AZAD QARADƏRƏLİ “ANTİQONA” – ÖLÜM HAQQINDA ÖLÜMSÜZLÜK NƏĞMƏSİ (Gənc Tamaşaçılar Teatrında fransız dramaturqu Jan Anuyun “Antiqona” faciəsinin tamaşasından qeydlər)
AZAD QARADƏRƏLİ
“ANTİQONA” – ÖLÜM HAQQINDA ÖLÜMSÜZLÜK NƏĞMƏSİ
(Gənc Tamaşaçılar Teatrında fransız dramaturqu Jan
Anuyun “Antiqona” faciəsinin tamaşasından qeydlər)
Səhnə işıqlanar-işıqlanmaz rəsmi idarələrin,
meydanların qarşısında rast gəldiyimiz ağ-qırmızı zolaqlı qadağan işarələrini
keşikçilər hirslə çırpdılar yerə. Bu rejissor yozumu idi: səhnədə ağır
qadağalarla və onlara sinə gərənlərlə üz-üzə olacaqsınız!!!
Az
sonra burnuma, oradansa gaziyimə meyit
qoxusu verən bir tam dolur...
(Sovet
– Əfqan savaşından bəhs edən “Qadağan zonası” uzun hekayəmi yazanda belə bir tamı hiss etmişdim. Qəribədir, Əfqanıstanda
döyüşüb həlak olduğu bildirilən, nəşinin yerinə ağzıbağlı sink tabuta əsgər çəkmələri və kubik
daşları qoyularaq basdırılmışdısa, bu meyit tamı haradan gələ bilərdi?!)
...Ölüm
qorxulu kəlmədir. Onu heç kim yaxına buraxmaq istəmir. Ailədə ata hegomonluğu,
nəsildə birincilik davası, əyalətlərdə kiçik padşahların ağalığı, dövlətlərdə
diktatura fironluğu elə bu ölümün yaxına buraxılmamsından sonra başlayır. Bir
gününü, bir ilini, bir qərinəsini əbədi sananların allahlıq iddiası...
Rəhmədlik
ana babam hər axşam dua oxuyandan sonra deyərdi:”İnsan özünü ölmüş, kəfənə
bükülmüş, hələ-hələ dəfn olunmuş bilməlidir. Bu dünyaya biz qonaq gəlmişik.”
...”Antiqona”dan
danışacaqdım, gör haralara gedib çıxdım...
Amma
elə-belə getmədim ki, o məchul və qorxunc söhbətin də mənbəyi “Antiqona”nın
Antiqonasıdır...
...Xarici
ölkələr ədəbiyyatından dərs deyən müəllimimiz İsmayıl Şıxlının, təxminən belə
bir cümləsi yadımda qalıb:”Sofokl “Car Edip”i, “Antiqona”nı neçə min il əvvəl
yazıbsa, indi bizim ağzımıza gələni yazıb adını ədəbiyyat qoymağa haqqımız
yoxdur...”
Sofokldan
neçə min il sonra fransız dramaturqu Jan Anuy da “Antiqona” yazdı. Özü də
İkinci Dünya savaşının ən qızğın illərində - 1943-də. Niyə, əcaba? “Antiqona”nın bu qanlı
müharibəylə nə əlaqəsi?..
Vardı
əlaqəsi. “Antiqona”da cərəyan edən hadisələr – vəzifə uğrunda qan tökmək, qardaş
qırğını, yad birinin hakimiyyəti qəsb etməsi, üsyankar qardaşın dəfninə icazə
verilməməsi, cəsədinin qurd-quşa yem olunması və buna qarşı üsyan edən bacıları
Antiqonanın üsyankarlığı...
...Və
Gənc Tamaşaçılar Teatrının belə bir əsərə indiki zamanda müraciət etməsi...
Bir
yanda İkinci Qarabağ savaşının hələ soyumamış alovu, o biri yandan Suriyada
tökülən qanlar, Ukraynada neçə ildir Şər imperyası Rusiyanın səpdiyi ölüm mərmilərinin
“cücərib” qan zəmisinə çevrilməsi...
Teatrın
belə bir əsərə müraciətinin yeri var deyibən keçək tamaşaya...
