bunu deyib qeyb olan rusun kimliyini bilə bilməsə də, sözün elə-belə
deyilmədiyini anlayırlar. Ona görə Babanın oğlu Rəsul səhər obaşdan Türk Əlinin
yanına getdi. Olub-bitəni ona danışdı:”Qardaş, atamdan xəbər var, çözə
bilmirik. Bu nə deməkdir: ”Yağı dağ eləyib küpələrə yığsınlar?”
Türk
Əli qan qardaşının sözündən bir az şəklənsə də, özünü toplayıb barmağını dişlədi:
“Belə
başa düşürəm ki, atamız bizə işarə göndərib. Təxminən bu anlama gəlir: “Hər
şeyi satın, pula çevirin, gözləyin. Gələcəm, uzaq səfərə çıxacağıq.”
Təxminən
üç ay sonra bir gecə Baba kişi gəlib çıxdı. İşıqlıdakı yaylaqda övladlarını
başına yığıb başına gələnləri danışdı:
-Bilirsiniz
ki, mən hökümət dustağıyam. Amma yüksək çinli bir adamın vasitəsi ilə
buraxılmışam. Sabah bizi Baharlı zastavasınnan İrana keçirəcəklər...
Sonra
arvadını kənara çəkdi:
-Yadındadı
bizim ailə dostumuz malakan*** balası Vova? Ermənilərlə 19-cu ildəki davamızda
bizə silahı kazaklardan Vova satın alıb gətirdi. Ermənilər onu yaralasa da, mən
Volodyanı əsir almalarına imkan vermədim... Atışa-atışa sürüyüb aradan çıxartdım, evə gətirdim. Sonra
sən gizlicə yaralarını bişirdin, sağaltdıq... Aparıb gizlicə Bakıya yola
saldım... Onda leytenant idi. (Çar höküməti onlara etibar edib orduya almazdı,
amma bunu nə təhərsə aparmışdılar...) Bax, həmin Bladimir Yevseyev indi
polkovnik olub. Bayıl türməsinin rəislərindəndir. Gecəynən məni buraxdırıb.
Amma guya güllələnmişəm. Adım hökümətdə öldü gedir... Üstümdə isə başqa bir
adamın sənədi var. Təzə adım Səməddir. Səməd Alıverdiyev... Əli, bala, sən də
hazırlaş... Səni də aparmalıyam. Amma qaynanan Qafiyə arvada bir söz demə... Təkcə
arvadını götür, gecəynən gəl Baharlı zastavası tərəfə... Orda, çayın kənarında tək bir çinar ağacı var, obaşdan o çinarın həndəvərində
görüşürük... Mən gedirəm, gecəni Qaradərədə Qaçaq Fərzalının bacısı oğlu var,
onlarda qalacam...
...Nuru
paşanın ordusu Azərbaycana gələndə qoşunun içində on yaşlarında bir uşaq da
olur. Bölük başçılarından birinin oğlu olan Əli atasıyla gəlib buralara
çıxıbmış. Guya Çavuş Rzanın arvadı ölüb və o, oğlunu məcburən özüylə döyüşdə
olduğu yerlərə aparıb. Axırda da gətirib Azərbaycana. Qaraməryəm tərəfdə
boğazına dəyən təsadüfi güllədən çavuş şəhid olub. Uşağı isə Nuru paşanın Fərəcan
kəndindən olan dostu Babaya veriblər.
Sonra ordu qayıdıb gedir, Əli də qalır Babanın himayəsində. Kişi oğlana
övladı kimi baxır, üstünə yazdırıb soyadını da verir. Adına Türk Əli dedikləri
o oğlan Şuşada texnikum bitirib mühasib olur. Baba kişinin aracılığı ilə Qafiyə
adlı bir qadının qızı ilə evlənir...
...
Çinarın dibindəki görüşə ancaq Rəsulla Əli gəlmişdilər. Uzun ailə məşvərətindən
sonra son qərar belə olub ki, Baba keçir İrana. Əlindəki pulla orada (“yağı əridib
küpələrə yığmışdılar”) bir iş qurur, yer-yurd düzəldib özünü tutur. Sonra
sifariş edir, gəlib ailəni də, arvadıyla Türk Əlini də o taya keçirdir...
Gedəndə
Türk Əli ilə oğlu Rəsulu öpüb xəlvətcə qulaqlarına pıçıldamışdı: “Vova Bayıl
türməsindədir. Gedərsiniz onun yanına. Zəng eliyər general Teymur Bünyatovala
qardaşı Nurəli Bünyatova... sizə həm maddi kömək edəcəklər, həm də İrana keçməkdə
yardım göstərəcəklər...
...Türk
Əli: “Rəsulu gecəynən tutdular. Sonra bütöv ailəni sürgün elədilər. Anladım ki,
növbə mənə gəlir. Nazlıya eşitdirdim ki, İrana, Türkiyəyə yol açılsa, mənimlə
gedərsən? Qadın körpə qızımızı da sinəsinə sıxıb, “ay Əli, mən qorxuram” dedi.
Qafiyə xalaya, Nazlıya dedim ki, Bakıya gedib, qayıdacam. Getdim. Vova məni
apardı generalın yanına. Yedik, içdik. Heç nə danışmadıq. Guya lal idik.
