AZAD QARADƏRƏLİ KİTAB, KİTABXANA VƏ KİTABÇI (Kitaba bağlananlar haqqında əl boyda bir yazı)

 

                      AZAD QARADƏRƏLİ

 

                 KİTAB, KİTABXANA VƏ KİTABÇI

            (Kitaba bağlananlar haqqında əl boyda bir yazı)

 

 


 

            Kitab haqqında çox yazmışam.

            Bu dəfə kitabxanaçı və kitabçı anlayışlarına toxunmaq istəyirəm.

            İlk baxışda ikisi də eyni şeydir. Fəqət zaman yeni peşələr yetirdiyi kimi onlara uyğun sözlər, adlar da tapır. Məsələn, kitabxana kimi kitabxanaçı da qədim sözdür. Məncə, dünyanın ən müqəddəs işlərindən biridir kitabxanaçılıq.

            İlk kitabxananı oxuduğum Ördəkli kənd 8-illik məktəbində gördüm. Oranın kitablarının hamısını oxuyub bitirmişdim dörd ildə. Daha kamil kitabxananı Mincivan qəsəbə 36 saylı məktəbdə tapdım. Oranın da kitablarını 9-10 siniflərdə oxuyub bitirəcəkdim ki, sinif yoldaşlarım dedilər, qəsəbədə daha böyük bir kitabxana var. A kişi, mən onda bildim ki, kitabxana təkcə məktəbdə olmur, hətta qəsəbədə də ayrıca bir kitabxana varmış ki, gedib sənədini qoymaqla oradan kitab götürə bilərdin. Mənim isə sənədim, yəni şəxsiyyət vəsiqəm hələ yox idi, ona görə komsomol biletimi qoyub, oradan kitablar götürdüm oxumağa...

            Bu yerdə yadıma haçansa oxuduğum rəvayət kimi bir əhvalat düşdü. Türkiyənin illərindən (rayonlarından) birində Mustafa adlı gənc bir adamı kitabxanaya kitabxanaçı təyin edirlər. Adam neçə gün kitabxanada otursa da, kitabxanaya gələn olmur. Gedib valiliyə şikayət edir ki, bəs kitabxanaya gələn olmur. Onlar da deyirlər, maaşını ki, alırsan, otur oturduğun yerdə.

            Mustafa Gözəlgöz isə dözmür bu məsələyə. Bir eşşək alıb, iki sandıq düzəltdirir, hərəsni bir xeyli kitab yığıb düşür kəndlərin canına. Uşaqları haylayır ki, gəlin kitab aparın oxuyun, bir həftə sonra yenə gələcəm, oxuduğunuzu qaytarın, yenisini götürün. Bax, ha, kitabları qaralamaq, xarab etmək olmaz...

            Belə-belə Mustafa həmin əyalətin adamlarını kitaba və kitabxanaya alışdırır. 2005-ci ildə Mustafa vəfat etdikdə Kapadokiyanın Ürgüpündə Mustafa Gözəlgözlə eşşəyinə heykəl qoyulur...

            ...Zəngilanda bir kitabxanaçı vardı – Sərdar Cəbrayılov. Birləşmiş kitabxana sisteminin müdiri olan bu adam kitabxananı yerli şairlərin, yazıçıların, jurnalistlərin, tədbir keçirmək istəyən, kitab oxuyan bütün insanların üzünə açmışdı. Bizə qohumluğu çatan bu adam həm də dostum idi. Rayon mərkəzinə gedəndə mütləq Sərdar müəllimlə göüşər, söhbətləşərdim. Sonralar “Bilik” cəmiyyətində, rayon qəzetində çalışanda burada neçə-neçə tədbir keçirtdim. Hamısında da Sərdar bəy həm iştirak etdi, həm də çıxış etdi, məsləhətini əsirgəmədi. Hər dəfə yadıma düşəndə o nurlu insanı hörmət və ehtiramla yad edirəm. Ruhu şad olsun.




            Gələk kitabçıya.

            Əvvəlcə onu deyim ki, kitabçı artıq kitabxanada deyil, kitab mağazasında kitab satana deyirlər.

            Kitabçı yeni dövrün adamı olsa da, mən kitabçılarla hələ gəncliyimdən yaxın olmuşam. Mincivan qəsəbəsində taxtadan kiçik bir köşk (budka deyirdilər) vardı ki, orada çox maraqlı kitablar satılardı. Kitabçı xanımın adı isə Hədiqə idi. Hədiqə xanımın kitabları ona görə məni cəlb edirdi ki, buradan aldığım kitablar mənim özümün olurdu və ilk dəfə kasıb evimizdə məktəb kitablarından sonra mənim gələcək kitabxanamın bünövrəsini qoyan kitablar peyda olmağa başladı...

            Sonra rayon mərkəzindəki kitab mağazasına dadandım. Buradan kitabçı Bəhrəm kişininin köməyi ilə daha yeni, daha cəlbedici kitablar aldım. Və gün gəldi ki, bir gün o kitab mağazasında Bəhrəm kişi mənim ilk kitabım “Dumduru su”nu da satmağa başladı. Bir görəydiniz o mənim kitablarımı oxuculara necə təqdim edirdi.