Jan
Anuy Sofoklun məşhur faciəsinin əsas motivini saxlasa da, əsərin bel sütunu fərqlidir:
Safolkda QAN BAĞ mühümdürsə, Yan Anuyda İNSANLIQ BAĞ önə keçib. Ən maraqlısı da
tamaşanı bir aparıcı aktyorun nəql etmə priyomu ilə təqdimatıdır (Şəbnəm
Hüseynova ). Məncə, müəllifin bu priyomu da maraqlıdır.
Antik
tarixdən bildiyimiz məşhur Çar Edib ölür, oğlanları Etokl və Polinik növbə ilə
hakimiyyəti idarə etmək razılığına gəlirlər. Fəqət əvvəldə dediyimiz əbədi
olmaq arzusu Etokla imkan vermir ki, vaxtı çatanda qardaşına hakimiyyəti təhvil
versin. Əvəzində ortaya qan düşür – iki qardaşın da Etokl (Mətləb Abışov) və
Polinikin (Ümman Bağırov ) qılıncları bir-birini kəsir, ikisi də həlak
olurlar. (Burada hökmən qeyd etməliyəm: bir az sonra Antiqona rolunun
ifaçısından (Aygün Fətullayeva ) və onun rolunu necə təbii oynamağından söz
açacağam, fəqət iki qardaşı oynayan aktyorlar nə qədər səbatla döyüşməyə cəhd
göstərsələr də, əllərindəki oyuncaq qılınclar onların həqiqi döyüşçü kimi
görünmələrinə mane olurdu – bu saxta qılıncların heç səsi də çıxmırdı. Mən
bilirəm, teatr mizanı deyilən bir şey var. Zira burada xüsusi bir səhnə mizanı
quraraq həqiqi döyüşü andıran nəsə etmək olardı. Əlbəttə, yaxşısını rejissorlar
bilər...)
...Marıqda
dayananlar hər zaman olur. Bu dəfə də bir-birini öldürən qardaşların dayıları
Kreon (Kərəm Hadızadə) hakimiyyəti qəsb edir və tarixdən bildiyimiz antik yunan
idarəetmə qayda-qanunlarının üzərindən xətt çəkir və özünün ağlasığmaz
qanunlarını tətbiq etməyə başlayır. Onun ürək bulandıran fərmanlarından biri
budur: çar ikən öldürülən qardaşın – Etoklın cəsədi dəfn edilir, üsyankar
qardaşın – Polinikin cəsədi küçəyə atılır ki, qurda-quşa yem olsun...
Yeni
çarın bu qərarı, əslində ona qarşı yönələ biləcək üsyankarlara dərs verməyə
xidmət edir – profilaktik tədbir deyək.
Və həmişə küyə gedən kütlə bu dəfə də
düşünmədən yeni hakimin qayda-qanunlarına tabe olur. Tək bir nəfərdən başqa...
Bütün
tamaşa boyu həmişə ön cərgədə olan, tamaşanın adını belə onun adından aldığı
Antiqonadan (Aygün Fətullayeva) başqa! Bu balacaboy qız bütün vücudu ilə, qəlbi
və alışıb-yanan gözləri ilə diktaturaya qarşı dirəniş göstərir və yeni çarın fərmanına
məhəl qoymadan qardaşının küçəyə atılmış cəsədinin üstünə torpaq tökür...
(Burada
Antiqona rolunun ifaçısı (Aygün Fətullayeva ) haqqında ayrıca qeyd etməyi lazım
bilirəm. Gəncliyimdə gördüyüm müdhiş aktrisa oyunlarını – mən bu yerdə Vəfa Fətullayevanın (naxışa baxın, soyadları da eynidir!) həmişəgülər gözlərinin yuxarıdan səhnəni seyr etdiyini sanmışdım
- mənə xatırlatdığı üçün bu gənc
oyunçuya xüsusi təşəkkür etmək istədim. Aktyor xanımın plastikası, sənətinə
sonsuz ehtirası, vücud dili, aşıb-daşan entüziazmı və fiziki enerjisi onun
parlaq gələcəyindən xəbər verir. Şəxsən öz adımdan deyirəm ki, həmin aktrisanın oyununu dönə-dönə seyr etmək
üçün o tamaşaya yenidən baxmağa dəyər!)