General mənə bir bağlama verdi. Sonra da Vovaya rusca nəsə dedi. Vova məni gecəynən
Astaraya apardı və bir də gözümü açdım ki, İrandayam. Bağlamada məktub, bir
xeyli də pul vardı. Məktubun sahibi özü gəlib məni tapdı. Pulu isə İran
puluna çevirib getdim Teharna...”
Baba:”İranda çox qala bilmədim. Bura Sovetin əli tez çatırdı. Ona görə
mağazamı satdım, məni axtarmağa gələn olsa, İstanbula, Nuru paşanın yanına
getdiyimi söylədim.
Nuru
paşa silah fabrikinin sahibi idi. Məni xoş qarşıladı və ilk sualı da bu oldu:
”Bəs
Əli hanı?”
Dedim,
paşam, Əlini saxladım, oxutdum, hətta evləndirdim. Təhrin-töhrün başa salmışam.
Zirək oğlandır, gələ bilsə, gəlib bizi tapacaq...
Sonra
paşanın köməkliyi ilə Qarsa getdim və orada bir iş qurdum. Bu iş vaxtilə paşanın
Ərzurum və Qars nahiyəsində açdığı silah
emalatxanasının davamı kimi nəzərdə tutulmuşdu. Onun vaxtilə ağabəyi Ənvər paşaya yazdığı məktubunda
da həmin emalatxanalara işarə vardı. Nuru paşanın qadın qohumu ilə evləndim.
Bir xeyli keçmişdi ki, bir gün Türk Əli gəlib Qarsa çıxdı. Ata-oğul qucaqlaşıb
ağlaşdıq. Düz iki gün ailəmdən, Azərbaycandan danışdı mənə...”
***
Babanın
istanbullu qadından olan oğlu Rəsul: “Atam Baba
46-cı ildə vəfat etdi. Əli Azərbaycana uzalı. Qolunu büküb yanına sala
bilmirdik. İmam bir gün axşamacan Quran oxuyandan sonra birtəhər qolunu büküb əhlədə
qoya bildilər...
Amcam
Türk Əli İstanbulda Nuru paşanın Sütlücədəki silah fabrikində mühasibəçi kimi
çalışırdı. Zavodda partlayış olanda o da ağır yaralanmışdı. Vəsiyyət edib ki, nəşimi
aparıb Qarsda mənəvi atam Babanın yanında dəfn edərsiniz...
Özüm
İstanbula getdim. Ali Aliyanlı adıyla xəstəxanada qeydiyyatda idi. Bu soyad
atamın Türkiyə soyadı idi. Özünü atamın mənəvi oğlu hesab etdiyindən o da bizim
nəslə doğma olan Aliyanlı soyadını götürmüşdü.”
***
Qarsda qoşa məzar var ki, hər gün Azərbaycandan, Əliyannıdan gələcək
ziyarətçilərini gözləyir...
01.01.2012.
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
*Hekayə qələmə alınanda Vahid həkim sağ idi.
Mətni bloqda yayımlayanda eşitdim ki, vəfat edib. Ruhu şad olsun.
**Pirçivan – indiki Zəngilan şəhərinin əvvəlki
adı. Təxminən 40-50 kilometr aralıda, Qafan şəhərinin yaxınlığında Qacaran qəsəbəsinə
bitişik Pirdavdan kəndi vardı ki, əslində adı Pircavidan olub vaxtilə. Babəkin
qoşunu Bəzzdə məğlub olanda ustadı Cavidanın qəbirini də açıblar, sümüklərini
çıxardıb gətirib düşdükləri bu obada basdırıblar. O vaxtdan kəndin adı qalıb
Pircavidan. O pir üstündəki məqbərəsi ilə son vaxtlara kimi qalmaqdaydı.
Sonradan ermənilər dağıdıblar. Fikrimcə, bu Pirçivanla Pircavidan arasında
hansısa bağ mövcud olub. Bunu tədqiqatçıların öhdəsinə buraxıram. Yeri gəlmişkən,
bu barədə Q.Qeybullayevin məşhur tədqiqatında da bəhs olunur. (Müəllif. )
***Malakanlar – Rusiyada xristian
provaslavlarının xüsusi sektası. 19-cu yüzilin başında bir qrup adam Rusiyanın
bir sıra şəhərlərində özlərini malakanlar adlandıraraq kilsəyə, oradakı keşişlərə
qarşı çıxdılar və özlərinin dini qaydalarını elan etdilər. Kilsəni inkar edən
malakanlar tədbirlərini öz evlərində
keçirir, donuz əti və pusuz balığı haram sayır, orucluq vaxtı yalnız süd içməyə
icazə verirdilər. (Elə malakan sözü də buradan alınıb – rusca moloko süd deməkdir.)
Kilsə və dövlətlə qarşıdurmaya getməməsi üçün çar höküməti malakanları icma
halında Krıma, Sibirə, Qarsa və Qafqaza
sürgün edirlər. Hal-hazırda Azərbaycanda Bakı, Sumqayıt, Şamaxı, İsmayıllı, Gədəbəy
və başqa rayonlarda 500-dən artıq malakan yaşamaqdadır.
Yorumlar
Yorum Gönder