            -Nə durmusuuz, alın də! Yerlimizin kitabıdı. Hələ ada bax, “Dumduru su”! Cəmi 20 qəpiyə!

            Bir məktəb direktoru məktəbinin kitabxanasına mənim kitabımdan düz 100 ədəd almışdı!

            Bakıda ilk rast gəldiyim ciddi kitabçı, təbii ki, Şahbaz Xuduoğlu idi. Başqa nəşriyyatlarda 5-6 kitabım çıxsa da, hələ özümü bu nəşriyyat üçün hazır hesab etmirdim. Nəhayət, 2011-ci ildə ilk qalın kitabım “Burda yer fırlanmırdı” 1000 tirajla Qanun nəşriyyatında çıxdı və deyim ki, o kitab tutdu! Çünki burada ilk dəfə mənim romanım çap olunmuşdu. Bir hekayəçi kimi tanınsam da, o kitab mənim romana gedən yolumu açdı. Şahbaz Xuduoğlunun Qız qalasının yanındakı təqdimatda o kitabı necə təbliğ etdiyini iki göz lazım idi görsün...

            Sonrakı dönəmlərdə Şahbaz bəy daha bir neçə kitabımı nəşr etdi. Yaşım 70-i haxlayanda isə bu maraqlı naşirin də köməyi ilə külliyyatımın çapına başladıq...

            Kitabçıdan danışanda işi sırf kitab satmaq olan “Əli və Nino” kitab evinin sahibi Nigar Köçərlinin işini ayrıca qeyd etmək lazım. Bu xanım kitabçılığa bir yenilik gətirdi, bu işə yeni həyat verdi, rəng qatdı. Bütün çətinliklərə rəğmən, Nigar xanım kitabçılığın çörəkçilik qədər vacib peşə olduğunu sübut etdi...

            Və bu yaxınlarda bir neçə yaradıcı gənc birləşərək “Park” adlı yayın evi açmışlar. Əlbəttə, əldə sərmayə olmadan belə bir işə girişməyin riskli tərəfləri var, amma söhbət kitabdan gedirsə, hər belə addım dəstəklənməlidir. İndi ölkəmizdəki durğunluq ən çox mədəniyyəti, ədəbiyyatı, o cümlədən kitabı vurub. Ziyalıların, ən çox da mədəniyyət və ədəbiyyat işçilərinin borcudur ki, kitabı, kitabçını düşdüyü ağır vəziyyətdən xilas etməyin yollarını arasın. Axtaran tapar deyiblər...

            ...Mənim “Kitabçı” adl hekayəm var...

            “Bir hekayə eşitdim, məni məhv etdi. Ata yurdum haqqındaydı. Heç vaxt görmədiyim, üstündə gəzmədiyim, suyunu içmədiyim yurd. Onu kimnən eşitdim, nə vaxt eşitdim, indi bunu dəqiq xatırlamıram. Bir bildiyim varsa, o da həmin hekayənin mənə verdiyi əzablar idi...

            Mən də başqaları kimi məhlədə meyxana deyər, saqqız çeynəyər, gəlib-gedənə söz atar, yayda plyajda, qışda parda, payızda bağ-bağatda vaxt öldürərdim... Amma o hekayə məni məhv etdi. Əhvalatdan daman ölüm, qan, qaçqınlıq qoxusu məni özüylə alıb əsir yurdlarımıza apardı. Bir də ayıldım ki, nənəmin təsvir etdiyi bənövşəlikdəyəm... Bihuş olmamaqçün nəfəsimi saxladım, amma içimə dolan ətrdən elə sərməst oldum ki... Gözümü açanda kitab mağazasında buldum özümü...”

            Bir zamanlar kitab mağazalarının birində kitabçı işləmiş Sənan Abdullayev haqqındadır o hekayə.

            Nə yazıq ki, o hekayənin qəhrəmanı kitabçı daha uca bir mərtəbəyə - şəhidlik məqamına ucaldı. 44 günlük Vətən müharibəsinin  sıraları bir kitabçı naxışı ilə daha da zənginləşmişdi...

            Müqəddəs kitab adı müqəddəs şəhid adı ilə tən gəldi...

            And olsun kitaba!

 

            S.A. (Söz Ardı)

            “Özünüyaradanlar” romanımda “Kitab haqqı!” deyə yer var. Orada nənəmin kitaba and içməyindən bəhs olunur. Bu uzun-uzadı bir fəsildir, indi onu burada təkrarlamadan deyim ki, mən kitaba and içən bir qadının nəvəsiyəm. Həyatda qazandığım uğur adına nə varsa, kitaba borcluyam. Və həyatımı tamam kitaba həsr etdim. O qədər kitaba bağlandım ki, dünya kitab xəzinəsinə öz kitablarımı da hədiyyə etdim. 70-dən sonra isə bütün kitablarımın toplandığı 20 cildlik külliyyatımın buraxılması ilə məşqulam. Məndən sonra nə qalacaq?! Bilmirəm. Bu yazdığım kitablar tək bir adamın dərdinə məlhəm olsa, nə xoş mənə! Zatən ayrı bir istəyim də yox...

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ SARI SİMİ QIRILAN TAR...