O,
“mən çar Edipin qızayam!” deyib fəryad etsə də, gözətçilər çarın qərarını
pozduğu üçün Antiqonanı döyür, qollarını bağlayır, sürüyür, işgəncə verirlər.
Özü də bu səhnə o qədər real oynanıldı ki, həm gözətçiləri oynayan aktyorlar
(Rəşad Səfərov, Anar Seyfullayev, İlhan Sadıqov ), həm onlara müqavimət
göstərməyə çalışan Antiqona (Aygün Fətullayeva) böyük tamaşaçı alqışı
qazandılar. Hətta yanımda əyləşən qələm dostlarım bu səhnəyə acıdılar belə:”Qıza
rəsmən işgəncə verdilər ki!”
Bir
məqamı vurğulamalıyıq: Antiqona yeni çar Kreonun oğluna nişanlıdır. Kreon gözətçilərin
həbs edib işgəncə verdiyi Antiqonanı onların əlindən alır və qızı dilə tutur
ki, gələcək qaynatası olan çarın qərarına qarşı çıxmasın. Lakin Antiqonanı
fikrindən döndərə bilmədikdə özü çılğına dönür, əlindəki əsası ilə qıza, sözün əsl
mənasında işgəncə verir. Bu zaman əsərin əsas süjet xəttini təşkil edən bu iki
aktyorun (Kərəm Hadızadə və Aygün Fətullayeva) oyunu rəğbətlə izlənildi və sonda böyük alqış
topladı...
...Tamaşa
boyu Kreonun oğlu Hemonla (Hilal Dəmirov) Antiqonanın (Aygün Fətullayeva
) sevgi səhnələri də maraqla baxıldı. Gah sevilən, sevildiyi üçün də xoşbəxt
olan Antiqona öz əqidəsi uğrunda xoşbəxtliyindən imtina edir – diktatorun təklifi
ilə ölümü seçir (qarşısında şərt qoyulmuşdu: ya qardaşının cəsədinin küçədə
qalıb qurda-quşa yem olması ilə razılaşmalı, ya da qardaşının cəsədinin dəfnini
qəbul edib ölümə getməli idi).
Antiqona
özü öz xoşbəxtiyini bədəxtliyə dəyişir – üsyankar qardaşının (əslində,
İNSANLIĞIN) cəsədinin dəfni naminə “Mən
ölümü seçdim” deyərək intihar edir.
...Bir
anlıq tamaşadan ayrılıram sanki. Min illərin o tayından boylanan Sofoklun
Antiqonasının sözlərini eşidirəm:
Ey
qaranlıq məzar, qara sərdabə,
Gəlinlik
gərdəyim sizmi oldunuz?..
...Səhnə
dəyişir və tamaşaya dönürəm. Bu da çar Kreonun dedikləri:”Bu dünya bir səhradır,
biz isə təkik, təhnayıq...”
Hətta
çarlar belə təkdirsə, bu dost-dolu dünyanı səhra bilirlərsə, bunca qan tökməyə
nə hacət?!
...Bədbəxtlik bədbəxtlik gətirər. Belə də olur. Antiqonanın nişanlısı
Hemon da intihar edir və bununla da HƏYAT naminə ÖLÜM qalib gəlir...
Əvvəl
Antiqonanı qınayan bacısı İsimena (Fəridə Qurbanova) sonda onun yolunu təqdir
edir...
Əsər
faciə ilə bitsə də, nikbin notlarla ayrılırsan tamaşadan. Aristotelin dediyi
kimi faciə insanda katarsis həzzi yaradır...
S.A
(Söz Ardı)
Gününü
çayxanalarda, meyxanalarda, kafelər küncündə, publarda, ucuz şoularda,
tik-toklu, instaqramlı sosial şəbəkələrdə keçirən gəncliyədir sözüm: bəli, bu
gün teatr arxa planda ola bilər, kitaba marağınız olmaya bilər, klassik musiqiyə
ağız büzə bilərsiniz, zira İNSANLIQ naminə, İNSANLIĞIN ölməməsi naminə
“Antiqona” kimi tamaşalara baxmaq lazım! Bəşəriyyətin ömrünü uzatmaq istəyirsinizsə,
teatra gedin, katarsis olunun... Bir də axı bu sizin teatrınızdır – Gənc Tamaşaçılar
Teatrı...
31.03.2025
Yorumlar
Yorum Gönder