AZAD QARADƏRƏLİ GÜLÜŞ TOXUMLARI – o insan beynini yuyur, ürəyə isə məlhəm kimi gəlir
AZAD QARADƏRƏLİ
GÜLÜŞ
TOXUMLARI –
o insan beynini yuyur,
ürəyə isə məlhəm kimi gəlir
Yorğun
olanda, əhvalım qarışanda, qanqaraçılığı olanda özümü tarazlamaq üçün istifadə
etdiyim bir sıra üsullar var ki, onlardan ən mühümü gülüşdür. Təbii, çöpəgülən
deyiləm. Amma gülüşün effektini bildiyim üçün insanın alın qırışlarını yox edən
hər hansı gülüşdən vaz keçmirəm.
Ruhları
şad olsun, Azərbaycanın gülüş kralları Lütvəli Abdullayev, Bəşir Səfəroğlu,
kraliçamız Nəsibə xanım... Bunların ifasında hər hansı bir parçaya baxmaq kifayətdir
ki, nənəmin sözü olmasın qırışığım açılsın. Hacıbabanın gənclik oyunları
(yaşlandıqda çıxartdığı heyvərəlikləri heç sevmədim), Səyavuşun bəzi nömrələri
də elə, Arif Quliyev...
Qadın
paltarı geyib hoqqa verin o iki adamı həzm edə bilmədim. Amma “Komedixana”dakı
gənclər, xüsusən qadın oyunçular xoşuma gəlir. Bəzən düşüklüyə getmələrini
çıxsaq, gülüş yarada bilirlər.
Azər
Axşamın “Qız atası”ndakı səsini dəyişərək süni hərəkətləri gülüş yox, ikrah
hissi doğurur. Gülüş aktyorun fitrətində olmalıdır... Ümumən, bu seriala əlacın
kəsiləndə baxa bilərsən – dünyada bütün komediyənlər qırılıb qurtarıb, lent
yazıları da ya vəlvələdən, ya zəlzələdən silinib, bir tək bu matah “Qız atası”
qalıb ki, xanım ayağını uzadıb baxır, sən də məcbur qalıb züy tutursan...
(Allah belə züy tutmğı heç kimə göstərməsin...)
İndi
gələk Türkiyəyə. Həsəncan Qayanın şouları ilk baxışda heç nədir. Yəni ortada
bir şey yox, amma bol gülüş var. Adam po...dan konfet düzəldir. Özü də nə özünü
zorlayır, nə zaldakıları. Hətta ilk baxışda onun erotik görünən söhbətləri, bəzən
arqo sözlərdən istifadə etməsi belə təbii görünür, gülüşə səbəb olur. Hətta və
hətta bəzən müsahib olduğu adama “vay şərəfsiz” kimi ifadələr söyləsə də, bu da
qarşısındakını hirsləndirmir, əksinə gülüş dalğasına səbəb olur. Ən sərt arqo
deyimləri belə onun ağzından eşidən dinləyici uğunub gedir...
Niyə,
əcəba?
Adamlar
bir başqasından o sözləri eşitsə, nəinki gülməz, hətta bəlkə dava salar.
Səbəb
sadədir: Həsəncan Qayanın söyləyiş tərzi var ki, dinləyici elə o tərz deyimi
eşitmək və gülmək üçün ora gəlir...
Türkiyə
kimi böyük bir dövlətin vətəndaşı olmaq nə qədər qürurvericidirsə, bu böyük ölkədə
az maaşa işləmək, bahalı kirayə evdə oturmaq, dolların yerli lirəni göz önündə
basıb yeməsini acizanə müşahidə etmək, adına din deyilən dinsizliyin ölkə boyu
sürətlə yayılmasını seyr etmək, qadınların dəqiqəbədəqiqə alçaldılmasını görmək,
Ərdoğanla İmamoğlunun savaşına şahidlik etmək kimi ağılasığmaz nəsnələrdən
qaçıb Həsəncanın yanına gülməyə, o saydığım ağırlıqlardan bir an da olsa
qurtulmağa gəlirlər...
“Məni
istəyirsiniz döyün, amma buraxın istədiyim kimi gülüm” deyirdi Molyer. Molyer
demişkən, ədəbiyyatın da bir qanadı insanları güldürməyə xidmət edir. Bizdə
bunu ilk dəfə ədəbiyyatımızın atası M.F.Axundov edib. Öz aramızdır, sonrakı
mirzələrin – Cəlilin və Sabirin satira və komediya yaradıcılığı bizi biz olmağa
fokslanmışdı. Biz onların qələmi ilə ilk dəfə özümüzə güldük. Sonra Üzeyir bəy
“Məşədi İbadı”ı və “Arşın mal alanı” ilə bunu tamamladı. Məncə, sonuncu gülüş
korifeyimiz Sabit Rəhman idi.
Yəqin
bu yazını oxuyanlar yuxarıda “Qız atası” kimi çox ucuz bir serialın adının bu
yazıya salınmasına etiraz edəcəklər. Anlayıram. Mənim ucuz sözə, eyni zamanda
ucuz gülüşə qahmar çıxmadığımı bilənlər bilir, zira... bu yazıda gülüşdən söz
edilir, ucuz olsun, baha olsun, amma enində-sonunda gülmək olsun...
Qardaşım,
bacım, bu axmaq dünyanın axmaq-axmaq dərd-sərlərindən bezib gülmək istəyirik,
gülmək! Ölməmək, çatlamamaq, partlamamaq, şaqqalanmamaq üçün gülmək istəyirik...
Putinin
şizofrenik hərəkərlərinə, Trampın təlxəkliklərinə... baxıb siyasətən gülməkdən
bezdik!
Korrupsenerin
antikarrupsiya masterklasslarına, oğruların oğurlamamaq haqqında didaktik
mülahizələrinə, səs qənimlərinin yerli-yataqlı təlimatlarına, məktəbləri
boşaldan təhsil nazirliyinin pedoqoji mühazirələrinə, bir-birinin reseptini
oxuya bilməyən həkimlərin Hipporatın goruna po... qoymalarına, bir vaxtlar
padşahlara, indi isə jek müdirlərinə diframbalar yazan yazıçıların heyvərəliyinə,
Mehdi Məmmədovun, Tofiq Kazımovun, Həsən Turabovun teatrını quşxanaya çevirən
aktyor-rejissor tandeminin döyüş və söyüş səhnələrinə etiraz əlaməti olaraq
gülmək istəyirik...
Gülmək
beyni yuyur, düşüncəni yox edir, amma ürəyə ki, məlhəm kimi gəlir...
Ürəyimizi
qorumaq üçün gülməyə məhkumuq.
Məhkum
Şərqin məhkum insanları...
Bizdə
ən ağır bir qarğış vardı:”Gülüşd(l)ü günə qalasınız...!
O
qəşəng oğlan necə demişdi bir vaxtlar:”Gülümsəyin, cənablar...”
16.04.2025
Yorumlar
Yorum Gönder